Qladiator döyüşləri qayıdır... qayıdır?

Bəzi ideyalar var ki,....


16 baxış
10.07.2026
4 dəq oxuma

Bəzi ideyalar var ki, ilk eşidəndə deyirsən özünə sual verirsən ki, “Yəqin ki, bunu gecə saat üçdə düşünüblər. Bu, gündüz ağlı ilə verilmiş qərara heç oxşamır..” Bəşər övladı olduğumuz üçün şübhəmiz bitərmi? Sonra biraz da fikirləşəndə deyirsən ki, bir dəqiqə dayan e, əslində bu heç də pis fikir deyil axı.

Başlayırsan fikirləri tərəziyə qoymağa. Bu UFC kimi bir brend Ağ Evdə döyüş keçirə bilir, Kolizeydə keçirə bilmir? Ağ Evdə döyüş keçirmək də ayrı dəlicəsinə fikirdir açığı amma buna çox da deyinmirəm bu yazıda.

Nəysə, qayıdaq biz öz məsələmizə. Kolizeyə.

UFC ilə maraqlanırsınızsa onsuzda Dana Vaytı azdan-çoxdan tanıyırsınız. Bu adamın necə inadkar, vizyonlu və bir o qədər uğur və nəticə-yönümlü olduğunu da bilirsiniz. İşin maraqlı tərəfi budur ki, Dana Vaytla 2 min illik tarixi bir cümlədə işlədərkən normal nəticə gözləmək onsuz da mümkün deyil. Mütləq orada maraqlı bir ideya olmalıdır. Özü də normal yox, “dəli” ideyalar. Lakin, etiraf edək ki, məhz belə “dəli” ideyalar dünyanı maraqlandırır. Həm də necə deyim, rəng qatır. Bir azca otur özün düşün. Bir tərəfdə qədim Romanın qladiator arenası, o biri tərəfdə dünyanın ən böyük döyüş təşkilatı. Bunun pis alınmaq ehtimalı elə də çox görünmür. Ən azından görüntü olaraq pis olma ehtimalı sıfırdır.

İndi bu qədər yazdıq, pozduq, danışdıq. Axı problemimiz var. Problem də odur ki, biz bu məsələyə çox emosional baxırıq və maddi tərəfini unuduruq. Bəli, bəli maddi. Elə bu məsələlərdə pul önəmlidir. Ən azından Dana Vayt üçün.

Dana Vayt üçün maddi tərəf bu ideyada ən ağrılı məsələdir. Dana mətbuat konfranslarının birində qeyd etdi ki, bəs Ağ Evdə UFC döyüşlərini təşkil etmək hardasa 60 milyon dollara başa gəlib. Dana daha sonra əlavə edib ki, əgər Kolizeydə döyüş təşkil edilsə, tələb olunan icarə haqqı 150 milyon dollardır. Bəli, təkcə icarə.

Belə deyim də. Hələ qəfəsi gətirməmisən, işıqları quraşdırmamısan və kameraları, yayımı, təhlükəsizliyi, logistikanı, döyüşçülərin qonorarlarını da düşünündə ağla çox fantastik rəqəmlər gəlir. Mən deyim yarım milyard, siz də deyin bir milyard. Qısacası, heç bir yumruq vurulmamış büdcə artıq astronomik rəqəmlərə çatır. Dana Vayt heç bu qədər maliyyəni görməzdən gələ bilər? Hələ zarafatla da deyib ki, pulu ancaq orada İlon Maskla, Mark Zukerberq döyüşsə çıxara bilər. Başqa necə çıxarsın? Yəni maliyyə cəhətdən bu işin baş tutmama ehtimalı daha çoxdur. Çox mütəssir oldum.

İndi gələk mən nə düşünürəm mərhələsinə.

Burdan Dana Vayta müraciət edirəm. Dana, sponsorları yığ, kartı da tarixə düşəcək səviyyədə qur və bu işi gör. Gətir əfsanələri, qoy əyləncə xarakterli döyüşlər olsun, kəmər döyüşləri olsun, sürprizlər olsun. Elə bir atmosfer yarat ki, Netflix özü gəlib “Bunun sənədli filmini biz çəkirik” desin.

Eşit gör nə deyirəm. Bəzi qərarlar var ki, orada pulu düşünməməlisən. Bu qərarlar tarixə düşəcək qərarlardır. Tarix yazmaq istəmirsən? Yaz da. Əlinə fürsət düşüb.

Təsəvvür edin. İki min il əvvəl insanların qladiator döyüşlərinə baxmaq üçün axışdığı arenada, bu gün Brus Bafer “It’s Tiiiiime!” deyə qışqırır. Tüklər biz-biz olmursa, deməli UFC-ni sevmirsiniz. Lap deyək sevmirsiniz, amma o atmosferin verdiyi adrenalin yüksəlməsi istər-istəməz tükləri biz-biz edəcək.

Yəni, sözümün canı odur ki, bu söhbətlər ortalıqda gəzir, hype yığıb, Dana Vayt tənbəllik etməsin, bunu təşkil etsin. Gecə saat 3 də olsa insanlar yuxularına haram qatıb onu izləyəcəklər. Hətta döyüş üçün yox, o atmosferi görmək üçün izləyəcəklər. Hələ bundan sonra sosial media kanallarında paylaşılan görüntülər, editlər və digər məzmunları demirəm. UFC dünyada olacaq bir nömrəli mövzu. Sponsorluqlardan, reklamlardan və izlənmədən onsuz da o pulun böyük hissəsini çıxaracaq. Kolizey kimi yerdə UFC ola, yatırılan pul geri qayıtmaya? İncimə amma inanmaram.

Bəs siz necə düşünürsünüz? UFC Kolizeydə keçirilsə, bu, idman tarixinin ən möhtəşəm şousu olar, yoxsa çox bahalı bir fantaziya?