Hər gün hədəflədiyimiz müxtəlif işlərin günün sonunda görülməmiş qalmasından qaynaqlana bilər ki, özümüzü tez-tez tənbəlliklə günahlandırırıq. Bu günahlandırmanı etməzdən əvvəl, bir az bədənimiz ilə empati quraq, onu başa düşməyə çalışaq.
Tənbəllik dediyimiz şey əslində nədən ibarətdir:
Az maye
Bədəninizin ehtiyacı olan maye təmin olunmadıqda, hərəkət etmək həvəsi azalır və oturduğun yerdən qalxıb işini görmək əvəzinə durğun vəziyyətinə davam etmək istəyi yaranır. Əgər sizə lazım olan mayeni qəbul etmirsinizsə, gücsüz hiss etməyiniz buna görə ola bilər. Bunun üçün su ehtiyacınızı ödəməyi məqsəd qoyub, tez-tez özünüz şüurlu şəkildə su içməyi yadınıza salmaq vərdişi qazana bilərsiz. Bir ya da iki saatdan bir telefonunuzda zəngli saat qurmaq sizə kömək edə bilər. Və ya gündəlik plan qurmaq üçün müxtəlif kifayət qədər effektli mobil tətbiqlər var, onlardan da faydalana bilərsiniz. Maye qəbulu artırdığınız ilk günlərdən bədəninizi və zehninizi dolduran gümrahlıq hissinin dadını çıxartmağa başlayacaqsınız.
Yorğunluq hiss edəndə bir stəkan su içmək məni rahatladır və canlandırır. Ən çox səhər oyanan kimi su içdikdə bunu hiss edirəm.
Hərəkət əksikliyi
Bir gün səhər özümüzdən asılı olmayan bir “məcburiyyətdən” bir yerə getdikdə, həmin gün digər işləri görmək şansımız çoxalır, çünki, artıq bədənimiz hərəkətə başlamışdır və indi onun istədiyi şey oturmaq və ya uzanmaqdan çox (əgər həddən artıq yorulmamışıqsa), daha bir işi də bitirib ondan sonra dincəlməyə vaxt aylrmaqdır. Evdə olduğunuz günlər işə çox vaxt ilk işi görməyə başlamaq problemini yaşayarıq və öz iradəmizlə bunu etməyə başlayana qədər günün xeyli saatları itirilmiş olur. Buna görə də, fərqi yoxdur evdəki günümüzdür ya bir yerə gediləcək bir gündür, günün ilk işi olaraq, idman etməyə iradəmizi “məcbur” etmək yaxşı fikirdir. Belə başlayan günlərimiz daha produktiv olacaqdır. Əgər siz özünüzdə hərəkət azlığını hiss edirsinizsə, gününüzü idman etməklə başlasanız bir müddət sonra bu vərdiş formalaşacaq və hər gün bədəniniz özü bunu sizdən tələb etməyə başlayacaq, yəni səhər oyandığınız saatda, su içmək və gərilmə, dartılma, qaçmaq kimi hərəkətləri etmək istəyi hiss edəcəksiniz. Bunu etdikdə, bədəninizin çağırışlarının heç də hər zaman tənbəlliyə istiqamətlənmədiyini müşahidə edəcəksiniz.
Səhərlər yoga etdiyim zaman həmin gün daha motivasiyalı, daha az yorğun hiss edirəm. Günün ortasında bir işə başlamağa həvəsim çatmayanda 20 dəqiqə yoga etməklə problemi həll edirəm, bundan sonra 2 – 3 saat rahat və fokuslanmış şəkildə nə isə öyrənə bilərəm.
Ağır qidalanma
Yeməyimizdə yağın, duzun və şəkərin miqdarını izləmədiyimiz günlərdə, bədənimiz uzanmaq, oturaq qalmaq istəyəcək və bu şəraitdə görə biləcək işləri düşünməyə beynimizi vadar edəcək. Biz də telefonda videolara baxmaq, oyun oynamaq və ya yatmaq haqqında düşünə bilərik. Ən yaxşı halda kitab oxumaq istəyə bilərik ki, onda da kitabları bu əhval ilə oxumağın nə dərəcədə effektli olacağı da başqa mövzu ola bilər. Çünki kitab oxumaq yalnız planladığınız müəyyən bir müddət ərzində oturmaq, məqsədli şəkildə iş görmək və s. kimi qabiliyyətlər tələb edir. Odur ki, siz də özünüzdə tənbəllik hiss etdiyiniz zaman son günlərdə yemək vəşdişlərinizə nəzər sala bilərsiniz, bu qidaların miqdarına diqqət etməmişsinizsə, o zaman, onları mümkün qədər minimuma endirmək və bacardığınız qədər meyvə tərəvəz, paxlalı bitkilər tərkibli yeməklərə üstünlük verməklə necə yüngülləşdiyinizi və motivasiyanızın artdığını izləyə bilərsiniz. Belə günlərdə tez-tez əslində tənbəl olmadığınızı düşündüyünüzü görəcəksiniz.
Son aylarda daha çox produktiv hiss edirəm, bunun ilin əvvəlində qərar verdiyim sağlam qidalanmaya diqqət etməyim ilə də əlaqəsinin olduğunu düşünürəm.
Plansızlıq
Gün ərzində edəcəklərimiz günə başladığımız vaxtdan məlum olmadıqda, heç bir əlavə öhdəlik hiss etmədiyimizdən sərbəst olduğumuz düşüncəsi çox vaxt bizi sevindirə bilər. Lakin, bu vəziyyəti qiymətləndirərkən bəzi məqamlarda diqqətli olmaq faydalı olardı. Üzərimizdə xaricdən bir qüvvə tərəfindən verilən bir tapşırıq və ya öhdəlik yoxdur, yəni bir dostumuza görüşməyə söz verməmişik, müdirimiz bu gün bizi işdə gözləmir, və ya müəllimimiz bu saatlarda dərsdə olmağımızı tələb etmirsə, bu o deməkdir ki, bəli bu gün zamanımız öz əlimizdədir. Bunu qeyd etmək üçün özümüzə bir kofe hazırlayaq. Deməli, bu günü sevdiyim, özünə birbaşa faydalı, məqsədimizə doğru aparan və ya yeni vərdişini yaratmağa çalışdığımız işləri özündə saxlayan bir günlük plan qura bilərik. Bu günün ən böyük gözəlliyi necə deyərlər, ağamızın özümüz olmağımızdır. Günün sonunda yüngül yorğunluq hiss edərkən, özümüzdən məmnun qalmağımız, özümüzə inamımızı artıracaq, özümüz haqqında fikirlərimiz də daha reallığa uyğun olacaq.
Hər günü planlamağa hələ nail olmasam da, bu gün nə edəcəyimi bildiyim günlər etdiyim işlərin daha məhsuldar və az yorucu olmasını təcrübə edirəm. Ona görə, planlı olmağın əhəmiyyətini hiss edirəm və hazırda əməl etdiyim qayda ilə də bir çox yeni vərdişlər qazanıram.
Özünü analiz etməmək
Öhdənizdə olan bir işi bitirib tapşırığı qiymətləndirəcək insana təhvil verdikdə cavab olaraq aldığınız iltifatlarınızın sizin necə biri olduğunuzu müəyyən etdiyinə inanırsınız? Çox zaman bu və ya başqa vəziyyətlərdə, insanlardan müsbət rəylər almaq, hər kəsin sevgisini qazanmaq və s. üçün özümüzü gecə-gündüz işlətməyə və fərqli görünməyə meyilli oluruq. Çox vaxt öz məqsədlərimizdən yayınır ya da istədiyimiz şeylərə vaxt ayıra bilməməkdən şikayətlənirik. Vaxt olduqda isə başqalarına çalışmağın yorğunluğundan nə isə etməyə gücsüz hiss edirik, bununla da tənbəl olduğumuzu dilə gətiririk. Sən əslində necə bir insansan? Bu tərifləri almağın üçün bütün gecəni çalışmağa dəyərdimi? Oxşamağa çalışdığın insan sənin özündən daha hörmətə layiq insandımı? Belə suallar adətən daxili aləmimizə doğru ox kimi istqamətlənmiş olur. Bu vəziyyətin ağırlığından qaçmaq məqsədilə ya inanmağa davam etməyi ya da həmin oxu yaxalayıb düzgün istiqamətə göndərməyi öyrənməyi seçmək olar. Birinci yol daxili qapılarınızı bağlı saxlamağa davam edirsə, ikinci yol isə heç də kiçik və sadə olmayan bir dünyaya səfərin başlanğıcı olacaq minlərlə müxtəlif potensial suallardan biri olacaq. Əgər, öz daxili dünyamıza nə qədər yaxınlaşsaq başqasının manipulyasına məruz qalaraq onların məqsədi üçün faydalı olmaqdansa, öz ürəyimizin bizi apardığı yolda addımlaya bilərik. Bu yolu seçsəniz, bədəniniz də zehniniz də özü sizi o yola doğru istiqamətləndirəcək və özünüzü kəşf etdikcə, özünüzü daha çox sevərək, üstünlüklərinizi və mənfi cəhərlərinizi daha çox fərq edərək, və bu yüksək keyfiyyətəlrinizi öz ali məqsədinizə sərf edərək daha qane olmuş hiss edəcəksiniz. Burada tənbəlliyiniz də sizi tərk edəcək çünki, sizi daxili gücünüz hərəkətə gətirir, işi təhvil vermək məcburiyyəti və ya, kənardakı insanların təqdiri deyil.
Özümün özümə qarşı etdiyim təqdir, mükafatlar məni hər şeydən çox motivasiya edir. Bir işi layiqincə və yola vermədən görmüş olmağım mənim üçün əhəmiyyətlidir. Çox zaman ətrafdan daha çox təqdir almaq üçün tələb olunan şeylərin mənim yox onların kriteriyaları olmasını dərk etməyə başlayandan buna əhəmiyyət verməməyi və öz seçimlərimi önəmsəməyi öyrənirəm.
Özünü sevməmək
Özünü sevmək eqodan fərqlidir. İlk öncə özünü düşünmək ancaq özünü düşünmək demək deyil. Özün üçün yaxşı gələn işləri görmək, özünə faydalı olmaq deməkdir, bunları etmədən başqasına da faydalı ola bilməyəcəyini anlamaq deməkdir. Bəli özünüzdən çox sevdiyiniz insanlara da faydalı ola bilməzsiniz. Zehniniz qarmaqarışıqdırsa, sizdən fərqli düşünənlərə qarşı negativ hiss edib, çox sevdiyiniz insanlara yersiz fədakarlıqlar edirsinizsə, özünüzdən verərək, xoşunuza gələn insanın hislərini qazanmağa çalışırsınızsa onda hər şeyi kənara atıb özünüzə vaxt ayırmağı, özünüzü sevməyı sınayın. Özünü sevməmək nə deməkdir? düşünün ki, siz özünüzə aid bir işinizi görərkən, məsələn, fotoapartınızı götürüb sevimli fotolar çəkmək üçün bir neçə saat nəzərdə tutmusunuz. Bu sizin özünüzə ayırdığınız zamandır. Bu zaman bir dostunuz sizə zəng edib bildirir ki, çöldə kofe içmək istəyir,sizdən ona yoldaşlıq etməyinizi xahiş edir. Bu şəraitdə siz özünüzə verdiyiniz sözü unudaraq dostunuzun təklifini qəbul edəcəksizinizsə, onda özsevginizi bir az sorğulaya bilərsiniz (Dostunuz köməyə çağırırsa bu aid deyil). Özünə qulluğa yeni addımlar əlavə etmək, meditasiyaya vaxt ayırmaq, gündəlik kiçik təşəkkür anları elan edərək özünə, ətrafındakı insanlara varlıqları üçün təşəkkür etmək, sahib olduğun şeyləri düşünüb şükür etmək, gündəlik yazaraq düşüncələrini, arzularını, hisslərini kağıza tökmək, yoga etmək və s. ilə özünü sevmək yoluna çıxmaq olar. O zaman gün ərzində etdiyiniz hər şeyin öz dəyəri, xüsusi mənası olacaqdır və bədəninizin və zehninizin bu işləri görməyə olan həvəsini müşahidə edib təəccüblənməkdə azadsınız 🙂 .
Özümlə keçirdiyim zaman mənim üçün çox qiymətlidir, bu müddəti maksimum dəyərləndirməyə çalışıram.