
Əfsanəyə görə Ramana kəndində qoca bir ağsaqqal yaşayırmış. Bu ağsaqqal çox müdrik və fövqəltəbii bir insan imiş. Onlarla tələbəsi varmış və onların hamısına öz evində dərslər verər, dünyagörüşlərini artırarmış.
Günlərin bir günü ən sevdiyi tələbəsi Əhməd onun yanına gələrək deyir:
- Müəllim, sən ki bir çox şeylərdən agahsan, gəl məni də agah et. Qəlbim Leyli və Məcnunu bilmək istər.
- Sən bilə bilməzsən.
- Müəllim, axı sən dedin ki, insan istərsə, hər şeyi bilər?!
- İnsan o şeyi bilər ki, onu bilmək üçün sadəcə bir şeyi öyrənmək kifayətdir. Suyun axıcı olduğunu bilmək üçün mayenin xasiyyətini öyrənmək kifayətdir. Heyvanların bəslənməsini bilmək üçün maldarların, çobanların, zooloqların işini, ya da heyvanın təbiətini öyrənmək kifayətdir. Sevgini bilmək üçün heç bilirsən nələr gərəklidir?!
- Yox, müəllim. Amma mən sevgini bilmək istəmənəm, ustadım. Mənə Leyli və Məcnun gərəkdir. Onları görəm, biləm, kifayətdir.
- Gəl, yaslan. Sən ki onları görmək istəyirsən, buyur gör. Ancaq məbada gördüklərinə üsyan edəsən ha! Məbada! Sakitcə məqbul bil. Ünsiyyət etsən, suallarında ədəbi, ərkanı gözlə. Onlarla xoş davran, xoş danış. Üzümü qara etmə. Mən də səninlə ittifaqda olacam.
Tələbəsi müəllimin önündəki yatağa uzandı və müəllimin əli onun alnına dəyən kimi yuxuya daldı. Gözünü açanda özünü çölün ortasında gördü. Başa düşdü ki, Məcnunun yanındadır. Qəlbindən keçən şey Məcnunun dərdinə dəva olmaq, onun qüssəsini dindirmək oldu. Ətrafına boylandı, sağa-sola döndü. Bir ins-cins görmədi. Məcnun hanı bəs? Bu dəmdə zehninin içində bir səs canlandı: “Sənə dedim axı, təmkinli ol!” Müəlliminin səsi idi bu. Biraz nigaran halda təmkinini qorumağa çalışdı. İrəli doğru addımladı, qısa zaman sonra səhrada dəvəsi ilə irəliləyən bir səyyaha rast gəldi. Ondan soraqlaşdı:
- Bir ayaq saxla. De görüm, çöllərin şəhzadəsi Məcnun haradadır?
Səyyahın bir qaşı havaya qalxdı, təəccüb etdi və soruşdu:
- Sən nə danışırsan, qərib? Çöllərin şəhzadəsi Məcnun kimdir?
Əhməd azı səyyah qədər heyrətləndi və sualını dəqiqləşdirdi:
- Gözəl insan, Leyliyə aşiq olan Məcnundan bəhs edirəm!
Səyyah heç nə başa düşməmiş kimi təngə gəldi, qısaca bildirdi ki:
- Leyliyə aşiq olan Məcnun elə haman Leylisi ilə kef-damaq çəkir. Onların izdivacı bu yaxınlarda baş tutub.
- Necə yəni kef-damaq? Necə yəni izdivac?
- Ee qərib, sən lap təngə gətirdin məni. Kənara qaçıl, yoluma davam edəm.
Səyyah yoluna davam etdi. Əhməd isə nə etməli olduğunu bilmədi. Məcnunun yanına gedib məsələdən agah olmaq istədisə də, müəllimi imkan vermədi. Səslənib dedi ki, Məcnunun kefini pozmayaq. Artıq zamandır, qayıt, gəl.
Əhmədi yuxudan oyatdı. Təəssüratlarını bölüşməsi üçün gözlədi, ancaq Əhməddən bir səs çıxmadı. Yəqinliyə çatdı ki, Əhməd hələ də heç nə başa düşməyib. Çiynindən tutdu, yatağa doğru itələdi, uzadıb yenidən toxundu Əhmədin alnına. Əhməd yuxuya getdi.
Gözünü çöldə açan Əhməd özünü məyusluğa giriftar olmağa hazırladı. Lakin bu dəfə nəhayət ki, çöl boş deyildi. Uzaqdan kölgəyə bənzəyən Məcnun qumlar üzərində qıvrılaraq hıçqırır, yəqin ki ağlayırdı. Ona yaxınlaşdı, iki-üç addımlığına çatanda “Məcnun” deyə səsləndi. Bu səslənmənin ardınca kölgə Əhmədə doğru boylandı. Bu Leyli idi. Qumlar içində qalan, çöllər şəhzadəsi Leyli...
Ardı var...
#23
Qəhrəmanov Hüseyn
Əlaqə: 0708663812
İnstagram: qahramanov.huseyn