Tarixin ən sürətlə böyüyən məhsulu: 60 gün ərzində 100 milyon istifadəçi. Onu yaradan şirkətin bir illik zərəri isə 20,9 milyard dollar.
Ed Zitron Steven Bartlettın podkastında üç saat ərzində süni intellekt bazarından danışıb. O, 2015-ci ildən AI şirkətləri rəhbərlərinin verdiyi vədləri qeyd edir və sonra onları real maliyyə hesabatları ilə müqayisə edir. AİAylıq abunəlik ödəyən və süni intellektin işçini əvəz edəcəyini gözləyənlər üçün söhbətdən 10 əsas məqamı topladım.
SemiAnalysis analitiklərinin hesablamasına görə, ChatGPT-nin 200 dollarlıq tarifində 14 min dollar dəyərində token istifadə etmək mümkündür. Anthropic-də eyni 200 dollarlıq tarif üzrə bu rəqəm 8 min dollardır. Hətta 20 dollarlıq tarifdə istifadə xərci rahatlıqla 400 dollara çata bilər.
Yəni siz 1 dollar ödəyib 20 dollarlıq xidmət alırsınız. Aradakı fərqi şirkət qarşılayır. OpenAI-nin bir il ərzində 20,9 milyard dollar itirməsinin səbəblərindən biri də budur.
Amazon, Microsoft və Google-un süni intellektdən əldə etdiyi ümumi gəlirin 70%-i cəmi iki şirkətdən gəlir: OpenAI və Anthropic. Maraqlısı budur ki, bu şirkətlərin hər ikisi zərərlə işləyir. Amazon bu il OpenAI-yə 50 milyard, Anthropic-ə isə 5 milyard dollar yönəldib. Google da Anthropic-ə 10 milyard dollar verib. OpenAI və Anthropic isə bu pulları yenidən həmin texnologiya nəhənglərinin bulud xidmətlərinə xərcləyir.
Yəni pul eyni dairənin içində hərəkət edir. Bu dairədən kənarda qalan bütün dünya isə AI xidmətlərinə ildə təxminən 22 milyard dollar ödəyir. Bloomberg-in məlumatına görə, Microsoft-un maliyyə ili üzrə AI gəliri 34,3 milyard dollar olub. Bunun 24,1 milyardı OpenAI-dən gəlib. Şirkətin öz AI məhsullarından əldə etdiyi gəlir təxminən 10 milyard dollardır.
Microsoft infrastruktur quruculuğuna 115 milyard dollar xərcləyib. Növbəti il üçün plan 175 milyard dollardır. Nvidia isə bir il ərzində 215,9 milyard dollarlıq videokart satıb. Digər şirkətlərin birlikdə son istifadəçilərdən əldə etdiyi AI gəliri isə təxminən 22 milyard dollardır.
OpenAI və Oracle-ın Texasdakı məlumat mərkəzi 1,2 giqavat gücündədir. Kompleks səkkiz binadan ibarətdir və hər binada 50 min videokart yerləşir. Bu məlumat mərkəzi Bristoldan daha çox enerji sərf edir, amma şəhərdən min dəfə kiçik ərazidə yerləşir.
İndiyədək AI infrastrukturuna bir trilyon dollardan çox pul xərclənib. Növbəti il üçün daha bir trilyon dollarlıq investisiya planlaşdırılır. Ümumi plan 190 giqavat gücündə məlumat mərkəzləri qurmaqdır. Bu investisiyaların özünü doğrultması üçün illik 1,6–3 trilyon dollar arasında tələb lazımdır. Hazırda bazarda 130 milyard dollar belə yoxdur.
Dotkom köpüyü partladıqdan sonra heç olmasa yerin altında internet kabelləri qaldı. Sonradan həmin infrastrukturdan istifadə edildi və internet böyüdü. Videokartların istifadəsi isə daha məhduddur. Bir məqsəd üçün qurulan infrastruktur başqa sahədə eyni dərəcədə faydalı olmaya bilər.
Bu gün tikilən məlumat mərkəzinin saxlanma xərci 2050-ci ildə də yüksək olacaq. Üstəlik, çip istehsalçılarından heç biri çıxıb “xərcləri 50% azaltdıq” deməyib. Bu baş versəydi, yəqin ki, ilk danışacaqları mövzu elə bu olardı.
2026-cı ilin martında OpenAI 150-dən çox əməkdaşı olan şirkətləri faktiki istifadəyə əsaslanan ödəniş modelinə keçirməyə çalışdı. Sam Altman daha sonra bildirdi ki, istifadəçilərin bu modellə bağlı ciddi problemi var. Yeni araşdırmalardan biri göstərir ki, şirkətlərin tokenlərə xərclədiyi məbləğlə bir əməkdaşa düşən gəlir arasında heç bir əlaqə yoxdur. Əgər AI məhsuldarlığı həqiqətən ciddi şəkildə artırırdısa, şirkətlər bunu hər maliyyə hesabatında xüsusi vurğulayardılar.
Zitron keyfiyyəti özü də yoxlayıb. O, Bloomberg terminalından dörd şirkətin səhmlərinin son beş ildəki artımını hesablamağı istəyib. Cavabda Microsoft səhminin qiyməti 575 dollar göstərilib. Halbuki Microsoft səhmi heç vaxt həmin qiymətə çatmayıb. Zitronun nəticəsi budur: rəqəmlərlə işləyərkən süni intellekt yalnız ilkin qaralama üçün yararlıdır. Verdiyi hər rəqəmi ayrıca yoxlamaq lazımdır. Eyni zamanda proqram təminatının keyfiyyəti də aşağı düşür. GitHub haqqında zarafat edirlər ki, sistem işləyəndə bildiriş göndərmək daha məntiqlidir. Çünki bu, daha az baş verir.
Bartlett bununla razılaşmır. O deyir ki, bütün fayllarını Claude-a yükləyir, “gəlirim nə qədərdir?” deyə soruşur və cavab alır. Bu nəticə ona kifayət edir. Zitron isə belə bir sual verir: bunun üçün ayda 20 dollar yox, bir milyon tokenin real qiymətini ödəməyə hazır olardınız? Bloomberg OpenAI-nin illik gəlirinin 40 milyard dollara çatdığını yazıb. Şərhlərdə şirkətin tərəfdarları rəqəmin əslində 60 milyard dollar olduğunu deyiblər. Amma onların heç biri real maliyyə hesabatını görməyib.
Zitron demir ki, süni intellekt faydasızdır. Özü də bu alətlərdən istifadə edir. Onun əsas fikri başqadır: hazırda AI xidmətlərinin real xərcini onlardan istifadə edənlər ödəmir. Bu model isə uzun müddət davam edə bilməz. Ya abunə qiymətləri bir neçə dəfə artacaq, ya da bu dairədəki şirkətlərdən biri milyardlarla dollar yatırmağı dayandıracaq.
Aylıq 20 dollarlıq abunə ilə mətn hazırlayanlar üçün sadə bir yoxlama var: bu gün mətn yaratmaq demək olar ki, pulsuzdur. Ona görə hamıda çoxlu mətn var, amma bu, müştəri sayını avtomatik artırmır. Sabah həmin abunəliyin real qiyməti 400 dollar olsa, yenə də istifadə etməyə davam edərdiniz?