Gəlin etiraf edək. Əsrlər boyu dünyaca məşhur rəssamların, yazıçıların, bəstəkarların və şairlərin çoxu kişilər olub. Kişilər yazdıqca yazıb, daxili dünyalarını, acılarını, qorxularını, tənhalıqlarını sənət vasitəsilə dünyaya hayqırıblar. Qadınlar isə əsrlər boyu bu əsərləri oxuyublar, rəsmlərə baxıblar, musiqiləri dinləyiblər. Bir qadın Kafkanın atasına yazdığı məktubları oxuyarkən və ya Dostoyevskinin qəhrəmanlarının daxili aləmini izləyərkən kişinin dünyasına daxil olur, zəif və gizli xüsusiyyətlərini görür. Onlar sənət vasitəsilə kişinin daxili dünyasında gəzişməyi, bizi tamamilə səmimi şəkildə anlamağı və hiss etməyi öyrəniblər. Biz kişilər sənətdə özümüzü tamamilə ortaya qoymuşuq, qadınlar da bizi oradan oxuyublar.
Bəs biz kişilər nə etmişik? Biz sənətdə qadın səsini çox az görmüşük. Hətta ədəbiyyatda ən çox heyran qaldığımız qadın obrazları belə - məsələn, Tolstoyun Anna Kareninası - yenə bir kişinin təxəyyülündən çıxıb. Yəni biz sənətdə qadını oxuyanda belə, real qadını deyil, başqa bir kişinin gözündəki qadını oxumuşuq. Qadınların öz dilindən, öz səmimi iztirabından gələn səslər isə çox vaxt kölgədə qalıb. Virciniya Vulfun daxili dünyasına bələd olmadan, Silviya Platin ruhunu hiss etmədən real qadın aləmini necə anlaya bilərik ki? Qadın sənətkarları oxumadıqca, onların dünyasına dalmadıqca biz kişilər qadın aləminə qarşı bir az "kor" və "lal" qalırıq. Sonra da "qadının dilini başa düşmək olmur" deyib kənara çəkilirik.
Əlbəttə, işin sosioloji tərəfi də var. Tarix boyu qərarların və gücün daha çox kişilərdə olduğu bir dünyada yaşamışıq. Belə strukturlarda daha az gücə sahib olan tərəf güclü olanın emosiyalarını, səs tonunu, mimikasını öncədən oxumaq məcburiyyətində qalır. Yəni qadınlar üçün kişini anlamaq həm də uzun əsrlərin gətirdiyi bir sosioloji vərdişdir. Biz kişilər isə çox vaxt anlamaq lüksünə ehtiyac duymamışıq, çünki idarə etmək daha asan gəlib. Bu iki faktor - sənətdəki asimmetriya və tarixin gətirdiyi rollar birləşərək qadınlarda möhtəşəm bir empatiya əzələsi yaradıb. Biz isə o əzələni işlətmədiyimiz üçün zəiflətmişik.
Bu gün qadın qarşımızda durub bizi bir baxışımızdan anlayanda təəccüblənirik. Amma əslində o, sənətin və tarixin süzgəcindən keçib gələn bir usta kimidir. Bizim isə hələ də onun dünyasını anlamaq üçün əlimizdə düzgün lüğətimiz yoxdur. Bəlkə də bir-birimizi həqiqətən anlamaq üçün biz kişilərin qadınların öz dilindən yazılan hekayələrə, onların çəkdiyi rəsmlərə daxil olmaq vaxtıdır.
