Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal mülk tələf olur gedir, amma söz qalır.
Cəlil Məmmədquluzadə
Tələbəlik dövrü çox qəribədir, açığı. İnsanı istəmədiyi ixtisasa yaxınlaşdıra və ya əksinə illərdir arzusunda olduğu ixtisasdan uzaqlaşdıra bilər. Birlikdə oxuduğumuz 4 il ərzində bir çoxumuz jurnalistikadan soyuduq, və bunun üçün az səbəbimiz olmadı. Bakalavriat dövründə bəzi fənləri çıxmaqla, demək olar ki eyni şeyləri yenidən keçirdik, sadəcə fərqli fənlər adı altında. Bundan əlavə olaraq, təəsüf hissi ilə bildirməliyəm ki, cəmiyyətimizdə jurnalistlərə və ümumiyyətlə, bu ixtisasa qarşı ön yarqı var.
Yadımdadır, Qərənfil xanımın tapşırığını yerinə yetirmək üçün sorğu mövzusuna aid bir neçə nəfərdən müsahibə götürməli idik. Bir xanımdan danışmaq istəyir mi mövzu ilə bağlı deyə soruşmuşduq.
Xanım orada ölkəyə, həyata, insanlara qarşı olan bütün kin və nifrətini qusdu. Kameraya danışmaq istəmədiyini, lakin bizim onun ürək sözlərini dinləməyə məcbur olduğumuzu dedi və nə az nə çox 20 dəqiqə deyindi. Neqativ aura və enerjisini bizə ötürərək, bəlkə də öz içindəki nifrət hissini sakitləşdirdi, amma o gün ilk dəfə idi ki, öz ixtisasımı sorğuladım. İnsanların nədən narazı olduqlarını, niyə jurnalistikaya qarşı bu qədər nifrət dolu ifadələr istifadə etdiklərini anlamırdım. Hal-hazırda belə anlamıram. Əgər kimsə öz işini düzgün görmürsə, bütün o peşə sahiblər eynidir düşüncəsi ümumiləşdirmə düşüncə xətasıdır. Yəni əslində, psixoloji cəhətdən üzərində işlənilib, aradan qaldırılmalı olan bir xətadır. Əgər bir həkim düzgün müalicə etmirsə, bir müəllim normal təhsil verə bilmirsə, bir jurnalist yanlış məlumat paylaşırsa, bu demək deyil ki, bütün həkimlər, müəllimlər, jurnalistlər pisdir.
Eşitdiyim ifadələr arasında ən çox əsəbiləşdirən isə “qız uşağı üçün jurnalistika uyğun deyil”. Kimə görə, nəyə görə?
Qızların adi ixtisas seçimində belə insanlar tərəfindən qınanması və sanki, cəmiyyətin həmin qızlardan onlar üçün nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı olduğunu “bilmələri”…
Daha əvvəl vurğuladığım kimi, bir çoxumuzun içindəki həvəs öldü, amma Pəri Abbaslı qarşısına çıxan maneələrə baxmayaraq, daima öz arzusunun dalıyca getdi, və şəxsən mən, onun uğurlarına çox sevinir, səsinin daha da ucalardan gəlməsini diləyirəm.
Mən bu müsahibəni, Pəri təhsilini xaricdə davam etdirərkən almışdım, lakin yenə də məlumatların bu istiqamətdə getmək istəyən gənclər üçün faydalı olacağını düşünürəm.
İlkin olaraq, hansı proqrama müraciət etdiyini, seçim mərhələsi barəsində ətraflı məlumat verə bilərsən?
Erasmus Mundus Birgə Magistr Dərəcələri proqramda Jurnalistika, Media və Qloballaşma üzrə təhsil alıram. Burada əsas tələblər iş təcrübəsi, bakalavr ÜOMG qiyməti, İELTS, təqdim olunan 3 mövzudan biri üzrə esse və 3 iş nümunəsini təqdim etmək idi. Bəzi Mundus proqramlarında hətta müsahibə mərhələsi olsa da, bizim proqramda yalnız sənədləri təqdim etmək kifayət idi. 2 il idi ki, bu proqrama müraciət edirdim. İlk il təqaüdsüz qəbul alsam da, 1 il ərzində iş təcrübəmi daha da genişləndirib və özümü jurnalistika sahəsində bir az daha inkişaf etdirdikdən sonra təqaüd qazana bildim.
Xarici universitetlərə qəbul prosesi necədir?
Bu, olduqca geniş mövzudur. Universitetlərin qəbul prosesi ölkəyə, ölkənin təhsil sisteminə və hətta universitetin yerləşdiyi şəhərə görə belə dəyişə bilir. Onun üçün də buna cavab verməyim çətindir.
Səncə xaricdə təhsil önəmlidir mi?
Xaricdə təhsil almağın xüsusi önəmi olduğunu düşünmürəm. Düzdür, insana daha geniş perspektivlər, şanslar, inkişaf üçün imkanlar açır, gözəldir, amma labüd deyil. Bu, olduqca individual məsələ və seçimdir, məncə. Həm də harada, necə təhsil aldğımızın da önəmi çoxdur. Şəxsi keyfiyyətlər isə bu mövzuda dəstəkverici rol oynayır. Məqsədli, entuziazmlı insanlar üçün harada təhsil almağın önəmi olduğunu düşünmürəm.
Bakı Dövlət Universitetinin tədris metodikası ilə Orxus Universitetinin sistemini müqayisə edə bilərsən?
Bakı Dövlət Universitetində 10 min tələbədən birisən, müəllimlər üçün önəmin bir o qədər yoxdur, təhsilinin keyfiyyətli olub-olmaması həmişə müzakirə mövzusudur, universitetdə fakültələrin tərkibində işçilərin laqeydliyi tələbələrə həm psixoloji, həm mənəvi, həm də təhsil baxımından çətinliklər yaradır. Təhsil aldığım Orxus Universiteti və Danimarka Media/Jurnalistika Məktəbində isə tələbələrin durumu, qavrama bacarığı, müəllimlər və dərslər barəsindəki fikri hər zaman prioritet idi. Onlar hər semestrdan sonra mütləq bizdən “Feedback form”lar doldurmağı tələb edir və bəyənmədiyimiz məqamları qeyd etməyi tələb edirdilər. Dəfələrlə. Professorlar və təhsil müəssisələr tərəfindən keyfiyyətsiz dərs təqdim edilməsi onlar üçün ciddi boşluq kimi qiymətləndirildiyi üçün ən xırda səhvi belə anındaca düzəltməyə can atırdılar. Bizim qrupda çox tələbkar tələbələr var, onlar məndən yaşça, təcrübə olaraq irəlidədirlər və professorlardan hər zaman çoxunu (daha keyfiyyətli, daha yaxşı) tələb etməkləri məni çox həvəsləndirirdi. BDU-da biz bizə təqdim olunanla kifayətlənməyə məcbur qalmışdıq, amma Danimarkada vəziyyət heç vaxt belə deyildi.
Xaricdə oxumağın deyilməyən çətin tərəfləri barədə danışa bilərsən?
Xaricdə miqrantsan, sənə doğma, əziz və öyrəşilmiş olan hər şeydən uzaq yeni bir dünya qurmağa çalışırsan,özü də sıfırdan. Azərbaycanda çox iş görmüş, yaxşı işlərlə ad salmış, çox professional insan belə olsan, xaricdə sən (kobud çıxsa da) heç kimsən, özünü təsdiqləmək üçün məhdud zamanın var və şansın çox azdır. Depressiv hiss etmək, təkliklə mübarizə aparmağa çalışmaq, qat-qat inkişaf etmiş ölkələrdən gələn kolleqalarımın qarşılarında daha böyük imkanlar olduğunu görüb “self-esteem” mövzularında özümü sorğulamaq kimi təcrübəm olub və bu, sonradan mənə güclü bir həyat dərsi kimi qayıtsa da, bu hissləri ilk dəfə təcrübə edəndə çətin prosesdən keçməli olmuşdum. “Xaric” gözəl ola bilər, amma ciddi fədakarlıqlar, güclü psixologiya tələb edir.
Oradakı tələbələr yerli tələbələrimizdən nə ilə fərqlənir? Düşüncə tərzi, potensial?
Danimarkadakı tələbələr heç vaxt əyləncələrindən qalmır, universitet dövründə ehtiyaca görə yox, sadəcə həvəs və əylənmək üşün işləməyə can atır. Onlara hörmət edildiyini bilir və daha rahat yaşamaq haqqı var. Danimarkalı gənclərldə ümumi bir həyati rahatlıq var - hansı ki, Azərbaycan gənci ailəsi güclü sosial təbəqədən gəlmədiyi müddətcə bu rahatlığa çata bilmir.
Danimarkaya ilk getdiyim vaxtlarda etdiyim bu müşahidə və analiz məni çox əsəbiləşdirir, eyni zamanda məyus edirdi. Biz həyatımızı bu stressli Cənubi Qafqaz regionunda çapalayaraq, çətin sınaqlardan keçərək qurmağa çalışıb, 50 % şansla 30 yaşlarımızda buna çata biliriksə, Avropadakı gənclər ən uzağı 23-24 yaşlarında bu rahatlığa çatmış ola bilərlər. Çatmırlarsa belə, yenə öz istəkləri səbəbilə çatmamış olurlar. Bilmirəm, kədərli məqamlardır, əsasən.
Ümid edirəm bu yazı, jurnalist olmaq istəyənlərə faydalı oldu.