Bədəni öldürənlərdən çox, ruhu öldürənlərdən qorxun. (Platon)
Bir çox insanla mental sağlamlıq barədə danışmaq demək olar ki, mümkünsüzdür. “Bizim vaxtımızda niyə yox idi belə problemlər”, “Yalan söhbətdir” kimi ifadələr eşidəcəyik əvəzində. Çox sevindirici haldır ki, gənc nəslin nümayəndələri öz ruh sağlamlıqlarına daha çox önəm verirlər, öz duyğu və fikirlərini üstün tuturlar, bir şeyi etmək istəmirlərsə, özlərini buna məcbur etmirlər. Bəziləri buna eqoistlik deyəcək, lakin bu özünün qayğına qalmaq bacarığıdır.
Gəlin əvvəlcə mental sağlamlıq nədir, onu aydınlaşdıraq.
Mental sağlamlıq, bir insanın həyatında baş verən hadisələrin üstəsindən gələ bilməsi, öz potensialını həyata keçirə bilməsi, işləyə, oxuya bilməsi və yaşadığı cəmiyyətə öz töhfəsini verə bilməsidir. Ümumdünya Səhiyyə Təşkilatı belə müəyyən etmişdir ki, mentaq sağlamlıq sadəcə ruhi xəstəliklərin olmaması demək deyil.
Bu yaxınlarda Beyhan Budakın “Kendine iyi davran güzel insan” kitabını bitirdim. Çox düzgün zamanlama oldu, hər şey çətin gəlirdi, mənəvi yorğunluq var idi, və bu kitab şəxsən mənə çox gözəl təsir etmişdi. Beyhan Budak, özü psixoloqdur, onun yazılarını oxuyanda özünü psixoloji seansda oturmuş kimi hiss edirsən. Bizim mentalitetə uyğun olmadığı üçün öz sözünü demək, fikrini ifadə etmək, nəyəsə rahat “yox” deyə bilmək hər zaman bir növ challenge olub. Lakin psixoloji cəhətdən baxılsa, bastırdığımız hər bir duyğu, hiss bizə öz mənfi təsirini tez ya da gec göstərir.
Bizim ruh sağlamlığımıza necə ki öz düşüncələrimiz, fikirlərimiz təsir edirsə, eyni şəkildə xarici faktorlardan da çox təsirlənirik. Mental sağlamlıq bizim fiziki sağlamlığımıza düşündüyümüzdəndə çox təsir edir. Məsələn, üzüntü hissi ağciyərlərimizə, aşırı düşünmək (overthinking) dalağımıza və həzm sistemimizə, nifrət, inciklik hissləri ürəyimizə, keçmişə ilişib qalmaq - öd kisəmizə, qorxu, təşviş içində olmaq - böyrəklərimizə, əsəb isə qaraciyərlərimizə mənfi təsir göstərir.
Bəzən çox güclü stress yaşadıqdan sonra bədənimizdə səpkilərlə rastlaşırıq, ki bu da əsəbdən, narahatçılıq hissindən yaranır, və ya uzun müddət içimizə bastırdığımız fikir/hisslər varsa əllərimizə əsmə verə bilər. Bir sözlə, sağlam bədən üçün ilk öncə sağlam ruh lazımdır.
Bəs sağlam ruh üçün nə etmək lazımdır?
Öncəliklə, yuxu rejiminizi qaydaya salmağa çalışın. Yuxunu almaq əhval-ruhiyyənə müsbət təsir edəcək. Yuxusuz qalanda daha əsəbi və gərgin oluruq. Sağlam həyat tərzi üçün ilk növbədə yuxu rejiminin düzgün olması lazımdır.
Fiziki aktiv olmağa başlayın. İdmanla məşğul olduqda həm stress azalır, həm də əhval-ruhiyyəmiz qalxır. Yaşadığımız zəmanədə, Youtube-dan istənilən növ rəqs və ya idmanla məşğul olmaq imkanımız var. Nə qədər ki, belə şansımız var, niyə də istifadə etməyək?
Sağlam qidalanmağa önəm verin. Artıq bir ilə yaxındır ki, sağlam qidaya keçməyə cəhd edirəm, lakin sağlam qida zərərli qidadan baha olduğu üçün, tam keçə bilməmişəm. Yediklərimiz, içdiklərimiz bizim beynimizə çox təsir edir. Yaddaşımıza müsbət təsir göstərir. Tam keçə bilməsənizdə, bacardığınız qədər su için, şəkər və duzdan uzaq durun. Əgər su içməyi sevmirsinizsə, içinə limon, nanə, ağız dadınıza uyğun meyvə ataraq yoxlayın.
Sosial şəbəkələrdən detoks edin. Real həyatda sevdiyiniz insanlarla vaxt keçirin.
Köməyə ehtiyacı olan insana yardım əlinizi uzadın. Lakin bunu sırf məcburiyyət hissindın deyil, həqiqətən içdən səmimiyyətlə etsəniz, özünüzü yaxşı hiss edəcəksiniz və nə demək istədiyimi anlayacaqsınız.
Emosiyalarınızı bastırmayın ki, yığılıb stressə səbəb olmasınlar. Mənfi duyğuları da hiss etməyə icazə verin. İcazə verin ki, daim özünüzə ondan qaçmaq lazım olduğunu hiss etməyəsiniz. Hər birimizin həm pozitiv, həm neqativ emosiyalarımız olur. Pozitivi necə qəbullanıb yaşayırıqsa, neqativi də yaşamağa icazə verməliyik. Necə hiss ediriksə, o cür qəbul etməliyik. Yoxsa duyğular bastırıldıqca daha pis nəticələrə çıxara bilər.
Sizi xoşbəxt hiss etdirən hobbiniz varsa, ən azı həftədə bir dəfə o işlə məşğul olun. Yaratdığı fərqi görəcəksiniz!
Real hədəflər qoyun qarşınıza. Nə olmaq istəyirsiniz, nə ilə məşğul olmaq istəyirsiniz. Yadınızda saxlayın ki, heç bir şey üçün gec deyil. Çoxdandır etmək istədiyiniz məşğuliyyətiniz varsa, ertələməyin. İkinci təhsil almaq istəyirsinizsə, üstünə düşün. Rəsmlə məşğul olmaq istəyirsinizsə, olun.
Özünüzə sevgi göstərin, qayğınıza qalın.
Ətrafımızdakılara necə qayğı anlayış göstəririksə, eynisini özümüzə də tətbiq etməliyik.
#selfcare #mentalsağlamlıq #özünəqayğı #ruhsağlamlığı #özünüsev #sağlamlıq