Adımı ALDOdan eşitmiş ola bilərsiz. Xəbərim olmadan mənim barəmdə sizə nəsə deyib. Xasiyyəti belədir. Danışmağı çox sevir. Mən bir qədər fərqliyəm. Başımı aşağı salıb işləməyi sevirəm. Mənim üçün hərəkət həyatdır. Durğunluq yaşasam silkələnməyim kifayətdir.
ALDOnun xasiyyətini bəyənməsəm də onu olduğu kimi qəbul edirəm. 10 il zarafat deyil. Bu mərhələdə həyatımı onsuz təsəvvür edə bilmirəm. İkimiz də eyni gündə alınmışıq. Sahibimi tanıdığım üçün bilirəm ki, belə şeyləri 10 ildə bir dəfə edir. İkimizə də elə gəlir ki, həmin günün tarixi əhəmiyyəti olub. Park Bulvarda, VMF deyilən yerdə oturduğum və digər saatlarla gözlədiyim vaxtı xatırlayıram. Çıqqıltı səsindən bihuş olan vaxtımda iki nəfər mağazaya daxil oldu. Biri digərinə məni göstərib “budur” dedi. Adam məni biləyinə taxıb necə durduğumu yoxladı. Satıcı, dostu və mən başa düşdük ki, onun üçün məsələ aydındır. Beləcə həmin məkanı biləyində tərk etdim. Çıqqıldayan saatlar arxamca baxdı.
Qəribə bir saatam. Sakit və sadə olsam da gözə girirəm. Düzdür bu hissədə ALDO ən az yarım gün məni təsvir edə bilərdi. Gümüşün içində gedən qızılı zolağımı bəyənir. Onun mahiyyəti ancaq bir rəngdən ibarətdir. Mən isə 5 rəngin qarışığından ibarətəm.
İlk görüşdə bu adama isinmədim. Düşünürdüm ki, məni əldə etmək onun üçün hələ tezdir. İllər sonra anladım ki, məni gec əldə edib. Bəlkə də bir qədər tez almalı imiş. Hər şeyin vaxtında baş verməsi vacibdir. Çin insanı deyir ki, ən yaxşı vaxt 20 il əvvəldir. Növbəti ən yaxşı vaxt isə indidir. İndi nədən bəhs edim?
Minlərlə hissəciyin cəmiyəm. Məni düzəldən insanlar mürəkkəbi mükəmmələ çevirməyi bacarıb. Burada başınız qarışmasın deyə bir daha deyim. Mükəmməl olan hər şey sadə görünür. Sanki nəsə əlavə etsən bu sadənin sehri itər. Həyatda həqiqi olan hər şeyin bəzəksiz olduğunu düşünürəm. Həqiqi cümlələr gözəl olmur. Cümlələrim də belədir. Onları bəzəməyə çalışmıram. Olmayan boynuma almalıyam ki, sahibimə oxşayıram. Onun kimi tərs və məğrur duruşum var. Rolexlərin, Omegaların, Patek Filiplərin, tələffüz edə bilmədiyim digər onlarla saatın dünyasında SEİKOyam. Onlardan geridə qalmıram. Sahibim üçün uğurun simvoluyam. Uğurun nə olduğunu onunla birlikdə anlamışam.
Ən xoşuma gələn an biləyindən çıxarılıb masa üstünə qoyulduğum andır. Cihazının yanında oturub onun necə həvəslə çap etməsinə tamaşa etmək xoşuma gəlir. 5 fərqli cihazda çap etdiyini xatırlayıram. Hər birinin yanında həvəsli şəkildə oturmuşam. Əslində məni çıxarıb yazmasına səbəb, kim olduğunu unutmamaq istəyində gizlidir. Açığı biləyinə xüsusi bir yük gəlir mənimlə yazanda. Rahat və azad şəkildə çap etmək üçün belə edir. Mən də onun biləyində olmayanda fərqli hiss yaşayıram. ALDO sizə onun ailəsindən danışıb. Mən isə onun özündən danışmaq istəyirəm. Dünyanı gəzən, yarışan, xarici dostları olan, dayanmadan tədbirlərdə olan halını görmüşəm. Minlərlə insanın qarşısında dayanıb çıxışlar edib. Bir dəfə İsveçrədə 60 saniyə ərzində təqdimat etmişdi. 70-dən çox ölkənin nümayəndəsinin qarşısında özünü çox rahat hiss edirdi. Bir dəfə məni özüylə Hublot zavoduna aparıb. Özümü çox qəribə hiss etmişəm. Yarım milyonluq saatı əlində tutanda ikimiz də anlamışıq ki, biz onların dünyasının adamı deyilik.
Özünü hər zaman dünyaya meydan oxuya bilən biri kimi görüb. Düşünürəm ki, tənbəlliyi bu cəhətinə meydan oxuduğu üçün onu hələ bütün dünya tanımır. İş görüşlərinin əksəriyyətində ilkin təəssüratı mən yaratmışam. Onun biləyində olanda vaxtında parıltı vermişəm. Gözlər mənə zillənib. İnsanlar belədir. Onlar digər insana müəyyən bir dəyər vermək üçün mütləq bir parıltı görməlidir. Amma onun gözlərində olan parıltını heç bir saatda görmədim. Həyatı sevən və böyük xəyalları olan bu insanın gözlərindən həmin parıltını almağa çalışan nə qədər insan gördüm. Yoxlar eşitdi. Satqınlıq gördü. Yıxıldı. Büdrədi. Məni alanda saçları qara idi. İndi hamı onların ağardığını qeyd edir. Gecələr sakit şəkildə uşaqlarını oyatmadan ağladı. Aya baxan yaş gözlərini özündən başqa heç kim silmədi. Bəlkə də məni məhz bunun üçün alıb. Yapon mədəniyyətini çox sevir. Axırıncı Samuray filminə baxan insanlar onu yaxşı anlaya bilər. Samuray müasir dövrlə ayaqlaşmağa tələsmir. Müasir dövrdə Samuray və onun dəyərləri mahiyyətini itirir. Katsumoto və dəstəsi onu məhv etməyə çalışan qüvvələrin üstünə şığıyır. Katsumoto tarixə düşür.
Sahibim də bir ara əbədi həyatı düşünürdü. Düşünürdü ki, ədəbiyyat bir portaldır və həmin portaldan ancaq seçilmiş insanlar keçə bilir. Düşünürdü ki, yazaraq həmin kodu tapacaq.
Daha sonra fikri dəyişdi. Anı yaşamağı və sevməyi öyrəndi. Məsələn səhərlər qızıyla və oğluyla birgə sinxron rəqs edir. Bu adamın ciddi bir təlimçi və yazar olduğunu düşünənlər həmin rəqsi görsə bir də düşünməyə məcbur olar. ALDO belə şeylərin həvəskarıdır. Mən isə duruşu sevirəm. Bəlkə də uşaqlarım yoxdur deyə beləyəm. Bəlkə də rəqs edə bilsəm belə şeyləri deməzdim.
Bildiyim bir şey var ki, adam məni bacardıqca səliqəli saxlayıb. Həftənin 1 günü əlində olmuram. Həmin gün ikimiz də bir-birimizdən dincəlirik. Sonra ikimizin də iş həftəsi başlayır.
Bir dəfə ona qarşı samuray borcumu yerinə yetirmişəm. Təcili pul lazım olub və satıb. ALDO olsa səbəbini də danışardı. Mənə görə isə hər bir insana çətindir. Bunu açıb töküb Dostoyevski olmağı bacaran sadəcə bir nəfər var. Həmin gün nə hiss etdiyini ifadə etmək üçün yapon dilində söz mövcud deyil. Mən isə çıqqıltı dolu vitrinlərə qayıtdım. Burada olan saatlar mənə, mən isə onlara yad idim. Aylarla onun biləyində olmadan yaşadım. Yad insanların biləklərində oldum. Bu çox çəkmədi. Bir gün məni qutumun içinə qoyub harasa apardılar. Qutu açılanda sahibim mənə, mən isə ona baxırdım. Nə gizlədim. İkimiz də kövrəldik. Dostları məni alıb, ad günündə ona bağışlamışdı. Həmin gün uğurun həqiqətdə nə olduğunu anladı. Anladı ki, insanın can atdığı bir çox şeyin əhəmiyyəti yoxdur. Anladı ki, bunu anlamaq üçün həmin şeylərə can atmaq vacibdir. Mən isə anladım ki, 10 il öz sözünü deyib. ALDO kimi bu adama da çox öyrəşmişəm. Onun biləyi evimdir. Onun ürəyinin döyüntüləri mənim çıqqıltılarımla sinxronizə edilib.
ALDO və açar məni yenidən görəndə çox sevindilər. Yenə axşamlar gəldi. Yenə ALDOnun üstündə mən, mənim içimdə isə onun maraqlı breloku olan açarı yerləşdi. Gecələr onun kompyuterinin ekranından gələn işığı görüb, klaviaturasının çıqqıltı səslərini eşidirəm. Həyat davam edir.
Hərdən onun oğlu məni biləyinə götürüb yoxlayır. Hələ ki, böyük və ağıram. Vaxtı gələndə oğlunun biləyində olacam.
Yaxşısı budur tələsməyim.
Bunu zaman göstərər.