30 ildir ki, avtobus sürürəm. Hər cür insan görmüşəm. Hamısı haqqında danışmağa başlasam, bir ömür yetməz. Onlardan biri haqqında danışmaq istəyirəm. Bəlkə də, aralarında gördüyüm ən qəribə sərnişin demək olardı. Digər sərnişinlərdən fərqi o idi ki, avtobusuma minməyirdi. Gəlib dayanacaqda dayanıb mənim arxamda olan 4-cü oturacağa zillənirdi. Bunu bir müddət sonra hiss etdim. Hiss etdim ki, bu oğlan bu dayanacağa hər axşam eyni saatda gəlir. Bir saat dayanıb avtobusun içinə baxır. Yerindən tərpənmir. Sanki oturacaqla pıçıldaşır. Bizim marşrut o qədər də dolu getmir. Adətən həmin oturacaq boş olur. Bəzən kimsə oturur. Görünən odur ki, bu cavan oğlanın gözlədiyi biri var. Digər sürücülərlə də danışmışam. Hamımız bu oğlana azarkeşlik edirik. Növbəmiz ərzində iki dəfə onu görmək nəsib olur. Sürücülərdən biri deyir ki, vaxtıyla bu oğlanı bir qızla görüb. Oğlan qızı dayanacağa ötürərək elə durduğu yerdə dayanıb. Baxışıblar. Qız 4-cü oturacağa oturaraq avtobusun işə düşməsini gözləyib. Oğlan isə fikirli şəkildə dayanıb qalıb. Sonra avtobus yola düşərək dayanacaqdan uzaqlaşıb. Belə çıxır ki, bu oğlan həmin qızı gözləyir. İlk həftələrdə düşündük ki, onu görmə ehtimalı var. Sonra üstündən yüzlərlə gün keçdi. Başa düşdük ki, bu qız gələnə oxşamır. Yəqin, evinə gedən yolu dəyişib. Yəqin, başqa evə köçüb. Yəqin ki, başqa bir adam onu ötürür. Biz sürücülər bu “yəqinləri” çox sevirik. Onlar bizim hekayələri daha da şirin edir. Bəlkə, heç aralarında heç nə olmayıb. Bəlkə, elə bu oğlan yaşayıb yaşadıqlarını. Qız da məsələdən bixəbər həyatına davam edib. Bəlkə də, qız məsələni anlayıb və anında bağlayıb. “Bəlkələr” də, “yəqinlər” kimi şirinlik gətirir. Əsas odur ki, məsələnin əslini heç birimiz bilmirik. Oğlana yaxınlaşmaq cürətimiz də yoxdur. Öyrəşmişik ki, sərnişinlər yol soruşsun. Düzü, bu adamla nə danışsaq da, onun məsələsini həll etməz. Onun işi çətindir.
Qayıtmayacaq birini gözləmək necə də çətindir?! Bəlkə də, mənasızdır. Amma nə edəsən? Nəsə etmək lazımdır axı. Özümdən bilirəm. 5 il əvvəl xanımımı xərçəng apardı. Boş ev mənə, mən də boş evə qaldım. İndi boş otaqlarda oturmaq, gəzmək və ya yuxuya getmək məni narahat edir. Elə hey səhərin gəlməsini gözləyirəm. Kimsə gəlməsə də, səhərlər gəlir. Tez qaçıb avtobusu işə salıram. Sərnişinlərimə çox öyrəşmişəm. Bir çoxunu tanıyıram. “Kim harada oturacaq?”, “Kim kiminlə nə haqda danışacaq?”, “Kimin səsi avtobusu götürəcək?”, “Kimin heç səsi çıxmayacaq?” - bütün bunları əvvəldən bilirəm. Onları mənzil başına çatdırmaqla öz başımı qatıram.
Axşam düşəndə də bu oğlan dayanacaqda peyda olur. Çox səliqəli geyinir. Əyni başından və duruşundan bilinir ki, nəcib biridir. Boş oturacağa zillənən kimi mən də uzaqlara getmiş oluram. Xanımımla keçən günlər yadıma düşür. “Kaş bu qız qayıdaydı” - deyirəm. Əl-ələ tutub bu dayanacaqdan çıxıb gedəydilər.
Saat zıqqıldayır. Avtobusun mühərrikini işə salıram. Güzgüdən oğlanın baxan üzünü görürəm. Üzü kiçilir. Yola düşürəm. Şəhər yenə maşınla doludur. 30 ildə nə qədər maşın görmüşəm. Maşının içinə baxan kimi ab-havanı sezmək olur. Bəzi maşınlarda mehribanlıqdır. Mahnı səsi və gülüşlər eşidilir. Bəzi maşınlarda ağır hava olur. Gərgin baxışmalar görürəm. Baxışmalar qırışmalara keçir. Sonra da susurlar. Bəzi maşınlarda uşaqların gülüşləri və ya yorğun üzlərini görürəm. Bircə onu bilirəm ki, maşında bir-birinə baxanlar bu oğlanın boş oturacağa baxdığı kimi baxmır. Onun gözlərində deyilməyən ürək sözlərinin bolluğu var. Onun gözlərində ümiddən daha artığını görürəm. Sanki özü də bilir. Başa düşür ki, qız qayıtmayacaq. Bəlkə də, ona əlvida deməyə çalışır. Bəlkə də, ona deməli olduğu halda demədiyi sözlərə görə özünü qınayır. Yəqin ki, yenə məsələni qarışdırdım.
Nə deyə bilərəm? Gözləyən qismində olmaq daha çətin olsa da, daha dəyərlidir.