Bu hekayəni nəql edə bilmək üçün Beynəlxalq Natiqlik Məktəbində keçirdiyim vaxtlara qayıtmalıyam. Məktəbin məqsədi ilk növbədə yeniyetmələri qlobal yarışlara və tədbirlərə hazırlamaq idi. Bunun üçün müəyyən tədris proqramları tərtib etmişdim.
Hər şənbə günü böyük bir qrupla ünsiyyət və natiqlik sessiyaları etməyə başlamışdım. Qrup bir neçə aktiv ananın təşəbbüsü ilə yaradılmışdı. Bu qadınlar uşaqları üçün narahat olur və onların daha da aktiv və dünya görüşlü olmasını istəyirdi.
Qrup gözlədiyimdən böyük oldu. İki fərqli qrupa bölündü. Həftəsonlarım adi iş günləri kimi keçməyə başladı. Çox maraqlı olan bir prosesin içində idim. Yarışlardan əvvəl məşqçi və mentor kimi kömək edirdim. (Debat turnirləri, İSEF, Sabahın Alimləri, Natiqlik yarışları və s.)
Demək olar ki, bütün özəl məktəblərdən uşaqlarla işləmişəm. Hər bir məktəb və onun valideynləri fərqli bir ekosistemin nümayəndələridir. Amma elə alındı ki, bu aktiv anaların böyük bir qismi Dünya məktəbinin valideynləri çıxdı. Maraqlıdır ki, onlarla ünsiyyətim hələ də davam edir və onların 13-14 yaşlı uşaqları artıq xarici universitetlərin məzunu olmağa hazırlaşır. İndi də orada hər hansı bir vacib təqdimat öncəsi onlayn görüşürük.
Bu həftəsonları sessiyaları daha da inkişaf edərək 12 həftəlik Empower Ünsiyyət Proqramına Çevrildi. Görüşləri Mentora College məkanında edirdim. (Sədəf Ünlü xanıma xüsusi təşəkkür edirəm.) Onun vasitəsiylə Dünya Məktəbinin idarə heyəti ilə tanış oldum. Görüşlərimizin nəticəsində bu proqram 2 illik bir yol getdi. Sıra ilə Azərbaycan, Rus və İB bölmələrində təhsil alan şagirdlərlə liderlik, ünsiyyət, komanda işi, emosional zəka kimi vacib mövzulara toxunduq. Mənim üçün ən böyük bonus görüşlərin 70%-nin məktəbin kitabxanalarında olması oldu. Kitabxanaçılar mənə çox gözəl ev sahibliyi etdi. (Hər iki filialda)
2 il ərzində həftəmin ilk 3 günlərini Dünya məktəbində keçirdim. Qalan günlərdə isə plazalar həyatına davam etdim. Dərslərdən sonra yazı yazmaq işi çətinləşdi. Fərdi dərslərlə müqayisədə siniflə dərslər insanın enerjisini bir damcı belə saxlamadan alır.
Əsasən 7, 8 və 9cu siniflərə siniflərə həyat və peşə yolumun bir qismini göstərməyə nail oldum. Debatçı həyatım, breakdansla məşğul olduğum dövr, Amerikada yaşadığım dövr, Azercell dövrüm, startupçı dövrüm, təlimçi dövrüm, yazıçı dövrüm və s.
Şagirdlərin çoxu inana bilmirdi ki, 40 yaşım var. Bir çoxu məni müəllim işlədiyimə görə qınayırdı. (Onlara elə gəlirdi ki, belə maraqlı həyat yaşamış insan sinif otaqlarında dərs deməməlidir.) Mənə görə isə elə maraq da bunda idi ki, sinif otaqlarında məhz maraqlı həyat yaşamış insanlar dayansın.
İstənilən halda dəyərli bir təcrübə yaşadım. Dolu bir fincanla gəlmişdim. Onu bu iki il ərzində sonuncu damlasına kimi boşaltdım. Üstəlik şagirdlər də mənim fincanımı öz hərəkətləri, sözləri və təcrübələri ilə doldurmuş oldu.
Bu fincanı digər şirkət və təşkilatlardan verilən fincanların yanına qoyuram.
Hələ ki, həftənin ilk 3 gününün yenə mənə aid olmasının dadını çıxarıram. Çıxarırdım. 2 gün əvvəl yenə bir aktiv valideyn öz qızı və oğluna görə zəng etdi. Dedi ki, sizə həftənin ilk 3 günündə dincəlmək olmaz. 😊
