
125 il əvvəl, Fransada yaşayan 2 qardaş daha çox təkər sata bilsin deyə maraqlı bir yol tapır. Onlar ölkənin ziyarət edilməli olan məkanlarından ibarət xəritə-jurnal tərtib edir. Jurnalda göstərilən yerlərə getsələr təkərlər daha tez sıradan çıxar deyə düşünən bu iki qardaş bir məsələni həll etmək üçün başqa bir məsələni yaradıb. Söhbət Mişlen ulduzlarından gedir. İki qardaş da həmin firmanın yiyələridir. İllər ötür və 1,2 və 3 ulduzlu restoran olmaq üçün əməlli rəqabət başlanır.
1 ulduz burada yaxşı bişirirlər və yaxşı yerdir deməkdir.
2 ulduz burada babat bişirirlər və şeflər də babat adamlardır deməkdir.
3 ulduz buraya getməyə dəyər deməkdir. Dünyanın harasında olursan-ol amma ora get deməkdir. Realda isə bu bir marketinq fəndidir sənin pulunun başına daş salmaq üçün ecazkar bir yoldur. Dad orada demək olar ki, özünə yer tapa bilmir. Gedib o kiçik yeməklərə baxanlar hə özünü inandırmağa çalışsa da günün sonunda bilir ki, mədəni aldatmaq olmur.
Bu ulduzlar verilsin deyə həmin məkanları gizlin şəkildə audit edirlər və aşbaz heyəti dəridən qabıqdan çıxır ki, onların divarlarında bu ulduzlar parlasın.
Keçirəm söhbətdən xəbəri olmayan Aaron Franklin adlı adama. Adam Fransada yaşamır. Texasda ömür sürür. Bir gün başına vurur ki, yaxşı ət bişirməyi öyrənmək istəyir. Marketə gedib yaxşı bir tikə alır və bişirməyə qoyulur. Əlbəttə ki, ilk cəhdində həmin tikəni yandırıb qoyur. Dayanmır. Bir dənə də tikə alır. Yenə yandırır. Bir dənə tikə alır və bu söhbət 10-15 tikə yanana kimi davam edir. Tədricən bu oğlan tikənin dilini tapmağa başlayır və sonunda istədiyi kimi bişirir. Sonra isə bu işi lap dərindən öyrənir və yaxşı soba düzəldir. Yaxşı odunlar tapır. Yaxşı duz-istiot miqdarı müəyyən edir. Yaxşı sous hazırlayır.
Aaron ayılır ki, onun bişirdiyi əti yeyənlər barmaq yalayır. İş böyüyür və o öz yerini açır. Sobaların sayı 20-ə qədər artır. Səhər alaqaranlıqda növbəyə onlarla adam düzülməyə başlayır. Günorta 2-dən sonra onun məkanında ət tapmaq olmur. Obama və Ramsay kimi adamlar özünü məmur kimi aparıb onun məkanına növbəsiz girir. Rəqibləri onun məkanına gedib əti dadır. Adamlar sadəcə susub çıxıb gedir. Youtube həmin məkana gedənlərin videolarıyla dolur. Xəbərlər və filmdə çəkiliş də olur. Onun hekayəsini hətta mən belə öz Danış Görək adında Natiqlik kitabımda paylaşaraq öz nitqini mükəmməl etmək istəyənlər üçün mayak qismində göstərirəm.
Michelin komandası adamın məkanına ulduz qoymur ona Bib Gourmand kateqoriyası verilir. Yəni sən ləzzətli yeyəcəksən və dəhşət pulun çıxmayacaq. Onun məkanı gözəl deyil. Mebellər bahalı deyil. Ora influenserlərlə dolu deyil. Orada olanların hamısı bir şey üçün gəlib. Həmin o bişirilmiş əti dadmaq üçün. Yeyənlər sonda deyir ki, yaxşı ki, bu məkana gəlmək üçün saatlarla yol getdik. Bir də bu qədər yolu gedərdik.
Sosial mediada bizə deyilməyən budur.
Ya sən 3 ulduzlu məzmun paylaşacaqsan. Bahalıdır və dadlı olmasa da olar. Yəni pafosu var amma məğzi yoxdur. Kopyalayırsan amma original olmadığı üçün çiy qalır. Reaksiya üçün yazırsan ona görə də tez yandırırsan. Bir sözlə niyyətlə əməl bir-birinə zidd olur.
Ya da sən Aaron kimi yazacaqsan. Ləzzətli və az qala pulsuz olacaq. Mən onun kimi çox yazmışam. Sırf yazını bişirmək üçün saatlarla gözləmək və illərlə yaşamaq lazımdır. Nümunələr və bənzətmələr tapmaq üçün ömrün gedir. Amma onları düzgün şəkildə düzə biləndə necə də ləzzətli olur!?
Yazdıqlarımı (kitabları və postları) oxuyanlar UFC stadionlarını və 2-3 ticarət mərkəzini rahatlıqla doldurar. De gəl ki, əksəriyyəti gedib biletə verdiyi pulların heç 1 manatını belə bu məzmunu almaq üçün xərcləməyib.
Buna baxmayaraq mən də Aaron kimi xoşbəxtəm. Çünki bişirmək istədiyim "əti" tapmışam. Görmək istədiyim işi görürəm. Bu işin insana necə təsir etdiyini də görmək nəsib olur. Kitabı oxuyan insanın üz ifadəsiylə Aaronun yeməyini yeyən insanın üz ifadəsində KVAN hissi gizlidir.
Mən də başlanğıcda onun kimi çox yandırmışam amma nəhayət onun bir dadı əmələ gəlib. 40-cı yaşımı qeyd edən zaman o əti mənimlə birlikdə dadacaq oxucu və izləyicilərimlə birgə qeyd edəcəm.
İki qardaşlar çoxdur və onların standartları sizi aldatmasın.
Hər birimiz öz işimizlə və öz əməyimizlə yeni standartlar yarada bilərik.
Bizim ətlərin və işlərin də sorağı dünyanın hər yerindən gələr.