Sual işarəsi kədərli idi. Başını aşağı salıb yeriyir, hər addımda gileylənirdi:
Gör, nida (!) necə gözəldir. Uuuup-uzun boyu, dimmmdik yerişi var. Gözündən bir damla yaş düşdü...
Gör, gö-gör, nöqtə ( • ) necə qəşəngdir. Yuuupyumru sifəti, şirinliyi var. Hıçqırdı...Köynəyinin qolu ilə burnunu sildi.
Ig..Igg…Gö-gör, dırnaq (" ") necə gözəldir. Upppuzun kirpikləri var.
Çatdırıb göz yaşını silə bilmədi, bir az ağzına getdi. "Duzlu imiş." - düşündü. Ağlına gələn şeyə görə özünə əsəbiləşdi. Ağlaya bilmək üçün təzdən başını aşağı saldı.
Elə bu vaxt buludların arxasından parlaq Günəş çıxdı. Öz şəfəqləri ilə onu salamladı. Sual göz yaşlarını silib, qaş-qabaqla ona baxdı.
Günəş: Niyə ağlayırsan?
Sual: Çünki gözəl deyiləm.
Günəş: Deyilsən...? Tərəddüdlə ona baxdı.
Sual: Mmmən nə hündürəm, nə də şirin. Heç kirpiklərim də uzun deyil. Heç kəs məni sevməyəcək. Heç kəs mənimlə dost olmayacaq. Heç kəs mənə bənzəmək istəməyəcək.
Günəş: Hmmm…Deməli, başqalarının səni sevməsini istəyirsən.
Sual: Əlbəttə, istəyirəm.
Günəş: İstəyirsən sənə kömək edim?
Sual həyəcanlandı. Dili topuq vurmağa başladı.
Sual: Sssən, sən mənə kömək edərsən?
Günəş: Edərəm. Bu çox asandır, amma gərək mən dediklərimi düşünmədən təkrar edəsən. Başlayaq?
Sual: Başlayaq!
Mən özümün ən gözəliyəm. Sual işarəsinin səsi titrəsə də, göz yaşları dayandı.
Mən özümün ən yaxşısıyam. Səsinin titrəməsi də, kəkələməsi də bir anda yoxa çıxdı.
Mən özümün ən bacarıqlısıyam. İçi Günəşin istisi ilə doldu, ipisti oldu.
Mən yaxşı ki, varam. Birinci dəfə idi, özünə bu cümləni deyirdi. Hələ səsi özünə belə xoş gəlməmişdi.
Mən özümü laaap çox istəyirəm. Öz özünü qucaqladı, amma qolları tam çatmadı.
Arada bir anlıq sükut yarandı və bu sükutu yenidən Günəş pozdu:
Sən özünü yarım görsən, hamı səni yarım görəcək. Amma sən özünü tam görsən, necə möcüzəli olduğunu anlayacaqsan. Sevilmək istəyirsənsə, ilk öncə özün özünə o sevgiyi ver, başqasından gözləmə.
