
Tülkü qocalmış idi, şikardan qalmış idi... Və özü şikara çevrilmişdi. 1802-ci il dekabrın 10-da Lonq-Aylend sahillərində bir tülkü qaçaraq canını qurtarmağa çalışırdı, çünki, nə Britaniyalı, nə də aristokrat olmasa da, asudə vaxtını onlar kimi keçirmək qərarına gəlmiş Lodovik Post tazıları ilə tülkü ovuna çıxmışdı. Tülkü, nəhayət, istifadə olunmayan bir quyuda gizlənməyə nail olsa da, həmin vaxt yaxınlıqdan keçən Cessi Pirsonun hədəfinə tuş gəlir və tülkülüyünü sübut edənə qədər dərisi boğazından çıxarılır. Ovlamaqda olduğu tülkünün başqası tərəfindən öldürülməsinə əsəbləşən Post Pirsonu məhkəməyə verir. Məhkəmə Postla razılaşır və Pirsondan 75 sent zərərin tutulub Posta ödənilməsinə qərar verir. Amma qərarla razılaşmayan Pirson apellyasiya şikayəti verir və beləliklə bugün amerikan hüquq tələbələrinin əmlak hüququ fənninin ilk dərsində keçdiyi məşhur “tülkü işi” gedir Nyu York Ali Məhkəməsinə.
İlk baxışdan kiçik və əhəmiyyətsiz kimi görünən, iddianın məbləği hüquqi xərclərdən qat qat az olan bu iş Nyu York Ali Məhkəməsinə imkan verir ki, əhəmiyyətli bir hüquqi sualı cavablandırsın. Vəhşi heyvanlara mülkiyyət hüququ necə əldə edilir? Bu suala cavab vermək üçün həmin vaxt yeni müstəqil olmuş ABŞ-da bu məsələni tənzimləyən hər hansı qanun və ya presedent hüququ olmadığına görə məhkəmə hüquqi traktatlara və hüquq alimlərinin əsərlərinə müraciət edir. Yustinianın İnstitutlarından başlayaraq, Brakton, Fleta, Pufendorf, Lokk, Barbeyrak və Blekstoun kimi müəlliflərin əsərlərinə istinad edən məhkəmə yekunda bu qənaətə gəlir ki, vəhşi heyvana mülkiyyət hüququ əldə etmək üçün onu təbii azadlığından məhrum edərək müəyyən nəzarət altına salmaq lazımdır. Bu nəzarət heyvanı fiziki olaraq ələ keçirmək, qaça bilməyəcək şəkildə tora və ya tələyə salmaq, öldürmək, və ya ölümcül yaralamaq şəklində ola bilər. Amma Postun etdiyi kimi sadəcə təqib etmək mülkiyyət hüququ yaratmır. “Posta qarşı davranışı nə qədər ədəbsiz və kobud olsa da” mülkiyyət hüququnu tülkünü öldürən Pirson əldə edir.
Beləliklə, tülkü və oxşar heyvanlarla hər şey aydındır. Bəs, ovlanması bir o qədər asan olmayan, daha çox zəhmət və daha çox insan tələb edən heyvanlarla bağlı vəziyyət necədir? Məsələn, balinalar. Bu sualın cavabını axtarmağa balinalar haqqında yazılmış bəlkə də ən məşhur kitabdan, Herman Melvillin ensiklopedik romanı Mobi Dikdən başlayaq. Əsərin “bağlı balıq, sərbəst balıq” adlanan fəslində Melvill balina ovçuları arasında yarana biləcək mübahisələri tənzimləyən qaydalardan bəhs edir. Bəzən olur ki, balina bir gəmidəki ovçular tərəfindən yaralanır, amma müəyyən səbəbdən xilas ola bilir və sonra başqa ovçular tərəfindən öldürülür və ələ keçirilir. Bu halda balina kimin olmalıdır? Əzab-əziyyətlə balinanı izləyərək onu yaralayan və beləliklə ovlanmasını asanlaşdıran ilk ovçunun, yoxsa yaralı bir balinanı asanlıqla, o qədər də əziyyət çəkmədən ovlayan ovçunun? Melvillin yazdığına görə bununla bağlı qanun nəsə deməsə də, balina ovçularının öz aralarında formalaşmış yazılmamış qaydalara əsasən “bağlı balıq bağlı olduğu gəmiyə aiddir, sərbəst balıq isə onu ilk ovlayana aiddir”. Bəli, bu qədər sadə. Əgər yaralanmış balina ilə gəmi arasındakı bağ qırılıbsa, o artıq sərbəst sayılır və onu ilk yaralayan ovçu balinaya olan hüququnu itirir. Amma Melvillin təsvir etdiyindən fərqli olaraq bu ovçular arasında tətbiq olunan yeganə və universal qayda deyildi. Məsələ burasındadır ki, bu qayda Qrenlandiya yaxınlığındakı sularda balina tutan Britaniyalı ovçular arasında formalaşmışdı. Həmin sulardakı balinalar nisbətən yavaş hərəkət edən və asanlıqla nəzarət oluna bilən düz balinalar olduğuna görə bir dəfə tutulduqdan sonra qarpunu və ya gəmiyə bağlandıqları ipi qırıb yenidən sərbəst qalma ehtimalları çox az idi və buna görə də “bağlı balıq, sərbəst balıq” qaydası onların ovuna tam uyğun gəlirdi. Amma düz balinalardan daha sürətlə üzən, daha dərinlərə dalan və ovlanmasına qarşı daha çox mübarizə apara bilən və çox vaxt qarpunla yaralansa və gəmiyə bağlansa da xilas ola bilən kaşalotların ovlanmasına bu qayda o qədər də uyğun gəlmirdi. Ona görə də, bu növ balinaların ovlanması ilə bağlı alternativ bir qayda formalaşmışdı. “Dəmir balinanı tutur” qaydasına əsasən balina gəmiyə bağlanmasa da, sərbəst şəkildə üzsə də, ona qarpunu ilk sancan ovçuya məxsus olurdu. Amma təbii ki, ilk qarpunun yaratdığı bu hüquq müəyyən bir vaxtla məhdudlaşdırılmalı idi, əks halda məsələn Mobi Dikin bir il əvvəl ona qarpun sancmış və daha sonra onu bir daha görməmiş Ahaba məxsus olması absurd olardı. Ona görə də, bu hüquq ovçu isti izlərlə balinanı izləməyə davam etdiyi müddətlə məhdudlaşırdı. İzləmə bitdikdən sonra, üzərindəki qarpunlardan asılı olmayaraq həmin balina sərbəst balina sayılırdı və hər hansı ovçu tərəfindən ovlana bilərdi. Yeni İngiltərə sularında ovlanan fin balinaları ilə bağlı isə tamamilə fərqli bir qayda mövcud idi. Bu balinalar yüksək sürətlə üzdüklərinə görə onları yerində tutmaq mümkün olmurdu, onlar bomba nizələri ilə vurulur, suyun dibinə gedir və bir neçə gündən sonra sahilə yaxın üzə çıxırdılar. Bomba nizəsinin üstündəki addan balinanı kimin vurduğu bilinir və balina həmin şəxsə məxsus olurdu. Balinanı aşkar edən şəxs isə buna görə müəyyən haqq alırdı.
Bəs əsərin qəhrəmanı Mobi Dik adlı nəhəng balina necə? Bağlı balıq idi, yoxsa sərbəst? Mobi Dikin bədəninə bir çox qarpun, o cümlədən Ahabın qarpunları sancılmış olsa da, onu öz gəmisinə bağlamaq hələ heç bir ovçuya qismət olmamışdı və Mobi Dik sərbəst balıq kimi okeanın sularında üzməyə davam edirdi. Bununla belə, onu Kapitan Ahaba hər hansı kəndirdən daha möhkəm bir bağ bağlayırdı. Qisas hissi. Ahab üçün Mobi Dik piyi və ya sümüyü üçün ovlanası hər hansı bir balina deyildi. Sonuncu səfərində Mobi Diki ovlamaq istəyərkən, balina onun bir ayağını qoparmış və protez ayaqla yaşamağa məhkum etmişdi. Mobi Diki öldürmək və beləliklə qisasını almaq hissi Ahabı dəli edirdi. Bu hiss onun həyatının və növbəti səfərinin məqsədinə çevrilmişdi. Ova gedərkən ovlanan Ahab, keçən dəfə qaçıb xilas olan Mobi Diklə yenidən qarşılaşmaq və bu dəfə yarım qalmış işini bitirmək istəyirdi. Kapitan Ahabın böyük köməkçisi Starbak son ana kimi onu bu yoldan geri döndürməyə çalışır. Günəşli bir gündə göyərtədən açıq səmanı, mavi dənizi seyr edən Ahab Starbaka düz qırx il əvvəl belə gözəl havada on səkkiz yaşlı yeniyetmə kimi ilk ovuna çıxmasından bəhs edir. O, min bir əziyyətlə evdən uzaqda, arvadının, uşağının üzünü görmədən, normal qidalanmadan, bir sözlə normal yaşamadan keçirdiyi bu qırx ilin əvəzində demək olar ki, heç nə əldə etmədiyini, ortada bir şey olmadığını vurğulayır. Amma bütün bunlara bəlkə də dözmək olardı, əgər o, bütün bunlardan sonra üstəlik tək ayaqla qalmağa məhkum edilməsə idi. Starbak nə qədər Ahaba, dilsiz ağılsız bir heyvandan qisas almağın küfr olduğunu desə də, Ahab öz qərarından dönmür. Bəs, Ahabın etdiyi niyə küfr hesab olunurdu? Ona görə ki, heyvanın özünün şüurlu iradəsi olmadığına görə, Ahabın ayağını itirməsi əslində Tanrının iradəsi, ya da başqa sözlə Ahabın qisməti idi. Ahab bunu ədalətsizlik hesab edir, qəbullana bilmir və Tanrıdan qisas almaq istəyirdi. “Əgər hakim özü cavab verməlidirsə, hökmü kim verməlidir?”
Kapitan Ahabdan fərqli olaraq Heminqueyin qoca balıqçısı Santyaqo dənizə qisas məqsədilə yox, həqiqətən ov üçün, balığı əldə etmək üçün çıxmışdı. Bununla belə, o da Ahabın etdiyi səhvi, daha doğrusu günahı haradasa təkrarlayır. Səksən dört gündür dənizdən əliboş qayıdan Santyaqo nəhayət bu uğursuzluq tilsimini qırmaq üçün növbəti gün qayığı ilə okeanın daha dərin sularına doğru, həmişəkindən daha uzağa yönəlir. İlk baxışda məntiqli səslənir, elə deyilmi? Əgər səksən dört gündür həmişəki sularda tilovuna balıq gəlmirsə, onda biraz da dərinə gedib orada cəhd etmək lazımdır. Amma, burada vacib bir məqam var. Səksən dört günlük bu uğursuz fasilədən qabaq qoca həmin sularda balıq tutmurdumu? Tuturdu. Əsərin başlanğıcında qoca və əvvəllər onunla balıq ovuna çıxan, amma qoca artıq uğursuz hesab olunduğuna görə valideynlərinin təkidi ilə başqa balıqçı ilə ova gedən yeniyetmə Manolin arasındakı dialoqa fikir verək. Manolin bir dəfə qocanın səksən yeddi gün balıq tuta bilmədiyini, amma sonra üç həftə dalbadal hər gün iri bir balıq tutduğunu xatırladır. Göründüyü kimi, bu Santyaqonun dənizdən əliboş qayıtdığı ilk günlər deyil, əvvəl də bu baş verib, özü də indikindən də biraz uzun müddətə, amma sonra yenə bəxti gətirməyə başlayıb. Dialoqun sonunda Manolin atasının qocanın bəxtinə inanmadığını bildirir. Qoca isə cavabında deyir: “Amma biz inanırıq, elə deyilmi?” Bəs, həqiqətən də elədirmi? Manolinin inandığı dəqiqdir, amma görünən odur ki qoca özü inanmır. İnansa özündə daha uzağa, daha dərinlərə getmək ehtiyacı hiss etməzdi, inanardı ki, necə ki, əvvəllər səksən yeddi günlük uğursuzluqdan sonra hər gün iri bir balıq tutmuşdu, eyni şəkildə yenə bir gün bəxti gətirər və dənizdən balıqla qayıdar. Necə deyərlər, su gələn arxa bir də gələr. İnansa, uğursuz olduğu bu bir neçə günü gəncliyindən qocalana kimi ömrü boyu uğurla balıqçılıq etdiyi illərə sayar və bəxtindən narazı olmazdı. Ona qarşı gəlməzdi. Həmişə getdiyi məsafədən daha uzağa gedərək, sözün həm əsl, həm də məcazi mənasında həddi aşmazdı. Amma Santyaqo həddi aşır və nəticədə üç günlük amansız mübarizədən sonra həyatının ən böyük marlin balığını tutsa da, onu sahilə qədər aparıb çıxarmaq qismət olmur, qan iyinə gələn akulalar balığı son tikəsinə kimi yeyirlər və beləliklə balığın əti akulaların, sümüyü Santyaqonun olur. Amma yenə də Santyaqonun bəxti Ahabdan daha çox gətirir, yaralansa da, balıq əlindən çıxsa da, sağ-salamat sahilə qayıda bilir və yəqin nəhayət başa düşür ki, qismətdən artıq yemək olmaz.
Qismətində varsa, balıq özü səni tapır. Heç qayıqla dənizə çıxmağa da ehtiyac olmur. Sahildə dayanaraq toru atırsan. Birinci dəfə lil gəlir. Yenə atırsan, bu dəfə dənizotu gəlir. Üçüncü dəfə də atırsan, çünki atalar üçdən deyib. Bu dəfə bəxtinə balıq çıxır, özü də elə belə yox, qızıl balıq. İlk baxışda bu nağıl acgözlük, tamahkarlıq haqqındadır, elə deyilmi? Qızıl balıq qarının istəklərini həyata keçirsə də, qarının gözləri doymur, daha çoxunu istəyir. Amma digər tərəfdən onun ilk istəklərinə baxsaq, otuz üç illik evlilik boyu günü uçuq bir qazmada cəhrə əyirməklə keçən birisinin sınıq təknənin yerinə yenisini, köhnə qazmanın yerinə normal bir ev istəməsi acgözlükdürmü? Silki feodal cəmiyyətdə, insanların öz zəhmətinə, əməyinə görə yox, sırf hansısa nəsildən gəldiyinə görə daha varlı, daha imtiyazlı, daha üstün bir silkə mənsub olduğu bir dünyada bir anda, möcüzəli bir şəkildə, sosial nərdivanın ən alt pilləsindən yuxarı qalxmaq imkanı varkən bunu istəmək, kəndli ikən zadəgan olmağı arzulamaq da çətin ki acgözlük hesab edilə. Təsadüfi deyil ki, qarı sadəcə zadəgan olmaq istəmir, irsi keçən, əsil-nəcabətli zadəgan olmaq istəyir (nağılın Azərbaycan dilinə tərcüməsində sadəcə zadəgan sözü işlədilsə də, originalda bu fərq görünür: “Хочу быть столбовою дворянкой”). Həm də ki, nağıldan göründüyü kimi, qızıl balıq qarının ilk istəklərini həyata keçirir, onu acgözlüyə görə cəzalandırmır. Bəs, sonuncu istəyin fərqi nədə idi? Qarı nəyə görə cəzalandırılır? Bu suala cavab axtarmazdan əvvəl, əsərdəki bir məqama fikir verək. Qarı hər dəfə qocanı balıqdan nəsə istəməyə göndərəndə, əvvəlcə balığa baş əyməsini, təzim etməsini tapşırır. Balıq da, sonuncu istək istisna olmaqla, qocanın hər istəyini cavablayarkən onu “Allah amanında” (“ступай себе с богом”) deyərək yola salır. Aydındır ki, balıq ilahi gücü təmsil edir. İndi isə gəlin qarının son istəyini xatırlayaq.
“Deyir, istəmirəm padşahlıq etmək,
Dənizlər sultanı olum mən gərək.
Dəryalar içində qəsrim qurulsun,
Qızıl balıq gərək nökərim olsun.”
Göründüyü kimi, qarı baş əydiyi, istəklərini ünvanladığı, sahib olduğu hər şeyi ona verən qızıl balığın ondan üstün olmasını qəbul etmir, ona qarşı çıxır, hətta onun nökəri olmasını istəyir. Dənizlər sultanı kimi poetik tapıntı ilə Puşkin əslində qarının təbiəti idarə etmək və beləliklə ilahi gücə malik olmaq, tanrı kimi olmaq istəyini ifadə edir. Təsadüfi deyil ki, nağılın Qrimm qardaşlarının kitabındakı original versiyasında qarının son istəyi elə tanrı olmaq idi. Qarı bu istəyi ilə tamahkarlıq etmir, acgözlük etmir, məhz tanrıya qarşı çıxır. Və buna görə də cəzalandırılır. Cəzalandırılır deyəndə ki, sadəcə ona verilənlər əlindən alınır. Lap, Əyyubun Kitabında deyildiyi kimi. Verən də Odur, alan da Odur.
Allahın ən kamil və əməlisaleh bəndələrindən Əyyubun hekayətini yəqin ki, xatırlayırsınız. Nökərlərinin ard-arda gətirdiyi bəd xəbərləri, on övladının hamısının bir gündə ölməsini, minlərlə baş mal-qarasının, bütün var-dövlətinin itirilməsi xəbərlərini səcdəyə qapanaraq “verən də Rəbbdir, alan da Rəbbdir” deyərək qarşılamışdı Əyyub. Amma onun itirdikləri bununla bitmədi, ağır xəstəliyə düçar oldu, bütün bədəni yara bağladı və o, Allaha olan inamını itirməsə də, ilahi ədaləti sorğulamağa başladı, ömrü boyu əməlisaleh olub Allahın buyurduqlarına riayət etdiyi halda niyə bu əzablara məruz qaldığını başa düşməyə çalışdı. Dostları onun bilərəkdən və ya bilməyərəkdən günah işlədiyini və buna görə də cəzalandırıldığını iddia etsə də, Əyyub günahsız olduğuna və belə bir cəzaya layiq olmadığına əmin idi. O, bir səhər yuxudan oyanaraq törətmədiyi bir cinayətə görə həbs olunduğunu öyrənən Yozef K. kimi nə baş verdiyini anlamağa, günahsız olduğunu sübut etməyə çalışırdı. Tanrıdan cavab gözləyirdi. Və nəhayət sonda o gözlədiyi cavabı alır. Amma tamam başqa bir müstəvidə. Əyyubun “niyə” sualının cavabı “çünki” olmur. Cavab “necə” olur. Tanrı kainatın möhtəşəmliyini, böyüklüyünü, uca dağları, irili xırdalı canlıları və s. göstərərək Əyyuba və onun timsalında insanoğluna yerini başa salır. Əyyub bu böyüklük qarşısında səhvini başa düşərək tövbə edir.
Əyyuba bəd xəbərləri gətirən nökərlər itkiləri sadaladıqdan sonra “təkcə mən xilas oldum ki, sənə xəbər verim” deyirlər. Mobi Dikin epiloqu da məhz bu sitatla başlayır. Bütün heyəti ilə birlikdə okeanın dibsiz sularına qərq olan Pekoddan yeganə xilas olan İşmael hər şeyi bizə danışır. Xəbərçilər baş verən itkilər barədə Əyyuba xəbər verdiyi kimi, İşmael də bütün baş verənlər barədə oxucuya xəbər verir. Şairin də dediyi kimi:
“Mənə də yer çatar, dünya dar deyil,
Biz balıq deyilik, dünya tor deyil,
“Allah göydən baxır, Allah kor deyil!..” –
Sizə bunu xəbər verməyə gəldim.”