Tolstoyun “Anna Karenina”sı, Floberin “Madam Bovari”si, Stendalın “Qırmızı və Qara”sı, Coysun “Uliss”i, Bokkaçionun “Dekameron”undakı Madonna Filippa novellası. Dünya ədəbiyyatının ən yaxşılarından olan bu əsərləri nə birləşdirir? Bədii qiraəti sevənlər üçün yəqin ki, bu sualı cavablandırmaq çətin olmadı. Bəli, xəyanət. Annanın, Emmanın, Luizanın, Mollinin və nəhayət Madonna Filippanın xəyanəti. Amma Dekamerondakı novellanı adı çəkilən digər əsərlərdən fərqləndirən vacib bir mövzu da var: hüquq. Daha dəqiq desək, əhvalatın vaqe olduğu Prato şəhərinin qanunları. Bu qanunlara əsasən ərlərinə xəyanət edən qadınları yandırılaraq edam olunmaq cəzası gözləyirdi. Belə bir sərt cəzaya baxmayaraq başqası ilə eşq yaşayan Filippa bir gün əri Rinaldo tərəfindən necə deyərlər in flagrante delicto, yəni iş başında tutulur. Qəzəbli ər onların hər ikisini yerindəcə öldürmək istəsə də, fikrindən daşınır və ertəsi gün qanuna uyğun olaraq cəzalandırılması üçün Filippanı məhkəməyə verir.
Məhkəmədə nələr baş verməsini nəql etməzdən qabaq gəlin bir sualı cavablandırmağa çalışaq. Sizcə xəyanət Prato şəhərinin qanunlarında olduğu kimi cinayət hesab edilməlidirmi? Bu suala cavabınızın müsbət və ya mənfi olmasından asılı olmayaraq növbəti bir suala da cavab verin. Xəyanəti əxlaqa və mənəviyyata uyğun bir davranış hesab edirsinizmi? Güman ki, birinci sualdan fərqli olaraq bu suala oxucuların cavabı daha yekdil oldu. Bəs, xəyanətin əxlaqsız bir davranış olması onun qanunla qadağan edilməsinə əsas verirmi? Bu məsələni aydınlaşdırmaq üçün əxlaqla hüquq, xüsusilə cinayət hüququ arasındakı əlaqə ilə bağlı 20-ci əsrin ortalarında baş tutmuş Hart-Devlin debatına nəzər salaq.
1959-cu ildə nüfuzlu ingilis hakim Patrik Devlin Britaniya Akademiyasındakı “Əxlaqın Məcburi Tətbiqi” adlı məruzəsində qeyd edir ki, cəmiyyət əxlaqsız davranışları qanunla cəzalandırmaq hüququna malikdir. Devlin fikrini belə əsaslandırır ki, hər bir cəmiyyət eyni zamanda müəyyən ideyaların birliyidir və bunların bir qismi onun üzvlərinin özünü necə aparmalı olması barədə ideyalardır, başqa sözlə ictimai əxlaq qaydalarıdır. Siyasət və əxlaq barədə ortaq ideyalar olmasa cəmiyyət mövcud ola bilməz, çünki cəmiyyəti bir arada tutan ortaq fikirlərin görünməz ipləridir və ortaq ictimai əxlaq da belə iplərdəndir. Bu iplər həddindən artıq boşalarsa cəmiyyət parçalanar və tarix göstərir ki, cəmiyyətlər xarici təzyiqlərdən daha çox daxili parçalanmadan məhv olur. İctimai əxlaqa riayət olunmaması cəmiyyət üçün təhlükəli olduğuna görə, cəmiyyət özünü qorumaq üçün əxlaqsızlığa qarşı qanunlardan və hüquqi məcburetmədən istifadə edə bilər. Bəs ictimai əxlaq və əxlaqsızlıq necə müəyyən edilir? Devlinin fikrincə, burada cəmiyyətin orta statistik üzvünün nöqteyi-nəzəri əsas götürülməlidir. Məsələn təsadüfən seçilmiş 12 jüri üzvü nəyinsə ictimai əxlaqa uyğun olmadığı barədə ortaq razılığa gəlirsə, demək olar ki, həmin davranış cəmiyyət tərəfindən əxlaqsız hesab olunur. Devlin hüququn əxlaqsızlığı qadağan edə biləcəyini göstərsə də, bunun heç də bütün hallarda edilməli olduğunu demir. Onun fikrincə qadağa müəyyən olunarkən bəzi prinsiplərə riayət edilməlidir. Birincisi, cəmiyyətin bütövlüyünə təhlükə yaratmayan fərdi azadlığa maksimum dözümlülük göstərilməlidir. İkincisi, hər hansı yeni əxlaqi məsələdə qanun yavaş hərəkət etməli və tədricən cəmiyyətdə həmin məsələyə dözümlülük artdıqdan sonra dəyişiklik edilməlidir. Üçüncüsü, mümkün olduğu qədər şəxsi həyatın toxunulmazlığına hörmət edilməlidir.
Oksford Universitetinin hüquq fəlsəfəsi üzrə professoru Herbert Hart Devlinlə razılaşmayaraq nəyinsə sırf cəmiyyət tərəfindən əxlaqsız hesab edildiyinə görə qanunla qadağan edilə bilməyəcəyini bildirir. Hart Devlinin hüquqi moralizminə qarşı öz liberal mövqeyini əsaslandırmaq üçün Con Stüart Millin məşhur ziyan prinsipinə istinad edir. Bu prinsipə əsasən, bəşəriyyətin hər hansı bir insanın hərəkət azadlığına fərdi və ya kollektiv şəkildə müdaxilə etməsinə əsas verən yeganə məqsəd özünü müdafiədir. Sivil icmanın hər hansı bir üzvünə qarşı, onun iradəsi əleyhinə, güc tətbiq edilməsinin yeganə məqsədi başqalarına ziyan vurulmasının qarşısını almaq ola bilər (Millin ziyan prinsipi ilə bağlı bu yazını da oxuya bilərsiniz). Yəni, əgər bir davranış heç kimə ziyan vurmursa, insanların azadlığına müdaxilə edilə və Devlinin dediyi kimi sırf əxlaqsız hesab edildiyinə görə qanunla qadağan edilə bilməz. Hart həmçinin Devlinin cəmiyyətin özünü qoruması ilə bağlı argumentini də əsassız hesab edərək bildirir ki, nəyinsə əxlaqsız olduğuna görə qadağan edilməsi cəmiyyəti qorumaq üçün zəruri deyil, ona görə ki, bunun nəticəsində cəmiyyətin məhv olacağı sadəcə şişirtmədir və bu barədə Devlin heç bir empirik sübut təqdim edə bilmir. Hartın fikrincə, zəruri olmamaqla yanaşı belə qadağa həm də məqsədəuyğun deyil, ona görə ki, əxlaq zamanla dəyişən bir anlayışdır və belə qadağalar cəmiyyətdəki təbii dəyişikliklərin qarşısını ala bilər.
Əgər Hartın yanaşmasını əsas götürsək, ziyan prinsipinə əsasən xəyanət cinayət hesab edilə bilərmi? Bu suala cavab verə bilmək üçün əvvəlcə ziyan dedikdə nə nəzərdə tutulduğunu bilməliyik. Bu o qədər də asan deyil. Məsələ burasındadır ki, Mill özü ziyanın aydın tərifini vermir. Amma Millin bəzi ifadələrindən və bir çox müəlliflərin də izahından bu qənaətə gəlmək olar ki, ziyan dedikdə o mənafelərin pozuntusu başa düşülür ki, onlara münasibətdə insanların hüquqları var. Məsələn, kimsə kimisə öldürürsə onun yaşamaq hüququnu pozur, kimsə kiminsə pulunu oğurlayırsa, onun mülkiyyət hüququnu pozur və s. Amma xəyanətdə belə bir hüquq pozuntusu yoxdur. Doğrudur, xəyanətə uğramış şəxslər mənəvi olaraq sarsıntı keçirir, hətta bəzi hallarda posttravmatik stress pozuntusu kimi daha ağır psixoloji nəticələrə məruz qalırlar. Xəyanətin qurbanı olmaq insana daha böyük əzab verir, nəinki məsələn 1000 manat pulunun oğurlanması. Amma qanun birincini yox, ikincini qadağan edir və cəzalandırır. Çünki, emosional vəziyyət ziyan prinsipi baxımından ziyan hesab olunmur. Millin fikrincə, mənfi emosional vəziyyət, başqa insanların davranışlarına görə subyektiv olaraq özünü pis hiss etmə başqalarının davranışlarını məhdudlaşdırmaq üçün əsas ola bilməz. Məsələn, təsəvvür edin ki, kimisə sevirsiniz, gözəl münasibətiniz var, amma günlərin bir günü o, sizi atır və başqasına gedir. Sizin mənəvi olaraq əzab çəkməyiniz şübhəsizdir. Amma yəqin razılaşarsınız ki, bunun cinayət sayılmasını və qanunla onun cəzalandırılmasını tələb etmək absurd və insani münasibətlərə zidd olar. Deyilə bilər ki, axı evlilik fərqlidir, axı ortada nikah var, müqavilə var və deməli hüquq da var. Burada açar söz müqavilədir. Müqavilə üzrə tərəflərdən biri digərinin hüquqlarını pozursa, bu artıq mülki məsələdir, cinayət hüququnun predmeti deyil. Amma məsələ burasındadır ki, xəyanətə uğrayan şəxsin müki olaraq da edə biləcəyi çox şey olmur. Evliliyə son verilməsi, boşanmaq əslində hüquqi müdafiə vasitəsi deyil, çünki xəyanət olmasa belə istənilən tərəf bunu edə bilir və bu xəyanət edən tərəfi “cəzalandırmır”. Bəzi ölkələrdə boşanmanın səbəbi xəyanət olduqda, bu, əmlak bölgüsü, aliment ödənişləri və s. hallara təsir edir ki, belə normalar müəyyən mənada tərəfləri bu davranışdan çəkindirir və xəyanətə məruz qalmış şəxsin maraqlarını qoruyur. Bəzi müəlliflər ziyan prinsipinə əsasən xəyanətin cinayət sayılmasını bununla əsaslandırırlar ki, burada ziyan dedikdə ayrı-ayrı şəxslərə yox, cəmiyyətə dəyən ziyan nəzərdə tutulur. Bu arqument xəyanətin cəmiyyət tərəfindən əxlaqsız hesab edilməyinə əsaslandığından mahiyyət etibarilə Devlinin hüquqi moralizmilə eynidir və ayrıca təhlilə ehtiyac yoxdur.
Bəs əgər Devlinin yanaşmasını əsas götürsək, xəyanət cinayət hesab edilə bilərmi? Devlin öz məruzəsində bu sualı mənfi cavablandırır. O, xəyanəti cəmiyyətə böyük ziyan vuran əxlaqsızlıq saysa da, hesab edir ki, xəyanəti cinayət edən qanunun tətbiqi çox çətin olar. Onun fikrincə insan təbiətinin bu zəifliyi azadlıqdan məhrumetmə ilə cəzalandırılmağa uyğun deyil. Əslində, Devlin bu fikrini izah etmədiyindən onu elə də inandırıcı və əsaslı saymaq mümkün deyil. Xəyanətin niyə cinayət sayılmaması ilə bağlı bəlkə də ən uğurlu izah professor Qraham Hyuzun dediyidir: “ona görə ki, xoşbəxt evliliklər cinayət hüququ vasitəsilə formalaşmır”.
Qayıdaq Filippanın məhkəməsinə. Hakim Filippaya edam cəzası vermək istəmədiyinə görə ona izah edir ki, əgər o, ittiham olunduğu cinayəti etiraf etməsə onu cəzalandıra bilməz. Yəni cəzadan xilas olmaq üçün Filippaya sadəcə hadisəni inkar etmək kifayət edirdi. Bununla belə, Filippa xəyanət etdiyini boynuna alır və özünü müdafiə etmək üçün hakimə belə deyir: “Əminəm ki, siz bilirsiniz ki, qanunlar hamı üçün eyni olmalıdır və kimlərə aiddirsə onların razılığı ilə qəbul olunmalıdır. Amma bu qanun ancaq qadınlara şamil olunur və qadınlar nəinki bu qanuna razılığını bildirməmiş, ümumiyyətlə onların bu barədə fikri soruşulmamışdır. Buna görə də onu ədalətsiz qanun hesab etmək olar.”
Filippanın dediklərinə diqqət yetirsək iki hüquqi prinsipə istinad görərik. Bunlardan biri quod omnes tangit prinsipidir. İlk dəfə 6-cı əsrdə Yustinian Kodeksində qeyd olunan bu prinsip birgə mülkiyyət üzərində bir neçə qəyyumun hüququnu ifadə edirdi. Quod omnes tangit ab omnibus approbari debet. Yəni, hamıya aid olan məsələ hamı tərəfindən razılaşdırılmalıdır. Qədim Roma hüququnda sadə bir mülki məsələni tənzimləyən və o qədər də əhəmiyyətli olmayan bu prinsip 12-ci əsrin ortalarından etibarən Qratsian başda olmaqla hüquqşünaslar tərəfindən ona yeni, publik məna verilməsi nəticəsində kanonik (kilsə) hüququnun ən əhəmiyyətli prinsiplərindən birinə çevrildi. Əvvəlcə bu prinsip kilsə daxilində yepiskopların seçilməsi və digər idarəetmə məsələləri ilə bağlı istifadə edildi. Daha sonra bu prinsip dünyəvi idarəetməyə də təsir etməyə başladı və krallar tərəfindən parlamentə təmsilçilər çağırılarkən bu prinsipə istinad edilməyə başlandı. Məsələn, Dekameronun yazılmasından cəmi 58 il əvvəl, yəni 1295-ci ildə İngiltərə kralı Uzunayaqlı Eduard Parlamenti çağırarkən məhz bu ifadədən istifadə etmişdi. Bundan cəmi 7 il sonra Fransa kralı IV Gözəl Filipp də ilk dəfə Baş Ştatları çağırmışdı. Beləliklə, demək olar ki, quod omnes tangit prinsipi parlamentin və təmsilçi demokratiyanın nəzəri əsaslarından biri idi.
Bəs Filippanın bu prinsipə istinadı nə dərəcədə əsaslı idi? Məsələ burasındadır ki, orta əsrlərdə bu prinsipdəki hamı sözü əslində heç də hamını əhatə etmirdi. 19-cu əsrə kimi nəinki qadınlar, kişilərin böyük qismi də omnes-in bir hissəsi hesab olunmurdu. Burada başqa bir məsələ də var. Guya digər qanunlar qadınların razılığı ilə mi qəbul olunmuşdu? Məsələn Filippanı oğurluq üstündə tutsaydılar, yenə eyni prinsipə istinad edə bilərdimi? Deyilə bilər ki, oğurluq cinayəti hamıya aiddir. Bu qanun isə yalnız qadınlara aid idi. Bu məqamda Filippanın çıxışında istinad etdiyi ikinci prinsipə nəzər salaq: Qanunun hamı üçün eyni olması, başqa sözlə qanun qarşısında qadınların və kişilərin bərabərliyi. Quod omnes tangit-dən fərqli olaraq bu prinsip nəinki orta əsrlərdə tətbiq olunmurdu, hətta hüquq və azadlıqların carçısı Fransız inqilabının məşhur mottosundakı “égalité” belə qadınları əhatə etmirdi.
Dekamerondan altı əsr sonra, 1961-ci ildə İtaliya Konstitusiya Məhkəməsinin tamamilə kişilərdən ibarət olan tərkibi xəyanətə görə yalnız qadınları cəzalandıran cinayət qanunvericiliyinin konstitusiyadakı bərabərlik prinsipinə zidd olmadığı barədə qərar qəbul etmişdi. Görünən odur ki, 14-cü əsrdə Neapol universitetində dini hüquq təhsili almış Bokkaçionun hüquqi yanaşması 20-ci əsr italyan hakimlərinin yanaşmasından daha liberal və daha proqressiv idi. 1961-ci il həm də bütün dövrlərin ən yaxşı italyan filmlərindən biri sayılan “İtalyansayağı boşanma” komediyasının ekran üzü gördüyü il idi. Filmdə Siciliyalı əsilzadə Ferdinando arvadından boşanmaq və sevdiyi gənc qızla evlənmək istəyir. Amma qanun boşanmağa icazə vermədiyinə görə o, qanundakı başqa bir normadan istifadə, daha doğrusu sui-istifadə etmək qərarına gəlir. Ferdinando arvadının ona xəyanət etməsi üçün plan qurur. Plana əsasən o, xəyanət anında arvadını öldürəcək və bu qətli yüksək ehtiras anında namus üstündə törətdiyinə görə cinayət məcəlləsinin 587-ci maddəsinə əsasən cəmi bir neçə il (3 ildən 7 ilə qədər) azadlıqdan məhrum edilməklə cəzalandırılacaqdı. Beləliklə də arvadından “italyansayağı boşanmış” olacaq və sevdiyi qızla evlənə biləcəkdi. Rejissor Pyetro Cermi italyan hüququndakı problemlərə Konstitusiya Məhkəməsindən daha yaradıcı bir metodla yanaşmışdı: yumor. Cermi həqiqətən də xəyanət törətmiş bir qadın və onun namus üstündə öldürülməsi barədə dramatik bir film çəkərək qanunu tənqid etsəydi, çətin ki, cəmiyyətdə yaratdığı effekt eyni olardı. Amma bu keyfiyyətli komediyanın da təsiri ilə bu barədə ictimai müzakirələr başlamış və nəhayət 1970-ci ildə qanunvericiliyə edilən dəyişikliklə boşanmaq hüququ təsbit olunmuşdu. 1981-ci ildə isə cinayət məcəlləsinin bəhs olunan maddəsi ləğv edilmişdi. 1965-ci ildə italyan vəkillərdən birinin məhkəmə çıxışında dediyi kimi: “Əvvəllər hüquqi islahatlar parlamentlərdə və universitet kafedralarında aparılırdı. İndi isə növbə kino rejissorlarınındır. Bu Məcəllə Parlament tərəfindən yox, Cermi tərəfindən dəyişdirilir.”
Xəyanət edən arvadı öldürən şəxsin digər adamöldürmə hallarından fərqli olaraq daha yüngül cəza ilə cəzalandırılması və ya ümumiyyətlə cəzalandırılmaması təkcə italyan hüququna xas bir şey deyildi. Hələ qədim dövrlərdən etibarən qanunlar kişilər üçün bu güzəşti nəzərdə tuturdu. Qərb ölkələrində belə cinayətlər adətən 1810-cu ildə Napoleonun rəhbərliyi ilə qəbul edilmiş və bir çox ölkənin (o cümlədən İtaliyanın) cinayət məcəllələri üçün model rolunu oynamış və bu cinayətə görə cəmi 1 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan Fransa Cinayət Məcəlləsinin təsiri ilə ehtiras cinayətləri adlandırılır. Şərq ölkələrində isə daha geniş anlayış olan namus cinayəti şəklində. Əsas fərq ondadır ki, ehtiras cinayəti həmin ankı ehtiras vəziyyətinin təsiri ilə törədilmiş hesab olunurdu, namus cinayətində isə həmin an törədilmə şərti yoxdur. Hazırda dünyanın əksər ölkələrində, o cümlədən bütün Avropa ölkələrində, belə cinayətlər üçün qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ləğv olunsa da, bəzi ölkələrin hüququnda hələ də belə normalar mövcuddur. Qadın qətllərinin qarşısının alınmasında bu cür normaların ləğvi vacib rol oynasa da, bu cür cinayətlərdə nəzərə alınmalı bir məqam da odur ki, məsələ təkcə cinayəti törədəndə deyil, həm də onun mənsub olduğu cəmiyyətdə və onun dəyərlərindədir. Yaddan çıxarmaq olmaz ki, insan sosial heyvandır və əgər cəmiyyətin əxlaq kodeksinə əsasən şəxs ətrafdakıların gözündə rüsvay olduğunu hesab edərsə, təkcə hüquqi məsuliyyətin onu çəkindirməsi çətin olacaq.
Markesin məşhur “Gözlənilən bir qətlin tarixçəsi” əsərini xatırlayın. Toy gecəsi bakirə çıxmadığına görə ata evinə geri qaytarılan Anxela Vikarionun qardaşları Pablo və Pedronun bu hadisənin səbəbkarı Santyaqo Nasarı öldürəcəyi nəinki bütün şəhər camaatı tərəfindən bilinirdi, bu həm də gözlənilirdi. Bu gözləntinin əks olunduğu maraqlı epizodlardan biri qardaşların Pablonun nişanlısının evinə baş çəkərək kofe içdikləri səhnədir. Kofenin gec hazırlandığını görən Pablo tələsdiklərini və kofeni sonra içəcəklərini bildirdikdə nişanlısının anasının cavabı belə olur: “Başa düşürəm sizi, namus məsələsi gözləmir”. Bununla belə onlar kofeni gözləməyə davam edirlər və Pedro fikirləşir ki, yəqin Pablo qəsdən vaxtı uzadır. Pablonun nişanlısı isə hadisə barədə sonralar danışarkən deyir ki: “Mən onların nə düşündüklərini bilirdim və nəinki onlarla razı idim; əgər Pablo kişilik borcunu yerinə yetirməsəydi, heç vaxt onunla evlənməzdim”. Vikario qardaşları birbaşa Santyaqonu öldürməyə getmirlər, günboyu qarşılarına çıxan adamlara açıq və ya üstüörtülü niyyətlərini bildirirək, sanki onun xəbər tutaraq şəhərdən qaçmasına ümid edirlər. Amma bu baş vermir və nəticədə “gözlənilən” qətl törədilir. Üç il davam edən məhkəmə prosesindən sonra, qardaşlar bəraət alır.
Bəraət demişkən, novellamızın qəhrəmanı Filippa da çıxışından sonra bəraət alır. Belə ki, onunla razılaşan hakim və şəhər camaatı yerindəcə qanunu dəyişirlər və Filippaya da heç bir cəza verilmir. Bokkaçio burada başqa bir hüquqi prinsipi, lex mitior prinsipini təsvir etmiş olur. Bir qayda olaraq, cinayət qanununun geriyə qüvvəsi olmasa da, bu prinsipə əsasən, əgər cinayət törədildikdən sonra onunla bağlı yeni qanun qüvvəyə minərsə və bu qanun şəxsin vəziyyətini yaxşılaşdırarsa, həmin yeni qanun tətbiq edilir.
Yazını Devlinin məruzəsindən maraqlı bir ifadə ilə yekunlaşdıraq: “Yadda saxlanmalı sonuncu və ən böyük məsələ odur ki, qanun maksimumu deyil, minimumu tənzimləyir; Dağdakı Xütbədə çox şey var ki, On Əmrdə yersiz görünərdi.” Devlin burada Tövratdakı On Əmri insanların riayət etməli olduğu minimum qanunlara, Dağdakı Xütbədə buyurulanları isə yüksək əxlaqa sahib insanların riayət edəcəyi maksimum əxlaqi normalara bənzədir. Bəs Dağdakı Xütbəsində İsa peyğəmbər xəyanət barədə nə deyirdi? “Zina etmə” deyildiyini eşitmisiniz. Amma mən sizə deyirəm ki, bir qadına şəhvətlə baxan hər kəs artıq ürəyində onunla zina etmiş olur.” Göründüyü kimi, İsa peyğəmbər On Əmrdən biri olan zina etməmək qadağası ilə kifayətlənməyərək daha yüksək bir standart müəyyən edir. Katoliklər bu ikili standartı belə izah edir ki, minimum qadağa bütün insanlara, maksimum qadağa isə mükəmməl insanlara (müqəddəslər, rahiblər və s.) aiddir. Protestantların yanaşmasına əsasən isə minimum qadağa insanların cəmiyyətdə digərləri ilə davranışlarına, maksimum qadağa isə onların öz daxili aləmlərinə aiddir. Amma İsa Peyğəmbərin Dağdakı Xütbəsi ilə bağlı yəqin ki, ən gözəl izah din adamlarına yox, məşhur bəstəkar Vaqnerə aiddir. Vaqner tamamlanmamış “Nazaretli İsa” əsərinin əlyazmasında İsa Peyğəmbərin dilindən belə deyir: “Əmrdə deyilir: Zina etmə! Amma mən sizə deyirəm: sevgisiz evlənməyin. Sevgisiz nikah bağlandığı andaca pozulur. Əgər mənim əmrimə əməl etsəniz, onu necə poza bilərsiniz ki, o sizə ürəyinizin istədiyini etməyi əmr edir?” Başqa sözlə desək, Vaqnerin fikrincə İsa Peyğəmbərin dediyi standart iki deyil, elə birdir: sevgi. Sevgi olanda ürəkdə başqasına yer olmur, göz də başqasına baxmır. Əsl xəyanət nikahdankənar münasibətdə olmaq deyil, sevgisiz evli olmaqdır.