I
Sən bu nağılı bilirsən.
Biri var idi, biri yox idi. Bir balaca qız var idi, başından nənəsinin toxuduğu qırmızı papağını heç çıxarmırdı, ona görə də hamı onu Qırmızı Papaq çağırırdı. Bir gün anası ona bir səbət yemək verib nənəsigilə göndərdi və tapşırdı ki, meşədə yad adamlarla danışmasın. Qız isə yolda canavara rast gəldi, onunla söhbətə başladı, nənəsinin evini ona nişan verdi. Canavar qabağa qaçdı, nənəni uddu, nənənin paltarını geyinib onun yatağına uzandı, qız gələndə onu da uddu. Axırda ovçular gəldi, canavarın qarnını yarıb nənəni də, qızı da sağ-salamat çıxardılar.
Sən bunu belə eşitmisən. Nağılı sənə danışıblar, sən də başqasına danışmısan və hər dəfə sonunda eyni xəbərdarlıq gəlib. Uşaqlar, ananızın sözündən çıxmayın və yad adamlarla danışmayın. Amma nağıl bu deyil.
II
Kitabı bir də aç. Yaddaşındakı kitabı yox, əsl kitabı. Şarl Perronun 1697-ci ildə çap etdirdiyini, ya da Qrimm qardaşlarının 1812-ci ildə qələmə aldığını. İndi axtar görüm, harada yazılıb ki, yad adamla danışma? Heç bir yerdə.
Perronun nağılında ana qıza sadəcə deyir ki, get, bax gör nənən necədir, deyirlər xəstələnib, bu kökəni və bir qab yağı da ona apar. Başqa bir söz demir. Qrimmlərin versiyasında ana bir az çox danışır, amma onun dedikləri də tamam başqa şeydir: yoldan çıxma, yıxılarsan, şüşəni sındırarsan, nənənə heç nə qalmaz. Bütün tapşırıq bundan ibarətdir. Yad adam haqqında bir kəlmə də yoxdur.
Qız meşədə canavarla danışanda bilmirdi ki, bu necə pis heyvandır, ona görə də ondan qorxmurdu, bilmirdi ki, dayanıb canavara qulaq asmaq təhlükəlidir. Heç kim ona heç nə deməmişdi. Nağıl qızı qınamır; qınamaq bizim sonradan öz üzərimizə götürdüyümüz işdir.
Bəs “yad adam” haradan çıxdı? Perronun nağılının sonunda mənzum bir nəsihət var, nağılın özündən ayrı, ona sonradan yapışdırılmış yarlıq kimi. O şeir uşaqlara yox, gənc xanımlara, gözəl, zərif, nəzakətli qızlara ünvanlanıb. Orada deyilir ki, canavarların hamısı eyni cür deyil, ən təhlükəlisi səsini qaldırmayan, nəvazişlə danışan, qızın arxasınca evə qədər, lap yataq otağına qədər gələnidir. Bu, Versal salonlarının dərsidir, şirin dili ilə xanımları tora salan cənablar haqqında xəbərdarlıqdır. Bu, altı yaşlı uşağa deyilən “yad adamla danışma” deyil.
Sən nağılı eşitdin, amma ağlın eşitdiyini silib yerinə başqa şey yazdı. Nağılın sözlərini yox, sənə öyrədilən dərsi yadında saxladın. Kollektiv yaddaş razılaşdı ki, bu nağıl xəbərdarlıq haqqındadır. Biz uşaqlara qayda əzbərlədirik, çünki nağılın əsl mövzusu qaydadan qat-qat qorxuludur və o mövzuya baxmamağın ən yaxşı yolu onun üstünə bir qayda asmaqdır.
Bəs nağılın əsl mövzusu nədir?
III
Nağılın ilk hadisəsi canavar deyil. Meşə də deyil. Hələ qız yola çıxmazdan, canavar gəlməzdən əvvəl bir cümlə var və sən o cümləni hər dəfə o qədər də fikir vermədən oxuyub keçmisən: nənə xəstədir.
Perroda bu belə deyilir: nənə yatağında idi, çünki bir az naxoş idi. Qrimmlər daha açıq deyir: nənə xəstədir və zəifdir. Nə qədər zəif olduğunu da nağılın özündən bilirik. Qapı döyüləndə nənə yataqdan səslənir: dəstəyi bas, özün aç, mən zəifəm, qalxa bilmirəm. Perroda da eyni səhnədir: ipi çək, qapı açılacaq. Uşaqlıqda bu cümləni sehrli söz kimi eşidirdin, elə bilirdin ki, meşədəki evin maraqlı bir qıfılı var. Əslində bu, yataqdan qalxa bilməyən bir qadının səsidir. Nəvəsi gələndə qabağına çıxıb onu qucaqlaya bilməyən bir qadının. O, qapısını hamıya açıq qoyub, çünki bağlamağa artıq gücü yoxdur.
Ana səbətə nə qoyur? Perroda kökə və bir balaca qab yağ, Qrimmlərin versiyasında bir parça piroq və bir şüşə şərab. Hər dəfə eyni şey: yemək. Xəstəni yoluxmağa əliboş getmirsən. Toyuq şorbası bişirilir, bazarın ən yaxşı alması, portağalı seçilir, biraz da şirniyyat. Sanki bədən sadəcə acdır, sanki yaxşı yesə, hər şey keçib gedəcək. Səbəti doldurmaq asandır, yatağın yanında oturmaqsa çətin.
IV
Qız meşədə canavarla qarşılaşır və canavar onu yoldan çıxarır. Qrimmlərin versiyasında canavar qıza deyir: bir bax, ətrafda nə gözəl çiçəklər var, quşlar necə oxuyur, sən isə elə gedirsən ki, elə bil məktəbə gedirsən. Qız başını qaldırır, günəş şüalarının ağacların arasında necə bərq vurduğunu görür və fikirləşir: nənəmə təzə bir dəstə gül aparsam, sevinər, hələ tezdir, vaxtında çataram. Və yoldan çıxır.
Bunda pis niyyət yoxdur. Əksinə, qızın meşədə etdiyi hər şey nənəsi üçündür. Gül dərir, çünki nənəsini sevindirmək istəyir. Amma bir çiçək dərən kimi ona elə gəlirdi ki, bir az irəlidə ondan da gözəli bitib, və beləcə getdikcə meşənin dərinliyinə gedirdi. Növbəti çiçək həmişə daha gözəldir. Axırda, qız o qədər gül yığır ki, artıq əlində tuta bilmir, və yalnız o zaman nənəsi yenidən yadına düşür.
Perroda isə canavar qızla yarışa girir. Özü qısa yolla qaçır, qızı uzun yola yönəldir. Qız isə tələsmir. Yolda fındıq yığır, kəpənəklərin dalınca qaçır, rast gəldiyi çiçəklərdən dəstə bağlayır. Hər iki nağılda qız gecikir. Və hər iki nağılda gecikməyin səbəbi gözəldir, təmizdir, ürəyəyatandır.
Əgər qız bilirdisə ki, nənəsi xəstədir, əgər anası ona demişdisə ki, nənəsi zəifdir, yataqdan qalxa bilmir, onda niyə tələsmədi? Niyə meşədə bu qədər vaxt keçirdi? Deyəcəksən ki, uşaqdır, diqqəti tez yayınır. Bəlkə də elədir. Amma uşaqlar böyüklərdən yaxşı bilirlər ki, hansı otağa girmək istəmirlər. Uşaq qorxduğu yerə gedəndə ayaqları özü yavaşıyır. Canavarın müqayisəsi də təsadüfi deyil: sən elə gedirsən ki, elə bil məktəbə gedirsən. Yəni istəmədiyin, amma getməli olduğun yerə gedirsən. Canavar qızı yoldan çıxarmır; yoldan çıxmaq istəyi artıq qızın içində idi. Canavar ona sadəcə bəhanə verir, qız da o bəhanəyə çiçək adı qoyur.
Bəlkə qız bilərəkdən ləngiyirdi. Bəlkə hər çiçəyə əyiləndə ürəyinin bir küncündə bir pıçıltı var idi: bir az da, bir az da, hələ tezdir. O, nənəsinin evindən gələn dərman qoxusunu hələ duymur, amma bilir ki, o qoxu oradadır. Bilir ki, o qapının arxasında onu gözləyən nənə anasının “bir az naxoşdur” dediyi nənə deyil. Gül isə gecikmək üçün ən mükəmməl bəhanədir, çünki onu heç kim qınaya bilməz. Mən gecikdim, çünki sənin üçün gül yığırdım. Buna kim etiraz edə bilər? Ən yaxşı niyyətlər çox vaxt ən yaxşı bəhanələrdir.
Bu cümlələri sən də tanıyırsan. Bugün çox yorğunam. Axşam zəng edərəm. Bu həftə işlər çoxdur. Gələn həftə mütləq. Bayramda rahat gedərəm, tələsmədən, bütün günü vaxt ayıraram. Yaxşı bir hədiyyə alım sonra, əliboş getməyim. Hələ vaxt var. Bəhanələr meşədə çiçək dərmək kimidir, gözəl, təmiz, xoş niyyətli, heç kimin qınaya bilməyəcəyi qədər məntiqli. Hər dəfə bir az irəlidə daha gözəl bir çiçək var. Sonra bir gün telefon zəng çalır. Hələ heç kim heç nə deməmiş, hər şeyi başa düşürsən. Və o zaman əlindəki çiçəklərin ağırlığını hiss edirsən: o qədər çox yığmısan ki, tuta bilmirsən. Amma artıq gecdir.
V
Qaş qaralanda Qırmızı Papaq nənənin evinə çatır. Qız içəri girir və içəridə hər şey ona qəribə gəlir; özü-özünə deyir: ay Allah, bu gün niyə ürəyim belə sıxılır, axı mən nənəmin yanına həmişə sevə-sevə gəlirəm. Yatağa yaxınlaşır və nənəsini görür: yataqda uzanıb, yataq papağını üzünə qədər çəkib və çox qəribə görünür.
Sən heç ağır xəstənin otağına girmisən? Onda bu səhnəni tanıyırsan. Hava ağır olur; dərman, tər və başqa bir şey qoxuyur, elə bir şey ki, adını heç kim çəkmir. Salam verirsən, cavab gəlmir, ya da gəlir, amma elə zəif gəlir ki, səs sənə tanış gəlmir. Və ürəyinin sıxıldığını hiss edirsən, özünə də izah edə bilmirsən, çünki bu evə həmişə sevə-sevə gəlirdin.
Burada nağıl sənə ən vacib şeyi deyir, sən isə yenə eşitmirsən. Meşədə canavarla danışanda qız qorxmurdu. Nağıl bunu açıq yazır. O, canavardan qorxmadı. Qorxu onu nənəsinin otağında tutdu, canavarı görməmişdən əvvəl. Bəs niyə qorxur? Çünki otaq da, nənə də artıq dəyişib.
Perroda qız paltarını çıxarıb nənənin yanına, yatağa girir və nənəsinin çılpaq necə göründüyünü görüb çox təəccüblənir. Qız nənəsinin bədənini ilk dəfə görür: paltarsız, önlüksüz, yaylıqsız, heç vaxt görmədiyi halda. İndiyə qədər tanıdığı nənə paltar idi, önlük idi, səs idi, mətbəx qoxusu idi, yumşaq bir diz, isti bir qucaq idi. İndi isə yataqda bədən var. Xəstəliyin öz əli ilə yenidən yoğurduğu bir bədən.
VI
Və nəhayət nağılın ən məşhur səhnəsi. Qız suallar verməyə başlayır:
Nənə, əllərin niyə belə böyükdür?
Nənə, qulaqların niyə belə böyükdür?
Nənə, gözlərin niyə belə böyükdür?
Nənə, dişlərin niyə belə iridir?
Sən bu sualları həmişə məzəli səhnə kimi eşitmisən. Uşaq sadəlövhdür, canavarı nənədən ayıra bilmir, gülməlidir. İndi bu sualları yenidən bir-bir oxu, bu dəfə canavarı unudaraq. Onlar nəyi təsvir edir? Bəli, nənə həmən nənədir, amma bədən artıq həmən bədən deyil. Qız həkim deyil. O sadəcə görür və gördüyünü sayır, bir-bir, uşaq ağlıyla başa düşdüyü qədər. Bu da dəyişib, bu da, bu da. Hər sual “sən əvvəl belə deyildin” deməyin başqa bir yoludur.
Bəs qızın aldığı cavablar? Onlara da təkrar qulaq as. Səni daha yaxşı qucaqlamaq üçün. Səni daha yaxşı eşitmək üçün. Səni daha yaxşı görmək üçün. Bunlar canavarın cavablarıdır? Bu cavablar xəstə yatağındakı hər nənənin nəvəsinə deyəcəyi sözlərdir. Qorxma, balam, bu əllər səni qucaqlamaq üçündür. Bu gözlər sənə doyunca baxmaq üçündür. Dəyişən hər şey yenə də sənin üçündür. Nağılın ən qəddar hiyləsi budur: ən məhəbbət dolu, ən şirin sözləri canavarın dilindən deyir. Axırıncı cavab isə səni yemək üçündür. Ona hələ qayıdacağıq.
VII
Nağılda Qırmızı Papaq bütün sualları verir, ən əsas sualdan başqa. Nənə haradadır? Hələ gördüklərini izah etməyə söz tapmayan uşağın əvəzinə bu sualı dünyanın ən böyük yazıçılarından biri Marsel Prust verir. “İtmiş zamanın axtarışında” əsərində belə bir epizod var, romanın qəhrəmanı uzun ayrılıqdan sonra evə qayıdır və heç kimə xəbər vermədən qonaq otağına girir. Nənəsi onun gəldiyini bilmir, divanda oturub kitab oxuyur. Və bu qəfil görüşdə qəhrəman bir anlığa, cəmi bir anlığa onu nənəsi kimi yox, divanda, lampanın altında, üzü qızarmış, kobud və sadə görünüşlü, xəstə, xəyala dalmış, kədər içində, dəli kimi baxan gözlərini kitabın üstündə gəzdirən, tanımadığı bir qoca qarı kimi görür. Sonra nənə başını qaldırır, onu görür, sifəti işıqlanır və yad qadın yenidən nənəyə çevrilir.
Prust bunu belə izah edir ki, biz sevdiyimiz adamları heç vaxt olduqları kimi obyektiv şəkildə görmürük, onların üzündə sevgi ilə yoğrulmuş xatirələrimizin əks etdirdiyi surəti görürük. Sevgi gözümüzün qabağında bir örtükdür. Yalnız həmin insanı qabaqcadan hazır olmadan qəfil şəkildə gözlənilməz bir anda gördükdə, sevgi örtüyü hələ gözə çatmağa macal tapmamış, yad adamın gözü ilə görürük. Prust bu anı fotoya, sevgi ilə redaktə olunmamış dəqiq bir kadra bənzədir.
Prust, xəstəliyin son mərhələsində nənəsinin çarpayıdakı halını isə belə təsvir edir. Çarpayının üstündə yarımdairə kimi bükülmüş bir məxluq, sanki nənəmin saçlarını başına keçirib onun yorğanının altına girmiş bir vəhşi heyvan uzanmışdı. Lakin orada çırpınan vəhşi bir heyvandırsa, bəs nənəm haradadır? Təsviri bir də oxu. Prust canavar yazmayıb, amma canavarı yazıb, Qırmızı Papağın nənəsinə baxanda gördüyü “canavar”ı. Bəli, nağıl heç vaxt canavar barədə olmayıb.
VIII
Bəs nağılda canavar niyə var? Çünki belə nağıl daha rahatdır. Canavar kənardan gəlir. Onun dişləri, caynaqları var, onu görmək, adını çəkmək, ondan qorxmaq olar. Ən əsası isə onu öldürmək olar. Ovçu gəlir, qarnını yarır, içinə daş doldurur, canavar ölür və hər şey düzəlir. Xəstəliyin qarnını yarmaq olmur. Qocalığın içinə daş doldurmaq olmur. Ölümün dərisini soyub evə aparmaq olmur. Biz təhlükəni kənarda, meşədə, yad adamda, pis heyvanda görməyi üstün tuturuq, çünki kənardakı təhlükə ilə vuruşmaq olar. İçəridəki təhlükə isə sadəcə baş verir. Nənə içəridən, öz bədəninin içindən başqa birinə çevrilir və buna heç kim, heç bir ovçu mane ola bilmir.
Freyd bir vaxt qorxunun ən qəribə növü haqqında yazmışdı, alman dilində unheimlich deyilən şey haqqında. Sözün kökündə “ev” var; mənası təxminən “evə yadlaşmış”, “doğmalığını itirmiş” deməkdir. Freydə görə bizi ən çox qorxudan tamamilə yad olan şey deyil. Bizi ən çox qorxudan doğmanın birdən yadlaşmasıdır. Tanış üz, amma nəsə düz deyil, tanış səs, amma başqa cür çıxır, tanış ev, amma qapısı açıqdır və içəridən cavab verən yoxdur. Qırmızı papaq məhz bunu yaşayır. Yad olan onu qorxutmurdu, o, meşədə canavarla rahatca söhbət edirdi. Onu qorxudan yadlaşmış doğma idi.
Canavar bu qorxuya ad vermək üçün icad edilib. Bu, bizim ən insani yalanımızdır. Hər dəfə doğmanın içindəki yadı canavar kimi kənara çıxarırıq ki, sevdiyimiz surət korlanmasın. Bu, Prustun sevgi filtrinin nağıl variantıdır. Filtr sürüşəndə biz gördüyümüzü inkar etmirik, sadəcə ona başqa ad qoyuruq.
IX
İndi nağılın iki versiyasının sonluğuna bax. Onlar bir-birinə o qədər ziddir ki, adam təəccüb edir. Perronun nağılında canavar qızın üstünə atılıb onu yeyir və nağıl bitir. Ovçu yoxdur, xilaskar yoxdur, qarın yarılmır, daş doldurulmur. Sonra mənzum nəsihət gəlir vəssalam.
Qrimmlərin nağılında isə ovçu gəlir. O, evin yanından keçəndə içəridən gələn xorultunu eşidir və fikirləşir: qarı necə də xoruldayır, baxım görüm bir şeyə ehtiyacı yoxdur ki. İçəri girir, yataqda canavarı görür, qayçını götürüb onun qarnını yarmağa başlayır. Qız da, nənə də xilas olur. Canavarın qarnına daş doldururlar, canavar ölür, nənə piroqu yeyir, şərabı içir və özünə gəlir. Bu sonluqda ananın səbəti də işə yarayır.
Qrimmlər bu nağılı kimdən eşitmişdilər? Kasseldə yaşayan, əslən fransız hugenotlarından olan bir ailənin iyirmili yaşlarına yeni qədəm qoymuş gənc qızlarından, Mari və Jannet Hassenpflug bacılarından. Bəli, nağılda nədən danışıldığı qədər, onu kimin danışdığı da əhəmiyyət daşıyır. Altmiş doqquz yaşlı ağsaqqal Perro bu hekayənin necə bitdiyini bilir. Heç kim qapını döyüb içəri girmir, heç kim canavarın qarnını yarıb içindəkiləri sağ çıxarmır. Gənc bacılar isə güman ki, Qırmızı Papaqda özlərini görürdülər və yəqin ki, elə ona görə də nağılı Qrimm qardaşlarına nəql edəndə Perronun dürüst, amma qəddar sonluğunu dəyişdilər, ona xilaskar əlavə etdilər. İstədilər ki, kimsə gəlsin, qaranlığı yarsın və içindən həm özlərini, həm də sevdiklərini sağ-salamat çıxarsın.
X
İndi isə sonuncu sual. Bu nağılı sənə kim danışıb? Yəqin ki, nənən. Gözlərini yum. O axşamlar yadındadırmı? Sən balaca idin, yatağında uzanmışdın, o isə yanında oturmuşdu. Otaqda yalnız lampa yanırdı. Nənən səsini dəyişirdi. Qırmızı papaq üçün incə, cingiltili səs, canavar üçün qalın, xırıltılı səs. “Nənə, gözlərin niyə belə böyükdür?” deyə sən də onunla bir yerdə soruşurdun, çünki sözləri əzbərdən bilirdin. O, gözlərini bərəldib “səni daha yaxşı görmək üçün!” deyirdi. “Nənə, dişlərin niyə belə iridir?” Və o, ağzını geniş açıb “səni yemək üçün!” deyə üstünə əyilirdi, səni qarnından, boynundan, yanağından “yeyirdi”, sən qışqırıb gülürdün, gülməkdən nəfəsin kəsilirdi. Sonra yorğanını düzəldirdi, alnından öpürdü və sən yatırdın.
Gözlərini aç. Mən bilirəm, indi nə düşünürsən. Düşünürsən ki, bu axşam zəng edəcəksən, bu həftə gedəcəksən, bu dəfə çiçək yığmayacaqsan. Ya da düşünürsən ki, bu yazı sənə aid deyil, sən gecikməmisən, zəng etmisən, getmisən, vaxtında çatmısan. Düz tapdım? Deməli, nağılı yenə də başa düşməmisən.
Sən bu nağılı həmişə Qırmızı Papağın gözü ilə oxumusan. Bu, nağılın ən rahat yeridir. Qız hələ yoldadır. Onun hələ vaxtı var, gecikə bilər, çiçək yığa bilər, azıb yenə yola qayıda bilər, hətta canavarın qarnından da sağ-salamat çıxa bilər. Nağılı hər dəfə oxuyanda sən özünü o tərəfdə görürsən, yolda olanların, hələ çatmağa imkanı olanların, gecikməyə hələ haqqı olanların tərəfində. İtmiş nənəni də hələ orada, meşənin o başında, üç palıdın altında axtarırsan.
Prust da nənəsini axtarırdı və axırda onu tapır, amma axtardığı yerdə yox. Nənəsini itirəndən bir il sonra dəniz kənarındakı oteldə gecə yorğun halda ayaqqabısının bağlarını açmaq üçün əyilərkən birdən qəhər onu boğur, bir ildir gəlməyən göz yaşları qeyri-ixtiyari axmağa başlayır. Nənəsi oradadır, onun yorğunluğunu almağa çalışan şəkildə, illər əvvəl onun ayaqqabılarını çıxarmağa kömək etmək üçün əyildiyi kimi. Prustun nənəsi bir jestdən qayıdır.
Sən də onu belə tapacaqsan. Bəlkə artıq tapmısan, sadəcə fərqinə varmamısan, çünki sənin də artıq bir Qırmızı Papağın var. Bir axşam onun yatağının kənarında oturub bu nağılı danışırsan. Canavarın sözlərinə çatanda səsin qalınlaşır, gözlərin bərəlir. Və “səni yemək üçün!” deyib ona tərəf əyiləndə, körpə qışqırır, gülür, gülməkdən nəfəsi kəsilir. Sonra yavaş-yavaş sakitləşir və yuxuya gedir. Sən onun yorğanını düzəldirsən, alnından öpürsən, lampanı söndürürsən. Aralı qalmış qapıdan süzülən işıqda öz əllərinə baxırsan və bir anlığa, cəmi bir anlığa hiss edirsən ki, nənən üç palıdın altındakı evdə deyil. O, sənin əllərindədir, körpəni qucaqlayanda. O, sənin gözlərindədir, ona baxanda. O, sənin səsindədir, canavarın səsini çıxaranda. O, sənin dilindədir, “ay səni yeyim” deyəndə.
Sən bu nağılı bilirsən.