Endi Virin "Marslı" əsərindən sonra böyük səs-küyə səbəb olan eyniadlı bestselleri əsasında çəkilən "Project Hail Mary", son illərin ən sanballı elmi fantastika nümunələrindən biridir. Filmin rejissor kürsüsündə Fil Lord və Kristofer Millerin ("Spider-Man: Into the Verse") əyləşməsi, hekayənin həm vizual, həm də dinamik tərəfdən güclü olacağından xəbər verirdi. Filmin baş qəhrəman Rayland Qreys bir kosmik gəmidə, kim olduğunu və ora necə düşdüyünü xatırlamadan oyanır. Tezliklə məlum olur ki, Günəş sürətlə enerjisini itirir və bu, Yer kürəsindəki həyatın sonu deməkdir. Qreysin yeganə missiyası bu qlobal fəlakətin səbəbini tapmaq və bəşəriyyəti xilas etmək üçün uzaq bir ulduz sistemində çıxış yolu axtarmaqdır.

Kitabı oxumayan bir izləyici üçün hekayə tamamilə sürprizlərlə dolu və maraqlı bir macəra vəd edir. Lakin filmin ilk yarısı temp olaraq bir az "ağır" və izahlı gedir. Qəhrəmanın kimliyini kəşf etməsi və vəziyyəti başa düşməyi bir az vaxt aparsa da, bu hissə tamaşaçını hadisələrin dərinliyinə hazırlayır. Kitabın sadiq oxucuları bəzi detalların "qurban verilməsindən" şikayət etsələr də, bir kinosevər kimi deyə bilərəm ki, rejissor yığcam və təsirli bir iş ortaya qoyub. Kitab və film arasındakı fərqlər qaçılmazdır, lakin bu, filmin keyfiyyətinə xələl gətirmir, əksinə onu daha kompakt və axıcı edir.

İlk yarıda tempin nisbətən aşağı olması Rayan Qoslinqin performansını daha çox ön plana çıxarır. Qoslinq kosmik gəminin soyuq metal divarları arasında izləyiciyə insan istiliyini hiss etdirə bilən nadir aktyorlardandır. Onun canlandırdığı Rayland Qreys sadəcə bir alim deyil, mənəvi qorxuları, özünəməxsus zarafatları və daxili mübarizəsi olan bir insandır. Onun yaddaşını addım-addım bərpa etməsi və bu prosesdə keçirdiyi emosional sarsıntılar tamaşaçıya çox real çatır. Qoslinq ekranda tək olduğu anlarda yaranan boşluğu elə ustalıqla doldurur ki, ssenarinin ləngliyi bir növ onun daxili dünyasını tanımaq üçün fürsətə çevrilir.

Filmin ən təsirli tərəfi onun sadəcə "elm" haqqında deyil, həm də fədakarlıq və ümid haqqında olmasıdır. "Project Hail Mary"ni digər kosmik filmlərdən ayıran ən dərin məqam, qəhrəmanın kosmosun dərinliyində tapdığı o qəribə dostluqdur. İki fərqli dünyadan olan canlının bir-birini başa düşməyə çalışması, texniki bir missiyanı aşaraq dərin bir mənəvi bağa çevrilir. Bu dostluğun qurulma prosesi və bir-birinə dəstək olmaq fəlsəfəsi filmin tempini ikinci yarıda pik nöqtəyə çatdırır.

Texniki tərəfə gəldikdə, filmin rəng palitrası və görüntüləri heyranedicidir. Normal kinoteatr zalında izləməyimə baxmayaraq, kosmosun dərinliyi və vizual effektlər kifayət qədər təsirli idi. Musiqilər və səs dizaynı, xüsusilə yadplanetli ilə olan ünsiyyət anlarında atmosferi mükəmməl tamamlayır. Lakin bu vizual şöləni tam hiss etmək üçün filmi mütləq “IMAX” ekranında da görməyə gedəcəyəm.
Yekun olaraq, "Project Hail Mary" həm elmi-fantastika həvəskarlarını, həm də emosional hekayə axtaranları razı salacaq bir ekran işidir. Əgər kosmosun qaranlığında parlayan bir ümid hekayəsi axtarırsınızsa, bu filmi qaçırmayın.
