Mən necə idiot oldum
və ya informasiya pəhrizi
Sosial media işlədirəm amma boş-boş yox maraqlı və elmi məlumatlar paylaşan ciddi səhifələri izləyirəm. Hər şey özümü aldatdığım bu fikirlə başladı. Alimlər, tarix, fizika, kosmos, kitablar, yazıçılar, filmlər haqqında maraqlı məlumatlar paylaşan səhifələri izləməyə başladım. Artıq facebooku açanda qarşıma hansısa tarixi hadisə və ya elmi bir fakt çıxırdı . Uzun müddət bu cür davam edəndən sonra bir şeyi başa düşdüm, mən əslində heçnə öyrənmirəm, öyrəndiklərimi xatırlamıram, xatırladıqlarım isə mənə heç vaxt lazım olmayan məlumatlardı. Üstəlik hər şeydən az-az bildiyim halda heç bir mövzuda dərin bilgiyə sahib deyiləm. Nəyisə oturub dərin öyrənmək, düşünmək istəyəndə isə diqqətimi bir yerə cəmləyə bilmirdim. Sonda düşünmək qabiliyətimi tamamilə itirdim. Düşünməyimə ehtiyac yox idi, düşünməli oluğum hər şey kapsul formasında internetdə hazır idi, mənim etməli olduğum tək şey ekranı yuxarı doğru sürüşdürmək idi…
Bu mənim hekayəmdi, amma mənə elə gəlir çoxumuzda vəziyyət belədir.
Öyrənmə asılılığıBütün asılılıqlarda olduğu kimi burda da səbəb hormonlardı (xüsusilə dopamin). Yeni bir məlumat öyrənəndə beynimizdə hormon ifraz olunur və biz hər dəfə nəsə öyrənəndə artıq lazımlı/lazımsız fərqi olmadan bütün məlumatlardan asılılıq yaranır. Normalda 1–2 saat oturub bir kitab oxuyub, o məlumatı yavaş-yavaş həzm edərək öyrənmək əvəzinə instagrdam bir statusdan 30 saniyəyə öyrənirsən. Qədim dövrlərdə insanları həyatda saxlayan şey öyrənmə bacarığı idi, ona görə də beynimiz öyrənməyə qarşı həssasdır. Hər hansı yeni məlumatı işə yaraya bilmə ehtimalına görə eyni önəmlə qəbul edir.
Belə bir söz var, nə yeyirsənsə ona çevrilirsən. Yediyin yeməyə diqqət etmirsənsə, hər dəfə nə tapdın fikir vermədən yeyirsənsə, bir müddət sonra bədənin işləmə sistemi pozulur və nəticə olaraq xəstəliklər yaranır. Bədənimizə daxil olan şeylər onu formalaşdırır. Beynimiz üçün də bu hal keçərlidir, beynimizə ötürdüyümüz məlumatlar nədirsə beynimiz (düşüncələrimiz) ona çevrilməyə başlayır. Daim ciddi görünən amma faydası olmayan və bir-biri ilə tamamilə fərqli məlumatları beynimizə qida kimi verəndə, beynin işləmə sistemi pozulur. Bədənimizdəki problemləri xəstəlik kimi görürüksə, beynimizdə yaranan problemlər bizim diqqətimizin yayınması, düşüncələrin qarışıqlığı, bir mövzu haqqında düşünə bilməməyə çevrilir. Üstəlik öyrəndiyimiz məlumatları yerbəyer etməsi üçün beynimizə vaxt da vermirik, bir məlumat öyrənən kimi ardınca yeni biri. İnformasiya axını dayanmadığı üçün, beyin necə reaksiya verəcəyini, hansı məlumatı harda və necə saxlayacağını bilmir. Beynimiz tiktokdakı timeline kimi işləməyə başlayır, hər 30 saniyədə fərqli bir məlumat gözləyir, fərqli bir düşüncə. Beləcə düşünmək qabiliyətimizi də itiririk.Balaca bir qeyd, facebookda, instagramda olan məlumatları öyrənib, yadda saxlamağa çalışmaq dünyagörüşünü artırmaq deyil.
Pəhriz saxlamaq- Beynimizi sağaltmaq üçün ilk addım beynimizə gedən informasiya axınını dayandırmalıyıq. Bir müddət heçnə öyrənmədən, heç bir məlumat daxil olmadan, imkan verməliyik ki, beynimiz sakitləşsin. Bunu necə etmək artıq hərənin özündən asılıdır, hər kəsin asılılıqla bağı öz metodu ola bilər.
- Beynimiz sakitləşdikdən sonra artıq beynimizə ötürəcəyimiz məlumatları filtirləməyə başlayarıq. Mümkün deyil ki, bir insan hər şey haqqında hər şeyi bilsin, ona görə də özünə mövzu siyahısı hazırlayırsan. Hobbi olaraq və ya ixtisas olaraq hansı mövzular maraqlıdırsa özünə siyahı hazırlayırsan, amma siyahı qısa olmalıdır maksium 3 və ya 4 mövzu. Sosial media hesabını təmizləyib sadəcə bu mövzulara dair olanları saxlayırsan. Mövzuları ayda və ya ildə bir dəfə dəyişmək olar, amma 30 saniyədə bir yox.
- Bu mövzuylara dair kitablar, jurnallar tapıb offline öyrənmə vərdişi formalaşdırırsan.
- Yeni nəsə öyrənəndə beyninə vaxt verirsən ki, bu öyrəndiyini təhlil edib lazımi əlaqələri qursun. Bunu öyrəndiklərini bir qeyd dəftərinə yazaraq da edə bilərsən. Qeyd götürmək aktiv öyrənmənin bir parçasıdır.
- Planlı informasiya qəbulu: yeməyinə fikir verən insanlar çalışırlar gün ərzində müəyyən saatlarda yesinlər qalan vaxtlar isə yemirlər. Əgər sosial media adlı informasiya narkotikindən asanlıqla ayrıla bilmirsənsə zaman limiti qoyursan, Məsələn:gün ərzində axşamlar 1 saat, gündüzlər 1 saat istifadə edəcəm.
- Özünə əsaslı məqalə və ya content paylaşan resurslar toplayırsan. Maraqlandığın mövzuda olan bloqlar, online jurnallar, məqalələr tapıb həmin mövzunun həqiqi bilənlərindən uzun-uzun oxuyursan.
Daha ətraflı öyrənmək istəyənlər stəyənlər internetdə information diet yazıb çoxlu fərqli üsullar tapa bilər.Mən özüm də informasiya pəhrizindəyəm və gün ərzində çox az şey öyrənməyə çalışıram, öyrəndiklərimin bəzilərini telegramda Ağac adlı kanlımda paylaşıram. Necə deyərlər həm pəhrizə qoşul həm də kanala: https://t.me/virtual_agac 🙂
Yazının faydalı olduğunu düşünürsənsə dostlarınla da bölüşə bilərsən.