Titrəyirdi... Qızmar avqust gecəsində, bu lənətəgəlmiş otelin yaxınlığında avtomobilində əyləşərək əsəbindən titrəyirdi. Şəhərin ən hörmətli, ən zəngin iş qadınlarından biri kimi necə alçaldığını, təhqir olunduğunu yaxşı anlayırdı. 40 yaşını çoxdan haqlamışdı və bilirdi ki, aylardır arxasınca sürünən və aralarında kifayət qədər yaş fərqi olan bu utancaq gənc onu sevmir. Bunu həmişə bilmişdi, onunla ilk dəfə görüşməyə razılıq verəndə də, ona aldığını avtomobili utancaqlıqla qəbul etdiyini görəndə də, hətta onun evlilik təklifinə razılıq verəndə belə. İlk dəfə onun şam yeməyi dəvətini xatırladı. Lüks bir restoranda aylıq maaşı qədər hesab ödəyən təcrübəsiz alfonsun bundan sonrakı bütün xərclərini, nahar və şam yeməklərini qarşılayacağını da gözəl bilirdi. Amma sevirdi, bu sevgi onu həyatı boyunca yalnız karyerasını düşünmüş, qısa sarı saçları olan soyuq, feminist bir qadından sadəlövh bir qızcığaza çevirmişdi. Əslində onu alçaldan aylar öncə evləndiyi bir şərəfsizin ona hansısa bir fahişə ilə otel otağında xəyanət etməsi yox, həmin lüks otel nömrəsinin, içdikləri şampan şərabının, ona aldığı hədiyyələrin pulunu məhz özünün ödəməsi idi. Əri bu “xoş istirahətə” görə ona borclu idi.
Dünyada ilk xəyanətə uğramış qadın sən deyilsən ki, boşan qurtarsın getsin deyə təkrar edirdi öz-özünə. Amma hüquqşünasının bu evliliyə qarşı olmasını, heç olmasa “nikah müqaviləsi” bağlaması üçün ona yalvarmasını xatırladı. Razılaşmamışdı onda, “sən onu tanımırsan,bunu təklif etsəm qəlbini qıraram” demişdi. Hiss edirdi ki, illərdir yanında çalışdığı hüquqşünası da onu sevir, buna görə də qısqandığı üçün belə edir deyə düşünmüşdü. Neyləyək, bir çox qadının taleyinə yazılıb bu - bizə həqiqətən dəyər verən insanları görməzdən gəlir, layiq olmayan şərəfsizləri isə çox sevirik...
Əgər boşansaydı sahib olduqlarının önəmli bir hissəsi ona çatacaqdı. Lakin onu maddiyat maraqlandırmırdı, amma illərdir min cür əziyyətə, çətinliyə dözərək qazanmış olduğu var-dövlətinin də onu alçaldan, ələ-salan birinə çatmasına razı ola bilməzdi. İlk əvvəl inanmamışdı xəyanət edər deyə, gecələr anidən gələn zəngləri, mesajları da önəmsəməmişdi. Bununla belə zaman keçdikcə münasibətlərin dəyişdiyini də hiss edirdi. Son 1 aydır ki, izlədirdi onu. Və o da son bir aydır ki, ən az həftədə bir dəfə eyni otelə - bir ay haqqını öncədən ödəyərək bron etdiyi nömrəyə gəlirdi.
Titrəyirdi..., ancaq ağlamırdı. Valideynlərini itirdikdən sonra ağlamamışdı və ağlamayacaqdı da. Çevrildiyi sadəlövh qızcığaz obrazından qurtulmuşdu artıq, həm də birdəfəlik. Çantasını açıb, silahını çıxardı. Qərarını vermişdi, bu əclafın yaşamağa haqqı çatmırdı. Onu elə burda - otelin qarşısındaca öldürə bilərdi. Lakin ona kiminlə xəyanət etdiyini də öyrənmək istəyirdi. Otelə bir yerdə gəlmədikləri, bir yerdə də oradan çıxmadıqları üçün onun kim olduğunu öyrənmək mümkün olmamışdı. Bəlkə hər ikisini də öldürəcəkdi. Hiss edirdi ki, qırılmış qürurunun ona verdiyi qəzəb və intiqam hissi ilə onları asanlıqla öldürə bilər.
Silahı yenidən çantasına qoydu. Avtomobilin qapısını açaraq aşağı düşmək istəyəndə dayandı. Bəs sonra nolacaq ? Bunu heç düşünməmişdi, hissləri düşünməsinə mane olmuşdu. Tutaq ki, öldürdü onları, sonra neynəyəcək ? Əlbəttə ki, gec-tez həbs edəcəklər onu. Amma olsun, onsuz da onu sevən kim vardı ki, bu dünyada. Bacısını xatırladı – bu dünyada sevdiyi, onu sevən bəlkə də tək insanı
-Axşamın xeyir, bağışla səni də narahat edirəm bu vaxtı – səsi xırıldayırdı - o mənə xəyanət edir, buna əminəm artıq
-Axı biz bu barədə danışmışdıq, o elə adam deyil, səni də çox sevir
-Sənə deməmişdim, uzun zamandır izlədirəm onu. Oteldədir indi, mən də yaxınlıqdayam. Səninlə vidalaşmaq üçün zəng eləmişəm. Öldürəcəyəm o əclafı – soyuqqanlılıqla dilləndi
-Bacı, qurban olum sənə bir dəlilik eləmə. Mən də yaxınlıqdayam, indi yanına gəlirəm. Nolar mən gəlmədən heç nə eləmə - həyəcanla dedi
Bir anlıq duruxdu, heç nə deyə bilmədi, nitqi tutulmuşdu sanki. Gözlərindən axan yaşın üzünü necə islatdığını hiss edərək çətinliklə dilləndi :
-Axı mən sənə hansı otel olduğunu deməmişdim...