Bir neçə il əvvəl maraqlı bir hadisə eşitmişdim. Avropa ölkələrindən olan bir tədqiqatçı ölkədə bir mühəndisin ölkədə nə qədər müddətə və nə qədər maddi vəsait hesabına yetişdiyini müəyyən etmək üçün maraqlı bir addım atır. Ölkənin müxtəlif yerlərindən zəkası ilə digər uşaqlardan fərqlənən 100 nəfər 3 yaşlı uşaqları bir yerə toplayır. Uşaqların sağlamlığı, qidalanması, təhsili və.s. çox yüksək səviyyədə təmin edilir, hətta göz və beyin arasındakı əlaqənin artırılması məqsədilə onlara Omega 3 də verilir. Uşaqlar ibtidai sinfə başlayarkən qiymətləndirmə aparılır və sadəcə 83 nəfər onların nəzərdə tutduğu proqrama uyğun olaraq davam edə bilir. Proses eynilə bu şəkildə davam edir və uşaqlar 10 yaşına çatdıqda yenidən qiymətləndirmə aparılır. Bu dəfə təxminən 60 uşaq növbəti mərhələyə keçir. Müxtəlif periodlarla aparılan qiymətləndirmələrin nəticəsində səkkizinci sinfə gəldikdə isə sadəcə 20 nəfər bu proqram üzrə davam edə bilir. Universitetlərin Mühəndislik fakultəsinə qəbul zamanı yalnız 5 nəfər bu ixtisası seçir və dünyanın müxlətif universitetlərinə qəbul olur. Tələbələrin təhsil xərcindən tutmuş, bütün xərcləri daxil olmaqla dövlət tərəfindən qarşılanır və bu tələbələrdən yalnız biri məzun olduqdan sonra ölkəyə qayıtmaq istəyir.
Bütün prosesləri qiymətləndirən tədqiqatçı qrup həmin mühəndisin yetişməsi üçün ölkənin 20 il müddətində 25 milyon dollar vəsait xərclədiyini müəyyən edir. Deməli, o ölkə üçün bir mühəndisin dəyəri həmin ərəfələrdə kifayət qədər bazar dəyəri olan beş futbolçunun dəyərinə bərabər imiş. Tədqiqatçılar bundan sonra bir qərar qəbul edirlər. Dünya ölkələrindən 200-nü hər biri 5 ölkədən ibarət olan 40 qrupa bölərək, hər il bu 5 li qruplardan bir mühəndis axtarırlar. Bu mühəndis yüksək səviyyədə özünü inkişaf etdirmiş, eyni zamanda lazımi səviyyədə dəyər görməyən biri olmalı idi. Bu qayda ilə 40 mühəndis xüsusi təkliflərlə dəvət edilir. Nəticədə nə baş verir? 40 mühəndisin hər biri tam formalaşmış halda gəldiyi üçün ölkə həm bir milyard dollara, həm də o mühəndislərə sərf edəcəkləri vaxta qənaət edir.
Bu hadisədən də müşahidə etdiyimiz kimi mütəxəssis yetişdirmək bahalı bir prosesdir. Önəmli vəzifələr üçün təlim və inkişaf uzun müddət tələb edir. Buna görə də çox vaxt belə vəzifələri icra etmək üçün kəardan mütəxəssis cəlb etmək onu işə götürüb yetişdirməkdən daha asandır.
"Biznes Proseslərini Walmart İdarə Edərsə" kitabının “İstedadların İdarə Olunması Strategiyası” adlı fəslindən..