Komfort zonası və danışıq qorxusuna qalib gəlmək nöqteyi-nəzərindən bunun önəmi
Bu dərin bir mövzu olduğu üçün bunu ardıcıl mövzular halına gətirdim və gələcək həftələrdə də davam edəcək.
Bugün sadəcə İngiliscə danışmaq qorxusu deyə bir şeyin niyə var olduğunu izah etməyə çalışacaq və buna qalib gəlmək üçün ata biləcəyiniz ilk addımlar üzərində dayanacağam.
İngiliscə danışmaq qorxusu hamımızın bir nöqtədə yaşadığı bir problemdir. Müəyyən bir səviyyəyə qədər gəlirsiniz və danışmağa qərar verirsiniz. Amma tam o anda, danışacağın insana gözünüzü zilləyib nə deyəcəyinizi beyninizdə düzüb-qoşarkən, içinizdə qəribə bir şey hiss etməyə başlayırsınız, əlinizin içi tərləyir və qəlbiniz (nəbziniz) sürətlə vurur.
Sonra beyniniz bir simulasiyaya başlayır və sizə əks (tərs) gələ biləcək şeyləri siyahıya alaraq sizə sual verməyə başlayır. “Birdən qarşımdakı insanı başa düşə bilməsəm?”, “Və ya o məni başa düşməsə və danışığım ona qəribə gələrsə?”, “Ya da qarşımdakı insana eyni şeyi 3 dəfə təkrar etdirməyimə rəğmən yenə başa düşə bilməsəm?”…
Və beyniniz sizə bu istəyinizdən əl çəkmək və təslim olmağınız üçün məntiqli bəhanələr təklif edir.
“Hələ relative clauses mövzusunu bilmirəm. Ən yaxşısı onu da öyrənim sonra danışmağa başlayaram…” “Qrammatika baxımından hələ istədiyim səviyyədə deyiləm. Danışmağım üçün hələ çox tezdir..”
“X, Y və Z mövzularını öyrəndikdən sonra mütləq danışacağım. Amma hələ hazır deyiləm…”
…
…
…
Bəs bu niyə olur? Əvvəlcə bunu başa düşməyimiz lazımdır. Bunun üçün də insanlıq tarixinin əvvəllərinə nəzər salmağımız lazımdır.
Danışıq qorxusu və ya biyabır olmaq qorxusu niyə var? Niyə beynimizdə başqa insanların düşündüklərini vecimizə alırıq?
Əslində bunun çox vacib bir funksiyası var. Keçmiş zamanlarda, min illər öncə qəbilə mühitində yaşayarkən, o qəbilənin içində qalmağın, hər kəs tərəfindən sevilməyin və bu mühitdən təcrid olunmamağın çox böyük həyati önəmi var idi.
Etdiyiniz şeylərin nəticəsində aid olduğunuz mühitdən təcrid edilmək, ölümlə yaşam arasındakı fərq demək idi. Belə bir vəziyyətdə tək başına ovlanmaq məcburiyyətində qalıb yırtıcı heyvanlar və ya başqa qəbilə üzvləri tərəfindən öldürülmə riskiniz yaranırdı.
Bu səbəbdən instiktiv olaraq nəticəsindən (nə ilə nəticələnəcəyindən) çox da əmin olmadığımız şeyləri etmək bizə biraz çətin gəlir.
Amma artıq bu tip qorxuların yuxarıdakı kimi həyati əhəmiyyətli riski qalmamışdır. Heç birimiz gülünc vəziyyətə düşdüyümüz üçün gedib yırtıcı heyvanlara yem olacaq deyilik. Və ya pis davam edən bir münasibət (qarşılıqlı əlaqə) nəticəsində kimsə tərəfindən öldürülməyəciyik.
Gəlin bir düşüncə məşqi edək. Bu məqaləni oxuduqdan sonra bayıra çıxıb sevdiyiniz bir kafedə sifariş verərkən sifarişinizi alan şəxsə “Salam. Bura həmişə bu qədər adamla dolu olur?" və ya "Bura həmişə belə boş olur?" deyə sual verməyinizi və bir neçə saniyə danışmağınızı istəsəm, bunu asanlıqla edə bilərsiniz. Amma xaricdə eyni kafeyə gedib bu sualları ingilis dilində: “Hey! Is it always this crowded?” və ya “Is it always this empty?” şəklində suallar verib söhbət etməyinizi istəsəm, fərqli bir vəziyyət ortaya çıxar.
Sırf olaraq bunu təsəvvür etməyiniz belə sizi stresə (gərgin vəziyyətə) sala bilər.
Məhz bu məqamda işin içinə pis vəziyyətə düşmə qorxusu girir. Əgər daha əvvəl belə bir şey etməmisinizsə və beyniniz bu etdiyiniz şeyin nəticəsində tam olaraq nə olacağını proqnozlaşdıra bilmirsə, dərhal danışma qorxusu araya girir.
Bunun ingilis dili səviyyənizlə heç bir əlaqəsi yoxdur. Çox yaxşı ingilis dili bilib yenə də bu hisslərə qapıla bilərsiniz. Amma eyni zamanda çox pis ingilis dili bacarıqlarına sahib olub bu vəziyyətə qalib gələn və danışmağı bacaran insanlar da vardır.
Bu, bizi “Comfort Zone” deyilən bir anlayışa gətirir. Comfort Zone, rahatlıq (komfort) zonası mənasına gəlir. Bunu bir qutu olaraq düşünə bilərsiniz. Bu qutunun içində qalan hər fəaliyyət və ya hərəkət sizə tamamilə normal gəlir və bunu təkrar-təkrar edə bilirsiniz. Bu qutunun içində siz çox rahatsınız.
Qutunun xaricində olan şeyləri etmək isə böyük bir əziyyət tələb edir və sizi stressə (gərginliyə) salır.
Amma rahatlıq zonanızın xaricində olan bir şeyi kifayət qədər etsəniz, rahatlıq zonanız genişlənir və artıq o etdiyiniz şey sizə qəhvə sifariş vermək qədər asan gəlir. Və bunu etdikcə get-gedə daha da rahat hala gəlirsiniz.
Sadəcə nəzəri məlumatları oxuyaraq rahatlıq zonanızı genişləndirməyiniz mümkün deyil. İstədiyiniz o üst (irəli) səviyyəyə gələ bilmək üçün çox danışmağınız lazımdır. Amma əgər danışmaqdan qorxursunuzsa və “Üst səviyyəyə gəlim sonra danışaram.” düşüncəsi ilə hərəkət etsəniz, heç vaxt o səviyyəyə çatmaya bilərsiniz.
“İnkişaf etmək üçün danışmağınız lazımdır, amma danışmaq üçün də inkişaf etməyiniz lazım olduğunu düşünəcəksiniz və bu sonu olmayan bir döngüdür.”
Bu vəziyyət “Dil öyrənməyə qabiliyyətim (bacarığım) yoxdur.” düşüncəsinə qədər gəlib çıxır. Əgər azərbaycan dilində danışa bilirsinizsə, dil öyrənmək bacarığınız var. Bu haqqda daha çox düşünməyinizə ehtiyac yoxdur. Problem orda deyil :)
Bəs komfort zonanızı necə inkişaf etdirə (genişlədə) bilərsiniz?
Qəbul edirəm, bu, asan bir şey deyil. Amma uğur da sizi komfort zonasının xaricində gözləyir, daxilində deyil!
Kiçik-kiçik addımlarla başlamağınızı tövsiyyə edirəm. Səviyyəniz nə olursa olsun, insanlarla ünsiyyət qurmağa başlayın. Burada tək bir məqsədiniz olsun: insanlarla ünsiyyət qura bildiyinizi və pis gedən söhbətlər də olsa, bunun nəticəsində pis şeylərin baş vermədiyini özünüzə göstərmək. Yaxşı cümlə qurmaq və yaxşı qrammatika nöqtəsinə ilişib qalmayın. Bunlar olmadan da insanlarla ünsiyyət qura bilərsiniz.
Birinci addım nə olursa olsun ünsiyyət qura bildiyinizi özünüzə göstərməkdir. Sözləri unutsanız, dərd etməyin. Məsələn, bir şey haqqında danışarkən soğan sözünü unutdunuz. Sıxılıb, həyacan keçirməyinizə ehtiyac yoxdur. Bunu dərhal bir oyun halına gətirin. Məsələn, belə bir şey deyə bilərsiniz: “ Ok, I don’t know the word. But I cut and I cry, what is it?”
Qarşınızdakı insandan dərhal "onion" sözünün gələcəyinə əmin ola bilərsiniz :)
Ya da tamamilə yaradıcı (kreativ) yollarla fikirinizi ifadə etməyə çalışın. Belə bir nümunəni türk yumoristi Cem Yılmaz çıxışlarının birində vermişdir. Amerikada ingiliscə bilməyən qadın mədəsindən şikayətlənir və xəstəxanaya aparılır. Həkimlərə də heç cürə öz şikayətini (dərdini) izah edə bilmir. Axırda, çantasından alışqan çıxarıb, mədəsini göstərir və alışqanı yandırır. Bu yolla da, həkimlərə mədəsinin yandığını başa salmış olur. Həqiqətən mükəmməldir!
Buna görə də, unutmayın! Özünüzü qarşı tərəfə ifadə etməyin çox yolu var.
Növbəti məqalələrdə ünsiyyət qura bilməklə əlaqədar sizə bəzi tövsiyyələrim olacaqdır. Amma indilik ilk mərhələdə tək məqsədiniz özünüzü və fikirlərinizi qarşı tərəfin anlaya biləcəyi dildə ifadə edə bilmək və özünüzə qorxulacaq bir şeyin olmadığını göstərmək olsun.
İngiliscə danışmaq qorxusu ingiliscə səviyyəniz artdıqca öz-özünə keçməyə (yox olmağa) başlayan bir şey deyil.
Amma bir neçə söhbətdən sonra özünü ifadə edə bildiyinizi və pis vəziyyətə düşmədiyinizi gördüyünüzdə bu hiss tez keçməyə başlayacaq.
Ona görə də, nə qədər tez ünsiyyət qurmağa başlasan, o qədər yaxşıdır. Və danışmaq qorxunuza nə qədər tez qalib gəlib insanlarla danışmağa başlasanız, o qədər sürətlə irəliləyəcəksiniz.
Amma bu məqamda bir çox poliqlotun arasındakı bir fikri diqqətinizə çatdırmaq istəyirəm. Bir qrup poliqlotlara görə dil öyrənərkən tez bir şəkildə danışmağa başlamalısınız. Amma təbii ki, burada nəzərdə tutulan danışıq başlanğıc səviyyədə olan sadə söhbətləri edə bilməkdir. (Məs. Benny Lewis)
Digər qrup poliqlotlara görə isə dil öyrənərkən kifayət qədər “input” etməlisiniz, yəni hədəf dildə kifayət qədər dinləməli və oxumalısınız. Amma təbii ki, bir nöqtədən sonra qəbul etdiyiniz bu inputu, yəni dinlədiklərinizi və oxuduqlarınızı danışığa gətirmək vacibdir. Lakin bu nöqtənin harada olacağını sadəcə və sadəcə siz bilirsiniz, yəni nə vaxt danışığa hazır olduğunuzu siz hiss edirsiniz. (Məs. Steve Kaufmann) Əlbəttə ki, dinlədiklərinizi və oxuduqlarınızı praktika etməyənə qədər danışığınızı inkişaf etdirə bilməzsiniz.
Bəli, artıq danışma qorxusunun əslində niyə mövcud olduğunu və buna necə qalib gəlməyə başlayacağınızı daha yaxşı bilirsiniz.
Növbəti məqalələrdə özünüzü danışığa hazırlamaq üçün mütləq şəkildə etməli olduğunuz çalışmalar və bəzi önəmli tövsiyyələr haqqında danışacağam. Beləliklə, danışıq əsnasında qurduğunuz cümlələrdən əlavə, izah etmək (ifadə etmək) istədiklərinə və qarşındakı insanın dediklərinə fokuslana biləcəksiniz.
Hər şey çox gözəl olacaq! Özünüzə çox yaxşı baxın!
Görüşənədək!
Məqalə sizin üçün faydalı oldusa mənə bir kofe ☕ almağı unutmayın :) Bu da sizi faydalandırmağa sərf etdiyim zamanın qiymətləndirilməsi olsun.
© Ruslan Aslanov