2017-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olanda 25 nəfərlik qrupun 5-i oğlan, 20-si isə qızlardan ibarət idi. Bu tendensiya jurnalistika fakültələrinin ümumi halını təsvir edə bilər.
Məhz buna görə Bisli və Teus (Beasley & Theus) adlı iki araşdırmaçı 1988-ci ildə yazdıqları kitabda jurnalistika təhsilinin qadınlar üçün çəhrayı yaxalı gettoya çevrildiyini deyirlər.
Oxumaq üçün kliklə.
Çəhrayı nəli nə?
Çəhrayı yaxalı getto dedikdə müəyyən iş sahələrində qadınların dominantlıq təşkil etməyinə və işçi qüvvəsinin böyük hissəsi olmağına baxmayaraq lider rolu tutmamağı və həmin sahədə çalışan kişilərdən daha az məvacib almağı nəzərdə tutulur.
Magistr tezisimi Azərbaycan jurnalistikasında gender dinamikasından yazdığım üçün müsahiblərimdən bu barədə fikirlərini alırdım. Xüsusilə, jurnalistikada qadın jurnalistlərin rollarından danışarkən gender balansının bərqərar olduğunu bildirən müsahiblərimə bu sualı dəfələrlə verdiyimi xatırlayıram: “Əgər jurnalistikada gender bərabərliyi varsa, niyə bu peşə hələ də kişi dominantlığı olan və qadınlara uyğun olmayan sahə kimi görünür?”
Bunun cavabını heç kim bilmir. Heç mən də.
Üstümüzə yapışıb qalan “qadın jurnalist olmaz” fikri jurnalistika fakültələrində, təlimlərində, kurslarında çoxlu qadın görməyimizi əngəlləmir. Biz qadın jurnalistləri hətta redaksiyalarda, çöldə, iş yerlərində, müsahibə alanda da görürük — amma qərarverici olaraq qadınların səsini eşitmirik. Hələ də “ciddi jurnalist işləri” kişilərin məsuliyyəti kimi görünür.
İndi siz deyin, çörək ağacı, ya çəhrayı yaxalı getto?
Stiv Qorman (Gorman) 1985-ci ildə yazdığı məqalədə Mariland Universitetinin bu mövzu üzərində apardığı araşdırmadan danışır. Tədqiqatda aşkar edilib ki, artıq ölkənin (ABŞ) redaksiyalarında aşağı maaş vermək tendensiyasına görə ruhdan düşən kişilər sahədən getdikcə onlar jurnalistika fakültəsi məzunu qadınlar ilə əvəz olunur.
Araşdırmanı aparan jurnalistika professoru Maurin Bizly mətbuat konfransında bildirib ki, jurnalistika tibb bacılığı və müəllimlik kimi qadınların üstünlük təşkil etdiyi digər dəyərsizləşdirilmiş peşələrə qoşularsa, “xəbər mediasının nəzarətçi rolu əhəmiyyətsizləşə bilər”.
Qadın jurnalistlər haqqında yalan danışmaqdan yorulmurlar, görəsən?
Jurnalistikada feminist epistemologiyası haqqında çoxluca araşdırmalar etmiş Linda Stayner (Steiner, 2017, ABŞ) qeyd edib ki, kişi jurnalistlər siyasət, kriminal, idman, elm və texnologiya kimi mövzuları işıqlandırmağa meylli olsalar da, qadın həmkarları səhiyyə, həyat tərzi, təhsil və dini xəbərlər haqqında məlumat verirlər.
İdman xəbərlərinin yumşaq, səhiyyə xəbərlərinin isə ağır mövzular kimi təsnif edilməsinə baxmayaraq, jurnalistikada ənənəvi gender perspektivləri və qərəzli yanaşmalar davam edir. Nəticə etibarilə, qadınlar tez-tez yumşaq, əhəmiyyətsiz və prioritet hesab edilməyən mövzularla, kişi jurnalistlər isə sərt və son xəbərlərlə əlaqələndirilirlər (Steiner, 2017).
Davam edən döngü?
Media və jurnalistika sahəsinin liderləri maaşları aşağı qoymaqda inad etsə, nə olacaq? Kişi jurnalistlərin sahədən getməyi ilə qadınların xeyrinə yaranmış gender bərabərsizliyi problemi yenə də qadın jurnalistlərin istismarına səbəb olmayacaqmı? Nəhayətində, jurnalistika çəhrayı yaxalı getto adlanıb həm qadın jurnalistləri, həm də sahəni söz altında qoymayacaqmı?
Yaxud qadınları “ağır mövzular”dan uzun tutub “qadınlar bacarmaz” demək tendensiyası nə qədər davam edəcək?
Gettonu tərk edirik
Çox gözəl. Termini öyrəndik, yaradılışını və səbəbini anladıq. Hətta bu tendensiyaya son verməsək, nə olacaq, onu da təxmin etdik.
Amma gettonu ən tez zamanda tərk etməliyik.
“Çəhrayı yaxalıqlı getto” termini qadınların tarixən daha az prestijli rollara sahib olmağını nəzərdə tutsa da, son illər daha çox qadının bu ənənəvi maneələrə meydan oxuyaraq yüksək keyfiyyətli jurnalistikaya daxil olduğunu görürük. Qadınlar indi ağır araşdırmalara rəhbərlik edir, müharibə zonalarını zəbt edir və dünyanın əsas xəbər redaksiyalarında nüfuzlu vəzifələr tuturlar.
Deməli ümid var.
Mənbələr:
Beasley M., & Theus, K. (1988). The New Majority: A Look at What the Preponderance of Women in Journalism Education Means to the Schools and to the Professions. New York. University Press of America.
Gorman S. (1985). Journalism may become ‘pink-collar ghetto’. United Press International.
Steiner, L. (2017). Gender and Journalism. [Published Online].https://doi.org/10.1093/acrefore/9780190228613.013.91.