İllərdir bizə "fədakarlıq" adı altında sırıdılan şey əslində təmənnasız əmək istismarı idi.

Bir tərəfdə "iş bitməyibsə, qalıb bitirim" deyən köhnə nəsilin nümayəndələri, digər tərəfdə isə "əlavə ödəniş olacaqsa, qalaram" deyib çantasını yığış


5 baxış
02.09.2026
2 dəq oxuma

İşdə baxırıq ki, saat 18:00-ı göstərir. Kompüterlərin ekranları sönür, amma bəzi masaların arxasında hələ də işləyən insanlar qalır. Bir tərəfdə "iş bitməyibsə, qalıb bitirim" deyən köhnə nəsilin nümayəndələri, digər tərəfdə isə "əlavə ödəniş olacaqsa, qalaram" deyib çantasını yığışdıran yeni nəsil. Karyeramın ilk illərində bir layihəni vaxtında çatdırmaq üçün üç gün evə getmədiyim, səhərə qədər otaqda dizüstü kompüterin ekranına baxıb qəhvə içdiyim vaxtlar olub. O vaxt mənə elə gəlirdi ki, bu, mənim inkişafıma qoyduğum sərmayədir. Amma geriyə baxanda görürəm ki, o yorğun gecələrin qarşılığında əldə etdiyim tək şey erkən tükənmə oldu. Rəhbərlik isə bunu sadəcə “təşəbbüskarlıq” kimi alqışlayıb məni birtəhər yola salmışdı. 

İndi gənclər tam haqlı olaraq soruşurlar: “Bəs niyə etməliyik?” Onlar məsuliyyətsiz deyillər, sadəcə, sərhədlərini dəqiq çəkə bilirlər.

Vaxtın pul olduğunu anlayan bu nəsil, şəxsi həyatından oğurlanıb şirkətin mənfəətinə yazılan hər saata görə haqlı olaraq qarşılıq gözləyir. Amma məsələnin digər tərəfi də var. Rəhbərlik də haqlı olaraq düşünür ki, hər addımını saat hesabı ilə ölçən, işi sadəcə "vəzifə təlimatı" çərçivəsindən ibarət görən əməkdaşla böyük hədəflərə çatmaq çətindir. Çünki müəssisələr hər zaman kağız üzərindəki qaydalarla işləmir, bəzən böhran olur, bəzən təcili həll edilməli məsələlər çıxır.

Bəs problem haradadır? 

Problem balansın pozulmasındadır. 

Köhnə düşüncə tərzi hələ də “şirkətə sədaqət” nağılları ilə işləyir, amma heç bir sadiq əməkdaş aylıq krediti empatiya ilə bağlaya bilmir. Şirkət/müəssisə sabah maliyyə çətinliyi yaşasa səni səssizcə yola salacaqsa, sənin də hər axşam boşu-boşuna masada oturub fədakarlıq göstərməyin sadəcə naqis idarəetmənin qurbanı olmaq deməkdir. Digər tərəfdən, yalnız maliyyəyə köklənib hər kiçik əlavə tapşırığa pul tələb etmək də uzunmüddətli karyera inkişafını bloklayır.

Ona görə də seçim yalnız qara və ya ağ deyil. Karyeranı qurmaq üçün fədakarlıq lazımdır, amma bu fədakarlığın qarşılığı ya maddi olmalıdır, ya da gələcək dəyərə çevrilməlidir. İşçi də başa düşməlidir ki, bəzən etdiyi əlavə səy məhz onun öz peşəkar səriştəsini artırır, rəhbərlik də anlamalıdır ki, əməyin istismarı heç vaxt uzunmüddətli uğur gətirmir. Pul qazanmaq üçün işləyirik, amma nəticə etibarilə peşəkar dəyərimizi də özümüz yaradırıq.