Alkoqolizm niyə bu qədər ciddiyə alınmır bu ölkədə? Sizcə bu problem deyil? Azlıqdı bəlkə sayları? Yoxsa siz az bilirsiz?
Gender bərabərsizliyi, uşaqlara qarşı bullinq, iqlim dəyişikliyi, selektiv abortlar, məişət zorakılığı, erkən nigah — Azərbaycanda bir qədər ciddiyə alınan sosial problemlər. Əlbəttə, bunlar da elə sırf Azərbaycan üçün aktuallığını itirməyən, hər edilən hərəkətə rəğmən bir yol almadığımız problemlərdir. Bunlardan ölənlərin sayı nə qədərdir?
Bəs alkoqoldan?
Gəlin, alkoqolizm və narkomaniyaya dair son tam olan statistikaya baxaq :

Qalan saydığım bir çox sosial problemin təhlükəli olmasına səbəblərdən birinin bir çox hallarda alkoqol olduğunu nəzərə alsaq, bu statistika nə qədər qənaətbəxşdir?
Hansı ki, alkoqollu vəziyyətdə edilmiş qəzalar, alkoqollu vəziyyətdə edilən məişət zorakılığı, alkoqol qəbul edən ailə başçısı sayəsində kasıbçılığın yaranması. Bəs bunların statistikası?
Bundan əlavə, mən sizə sırf Statistika komitəsinin çıxardığı alkoqola dair statistikanı göstərdim. Yəni bunlar sadə, qeydiyyatda olan xəstələrdir. Etiketlənmə teoriyasının ( Labeling Theory) bu qədər trend olduğu bir cəmiyyətdə xəstəxanada qeydiyyatda olmağı kim hansı halda gözə alar? Qeydiyyatda olmaq artıq ölüm yolunda irəliləyən xəstələrdir, buna əmin ola bilərsiz.
21-ci əsr Dünya siyasətinə görə sağlam insanların çoxalmasına üstünlük verilir, zəifliyi olan insanlar bir yolla məhv olur. Təsadüf olduğuna inanırsız? Mən inanmıram.
Bəs yaxşı onda sosial işçilər, cəmiyyət siyasəti, qorunan mədəni çərçivələr, vurhavur saldığınız sosial dəstək yönümlü forumlar, milyonluq qrantlar, dövlətin sənədli şəkildə ayırdığı büdcə?
Yenə göstəriş? Burada da göstəriş?
Niyə sırf alkoqolizm mövzusuna toxunuram?
Bunun 2 səbəbi var. Birincisi, ən azından digər sosial problemlər 40–50 % real həllini tapır, insanlara dəstək göstərilir.
Bəs alkoqolizmdən əziyyət çəkənlər?
Əlbəttə, nəzərə alaq ki, Azərbaycandan danışıram.
Ölkə üzrə məsuliyyət barmaqla sayılacaq qurumlar üzərindədir.
Əla, burası aydın məsələdir. Bu qurumlar daim fəaliyyətdədir, buna söz yox. Bəs ən maraqlı suala gəlirəm.
Narkotik və alkoqol istifadəçiləri necə müalicə olunmalıdır?
Məqaləmi oxuyanlar, yəqin ki, aranızda çox az bu sahədə mütəxəssis şəxs var. Amma sizə çox primitiv sual verəcəm.
Sizcə, narkotik və alkoqol ASILILIĞI müalicəsində əsas üsul dərman preparatları ilə müalicədir, yoxsa psixoloji?
Cavablarınızı eşidər kimiyəm. Buraya qədər oxumusunuzsa, onsuz da bu cavabı verəcək potensialda olduğunuza əminəm.
Bəli, adam alkoqolun və narkotikin dozasına görə bədəndən çıxarılana qədər dərman müalicəsi alır. Daha sonra isə artıq CBT (Cognitive Behavioral Therapy), DBT (Dialectical Behavioral Therapy), Transtheoritical Model, Motivational Interviewing, Art And Music Therapy , Yoga And Meditation kimi davranış terapiyaları ilə müalicə prosesi başlayır. Bir proyekti necə mərhələrlə, incə-incə yerinə yetiririksə, bu sağalma prosesi də minimum 6 ay olmaqla həyata keçirilməlidir. Hara qədər ki, sağlam davranış qazanılanadək. Narkotik aludəçiləri ilə bu zaman müddətində dərman müalicəsi orta dozda gedərək azaldılacaq şəkildə, alkoqol istifadəçilərində isə demək olar ki, yox həddində istifadə edilə bilir. Amma dediyim kimi terapiyalar əsas müalicə alətidir.
Əgər xəstə belə müalicə edilməsə, o sadəcə anı qurtaracaq. 1gün, 1 ay sora yenidən alkoqola başlayacağı aydın məsələdir. Bu insan psixoloji olaraq sağlam davranış qazanmalıdır. Ölümdən qurtarmaqla müalicə etmək eyni şey deyil.
Həəəəəə, gələk əsas məsələyə.
Bəs, bizdə xəstələrə müalicə bu şəkildə aparılır? Əlbəttə ki, yox. Hətta, ağlınıza gəlməyəcək şəkildə müalicə üsulları var.
Proyekt dedim, amma bir insanın həyatı proyekt qədər önəmsənilmir mi, Azərbaycanda?
Bu sualı siz oxuculara buraxıram. Mən, əlbəttə, bu məsələni beləcə danışıb, buraxmayacam. Sadəcə, bəlkə, oxuculardan da əhalinin 4 təbəqəsindən ən faydalı təbəqə olan, araşdıran və işə əl atan təbəqəyə( adı) məxsus insanlar olar. İstəyirəm ki, onların da bu məsələ nəzərində qalsın.
İndi isə gələk məqaləmin əvvəlində bəhs etdiyim o 2 səbəbdən digərinə.
Gəlin, düşünək.
Alkoqolizmdən əziyyət çəkən pasiyentlərin sadəcə özlərinin həyatı məhv olur?
Ən çox əziyyət çəkən, həmin insanların ailələridir. Düşünmüsünüz heç bu haqda? Mən düşünmüşəm. Ya da düşünmək məcburiyyətində qalmışam deyək.
Gəlin, sizinlə bir təsvir bölüşüm. Mənim yaddaşıma həkk olmuş bir təsvir.
Təsəvvür edin, yağışlı bir gündür. Yaz yağışı. Amma leysan kimi yağır yağış. Necə gözəldi təsəvvürü elə? Mahnıya qulaq asa-asa irəliləyirəm. Belə atmosferi bir də harada tapa bilərdim ki?
Birdən qarşımda gördüyüm mənzərə. Yolun qırağında yaşanır, yəni təhlükəli bir ərazidir. Bir kişi ev geyimi ilə yerə yıxılmaq üzrədir. Bilinir ki, özündə deyil. Ağlayır, həm gülür. Qarışıq bir üz ifadəsi var. Gözündən, burnundan su axır. Həm də başında çox böyük bir şişkinlik var. Bilinir ki, bu adam əvvəl də ağır yıxılıb, başı zədə alıb. İndi bilirsiz hara çatıram? Təsvirin ən acınacaqlı yerinə. Bir xanım…. O ağlaya-ağlaya, kişiyə yalvara-yalvara onun yıxılmasına mane olmağa, onu yerdən qaldırmağa çalışır. Qadının üzündəki çarəsizliyi təsəvvür edə bilirsiniz? Məncə, edə bilmirsiz. Maksimum empatiya qura bilərsiz. O da ki, bizim millət empatiya nədir onun mənasını tam olaraq bilmir, səhv salırlar.
Qayıdaq məsələmizə. Sizcə, qadın özünün və ailəsinin bəxtinə mi ağlayırdı, yoldaşının xəstəliyinə mi?
Ya da başqa bir sual verim. Bilirsiniz bu necə bir ağır hiss ola bilər?
Bir xəstəlik düşünün. Adam alkoqol alır, gəlir günlərlə içir, halı ən ağır vəziyyətə çatır, sənin nə gecən olur, nə gündüzün. Boş-boş istəklər, dediyini etməyəndə panik-ataklar , duyğusal danışıqlar, əsəb, sonrasında ağlama seansları. “Məni buradan qurtarın” tipli cümlələr.
Bu xəstəliyin ağırlığını təsəvvür edə bilirsiz?
Əslində şəxs günahkardı, öz iradəsizliyinə görə bütün ailəsinə əziyyət verir. Amma peşman olur. İradəni tərbiyə etməyin nə qədər çətin olduğunu bilən bütün şüürlu insanlar onları günahlandıra bilməz. Hələ də ki, alkoqol qəbul edən şəxs şiddətə meyilli deyilsə.
Onlar həmin adama nifrət duya bilər? Birinə eyni anda həm sevgi, həm nifrət duymaq acınacaqlı deyil mi?
Belə. Ümid edirəm, ölkədə bir gün alkoqolizm də yetəri qədər ciddiyə alınıb, əsas qurumlarda düzgün müalicə üsullarından istifadə ediləcək.
Görüşənədək!