Səxavətin Kölgəsi: Kömək Niyə Həmişə Minnətdarlıq Doğurmur?

Kömək əlinizi uzadır, bilik və vaxtınızı paylaşırsınız. Əvəzində isə təşəkkür deyil, soyuqluq və rəqabət görürsünüz.


21 baxış
16.09.2026
8 dəq oxuma

Siz kömək əlinizi uzadırsınız. Biliklərinizi, vaxtınızı, resurslarınızı paylaşırsınız. Minnətdarlıq və ya ən azı bir təşəkkür gözləyirsiniz. Əvəzində isə düşmənçiliklə qarşılaşırsınız. Soyuqluq. Hətta sabotaj. Kömək etdiyiniz şəxs indi sizə rəqib kimi davranır.

Əgər bu sizə tanış gəlirsə, bu, sizin təsəvvürünüz deyil. Sosial psixologiya bu fenomeni onilliklərdir araşdırır və tədqiqatlar bir həqiqəti ortaya qoyur: kömək davranışı daxilində gizli bir güc strukturu mövcuddur və bu, kömək alanlar tərəfindən çox zaman təhdid kimi qəbul edilir. Sizin baxış bucağınızdan səxavət kimi görünən davranış, onların perspektivindən dominantlıq, yuxarıdan baxma və ya status rəqabəti kimi hiss oluna bilər.

Bu məqalə bu paradoksun arxasında duran mexanizmləri izah edir. Niyə kömək bəzən əks təsir göstərir, nə vaxt minnətdarlıq əvəzinə rəqabət yaradır və tədqiqatlar hansı insanların bu cür hallarda düşmən münasibət göstərməyə daha meyilli olduğunu ortaya qoyur.

Gizli Status Mübadiləsi

Hər bir kömək aktı müəyyən səviyyədə status mübadiləsidir. Siz kiməsə yardım etdikdə, əslində onun malik olmadığı bir şeyə sahib olduğunuzu göstərirsiniz. Bu isə gizli bir iyerarxiya yaradır: kömək edən şəxs müvəqqəti olaraq yüksəlir, kömək alan isə asılı vəziyyətdə görünür (Halabi və həmkarları, 2016).

Halabi və həmkarlarının araşdırmaları göstərir ki, kömək alanlar özlərini kömək edənlə müqayisədə daha aşağı statusda qiymətləndirirlər. Kömək edənlər isə özlərini daha yüksək statusda görürlər. Bu, tərəflərin məqsədli şəkildə yaratdığı bir vəziyyət deyil, lakin struktur olaraq qaçılmazdır. 

Bu dinamika xüsusilə həmyaşıd münasibətlərində, iş mühitində və ya kömək alan şəxsin sizi rəqib kimi gördüyü hallarda daha gərgin olur (Nadler & Halabi, 2006). Status fərqi əsassız və ya təhdidedici kimi hiss edildikdə, minnətdarlığın yerini narazılıq və inciklik tutur.

Özünə Hörmətə Təhdid Modeli

Köməyə qarşı mənfi reaksiyaları anlamaq üçün ən təsirli nəzəri çərçivələrdən biri “Özünə hörmətə təhdid modeli”dir. Bu model Susan B. Fisher, Arie Nadler və həmkarları tərəfindən 1970–1980-ci illərdə inkişaf etdirilmişdir. Onların araşdırmaları göstərir ki, kömək almaq iki zidd psixoloji təsir yaradır: bir tərəfdən real dəstək təmin edir, digər tərəfdən isə kömək alan şəxsin özünə dair təsəvvürünü təhdid edir (Fisher & Nadler, 1976; Fisher və b., 1982).

Bu təhdid xüsusilə köməyin insanın kimliyi üçün əhəmiyyətli olan sahələrdə göstərildiyi zaman daha güclü olur. Lehigh University-də aparılan tədqiqatlarda Burke və Goren müəyyən etmişlər ki, insanlar öz dəyərini müəyyən etdikləri sahədə məsələn, intellektual bacarıqlarında, kömək aldıqda, rahatlıq hiss etmək əvəzinə daha çox emosional narahatlıq və mənfi özünüqiymətləndirmə yaşayırlar. Onların eşitdiyi mesaj “Mən səni dəstəkləyirəm” deyil, “Sən bacarıqlı deyilsən” kimi qəbul olunur. Arie Nadler və həmkarları əlavə olaraq göstərdi ki, sahə nə qədər şəxsi əhəmiyyət daşıyırsa, köməyin əks təsir göstərmə ehtimalı da bir o qədər artır (Nadler və b., 1983). Məsələn, siz bir həmkarınıza onun özünün əsas işi hesab etdiyi təqdimatı təkmilləşdirməkdə kömək etdikdə, o bunu əməkdaşlıq kimi deyil, peşəkar kimliyinə qarşı bir çağırış kimi qəbul edə bilər.

Rəqabət Faktoru: Rəqabət Hər Şeyi Dəyişir

Kontekst son dərəcə vacibdir. Dostluğu gücləndirən eyni kömək davranışı, rəqabət şəraitində münasibətləri zəhərləyə bilər. Qruplararası rəqabət üzrə aparılan tədqiqatlar göstərir ki, rəqabət çərçivəsi prososial davranışın necə qəbul edildiyini kökündən dəyişir. Harriet Over (2016) müəyyən etmişdir ki, hətta 5.5–6.5 yaşlı uşaqlar belə qruplararası rəqabət zamanı neytral vəziyyətlə müqayisədə daha az prososial davranış nümayiş etdirirlər. Bu tendensiya böyüklük dövründə də davam edir. İdman rəqabətlərində güclü şəkildə öz komandasına bağlı azarkeşlər fövqəladə hallarda rəqib komandanın azarkeşlərinə kömək edə bilərlər (“sərhəd aşan altruizm”), lakin eyni zamanda həmin qruplara qarşı güclü düşmən münasibətini qoruyub saxlayırlar (Newson və b., 2016). Yəni kömək edilir, amma rəqabət və təhdid hissi qalır.

İş mühitində və sosial kontekstlərdə də status münaqişəsi oxşar şəkildə işləyir. Bendersky və Hays (2012) göstərmişlər ki, insanlar nisbi mövqe uğrunda rəqabət apardıqda, normalda münasibətləri yaxşılaşdıracaq jestlər belə status hərəkətləri kimi qəbul olunur. Bu halda sizin köməyiniz sizin üstünlüyünüzün və onların daha aşağı mövqedə olmasının sübutu kimi qiymətləndirilir.

Kimlər Düşmənçiliklə Reaksiya Verir? 

Hər kəs köməyə mənfi reaksiya vermir. Tədqiqatlar göstərir ki, müəyyən psixoloji xüsusiyyətlər düşmən və ya rəqabətli reaksiyaları proqnozlaşdırır.

1. Status Qeyri-müəyyənliyi və Dominantlıq Motivasiya
Geng və həmkarları (2022) müəyyən etmişlər ki, sosial status baxımından qeyri-müəyyənlik yaşayan yəni öz mövqeyini qurmağa və qorumağa güclü motivasiyası olan insanlar statuslarının təhdid edildiyini hiss etdikdə köməyə strateji aqressiya ilə cavab verirlər. Bu şəxslər üçün kömək almaq rahatlıq deyil; bu, rəqabətli reaksiya tələb edən “status böhranı”dır. Dominantlığa meyilli insanlar mövqelərinin qeyri-sabitliyinə qarşı xüsusilə həssas olurlar. Sizin köməyiniz, nə qədər xoş niyyətli olsa da, onlar tərəfindən prestij əsaslı bir çağırış kimi qəbul edilə və aqressiya ilə cavablandırıla bilər.

2. Müdafiəçi Özünə Hörmət və Ego Təhdidi
Jennifer Crocker və həmkarları (1987) göstərdilər ki, müdafiəçi və ya zəif özünə hörmətə malik insanlar ego təhdidlərinə başqalarını aşağılayaraq və öz müsbət xüsusiyyətlərini vurğulayaraq cavab verirlər. Kömək, xüsusilə bacarıqsızlıq mesajı kimi qəbul edildikdə, məhz belə bir təhdid rolunu oynayır. Bu halda onlar köməyi qəbul etmək əvəzinə öz imiclərini qorumaq üçün kömək edən şəxsi rəqib və ya hətta “düşmən” kimi yenidən çərçivələndirirlər. Roberts və Feinberg (2019) bu məsələyə təkamül prizmasından yanaşaraq bildirirlər ki, kömək etmək Sosial Diqqət Saxlama Gücünü (SAHP), yəni başqalarının diqqət göstərmək istədiyi bacarıq və xüsusiyyətləri siqnal verir. Rəqabətli sosial mühitdə bu cür siqnallar özünü geridə hiss edənlərdə qısqanclıq və rəqabət yarada bilər.

3. Sıfır Cəm İnancı (Zero-Sum Thinking)
Alvarez və Van Leeuwen (2011) göstərirlər ki, dünyaya “sıfır cəm” prizmasından baxan, yəni birinin uğurunun mütləq başqasının itkisi hesab olunduğuna inanan insanlar köməyi daha çox təhdid kimi qəbul edirlər. Onların düşüncə sistemində sizin bacarığınız heyranlıq doğuran bir resurs deyil, neytrallaşdırılması lazım olan rəqabət üstünlüyüdür.

Nəticə

Kiməsə kömək etdikdən sonra onun tərəfindən rəqib kimi qəbul olunmaq şəxsi bir illüziya deyil. Bu, status dinamikası, özünə hörmətə təhdid və rəqabətli kontekstlə bağlı olan, sosial-psixoloji baxımdan təsdiqlənmiş bir anlayışdır. Kömək nadir hallarda sadəcə resursların neytral ötürülməsi olur. 

Bu yazıda demək istədiyim odur ki, insanların düşmən münasibəti çox vaxt sizin xarakterinizlə bağlı olmur. Bu, onların öz statusları ilə münasibəti, daxili qeyri-müəyyənlikləri və sizin xeyirxahlığınızı hansı rəqabət prizması ilə dəyərləndirdikləri ilə bağlıdır.

Bəzən kömək etməyin ən doğru yolu, məhz köməyin özünün problemə çevrildiyini başa düşməkdir.