Hər birimizin özümüzdə, ətrafımızdakı insanlarda xoşumuza gələn və (və ya) gəlməyən vərdişlər var. Nələrinsə dəyişməyini istəyiriksə, ilkin olaraq özümüzdən başlamalıyıq. Bir çoxumuz hər hansısa vərdişə sahiblənmək istəyəndə qısa və tez müddətdə nəticəsini gözləyirik. Lakin, bu elə olmur. Hər gün atdığımız kiçik addımlar bizi istədiyimiz nəticəyə daha da yaxın edir.
Bir gün ərzində yediyinizə fikir versəz, səhərisi gün arıqlamış olmayacaqsınız, bir gecə oxuyub, işləsəz, səhərisi günü milyonçu olmayacaqsınız. Önəmli olan istədiyimiz nəticəni əldə etmək üçün, hər gün vərdişimizi həyata keçirməkdir.
Gün ərzində beynimizdə “evə gedim, filan kitabı oxuyum; ingilis dili ilə məşğul olum, idmana gedim" fikirləri olur, amma evə gedəndə 10 nəfərdən neçəsi planladığı kimi edir?
Kitabın müəllifi belə bir metod təklif edir ki, öncəliklə, hər bir vərdişə cəmi bir neçə dəqiqə ayırın. Məsələn, oxuyacağınız kitabı gündəlik olaraq 1 səhifə mütləq oxuyun, meditasiya ilə məşğul olmaq istəyirsinizsə 1 dəqiqə ayırın bunun üçün.
Vərdişin özünü vərdiş halına salmaq fikri insanı bir qədər yorur. Hamı ən asan və tez üsullar axtarışındadır. Ona görə də, beynimizdə planlar quranda, el arasında deyildiyi kimi, həmin o proses gözümüzə durur. Hər dəfə eyni şəkildə “eybi yox, sabah başlayaram, nolacaq ki”.
Nolacağını təsvir edim qısaca. Ömrünüzün necə keçdiyini bilmədən, görəcəksiniz ki, etmək istədikləriniz qalıb.
Öncəliklə, özünüzdən soruşun: Mən kim olmaq istəyirəm? Necə biri olmaq istəyirəm?
Bu sualın cavabını tapdıqdan sonra, özünüz üçün düşünün, həmin o insan ola bilmək üçün, nələri inkişaf etdirməlisiz, nələrə yox deməyi öyrənməlisiz.
Bunu bir növ, özünüzün ən yaxşı versiyanız kimi də düşünə bilərsiniz. Məsələn, mənim ən yaxşı versiyam tənbəllik edərdi yoxsa öz məqsədlərinə çatmaq üçün addım atardı?
Bir davranışla bağlı nə qədər çox hərəkət etsək, bu davranışla bağlı şəxsiyyətimiz bir o qədər güclü olur.
Əslində, proses beynimizə bir siqnal getməsi ilə başlayır. O siqnal sayəsində ortaya bir istək çıxır. Daha sonra reaksiya veririk. Sonda isə mükafatımızı alırıq.
Hər hansısa bir hərəkəti vərdiş halına salmaq üçün aşağıdakıları həyata keçirin:
- Siqnalı necə görünən edə bilərik?
- İstəyi necə cəlbedici edə bilərik?
- Reaksiyanı necı asanlaşdıraq?
- Mükafatı necə məmnun edici hala gətirək?
Daha yaxşı vərdişlər yaratmaq üçün edə biləcəyiniz ən təsirli şeylərdən biri arzuolunan davranışın normal davranış olduğu bir mədəniyyətə qoşulmaqdır.
Daha ətraflı məlumat üçün “Atomik vərdişlər” kitabını oxumağınızı tövsiyyə edirəm.
Hər birimizə həyatımıza əlavə etmək istədiyimiz vərdişlərin bizə xeyirli olmasını arzu edirəm.