Qışqıra-qışqıra qaçan nəvələrinin arxasına düşmüşdü. Bədəni uşaqlıq illərində olan qıvraqlığını itirsə də nəvələri onu həvəsə gətirib, otaqların içiylə qaçmağa məcbur edirdi. Nəfəsi oyuna tab gətirmədi. Dayanıb, sürətlə hərəkət edən nəvələrinə baxdı. Bu otaqlar nəhayət ki, gülüş səsləriylə doldurula bilmişdi. 30 ildən çox dayanmadan gələn dava-dalaş səsləri nəhayət ki, həmin davaları görməyən uşaqların səsləriylə əvəz edilmişdi. Qadının bu səslərə tam şəkildə sevinmək həvəsi qalmamışdı. Həyat tərzində bir qədər tükənmişlik hiss olunurdu. 30 il insan ruhundan çox şey götürməyə qadirdir.
Altda yaşayan qonşular ayaq səslərindən şikayət etməyə başlamadan oyunu dayandırmaq və nəvələri sakitləşdirmək lazım idi. 7 və 9 yaşlı uşaqlar enerji topları kimi idi. Onları sakitləşdirmənin bir yolu vardı. Əlinə karandaş və albom götürüb çəkməyə başladı. Nəvələri dərhal yanına qaçıb onun yanında oturdular. Biri sağ, digəri isə sol tərəfindən albom üstündə rəqs edən karandaşı izləyirdi. Bəyaz kağızda heyvan fiqurları yarandı. Ağac, ağaclar, meşə görünməyə başladı. Yelləncək və uşaq fiqurları da kağızda olanlara qoşuldu. Tüstüsü olan dam, damı olan ev, evi olan bir həyət çəkilmişdi. Uşaqlar sakit şəkildə mənzərəyə baxırdı. Rəssam çəkirsə dünya fasilə edir. Rəssam dünya fasilə etsin deyə çəkir.
Fasilə insana iştah gətirir. Nəvələri üçün boşqabları hazırladı. Qablara sevərək bişirdiyi aşdan doldurdu. Uşaqlar yeyib bitirən kimi əlavə aş istədi. Onların iştahında nənələrini sevindirən bir qüvvə gizlənirdi. Onlar yedikcə qadın sanki çiçəklənirdi. Qabların böyründə qalan, masa üstünə tökülən düyülərdən mozayka yığmaq olardı. İnsan həyatında olan bəzi anlar kimi bu düyü dənələri də yeyilmək əvəzinə, silinib vedrəyə atılacaqdı.
Bu qadın bir rəssam idi. Onun da arzuları var idi. Rəsm sərgisi olsun istəyirdi. Tanınsın istəyirdi. İstedadlı olduğunu dəfələrlə eşitmişdi. Akademiyada özü kimi bir rəssama aşiq olmuşdu. Evlilik və 3 uşaq erası gəldi. Karandaş yerə qoyulmalı oldu. Hər zaman və hər yerdə belə olurmu? Bu dəfə və məhz bu qadında belə olmuşdu. Rəssam rəsmlərini unutmalı və uşaqlarının gələcək həyatlarından ibarət olmalıydı.
Rəsm sərgisi mətbəxlə əvəz edildi. Həmin mətbəx yarımçıq qalmış arzuların qərargahına çevrildi. Qablar artdıqca xəyallar və onlara çatmaq arzuları azalırdı. Krandan axan suya gözyaşları az tökülmədi. Bəzən qablar səssiz yuyuldu. Qablar illərlə yuyuldu. Yeməklər illərlə bişirildi. Özü də tam anlamadığı səbəbdən yumağa, bucür yaşamağa davam edirdi. İstəmədiyi yerdə və istəmədiyi şəkildə yaşayırdı. Günlərin bir günü mətbəxi emalatxanasına çevirmək qərarını verdi. Hər rəssamın magnum opusu və ya şah əsəri olur. Onun bişirdiyi aş təmiz ayrı bir dada malik olmağa başladı. Qonşular, qohumlar, dostlar, uşaqları və hətta hazır yeməklərə öyrəşmiş nəvələri onun aşını yeyərkən qaşıqların gedib-gəlməsinə fasilə vermək istəmirdi. Dayanmadan yeyib, qadına görmək istədiyi üz ifadəsini göstərib aşı dadmağa davam edirdilər. Şənliklərdə və xüsusi günlərdə ailənin bir araya gəlmək üçün müvəqqəti və ya yeganə səbəbi məhz həmin aşı yemək oldu. Şər işlərində kiminsə həyatı tərk etməsindən daha çox həmin aşın hazırlanma qaydaları müzakirə edilməyə başlandı.
Rəssam mütləq bir yol tapacaq. O, tapmışdı. Karandaşı əlinə götürən zaman qəlbinə çökən ağırlığı, qaşıqların qablara dəyən səsi həfif etməyi bacarmışdı.
Oğullarına ayırdığı illər heç də düşündüyü qədər mənalı olmadı. Eyni illəri hər hansı bir sərgiyə həsr etsəydi daha çox sevinə bilərdi. Onlar da bu aşı yeyib otaqdan qaçmaqla məşğul idi. Hərəsinin vacib işi və ya görüşü olurdu. Bircə nəvələri qalmışdı. Onlar da şəkil çəkməyi sevirdi.
Soyuducuda yapışdırılmış olan maşın və kukla şəkillərini diqqətlə incələməyi sevirdi. Hiss edirdi ki, onlar da bacara bilir. Hiss edirdi ki, karandaşı onun barmaqlarından sonra bu balaca barmaqlar da tutaraq fiqurlar çəkə biləcək.
“Bəlkə onların yolu daha açıq olacaq” deyə düşündü. Heç olmasa onlarda alınacaq deyə ümid etdi. Fəxarət hissiylə şəkillərə baxıb növbəti şah əsəri olan “aşından” sonra yığılmış qabları yumağa davam etdi.
Onun aşını yemiş insanların üz ifadələrindən ibarət maraqlı bir foto sərgi təşkil etmək olardı. Ya da rəsm sərgisi olmalı olub, əvəzində təmiz başqa həyatlar yaşamalı olan rəssamların üz ifadələrindən ibarət rəsm sərgisini...