İki nəfər insan üçün əcəl maraqlı bir seçim etmiş və onları gözlənilməz bir yerdə yaxalamışdı. Onlar üçün həyatın son anları suyun dolub daşan səsini, uzaqdan eşidilən səsləri duymaqla keçirdi. Arabir zarafat edib vəziyyəti unutmağa çalışırdılar. Bir neçə nəfər onları xilas etməyə çalışsa da buna nail ola bilmədi. Sonra da həmin yerdə olan hərkəs edə biləcəyi ən yaxşı şeyi etdi. Sakitcə baxdılar.
İki nəfər alim, siyasi xadim, biznesmen, şou biznes nümayəndəsi bir sözlə xəbərlərdə tirajlana biləcək insanlardan deyildi. Onlar adi və adı olmayan vətəndaşlardan idi. Vətəndaşlar üçün tikilmiş körpüdən keçib elə digər vətəndaşlara çörək aparırdılar. Bu dəfə çörəklə birlikdə batdılar. Onlar bilmədi ki, bu iki ölüm ilə ölkədə olan kanalizasiya sistemlərinin aqibətinə yenidən baxılacaq. Vaxtıyla Nyu-Yorkda fabriklərdən birində yanğın zamanı vəfat etmiş 146 nəfər kimi onlar da “gərək kimsə ölsün” adlı qaydanı bir daha sübut edəcəkdi. Yaşıl rəngli “Exit” işarəsini qoyub gedən nəfərlər kimi onlar da Bakıya yeni və daha yaxşı işləyən kanalizasiya sistemini bəxş edəcəkdi.
İki nəfər üçün sevgi maraqlı bir məqam seçmişdi.
Onlar əl-ələ tutub bir-birinə baxarkən qızın yanında oturmuş yaşlı bir dayı üzünü cavanlara tutaraq danışmağa başladı. Oğlan və qız üçün bu qəribə sürpriz idi. Dayı onlarla öz nəvəsi kimi rəftar edirdi. Arada bir telefonunda qurcalanıb özünün və ailəsinin şəkillərini göstərib hər bir şəklin detallı hekayəsini nəql edirdi.
Qatarda olan hərkəs ilk növbədə qızla oğlana, daha sonra isə bu dayıya baxırdı. Dayı isə susmaq bilmədən danışırdı.
“Bax bu qadını görürsünüz? Mənim ömür-gün yoldaşımdır. Onunla birlikdə 40 il yol getmişik. Çox fərqli xasiyyətlərimiz olub. Amma 40 il birgə həyat yaşamışıq. Çalışın bir-birinizi bağışlayın. Sözünüz bir-birinizin boğazından keçsin.”
Bu sözləri deyəndən sonra kişi bir qədər duruxdu və yadına hansısa haqqında danışa bilməyəcəyi bir səhnə düşdü. O vaxta qədər hər iki gənc həm dayıya həm də bir-birinə baxıb düşündülər. Görəsən onları birlikdə neçə il gözləyirdi. Görəsən hansı söz onların arasına soyuqluq gətirib yenidən qızdırmaq üçün fürsət yaradacaqdı.
Dayı çox tələsirdi. İstəyirdi ki, bu iki gənc hər şeyi bilsin və dərk etsin. O, istəmirdi ki, onlar üzülsün və ya lazımsız səhvləri etsin. Nəsihətlərin ardı-arası kəsilmədi və nəhayət gənclər onun susmasını istədi. Ürəklərində “kaş dayı bizə əl-ələ tutub yolumuza və indiki mərhələmizə davam etməyə imkan verəydi” dedilər.
Dayı isə buna məhəl qoymadan öz xatirələrini paylaşır və getdikcə hamının ürəyini sıxmağa başlayırdı. Həqiqət acı olur deyirlər. Bu dayı və hekayələri heç kimə lazım deyildi. O, bunu düşünmədən davam edirdi. Sanki qatar ancaq bu dayıdan və onun xatirələrindən ibarət idi. Sanki bu iki gənc olmasa öz xatirələrini küçədə oturub 65 qəpiklik yem gözləyən pişiyə belə danışa bilərdi.
Bu dayı telefon albomunda olan şəkillər və yaşanmış bir ömür qoyub gedəcəkdi. Bəlkə də bunu hiss edirdi. Hiss edirdi ki, həyat yoldaşının yanına getmək vaxtıdır.
Uşaqlar və nəvələr çox olsa da həyat yoldaşı olmayanda kişi üçün həqiqi bir tənhalıq dövrü gəlir. Tənha olmağın, tək qalmağın nə olduğunu iliklərində hiss edir.
Bəlkə də bu iki gənc dayını öz varlıqlarıyla isidir və ona davam etmək üçün güc verirdi. Bəlkə də bu iki gəncin dayı üçün, dayının da bu iki gənc üçün olan əhəmiyyətini heç vaxt anlamayacaqdıq.
Ruhanilik və həyatın mənası maraqlı bir insanı seçmişdi.
Hər şeyi olan Budda bu hər şeyi kənara qoyub ağacın dibində oturub heçnə etməmək qərarına gəlmişdi. Həyatın mənasını axtarmaq üçün ən qəribə üsul elə heçnə etməmək imiş.
Biz vuruşanlar onu anlaya bilmirik. Günümüz vuruşmaqla keçir. Sağ qalmaq üçün, qazanmaq üçün, yaxın olmaq üçün daim vuruşan biz, bu heçnə etməyən birini qınaya-qınaya yaşayırıq. Onun üzündə olan təbəssümü vuruşanların üzündə görməzsən. Həyatın axarına təslimiyyət təbəssümüdür yəqin.
Bütün ömrünü 3 sözlə ifadə edən Robert Frost kimi Budda da anlayırdı ki, həyat onunla ya da onsuz davam edəcək. O da, Mark Avreliy kimi təsdiq edirdi ki, biz və bizi xatırlayan hərkəs bir gün bu dünyanı tərk edəcək.
Bəzilərimiz tunelin içində boğularaq, bəzilərimiz yalanlarımızın və səhvlərimizin içində boğularaq. Bəzilərimiz vuruşaraq, bəzilərimiz isə tam şəkildə təslim olaraq bu dünyanı tərk edəcəyik.
Arxamızca deyiləcək sözlərin əhəmiyyəti olmayan bir xətti keçəndən sonra bəlkə də bizə eyni təbəssümü etmək nəsib olacaq. Hələlik isə doğulandan həmin xəttə kimi əsasən ağlayaraq və göz yaşlarımızı silib yaşamağa davam edərək xəttimizə tərəf gedirik.