İlk dəfə onunla Neftçalanın Bankə qəsəbəsində tanış oldum. Şeytan peyda olmaq üçün maraqlı bir yer seçmişdi. Bu yer nənəm Məryəmin sevimli nəvəsi Telman üçün gizlətdiyi peçenyenin qorunduğu şkafın içi idi. Səkkiz uşağı olan Məryəm ibtidai sinif müəlliməsi idi. Onun öz uşaqlarından əlavə onlarla uşağı var idi. Hamısının qayğısına qalır, hamısını öyrədir və vaxtaşırı tərbiyə etməyə çalışırdı. Məlum məsələdir ki, səkkiz övladı olan qadının nəvələri iki əlin barmaqlarından çox olur. Məryəm nənəm bizim hamımızı sevsə də, Telman adlı nəvəsinə xüsusi rəğbət bəsləyirdi. Bütün başqa nəvələr bunu hiss etməyə başlamışdı. Telman yenicə dənizçilik məktəbini bitirərək uzaq sahillərə səyahət etməyə başlamışdı. Nənəm onun yolunu gözləməklə yetinməyib özündən bir adət çıxarmışdı. Bu adət Telman üçün dadlı bir peçenye alıb, onu iri şkafda saxlamaq və qayıdanda onunla birlikdə çay içmək idi. Məryəm nənəmin bütün nəvələri bu söhbətdən narazı qalırdı. Ancaq heç biri dillənmirdi. Bu adəti qəbul etmişdik. Biz də həmin peçenyedən istəyirdik, amma Telman kimi uzaq sahillərə gedəcək yaşımız və başımız yox idi. Boyumuz balaca olsa da, hündür şkafın vitrinindən üzümüzə baxan dadlı peçenyenin qutusunu görmək ayrı bir həyəcan bəxş edirdi. Hər birimiz bilirdik ki, Telman qayıdanda hərəmizə heç olmasa bir peçenye düşəcək. Amma yenə də bütün qutuya sahib olmaq hissi güc gəlirdi. Düşünürəm ki, həmin hiss şeytana danışmaq fürsəti verdi. Şkafa baxanda içimdə bir səs “bu qutuya sənin də haqqın çatır, Telmanı gözləməyə ehtiyac yoxdur” dedi. Səs getdikcə güclənirdi ki, anamın məni çağırmasıyla kəsildi. Anam şkafa qəribə şəkildə baxmağıma məhəl qoymayaraq, bitmək bilməyən gündəlik işlərindən birinə (bizi çimizdirməyə) başladı. İri tasın içində oturub, başımdan axan köpüklü sulara fikir vermədən şkafdakı qutunu düşünməyə başladım. Bu dəfə səs görüntü ilə əvəz olunmuşdu. Gözlərim ancaq həmin qutunu görürdü. Sanki həmin qutunu əlimə almasam nəfəsim kəsiləcək kimi olmuşdum.
Plan qurmalı idim. Uşaqların planları sadə olur. Böyüklərin başının qarışacağı anı gözləməkdən ibarət olan plan yaxşı işləyir. Çünki gec-tez onların başı qarışır və səni unudurlar.
Əlli illik ömür yaşamış həyət evinin qədimi dəhliziylə qonaq otağına tərəf addımladım. Otağın küncündə duran iri şkaf və ətrafımda olan səssizlik məni vahiməyə gətirirdi. Nənəm bazara getmişdi, anam isə xalalarımla çay içərək müxtəlif məişət mövzularını növbəti dəfə müzakirə edirdi.
Şeytanın səsini eşitdim. “Stulu götürüb şkafa yaxınlaşdır”. Növbəti göstərişi isə daha təmiz şəkildə eşidilirdi. “Qapıları aç”.
İnana bilmirdim. İki həftə sonra gələcək Telmanın bəhbəhlə yeyəcəyi Danimarka peçenyelərinin qutusu mənə baxırdı. “Onu əlinə götür” deməyinə ehtiyac qalmamışdı. Qutu artıq əlimdə idi. Onu ehmalca açıb, içindən bir peçenyeni götürdüm. Qorxu və həyəcan itmişdi. Peçenyenin qoxusunu hiss edirdim. Çox keçmədi ki, onu ağzıma apardım.
Sonra onun səsi gəldi. “Nə gözləyirsən?” deyə soruşurdu.
Nənəmin bazardan qayıtmasına və anamın mövzularının bitməsinə çox az qalırdı. Başa düşürdüm ki, əlimdə olan qutunu yerinə qoymalıyam. Onu yerinə qoyub stulun üstündə bir qədər dayandım. Qardaşlarım otağa daxil olduğu an onların üzünü görəndə qəribə bir hiss keçirdim. Qardaşlarım mənim nə etdiyimi və hansı cəzaya məruz qalacağımı təsəvvür etməyə vaxt tapmışdı. Əlacsız şəkildə onlara baxırdım.
Onların qınaq dolu gözləri əvvəl mənə baxsa da sonradan elə həmin peçenye qutusuna zilləndi.
Şeytanın növbəti təklifini düşünmədən qəbul etdim. “Onları da bu işə şərik et” deyirdi. Bunun sadəcə bir yolu var idi. Peçenyeləri bölüşdürüb yeməliydik. Qutunu yerindən götürüb onlara tərəf getdim. Masanın üstündə duran qutuya baxan üç qardaş heç düşünmədən Danimarka peçenyelərinin başına oyun açdı. Qutunu boşalmış halda görmək bizi narahat etməyə başladı. Sanki birdən-birə etdiyimiz səhvin həcmini görməyə başladıq. Şeytan otaqdan sürüşüb çıxıb getmişdi. Günahımızla üz-üzə qaldıq. Uşaq günah nədir bilmir deyirlər. Məncə uşaq günahı işləyərək bunun günah olduğunu öyrənir. İçində olan başqa bir səs, qoruyucu mələyin səsi deyək “sən nə etdin?” deyə fəryad qoparır. Necə qoruyucu mələkdirsə şeytandan sonra reaksiya verir. Artıq gec idi. Qutuda peçenye qalmamışdı. Dəhlizdən nənəmin səsi eşidildi. Anam və xalalarım da evin içində idilər. İldırım sürətiylə qutunun qapağını bağlayıb, onu səliqəylə yerinə qoydum. Uşaq ağlı yaman işləyir. Problemi həll etməsə belə onun meydana çıxacağı anı yubada bilirik. Düşündüm ki, iki həftə vaxtımız var. Bəlkə də yay tətilimiz tez bitər və Bankədən üzü Bakıya tərəf gedən maşında oturub canımızı bu bəladan qurtararıq.
Həmin gün nənəm heç nə hiss etmədi, amma anam mənim üz ifadələrimin tez-tez dəyişdiyini və rəng verib rəng aldığımı müşahidə elədi. Gecəni yata bilmədim. Maraqlıdır ki, şeytan həmin gecə yatdığımız yerə gəlib bizə afərin demədi. Ümumiyyətlə heçnə demədi.
Vaxtın gec getməsini istəsən uçmağa başlayar. Gül kimi qaçıb oynayırdıq ki, həyətin darvazasından içəriyə girən Telmanı gördük. Biz artıq qutu barəsində unutmuşduq. Telmanı qarşılayan xalalarımın səsi və nənəmin sevincini izah etməyə ehtiyac yoxdur. Qonaqlıq axşamını təsəvvür edən kiçik beynimdə olan vəziyyəti də izah etmək istəyim yoxdur.
Köhnə Rubin televizorunda gedən şənlik proqramı və həmin proqrama iri masada əyləşib baxan qohum-əqrəbama baxa bilmirdim. Gözüm yenə də qutuya zillənmişdi. Dözə bilməyib otaqdan çıxdım. Həyətin damına baxan iri tut ağacına çıxdım. Budağında oturub Kür çayına gedən yola zilləndim. Şənlik səsi gəlməyə davam etdikcə vəziyyətim yaxşı idi. Birdən səs kəsildi və başqa bir səslə əvəz olundu. Bu səs anamın qışqırıq səsi idi. Bütün evə mənim adımı çığırırdı. Əlacsız şəkildə ağacda donub qaldım.
Nənəmin qutunu açandakı üzünü və Telmanın reaksiyasını görə bilmədim. İri masada olan fısıltıları eşitmədim. Axtarılan günahkarın müəyyən edilmə mərhələlərində iştirak etmədim. Bircə onu gördüm ki, anam ağacın altında dayanıb və əlində oxlov var. Kürəyim indidən göynəyirdi. Dilim qurumuşdu. Həvəssiz şəkildə aşağı düşəndə şeytan dilləndi:
“Təbrik edirəm! İlk mükafatını qazandın! Çırpılacaqsan!”
Ona cavab qaytarmaq istəyirdim ki, kürəyimə dəyən zərbə başımın gicəllənməyinə səbəb oldu. Yerdə idim və qaçırdım. İnsanın öz doğmaca anası nə üçün onu belə əzişdirsin deyə düşünürdüm. Hər dəyən zərbə ilə yediyim peçenyelərin bədəlini ödəyirdim.
Evin qabağında dayanıb çırpılmağıma baxan nənəm heç nə demədi. Onun üzünə baxa bilmirdim. Həmin yay mənimlə danışmadı. Düzdür, anamı dayandırsa da, bunu sadəcə düzgün olduğu üçün etdi. Düzgünlük onun sevdiyi bir dəyər idi. Nəvələrindən biri düzgün olmayan işin qulpundan tutmuşdu.
Bankədə keçirdiyimiz yay tətili bitdi. Bakıya gedən maşında susqun şəkildə oturdum.
Həmin hadisədən sonra şeytan bir neçə dəfə qapımı döysə də, açmadım. Amma qoruyucu mələyimə də çox minnət etdim.
Ümumiyyətlə həmin hadisədən sonra danışmaqla aram olmadı. Susmağı və yazmağı sevməyə başladım.
Maraqlıdır ki, iki yay sonra Telmanın hərbi xidmət vaxtı gəldi. Ağlaşan xalalarımı görüb dözə bilmədim. Əfsunə xalama bir şeir yazdım. Yazdım ki, qutunun əvəzini çıxım. Düşündüm ki, oğlu qayıdana kimi həmin şeir ona dost olar. Xalam ilk misraları oxuyan kimi hönkürdü. Şeiri sevib-sevmədiyini anlamadım. Bircə onu bilirəm ki, hadisənin üstündən otuz il keçsə də həmin kağız parçasını əmanət kimi saxlayır.
Mən də bir kağız parçasını göz bəbəyim kimi qoruyuram. Kağız 1992-ci ildə nənəmin atama yazdığı məktubdur. Orada onu mənimlə bağlı tənbeh edir. Atama mənimlə necə davranmalı olduğunu izah edir. Nənəmin yazdığı sətirləri oxuyan zaman anlamağa çalışıram ki, məni bağışlayıb, yoxsa yenə də müəlliməlik edir.
Arada öz otağımda olan şkafımızı açıb, Danimarka peçenyelərinin qutusunda saxladığım məktubu açıb oxuyuram. Qızım və oğlum yaxınlaşıb məktuba məhəl qoymadan qutuyla maraqlanır. Otağın ortasında qutuyla oynayan uşaqlarıma baxanda yadıma Bankə qəsəbəsi və şeytanın səsini eşitdiyim ilk gün düşür.
Bəlkə də, Səbahəttin Əli haqlıdır. Bu səs şeytanın deyil. Bu səs elə insanın özünə məxsusdur. Hər zaman öz səhvlərinə şərik axtaran insanın səsidir bu.