Bir Qaşıq Lobya

Qaşıqların sayını xatırlamıram amma həmin qaşıqlardan birində doyduğumu anladım. Buna baxmayaraq o birinci qaşığa necə aşiq olmuşdumsa onun xətrinə...


43 baxış
10.08.2026
5 dəq oxuma

Yoldaşım lobya bişirmişdi. Naomi adlı kitabın son səhifələrində idim. Masanın üstündə tüstülənən, lobya dolusu qab mənə baxırdı. Kitabın baş qəhrəmanına görə o qədər əsəb keçirirdim ki, oxumadan yerə tullamaq və bir daha bu əsərə qayıtmamaq istəyirdim. Bunu istədiyimi düşünüb, təmiz fərqli şəkildə davrandım. Bu başı xarab olmuş adamın aqibətinin necə bitəcəyini görmək istəyirdim. Yolun sonuna çatmağa 20-cə səhifəm qalırdı. Saxlayıb əlfəcini arasına qoydum. Bitməsini istəyirdim amma indi bitməməli idi. Bu sonluğu uzadaraq qəhrəmana və onun sevgilisinə “dayanın” dedim. 

Masa arxasına əyləşib qabı qabağıma çəkdim. Türk batonu, lobya və vişnə limonadı. “Həyat elə də pis deyil” deyə düşündüm. Ağlım kitabda qalsa da ağzıma apardığım ilk qaşıqdaca “ratatui vəziyyəti” yaşadım. Elə qaşıqlar var ki, sənə min ömrü yaşatmış olur. Ümid edirəm ki, sizlər də heç olmasa bir neçə dəfə belə qaşıqlardan dadmısınız. 

Lobya necə dadlı alınmışdı?!

İsti, sulu, duzu qədərində olan lobyanın ləzzəti başıma necə vurdusa növbəti qaşıqları amansız şəkildə ağzıma aparıb-gətirməyə başladım. Düşünürəm ki, növbəti qaşıqların hamısı ilk qaşıqda olan dad haqqında təsəvvürümün təsiri ilə yeyilirdi. Onlar da dadlı lobya ilə dolu idi, amma ilk qaşığın dadı onların işini o qədər asan etmişdi ki, əlavə işə ehtiyac yox idi. Hər növbəti qaşıqda həmin ilk qaşığın dadını yaşamaq istəyirdim. Cəhdlərimin sayı artdıqca onların uğursuz olacağını anlasam belə gec idi. 

Dad çox qəribə bir anlayışdır. Unudulmaz dad zaman, məkan və yaşanan vəziyyətə bağlıdır. 

Ən dadlı dondurmanı ailəmlə birlikdə qala divarlarının yanında yemişəm. Dəmir qabın içində verilən plombirdən sonra yediyim bütün dondurmalar həmin dadı axtarmaq cəhdlərim olub. 

Bir dəfə San Fransiskoda, Girardelli Şokolad fabrikasında İtalyan gelatosu bu dada yaxın bir dad bağışlayıb. Fabrikanın içində iri pəncərənin yanında oturub, üzümü Sakit Okeana çevirib sahilində duran iri yelkənli gəmiyə baxaraq yemişdim. 

Bu gəmi hara gedəcəkdi? Kimləri daşıyacaqdı? 

Görəsən növbəti illərim necə yaşanacaqdı? 

Həmin gelato beynimə sakitlik, ürəyimə istilik gətirdi. İndi isə bu lobyanın istisi ilə vurnuxurdum. Yeyəndə bir anlığa özümü qala divarlarının yanında hiss etdim. Ətrafımda oturan atamı, anamı, qardaşlarımı gördüm. Necə də deyib-gülürdük. Sevinirdik. 

Yedikcə qazana baxırdım. Gözlərimlə artıq ikinci qabı doldurmağa başlamışdım. Yoldaşım isə uşaqlar üçün də saxla baxışlarını atırdı. (Təbəssümü də deyirdi ki, bəli, bilirəm ki, dadlıdır.) İkinci tavada yenidən bişirməyə başlamışdı. 

Mən isə trans vəziyyətində idim. Ayrıca doğranılmış pomidor, xiyar, soğan ilə birlikdə qaşıqların üstündə olan lobyaları mədəmə ötürürdüm. Salatla birlikdə tam bir bəstəyə çevrilmiş sənət əsəri olmuşdu. 

Qaşıqların sayını xatırlamıram amma həmin qaşıqlardan birində doyduğumu anladım. Buna baxmayaraq o birinci qaşığa necə aşiq olmuşdumsa, onun xətrinə davam etdim. 

İkinci qab da masaya gəldi. 

Türk batonu yarılanmışdı. Salatın suyu yaranmışdı. Limonadın köpükləri çıxıb getmişdi. Kavayi və Naomi haqqında düşünməyi unutmuşdum. Məni düşündürən bu ikinci qab oldu. Birinci qabdan sonra doysam da, mədəm dolsa da, ikinci qabı az qala eyni acgözlüklə yedim. Son qaşıq artıq həmin birinci qaşığa bənzəmirdi. Birinci qaşıq şirin xatirəyə çevrilmişdi. Şişmiş qarnım mənə, mən isə ona baxırdım.  

Salat da, limonad da, 2-ci qab da, baton da bitmişdi. Durub əl-üzümü yudum. Asta şəkildə divana qayıdıb oturdum. Xoşbətlik də belə bir şeydir deyə düşündüm. İlk qaşıqlar bizi necə də çaşdırır. Yırtıcı kimi onları təqib etməyə başlayırıq. Daha anlamırıq ki, şikar özümüzük. 

Kitabın qalan 20 səhifəsini 2ci qabda olan lobya kimi bitirdim. Baş qəhrəman sevdiyi insanın 15 yaşında olan halının xatirələri ilə yaşayıb onun 23 yaşında etdiyi günahlara göz yumurdu. Başqa şəkildə xoşbəxt ola bilməyəcəyini düşünürdü. 

İnsan çox qəribədir. Əslində ona sadəcə ilk qaşıq lazım olur amma bunu başa düşmək üçün 2 qab yeyir. Qarnı partlayan zaman anlayır ki, ona lazım olanı ən əvvəldə dadıbmış. Özünə söz verir ki, bir daha belə bir acgözlüyü etməyəcək. Amma bu yapon personaj da belə bir söz vermişdi. Axırda qumdan tikdiyi qalanı necə tapdaladısa oxuyan hərkəsin mədəsini bulandırdı. Ya da hərkəs onu anlayışla qarşıladı. Axı biz də yaxın bildiklərimizə görə çox şey yaşayırıq. 

Onlar hər zaman ilk təsəvvürlərimizin meyvəsi kimi qalır. Sonradan yaranan obrazlar bizi narahat etsə belə çox da ciddiyə almırıq. 

Bir də elə insanlar olur ki, onların bizə yaxınlığı olmur amma onlarla edilən bircə söhbət ömürlük dad daşıyır. 

İnsan çox qəribədir. 

Yoldaşı lobya bişirib deyir və sizi Yaponiyaya, Amerikaya, İçərişəhərə aparır. 

Bu yazının hər paraqrafı bir qaşıqdır. 

Diqqətli olun!