Bu dəfə müştəri və agentlik münasibətlərini əsas alaraq yazı yazmağa başlayıram.
Ən maraqlı və qəribə situasiyalar həmişə müştərilərlə işləyən zaman başıma gəlir.
Marketinqdə əsas məsələ markanı mənimsəmək və markanın imicini öz imicinmiş kimi hiss etməkdir. Çünki insan ən doğmaları üçün can yandırır. Bu hissi özümdə aşılamaq üçün isə markanı bilən şəxslərlə – marketinq menecerləri, marka rəhbərləri və ya məsul şəxslərlə daim əlaqədə olmalı, onların dilindən markanı öyrənməliyəm.
Markaya nə qədər yaxın davransaq da, bəzən marka (marka tərəfində çalışan şəxslər) agentliyi və agentlik işçilərini özünə rəqib görür (ən yaxşı halda). Brifi tam vermirlər, brifi bu gün göndərib deadline-nını dünənə yazırlar, bir paylaşım üçün 8 dəfə edit istəyirlər, dizayneri, kopirayteri, smm-i günahlandırırlar və sonda işi qəbul etmirlər. Paylaşım zamanı gəldikdə isə shutterstock-da axtarışda ilk hissədə çıxan şəkli yükləyib üstünə söz yazıb paylaşırlar.
Keçmiş tarixdə keçirilən Milli Marketinq Forumunda spiker Pərviz Əzimov çıxışını Devid Oqilvidən sitatla açdı:
Agentliyinizlə yaradıcı sahədə yarışmayın. Bir it sahibisinizsə, özünüz niyə hürəsiniz ki?
Əziz markanı təmsil edən şəxslər, agentlik yalnız və yalnız sizin mənafeyinizi qorumaq, markanın imicini yaratmaq və satışınıza dəstək olmaq üçün çalışır. Biz nə sizi işinizdən qovdurub yerinizə keçmək istəyirik, nə də sizi kimlərəsə şikayət etmək. Gəlin, mehribancasına əl-ələ verib sosial medianın altını-üstünə gətirək. Əgər bir agentliklə (həqiqi bir agentliklə) çalışırsınızsa, əmin olun ki, orada çalışan şəxslər işinin mütəxəssisləridir. Buna güvənin, onların özlərini sübut etməsinə şərait yaradın. Çünki onlar işlədikcə siz, siz qazandıqca onlar qazanacaq. Win, win!
Mağazadan pul verib çörək aldığımız şəxs bizim şəxsi işçimiz yox, xidmət edən şəxs hesab olunduğu kimi agentliklə əməkdaşlıq edən şəxslər də işin keyfiyyətinin artırılması üçün sizə sadəcə xidmət göstərir. Bu kiçik hissəni unutmayaraq çalışsaq, hər iki tərəf əməkdaşlıqdan daha məmnun qalar, elə deyilmi?