
Təsəvvür edin ki, siz cinayət törətməkdə ittiham olunursunuz. Hansı cinayəti? Bu nə mənasız sualdır? Dürrenmattın Təhlükəli Oyun novellasında prokurorun Alfredo Trapsa dediyi kimi “əsas müttəhim olsun, cinayət həmişə tapılar”. Necə? Siz cinayət törətməmisiniz? Əlbəttə, əlbəttə. Hamı belə deyir. Cənab Traps da belə düşünürdü. Ona görə də məhkəmə oyununda iştirak etməyə məmnuniyyətlə razılıq vermişdi. Amma sonra nəinki cinayət törətdiyini etiraf etdi, hətta... Nə isə, hadisələri qabaqlamayaq. Möcüzələr Ölkəsində Alisanın şahid olduğu məhkəmədə qırmızıtoxmaq kral ağ dovşana necə deyirdi? “Başdan başla, sona qədər davam et, sonra dayan”. Yaxşısı budur, başdan başlayaq.
Təptəzə Studebekeri Alp dağlarının aşırımlı yollarında xarab olduğuna görə yolda qalan böyük bir şirkətin regional nümayəndəsi Alfredo Traps gecəni yaxınlıqdakı bir villada keçirməli olur. Məlum olur ki, villanın sahibi keçmiş hakimdir və şam yeməyində Trapsdan başqa onun iki qonağı da iştirak edir: keçmiş prokuror və keçmiş vəkil. Masa ətrafında məhkəmə prosesi üçün lazım olan bütün şəxslər toplanmışdı. Bircə müttəhim çatışmırdı ki, o da öz ayağı ilə gəlib çıxmışdı.
Beləliklə, ləziz təamlar və içkilərlə dolu şam yeməyində məhkəmə oyunu başlayır. Hər şey əsl məhkəmədəki kimi. Prokuror Trapsa suallar verir, vəkil ona susmaq və cavab verməmək hüququnu xatırladır. Traps isə vəkilin xəbərdarlıqlarına məhəl qoymayaraq biraz mühitin səmimiliyi, biraz diqqət mərkəzində olmaq istəyi, biraz da güman ki, içkinin təsiri ilə ona verilən sualları səmimi şəkildə cavablandırır və məlum olur ki, o, gənc yaşında bu vəzifəyə, bu pula, bu maşına heç də təmiz yollarla nail olmayıb. Doğrudur, fəhlə ailəsində doğulmuş Traps gecə-gündüz çalışaraq, əziyyət çəkərək nəhayət böyük bir firmada yaxşı bir işə düzəlmişdi. Amma, hələ də arzuladığı statusu əldə edə bilməmişdi. Ətrafdakı bahalı maşınları gördükcə sürdüyü köhnə Citroen artıq onu qane etmirdi, özü müdir olub şirkəti idarə edə biləcəkkən adi işçi kimi qalmaqdan, müdirin onun inkişaf perspektivlərinin qarşısını almasından narazı idi. Belə davam edə bilməzdi. Nə isə edilməli, nə isə olmalı idi. Və bir gün bu nəsə baş verir. Təsadüfi bir görüş nəticəsində müdirinin həyat yoldaşı ilə münasibətdə olan Traps müdirin xəbərçisi olduğunu bildiyi bir əməkdaşın da iştirak etdiyi bir yemək əsnasında sanki bilmədən ağzından qaçmış kimi bu hadisəni danışır. Onun gözlədiyi kimi də olur, xəbərçi dərhal əhvalatı müdirə çatdırır. Ürəyi xəstə olan və bu gözlənilməz xəbərə dözməyən müdir evə gedib çatana kimi infarkt keçirir. Təchizatçılarla və alıcılarla artıq lazımi əlaqələri yaratmış Traps isə keçir onun yerinə və özü müdir olur. Vəzifə də artır, pul da. Citroeni də dəyişir Studebekerə.
Budur, Trapsın öz etirafları nəticəsində axtarılan cinayət tapılır. Cinayət varsa, deməli cəza da olmalıdır. Məhkəmə Trapsa ölüm hökmünü elan edir və bununla da şam yeməyi də, oyun da bitir. Daha doğrusu onlara elə gəlir ki, bitib. Çünki, səhər Trapsı oyatmağa gedəndə onun cansız bədəni ilə qarşılaşırlar. Traps özünü asaraq oyunda ona verilən cəzanı özü həqiqətən icra etmişdi.
Məhkəmə sadəcə bir oyun olduğu halda, Traps niyə görə ona verilən cəzanı icra edir? Özünü həqiqətən təqsirli bildiyinə görə? Vicdan əzabı çəkdiyinə görə? Bu cavablar elə də inandırıcı deyil. Traps məhkəmədən qabaq da nə etdiyini çox gözəl dərk edirdi və əgər buna görə özünü təqsirli hesab etsəydi, çoxdan edərdi. Trapsın özünü asmasına səbəb təqsir yox, utanc hissi idi. Təqsir insanın daxilən səhv hesab etdiyi bir hərəkəti etməsi ilə bağlı olan hissdir. Ona görə də, heç kim həmin insanın bu hərəkəti etdiyini bilməsə belə, o özünü təqsirli hiss edir. Utanc isə hərəkətin özündən yox, onun başqaları tərəfindən bilinməsindən yaranır. Bu hiss ancaq başqalarından asılıdır. Utanc reallıqla konflikt deməkdir. Mən fikirləşirəm ki, mən yaxşı, gözəl insanam və ətrafdakıların da məni elə görməsinə çalışıram, amma indi sübut olunur ki, mən əslində elə biri deyiləm və mən bilirəm ki, mənim elə biri olmadığımı ətrafdakılar da bilir.
Trapsın məhkəməsinə fikir verdikdə onun iyirminci əsrin ən məşhur ədəbi məhkəməsinin sanki tam əksi olduğu görünür. Söhbət əlbəttə ki, Yozef K. barəsindəki Prosesdən gedir. Traps təsadüf nəticəsində bir axşam özü məhkəmənin ayağına gəlir, Yozef K. isə bir sabah yuxudan oyananda elə yatağındaca həbs olunduğunu öyrənir. Trapsın məhkəməsi bir şam yeməyinin müddəti qədər, cəmi bir neçə saat çəkir. K.-nın məhkəməsi bir il davam edir. Traps məhkəmə ilə bilavasitə ünsiyyətdə olur, bir masada əyləşir. K. isə nə qədər çalışsa da onu kimin, hansı məhkəmənin mühakimə etdiyini müəyyən edə bilmir. “Heç cür görə bilmədiyi o hakim haradadır? Onun heç vaxt gedə bilmədiyi o ali məhkəmə haradadır?” Traps əsərin əvvəlində olmasa da, sonradan konkret olaraq nədə ittiham olunduğunu bilir. K. isə nədə ittiham olunduğunu heç cür öyrənə bilmir. Traps intihar edərək ölüm hökmünü özü icra edir, K.-nı isə edam edirlər. Və ən əsas fərq odur ki, Traps həqiqətən də təqsirlidir, K. isə təqsirsizdir. Yoxsa yox? K.-nın təqsirsiz olduğunu hardan bilirik? Təqsiri sübut olunmayıbsa, deməli təqsirsizdir? Məhkəmə onun barəsində ölüm hökmü verib axı. Deməli təqsiri sübut olunub. Bəs niyə K. təqsirsiz hesab olunur? Özü elə dediyinə görə? K.-nın sözlərinə inana bilərikmi? Axı o nədə ittiham olunduğunu belə bilmir. Bəlkə ittihamı bilsə, o da özünü təqsirli hesab edəcəkdi.
Təqsirli olduğunu bilməmək hələ təqsirsiz olmaq demək deyil. Edipi xatırlayaq. Ən məşhur qədim yunan faciəsinin qəhrəmanı və bəlkə də ədəbiyyat tarixindəki ilk detektiv Edipi. Fiv şəhəri ilahi cəzaya məruz qalıb. İnsanlar vəbadan tələf olur, mal-qara qırılır, taxıllar quruyur. Sakinlər hökmdar Edipdən şəhəri növbəti dəfə xilas etməsini istəyirlər. İllər əvvəl Fivə yeni gələn Edip Sfinksin tapmacasına düzgün cavab verərək Fivi artıq bir dəfə xilas edib. Elə bu xilasa görə də mərhum hökmdar Layusun yoldaşı Yokastanı alaraq Fiv hökmdarı olmuşdu. Edip bu dəfəki fəlakətin səbəbini öyrənmək üçün Delfi orakuluna müraciət edir və məlum olur ki, səbəb Layusun qatilinin hələ də tapılıb cəzalandırılmamasısıdı. Beləliklə, Edip qatili axtarmağa başlayır. Hadisənin şahidi olan çoban da tapılır və sonda məlum olur ki, qatil elə Edip özüdür. Fivə gələrkən yolayrıcında yol vermək üstündə mübahisə etdiyi və öldürdüyü qoca elə Fiv hökmdarı Layus imiş. Amma çobanın şahidliyi daha faciəvi mətləblərin də üstünü açır. Sən demə, Layus Edipin atası imiş. Edip doğulanda Delfi kahini Layusa o qorxunc kəhanəti bildirir. Edip atasını öldürəcək və anası ilə evlənəcək. Kəhanəti eşidən Layus bunun qarşısını almaq üçün Edipi öldürtmək qərarına gəlir, amma bu işi görməli olan çoban körpəyə qıymır və onu başqa şəhərə gedən bir səyyaha verir. Və budur kəhanətdən qaçmaq alınmır. Edip gözlərini çıxararaq özü özünü cəzalandırır.
Ola bilsin ki, K. da təqsirlidir. Sadəcə, səmimi bir şam yeməyi arxasında ürəyini boşaltmağa ehtiyac var. Ya da Edip kimi bir kahin tərəfindən “gözlərinin açılmasına”. Ola bilsin ki, o həqiqətən də təqsirli deyil, amma elə hiss edir, buna görə də ölüm cəzasını demək olar ki, könüllü qəbul edir. Bəlkə, söhbət ümumiyyətlə konkret bir cinayətdə təqsirdən getmir. K. sırf mövcud olduğu üçün təqsirlidir. Bəlkə də Kafka bu əsərdə ekzistensial təqsir hissini təsvir edib. K.-nın məhkəmə prosesinin onun otuz yaşı tamam olan gün başladığının vurğulanması təsadüfdürmü? Bəlkə bu sadəcə K.-nın məhkəməsi deyil, hər birimizin, hər bir insanın məhkəməsidir. İnsan mövcuddur, bir növ öz iradəsindən asılı olmayaraq dünya adlı bu həbsxanada həbsdədir, amma niyə mövcud olduğunu, yəni təqsirini bilmir. Şair demişkən, “həyat zindandır, insan da dustağı”.
Nə isə mövzudan çox uzaqlaşmayaq, qayıdaq yenə şam yeməyinə. Amma bu dəfə süfrəmiz İsveçrə kəndindəki villada deyil, La-Manş boğazında heç kimin yaşamadığı kiçik bir adada, sahibləri bilinməyən bir villada açılıb. Süfrə arxasında əyləşənlər artıq dörd deyil, daha çoxdur, düz on nəfər, on qonaq, on zənci balası. Bir-birini tanımayan bu on nəfərin hər biri keçmişdə törətdiyi, amma mühakimə olunmadığı bir cinayətdə ittiham olunur. Hakim və ya prokuror tərəfindən deyil, qəfildən qramafondan gələn və kimə aid olduğu bilinməyən bir səs tərəfindən. Əsrarəngiz səs ittihamları sadaladıqdan sonra sözlərini “müttəhimlər, siz öz bəraətiniz üçün nə deyə bilərsiniz?” deyərək yekunlaşdırır. Bir növ onlara əslində işarə olunur ki, onlar faktiki olaraq mühakimə olunurlar və ünsiyyət birtərəfli deyil, onlar səsi eşitdiyi kimi, səsin sahibi də onları eşidir və sualına cavab gözləyir. Onlar isə heç nə demirlər. Ona görə yox ki, özlərini təqsirli hesab edirlər və deyəcək sözləri yoxdur. Əksinə, onlar inanırlar ki, təqsirsizdirlər. Amma, gözəgörünməz hakimi aldatmaq mümkün deyil. O, hər şeyi çox yaxşı bilir. Bu on nəfərin hər birinin günahsız insanların ölümünə səbəb olduqlarını da. Necə deyərlər, qorx o məhkəmədən ki, hakim özü şahiddir. Həm də cəllad. Beləliklə, məhkəmə başa çatır və qalır bu gözəgörünməz məhkəmənin verdiyi hökmün icrası. Hökm isə çoxdan verilib və hər birinin otağından asılıb.
“On zənci balası nahara getdi,
Birisi boğuldu, aradan itdi.
Doqquz zənci balası çox yedilər,
Birisi yuxudan durmadı səhər.
Səkkiz zənci balası Devona qaçdı,
Biri qayıtmadı, qayadan uçdu.
Yeddi zənci balası odun doğradı,
Balta kəsdi birini, altısı qaldı.
Altı zənci balası gəzməyə çıxdı,
Birini arı sancıb tez göyə qalxdı.
Beş zənci balası məhkəmə qurdu,
Biri cəzalandı və qaldı dördü.
Dörd zənci balası dənizdə çimdi,
Biri tora düşdü, bilmədi kimdi.
Üç zənci balası heyvanxanada,
Birini ayı yedi, düşmədi yada.
İki zənci balası gündə uzandı,
Birini gün yandırdı, bircəsi qaldı.
Son zənci balası yoruldu nəsə,
Gedib özünü asdı, qalmadı kimsə.”
Əsl poetik ədalət. Maraqlıdır, bu əsəri dünyanın ən yaxşı detektivlərindən biri, bəlkə də birincisi edən nədir? Qeyri-adi sonluq? Bəlkə də. Ümumiyyətlə detektivlər niyə maraqlıdır? Oxucu məntiq və verilən ipucları vasitəsilə əsərin qəhrəmanları ilə birlikdə qatilin kim olduğunu tapmağa çalışır, amma əsəri daha maraqlı edən detektivin bir neçə dəfə yanılması və hələ də tapılmayan qatilin törətdiyi növbəti qətllərdir. Oxucu bundan zövq alsa da, bunu açıq etiraf edə bilmir, çünki həmin öldürülənlər günahsız adamlardır. On zənci balasında isə yazıçı oxucunu bundan xilas edir. Öldürülənlər hamısı vaxtilə törətdikləri cinayətə görə cəzalandırılırlar və oxucu da qatillə birgə guya ədaləti bərpa etmək adı ilə bu silsilə qətllərdən vicdan rahatlığı ilə zövq ala bilir. Amma bu əsəri maraqlı edən əsas səbəb başqadır. Maraqlı detektiv qatilin axtarıldığı detektiv deyil, Tanrının axtarıldığı detektivdir. Qatil onsuz da məlumdur.
"— Bəs... kim... öldürüb?..
— Necə yəni kim öldürüb?.. Siz öldürmüsünüz, Rodion Romanoviç! Elə siz öldürmüsünüz…"
Və ya qatilin kim olduğu bir o qədər də önəmli deyil. Məsələn, Karamazov qardaşlarındakı kimi. Dostoyevski yaradıcılığının zirvəsi olan bu dini-fəlsəfi romanda ata Karamazovu kimin qətlə yetirdiyini heç əsərin sonunda da yüz faiz bilmirik. Doğrudur, qatilin etirafı var, amma bu etiraf həqiqəti əks etdirməyə də bilər. Bəli, önəmli olan qatili tapmaq deyil. Qatil kimdir sualına cavab axtarmazdan qabaq daha mühüm suala cavab tapmalıyıq. Tanrı varmı? Çünki İvanın dediyi kimi “əgər Tanrı yoxdursa, deməli hər şeyə icazə var”. Hər şeyə. Fyodor Karamazov kimi bir əclafın qətlə yetirilməsinə də icazə var. Varmı? Varsa niyə İvan K. buna dözmür və ağlını itirir? Niyə İvan K. özünü təqsirli sayır? Axı o Raskolnikovdan fərqli olaraq qatil deyil. O daha çox Raskolnikovun traktirdə zabitlə söhbətini eşitdiyi tələbə kimidir.
"- Bax indi belə danışırsan, nitq deyirsən, amma mənə de: qarını özün öldürərsən, ya yox?
- Əlbəttə, yox! Mən ədalət naminə deyirəm... Məsələ məndə deyil..."
Əlbəttə, nəzəriyyədə “ədalət naminə sələmçi qarını öldürmək olar”. Fyodor Karamazovu da. Bu ki, sadə arifmetikadır. Amma özü etməz. Arzulamaq hə, düşünmək hə, bu başqa məsələ. Amma baltanı əlinə alıb əlini qana bulamaq? Yox, bu olmaz. Bunu onun nəzəriyyəsinin təsirinə düşən başqa birisi edər. Raskolnikov kimi. Smerdyakov kimi. Bəs, İvan özünü buna görə mi təqsirli hesab edir, yoxsa özü öldürməsə belə bu ölümü arzuladığına görə?
“- Məgər hər bir insanın haqqı varmı ki, başqalarına baxaraq onların hansının yaşamağa layiq, hansının isə daha az layiq olduğuna qərar versin?
-… Kimin arzulamağa haqqı yoxdur ki?
-Başqasının ölümünü belə?
-Hətta ölümünü belə.”
“Bir at bara girir” romanının qəhrəmanı Dovale karyerasının sonuncu stendapına son dəfə 40 il əvvəl gördüyü uşaqlıq dostunu, keçmiş hakimi dəvət edir. Dəvət edir ki, onu dinləsin və mühakimə etsin. İlk baxışda zarafatları elə də gülməli olmayan və tamaşaçıların zalı yarımçıq tərk etdiyi bu uğursuz stendapda Dovale əslində öz həyatını bölüşür. Xüsusilə uşaq vaxtı on dörd yaşı olanda baş vermiş bir hadisəni. Həmin vaxt evdən uzaqda bir həftəlik düşərgədə olan Dovaleni qəflətən çağırıb onun uşaq beyninin anlayıb qəbullanmaq istəmədiyi bir xəbəri verirlər. Valideyni rəhmətə gedib. Dovaleni bir maşına otuzduraraq evə yola salırlar. Dörd saatlıq yol boyu Dovale bu kədərli xəbərin hansı valideyninə aid olmasını fikirləşir. O gah anası ilə, gah atası ilə keçirdiyi anları xatırlayır, gözlərinin qabağına gətirir və istəmədən də olsa beynindəki bu haqq-hesab nəticəsində ürəyinin dərinliyində evə çatanda valideynlərindən hansını sağ görmək istədiyini başa düşür. Əlbəttə, günah onda yox, ona bu xəbəri tam verməyənlərdədi. Axı bir uşaq üçün dörd saatlıq yol boyu görəsən hansı valideynini artıq görə bilməyəcəyini düşünmək qədər ağır nə var bu həyatda. Və istəmədən də olsa ürək öz qərarını verir. Dovale evə çatanda dəfnə yığılmış camaatın arasında atasını görür. Atası onu qucaqlamaq istəyəndə, o ağlayaraq qaçır. Nəhayət Dovale atasının gözlərinə baxanda hiss edir ki, o, Dovalenin yolboyu apardığı haqq-hesabı başa düşüb. “Atam elə qışqırdı ki, sanki mən onu öldürdüm” deyir Dovale. Sanki burda artıqdır. Dovale atasını ürəyində öldürmüşdü artıq. Bəli, Dovalenin hakimi çağırıb onun qarşısında ürəyini boşaltması məhz uşaq vaxtı öz ürəyində törətdiyi bu cinayətə görə nəhayət ömrü sona yaxınlaşarkən mühakimə olunmaq istəyi idi.
Qombroviçin “Qəsdən törədilmiş cinayət” əsərində hakim Q. bir gün bəzi işlərlə bağlı tanışı K.-nın evinə gedir. Amma evdə onu K. yox, onun ölüsü qarşılayır. Məlum olur ki K. dünən gecə infarkt keçirib. Göründüyü kimi ortada nəinki qəsdən törədilmiş, ümumiyyətlə cinayət yoxdur. Amma bu Q.-ya cinayəti araşdırmağa mane olmur. Törədilmiş cinayətin üstünü hamı açar, detektiv ona deyərəm ki, törədilməmiş cinayətdə qatili tapsın. Və Q. buna nail olur. Çünki Q.-nın fikrincə:
“Sizi əmin edirəm, cənablar, əməlin fiziki əlamətləri, işgəncəyə məruz qalmış cəsəd, otaqdakı qarışıqlıq, hər cürə "sübutlar", bütün bu detallar ikinci dərəcəlidir, belə demək olarsa cinayətə əlavələrdir, məhkəmə-tibbi formallıqdır. Cinayət ilk növbədə ürəkdə törədilir.”