29 sentyabr

Səhər açıldı... Hələ ki, Horadizin işıqsız küçələrində az-maz dükanlar qorxa-qorxa işləyirdi. Amma kənd demək olar ki, boş idi.


19 baxış
29.09.2026
1 dəq oxuma

29 Sentyabr

Səhər açıldı...

Hələ ki, Horadizin işıqsız küçələrində az-maz dükanlar qorxa-qorxa işləyirdi. Amma kənd demək olar ki, boş idi. Evlərdə yaşayış, demək olar, yox idi.

Hələ nələrin baş verəcəyindən biz də xəbərdar deyildik. Amma ön cəbhədən xəbərlər gəlirdi. Şanlı Azərbaycan Ordusunun irəlilədiyi bildirilirdi.

Ambulans səsləri hər yeri bürümüşdü. Yaralı və şəhidlərin sayı artıq kifayət qədər idi.

Manqa komandirlərindən bəziləri bizə döyüş hazırlığı ilə bağlı təlimlər keçirir, qumbara atmağı və başqa şeyləri öyrədirdi. Bəzilərimiz isə böyük bir sıxıntı içində nə olacağını gözləyirdik.

Evlə danışanda da söhbəti elə hey tez bitirmək istəyirsən. Nə deyəcəyini, nə danışacağını bilmirsən...

Sonra xəbər gəldi: artıq sabah biz ilk döyüşə girəcəyik. Ən ön xəttə...

Bu gecəni altı uşaq bir yerdə yatdıq:

Dmitri — şəhid.
Elsəvər — şəhid.
Yunis — yaralı.
Kənan — yaralı.
Cavidan və mən.

Gecə artilleriyanın səsindən tez-tez dik atılırsan. Oyanırsan:

Mən hardayam? Bura haradır? Bu nə soyuqdur?..

Bir az keçəndən sonra yenidən gözünü yumursan.

Və bu hal gecə boyu dəfələrlə təkrar olur...