Rasim divanda uzanıb telefonunda oyun oynayırdı. Birdən mətbəxdən anasının onu çağırdığını eşitdi və “bəli, Anacan” deyə ona cavab verdi. Anası otağına gələrək düşüb marketdən yağ almasını istədi. Rasim tez ayağa qalxaraq “bu dəqiqə” deyib, anasından bir 10-luq alıb marketə qaçdı.
Market elə Rasimgilin həyətində idi. Blokdan çıxarkən məhlədə balaca uşaqların top oynadığını görüb bir az onları motivasiyalandırdı. Sonra anasını çox gözlətməmək üçün marketə tələsdi. Marketə girib, anasının dediyi yağı tapdıqdan sonra kassaya yaxınlaşdı. Kassir qız yağın 4 manat 35 qəpik olduğunu bildirdi və Rasim tez cibindən 10-luğu çıxarıb qıza uzatdı. Kassir qız qalıq olaraq 5 manat 65 qəpiyi ona qaytardı. O isə 5 manat 60 qəpiyi alıb “çox sağolun” deyərək yağı da götürüb marketdən çıxdı.
Evə gəlib yağı anasına verdikdən sonra qalan məbləğdəki 60 qəpiyi qutusuna atdı. O, həmişə belə eləyərdi. Evdən nəsə almaq üçün pul götürəndə artıq qalan qəpikləri yazı masasının üstündəki qutusuna atardı. Daha sonra şəhərə gedərkən avtobus üçün qəpikləri bu qutudan götürərdi.
Növbəti gün Rasim şəhərə getməli idi. Səhər açıldı, səhər yeməyini yaxşıca yedikdən sonra kitabını da götürüb evdən çıxdı. Qutusundakı 60 qəpiyi də götürdü. Çünki avtobusla getməyi düşünürdü. Rasim şəhərə çox vaxt avtobusla gedərdi. Çünki avtobusda rahat əyləşib mənzil başına çatana qədər kitab oxumağı sevərdi. Bu gün götürdüyü kitab yerli yazarlardan Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” kitabı idi. Bu kitabı ətrafındakı kitab oxuyan dostları çox bəyənmiş və onun da oxumasını məsləhət görmüşdülər. Buna görə də bu gün bu kitaba başlayacaqdı.
Rasim həyətə düşüb avtobus dayanacağına gedib gözləməyə başladı. Əvvəlcədən planlı şəkildə işlərini görməyi sevən Rasim gedəcəyi yerə çatacağı vaxtı və s. hesabladığından avtobusla getmək onun üçün uyğun idi. Ancaq bəzən həyatda qəfil hadisələr baş verir. Bu dəfə də onun həyatında qəfil hadisə baş verdi. O, yarım saata yaxın gözləmişdi ki, avtobus gəlib çıxmaq bilmirdi. Buna görə də Rasim üz tutdu “1 manatlıq” taksilərə. Bəxtindən elə yanından taksi ötürdü ki, şüşəni aşağı yendirib “Koroğlu” deyə səsləndiyini eşitdi və tez özünü maşına atdı.
20 dəqiqə sonra “Koroğlu” metro stansiyasının yanında idi. Tez metroya düşüb “İçərişəhər” istiqamətində gedən qatara mindi. Gedəcəyi məkan “Sahil” metro stansiyasından 10 dəqiqəlik məsafədə yerləşən “Sahhafçı Book Cafe” idi. Sahil metrosundan çıxıb gedəcəyi məkana üz tutdu. Sevinc onu elə məkanın qarşısında gözləyirdi. Rasim danışılan vaxtdan 5 dəqiqə gecikmişdi. Tez üzrxahlıq edib məkana keçdilər. Bakıda ilk və tək ev tipli olan bu Kitab Kafesi onların sevimli məkanı idi. Elə ilk tanışlıqları da burada təsadüfən olmuşdu.
Rasim kitab oxumağı çox sevdiyi kimi, kitab kafelərinə də getməyi çox sevərdi. Bir gün də planında “Sahhafçı Book Cafe”yə getmək var idi. Bu məkana elə ilk girən kimi vurulmuşdu. Məkana daxil olub boş yerlərdən birində oturmuşdu ki, yan masalardan birində tək oturub Varisin “Sənə inanıram” kitabını oxuyan qıza gözü sataşdı. Bu kitab Rasimin bədii ədəbiyyatla ilk tanış olduğu kitab idi. O da öz kitabını çıxarıb oxumağa başladı. Deyəsən, Rasim də qızın diqqətini cəlb etmişdi. Rasimin kitab oxuduğunu görüb gözünü kitabdan qısa bir müddətlik ayırıb onu süzmüşdü də Sevinc. Bir saata yaxın vaxt keçmişdi ki, Sevinc artıq durmağa hazırlaşırdı. Elə bu an Rasim “oxuduğunuz kitabı bəyənirsinizmi ?” deyə Sevincə tanışlıqlarını başladacağı ilk sualı verdi. Sevinc isə “yazarın qələmindən oxuduğum ilk kitabdır, axıcıdır” deyə cavab verdi. Rasim də “onun da bədii ədəbiyyatla ilk tanışlığının bu kitab vasitəsilə olmasını” qıza bildirdi. Aralarında baş tutan ayaqüstü və qısa dialoq ikisi üçün də xoş idi. Ancaq Sevinc tələsdiyini bildirib, söhbəti tam yekunlaşdırmadan kafedən çıxmışdı.
Rasim 1 həftə sonra kitabsevər dostu Aslanla həmin məkana (Sahhafçı Book Cafe) getməyi planlaşdırmışdılar. Günorta vaxtları idi. İçəri girib pəncərəyə yaxın olan masada əyləşdilər. Rasim latte, Aslan isə americano sifariş verdi və yanında hər ikisi şirniyyat kimi kruasanı seçdilər. Sifarişləri qısa bir müddət ərzində gəldikdən sonra elə yenicə içkilərindən içib söhbətə başlayırdılar ki, qapıdan bir qızın içəri girdiyini gördülər. Rasim tez Sevinci tanıdı. Qız da onu tanımışdı, əslində. Ancaq dili ilə deyil, gözləri ilə salamlaşdı onunla. Sevinc yenə ilk dəfə Rasimlə qarşılaşdığı - divarın yanında olan masada oturub kitabını masanın üstünə qoydu. Rasimin bir gözü Aslanda, bir gözü isə Sevincdə idi. Kitabın keçən dəfəki kitab - Varis: Sənə inanıram və kitabın içindəki əlfəcinin artıq kitabın son səhifələrində olduğunu tez gördü. Aslanla söhbəti yarım saat sonra yekunlaşdırmaq istəyən Rasim, evə tələsdiyini bildirərək birlikdə durub getmələrini ondan xahiş etdi. Aslan heç nədən şüphələnməyərək razılığını bildirərək ayağa durdu. Kafedən çıxan kimi elə qapının ağzında Rasim Aslana atasının elə yaxınlıqda onu maşın ilə gözlədiyini bildirdi. Əslində bu yalan idi. Aslan yenə də razılaşdı və Sahil metrosuna tək üz tutmağı seçdi. Rasim elə Aslanın əksinə bir az irəliləmişdi ki, onun döngəni keçdiyini görüb tez dönüb kafeyə geri qayıtdı.
İçəri girən kimi Sevincin masasına yaxınlaşıb “salam, deyəsən kitabı bitirməyinizə az qalıb” dedi. Sevinc də başı ilə təsdiq edərək “həə, maraqlıdı, sanki kiminləsə qarşı-qarşıya oturub söhbət edirəm, kitab oxumuram. Kitab o qədər axıcı, sadə dildə yazılıb ki, adam kitabı əlindən yerə qoymaq və kitabın bitməsini istəmir". Sanki bu cavabı gözləyirmiş kimi, Rasim “sizə də uyğundursa, bitirdikdən sonra elə bu məkanda oturub sizinlə bu kitabı müzakirə etməyi çox istərdim” dedi və Sevinc də bu təklifə çox isti yanaşaraq müsbət cavab verdi. Elə o kitabın müzakirəsi ilə də tanışlıqları daha da artmış və bir-biri ilə kitablar haqqında söhbətlər, kitab müzakirələri başlamışdı.
Ancaq bu dəfə kitablar haqqında və ya kitab müzakirəsi üçün görüşməmişdilər. Rasim yaxınlaşan 14 fevral günü ilə bağlı Sevincə hədiyyə almışdı. Bu hədiyyə isə elə kitab idi. Çünki 14 fevral bəziləri üçün “sevgililər günü” olsa da, amma hər kəs üçün dünyada “beynəlxalq kitab bağışlama günü” idi. Əslində Sevinc də ona bu əlamətdar günlə bağlı olaraq kitab almışdı. Bir-birinə demədən, xəbərləri olmadan bir-birinə kitab almışdılar. Bu günkü görüşü Rasim təklif etmişdi. Sevincə “kitablardan söhbət edərik” deyib görüşə dəvət etmiş və əsas məqsədini gizli saxlamışdı. Məkana daxil olub həmişəki masalarında - əvvəllər Sevincin həmişə oturduğu divarın yanındakı masada - əyləşdilər. Hər ikisi latte içməyi sevirdi, amma çayı da bir başqa sevərdilər. Bu dəfə mixəkli çay sifariş verdilər. Çay gələnə kimi bir az dərslərdən, havadan, sudan danışdılar. Çay gəldikdən sonra Rasim görüşün əsas səbəbini hədiyyə kitab bağlamasını Sevincə göstərərək dedi. Sevinc isə təəccüb qarışıq sevinc hissi ilə “aaaa, sən də ?” dedi və o da öz hədiyyəsini çıxartdı. İkisi də bu xoş hadisəyə sevinc qarışıq gülməyə başladılar.
Rasim Sevincə “Elçin Əzimli - Çağrı”, Sevinc isə ona “Ülviyyə Tahir - Aljir” kitabını almışdı. Hər ikisi aldıqları kitablar haqqında bir-birinə məlumatlar verdi, fikirlərini bölüşdülər. Daha sonra yenə kitablarla davam edən söhbətin yekununda ilk dəfə birlikdə şəkil çəkdirdilər. Əllərində kitablarını tutaraq “selfie” çəkib özləri üçün bu gözəl gündən bir xatirə qalsın dedilər.
Kafedən çıxıb birlikdə Sahil metrosuna istiqamət aldılar. Əllərində kitablar metroya düşüb Həzi Aslanov istiqamətindəki qatara mindilər. Artıq axşam tərəfi idi. Hava getdikcə qaralmağa başlayırdı. Sevinc 28 may metrosundan düşüb Dərnəgül istiqamətindəki qatara minib Memar Əcəmi stansiyasına getməli, Rasim isə Koroğlu metrosunda düşməli idi. 28 may metrosunda Sevinc Rasimlə sağollaşıb qatardan düşdü və qatarın çölündən ona əli ilə sağol etdiyini Rasim gördükdə sevincinə sevinc qatıldı sanki.
Rasim Koroğlu metrosundan çıxıb tez “1 manatlıq” taksi ilə evə getməyi düşünürdü. Çünki axşam vaxtlarında artıq avtobusla getmək çox yorucu olurdu. Həm basabas, həm ayaq üstdə getmək, həm də vaxt itkisi. Ona görə 50 qəpik artıq olsun, amma rahat və tez bir zamanda evə çatmaq daha sərfəli görünürdü. Taksi tapıb mindikdən sonra telefonunu çıxarıb Sevincə mesaj yazmaq keçdi içindən. “Bu günümü gözəl və özəlləşdirdiyin üçün təşəkkürlər” mesajı və yanına da sevinc dolu gülümsəmə smayliki qoyub göndər düyməsinə basdı. Mesaj çatar-çatmaz oxundu və Sevincdən “eyni mesajı elə indicə mən düşünürdüm ki, sənə yazım, məni qabaqladın” mesajı gəldi. Bu dəfə isə evə çatana qədər telefonda söhbətləri davam etdi.
Taksidən düşmüşdü ki, anasından “oğlum, evə gələndə bir çörək alarsan” mesajı gəldiyini görüb yolunu market istiqamətində dəyişdi. Marketə çatmağına az qalmış çörəyin qiymətinin 65 qəpik, onunsa cibində 60 qəpik olduğunu xatırladı. Amma cibində kağız əsginaslar da var idi. Marketə girib bir çörək götürüb kassaya yaxınlaşdı və cibindən 1 manat çıxarıb kassirə uzatdı. Kassir də qalıq məbləği - 35 qəpiyi ona qaytardı. Rasim bu dəfə 5 qəpiklə birlikdə 35 qəpiyin hamısını götürüb marketdən çıxdı.
Evə gedərkən yolda dünən marketdən götürmədiyi 5 qəpiklə, bu gün çörək almaq üçün ona lazım olan 5 qəpik haqqında düşünürdü…