Nyu-Yorklu Mamdaninin azarkeş çıxışı - Təhlil

“53 ildir ki, BİZ bunu izləyir və gözləyirdik”


10 baxış
06.08.2026
7 dəq oxuma

İlk öncə qeyd edim ki, Mamdani Nyu-York şəhərinin meridir. 

Nyu York Niksin 53 il sonra NBA-da çempion olması Mamdaninin çıxışını uğurlu edən amil deyil. Bu çıxışı uğurlu edən ən önəmli amil Mamdaninin müəyyən bir dəqiqə içərisində Nyu York-un meri kimi davranmaması oldu. O mer kimi yox,  azarkeş kimi danışırdı.

Demək olar ki, bir çox qələbə çıxışları bir-birinə bənzəyir. Təbrik edilir, oyunçulara təriflər yağdırılır, şəhər təşəkkür edir və hamı xoşbəxt şəkildə işinə gücünə qayıdır. Lakin, Mamdani təmamilə fərqli bir strategiya seçir. Onun bu çıxışı sadəcə bir təbrik üzərinə qurulmamışdı. O daha çox bağlılıq bildirən hissləri ötürmək üçün səhnədə idi.

Elə ilk cümləsində Mamdani özü ilə auditoriya arasında məsafəni darmadağın etdi. Onun ilk cümləsi qarşılama, salamlama vəya quru təbrik olmadı. 

Mamdani danışmağa başlayan kimi “53 ildir ki, BİZ bunu izləyir və gözləyirdik” cümləsini qurdu. Baxın, burada nə SİZ, nə AZARKEŞLƏR, nə MƏN sözü var. BİZ deyir. Bu sadə görünən BİZ sözü bütün bir çıxışın təməl daşı sayılır. Bu cümlə o deməkdir ki, Mamdani orada insanlara səslənərək onlara nəyisə izah etmir vəya danışmır, onlardan biri kimi danışır. 

Elə buna görə də bu çıxışa qulaq asanda sən basketbol həvəskarı olmasan belə, izləməsən belə səndə bir həyəcan və bağlılıq yaradır. İndi düşünün bu azarkeşlər üçün və o şəhərin əhalisi üçün necə bir hiss yaradır. Bu hissi də basketbol yaratmır, onun daxilində olan hekayə yaradır.

 

Azarkeş olmaq

Siyasi kommunikasiyada çıxışlar zamanı siyasətçilər insanlara təsir etmək üçün daha çox onların dərdini, problemini, sevincini bölüşdürdüklərini qeyd edirlər. Lakin, Mamdaninin belə etməyə ehtiyacı olmadı. Mamdani nəyi, necə hiss etdiyi bildirmədən, sadəcə göstərdi.

Çıxışın tərkibində onilliklərlə toplanmış adlar, hadisələr, fraqmentlər və xatirələr yer alır. Çıxışda Vilis Rid, Petrik Evinq, Con Starks, Bernard Kinq, Allan Hyuston, Karmelo Antoni, Linsanity kimi əfsanəvi  adlara yer verilir. 

Hətta bu əfsanəvi adlar da bu çıxışı tam olaraq gözəl etmir. Mamdani əfsanəvi adlarla yanaşı digər adları da səsləndirir. Bunlar Toni Douqlas, Cared Cefrays, Lanqston Qallovey, Lans Tomas, Renaldo Balkmen, Mardi Kollins kimilərdir. Normalda bu adlar yalnız azarkeşlərə tanışdır, ancaq bu adların çəkilmə tonu, emosiyası sizə belə xoş gəlir.

Yəni Mamdani ortalama siyasətçidən fərqli olaraq sadəcə əfsanəvi adları çəkib bu oyunu bilirmiş kimi hərəkət etmir. O, həmçinin digər oyunçulara da vurğu edir. Bu yaddaşa bağlı bir şeydir. Ora yığılan insanlar gördülər ki, hamının dillərə əzbər bildikləri adlarla yanaşı, əfsanə sayılmayan, amma önəmli oyunlarda, önəmli rollara sahib oyunçuların da adı çəkildi.

 

Simvolizm və siyasi geyim

Ümumiyyətlə, çıxışlar zamanı yazılan sözlər, deyilən cümlələrlə yanaşı səhnədə davranış və geyim də önəmli rol oynayır. Mamdani kosytumunun altından Niks komandasının formasını geyinərək çıxış edirdi. Bu da auditoriyaya ora sadəcə siyasi fiqur olaraq çıxmadığını və bu klubun azarkeşi olaraq çıxdığını göstərirdi. 

Bu sadə görünə bilər, amma kommunikasiya cəhətdən çox güclü vasitədir. Yəni mən sizin meriniz olmaqdan ziyadə, sizdən biriyəm. Mer olmadan öncə də mən sizdən biri idim. Azarkeş idim.

Çıxışı maraqlı edən digər detal isə ondan ibarətdir ki, bu çıxış sanki öncədən hazırlanmış, vərəqdən oxunulan bir çıxış deyildi. Sanki Mamdani 53 ildir gözləyirdi ki, mikrofon qarşısına keçib ürək sözlərini desin.

 

“Biz gözlədik”

Əslində Mamdaninin çıxışındakı hekayədə çempionluq tam da 1-ci səbəb kimi görünmür. Bu hekayədə əsas məsələ çempion olmaq deyil, onu illərlə gözləməkdir. Yəni çempion olduq, ancaq biz də bunu gözlədik. Burada əsas ağrılı nöqtə, uğur və sondaki məmnuniyyət çempionluq üçün yox, uzun illər gözləmənin verdiyi fəxr hissidir.

İllərlə davam edən uğursuzluğun arxasında emosional tarix, səbr, sadiqlik və inanc dayanır. Əslində bu çıxışdakı sevincin səbəbi kuboku qazanmaq yox, 53 illik həsrətin bitməsidir. 

 

Bu qalibiyyət hər kəsin haqqıdır

Mamdani çıxışı zamanı sadəcə 53 ildən sonra gələn çempionluğu hazırki komandaya da tam bağlamır. Çıxış zamanı sadəcə indiki çempionları deyil, unudulan oyunçuları, məşqçiləri, sezonları da yada salaraq onlara təşəkkür edir.

“Çempionluq bir sezonla gəlmir”. Mamdani bildirir ki, nəaliyyət təkcə bugün bu kuboku əldə tutanlara yox, illərlə bunu qazanmaq üçün tərdən-qabıqdan çıxanlara da aiddir. O uğursuzluqlar olmasa idi, indi bu çempionluq olmazdı deyə vurğu edir.

 

Basketboldan Nyu-Yorka keçid

Mamdaninin çıxışı əsnasında birdən görürsünüz ki, söhbət basketboldan çıxaraq Nyu-York şəhərinə keçir. Mamdani başlayır şəhərin abu-havasından danışmağa.

Çıxış zamanı qonşuların bir-birini evinə dəvət etməsindən, bir-birinə yad olan insanların küçədə birlikdə sevinməsindən, metro gözətçilərinin mikrofonla anons keçməsindən, avtobus sürücülərinin rol arxasında oynamasından danışır. Sanki oyunçular və komanda unuduldu və onların yerinə şəhər qəhrəmanlaşdı. 

Və burada tam yerinə düşəcək siyasi bir cümlə işlədir. Mamdani qeyd edir ki, bu şəhər camaatı çox vaxt hansısa problemə görə bir yerə toplaşır. Lakin indi sevincdən toplaşıb. Tək-tük hadisələrdən biridir ki, Nyu-Yorklular böhrana görə yox, sevincə görə bir yerdədirlər.

 

0.4 faiz

Mamdani necə həvəslə davam edirsə, sonrada keçir bu komandaya layiq görülən çempionluq təxmininə. Statistikaya doğru aparır çıxışı. Mamdani bildirir ki, 4cü oyun zamanı son dəqiqələrdə Niksin qalibiyyətini 0.4 faiz təyin etmişdilər. 

Qeyd edir ki, bu 0.4 faizdir bizi çempion edən. Bütün fikirləri bu faizə yönəldir. İnanılmazı bacarmanın verdiyi sevincə yönəldir. İnsanlara sona qədər çalışmağı vurğu edir. Ruhdan düşməməyi, hər zaman ümid yeri olduğunu bildirir. Hər dəfə bu faizi qeyd edərək başqa bir cümlə deyir, bir oyunçudan danışır, dayanıqlıqdan danışır. Sona qədər mübarizənin basketboldan daha çox Nyu-Yorka aid olduğunu göstərir. 

 

Metafora

Mamdani basketbolu çevirib edir şəhərin metaforası. O, çıxışında deyir ki, “Niks Nyu-York şəhəri üçün qələbə qazanmadı. Onlar Nyu-York şəhəri kimi qazandılar.”

İndi sual olunur ki, nədir Nyu-York? Hündür mərtəbə binalar? Vall Strit? Küçələr? Sarı taksilər? Evdə Tək? Xeyr. Əksinə, o bahalı kirayələrdən, çətin yaşamlardan və sona qədər mübarizə aparan şəhər insanlarından danışmağa davam edir. Qısacası, deyir ki, bu sadəcə basketbol deyil, Nyu-York şəhərindəki yaşam mübarizəsidir. O mübarizə ki, basketbol da belə 53 il çəkdi. Əslində bir növ özünün mer seçilməsini də Nyu-Yorklular üçün bir qurtuluş kimi göstərir.

Mamdani çıxışına biz gözlədik sözləri ilə başladı, onu biz qalib gəldik sözləri ilə də bitidi. Nyu-Yorklular bu çıxışdan sonra Mamdanini bir şəhərin meri kimi yox, həqiqi azarkeşi kimi xatırlayacaqlar. Çünki o da vətəndaşdır və o da digərləri kimi uzun illərdir ki, bu şəhərin üzünün gülməsini gözləyir.