*Sitatlar birinci şəxsin dilindən təqdim olunur.
Mənim ən qəribə psixoloji ziddiyyətim odur ki, artıq 20 ildir kompüterdən eyni qaydada istifadə edirəm. Halbuki indi Codex adlı möcüzəvi bir alətim var. Deməli, nəzəri baxımdan kompüterdən tamam fərqli şəkildə istifadə etməliyəm.
Kursoru ekranda ora-bura aparmamalı, məlumatı bir messencerdən digərinə köçürməməliyəm. Heç həvəsim olmadığı halda hansı məktubun məndə daha az mənfi emosiya yaradacağını təxmin etməyə çalışaraq elektron poçt qutusunu məqsədsiz şəkildə vərəqləməməliyəm. Yəni bütün bu illər ərzində etdiyim işləri artıq görməməliyəm.
Amma sanki beynimdə “məhsuldar olmaq” anlayışının məhz belə işləmək demək olduğuna dair çox dərin bir inanc formalaşıb. Məndən bu cür işləməyi sevib-sevmədiyimi soruşsanız, heç vaxt “bəli” demərəm. Çünki daha yaxşı üsul var. Codex vasitəsilə məktubları daha sürətlə nəzərdən keçirə və görüləcək işlər siyahısını daha tez tamamlaya bilərəm. Bəs niyə hələ də kompüterdən köhnə qaydada istifadə edirəm? Bunun məntiqli izahı yoxdur. Yeganə ehtimal budur ki, daxilən bundan müəyyən zövq alıram.
Nəyin dəyişməli olduğunu bilmirəm. Yəqin ki, hər şeyin öz vaxtı var. İllərlə formalaşmış vərdişləri və iş proseslərini dəyişmək olduqca çətindir.
İnanıram ki, eyni texnologiya əsasında bu keçidi daha rahat edəcək məhsullar hazırlayacağıq. Hazırda sanki iki dünyanın arasında qalmışıq: bir tərəfdən, əvvəlki qaydada istifadə edə bildiyimiz kompüter var; digər tərəfdən isə kompüterdən bizim əvəzimizə istifadə edə bilən Codex. Sadəcə olaraq, hələ hansı vəziyyətdə hansından istifadə etməli olduğumuzu tam anlaya bilməmişik. Məncə, bu, ilk növbədə məhsul səviyyəsindəki uğursuzluqdur.
İndiki mərhələ iPhone-dan əvvəlki dövrü xatırladır. Texnologiyalar artıq mövcud idi, amma iPhone-u məhz “iPhone” edən məhsul ideyaları çatışmırdı. İndi də vəziyyət eynidir: bütün komponentlər mövcuddur, lakin insanla texnologiya arasındakı qarşılıqlı əlaqəni kökündən dəyişdirəcək dönüş hələ baş verməyib.
Əvvəllər bizim ChatGPT, Codex və API məhsullarımız var idi. Yeri gəlmişkən, Codex adı o qədər də uğurlu seçim deyil, çünki bu alət yalnız proqramlaşdırma üçün deyil, demək olar ki, istənilən iş tapşırığını yerinə yetirmək üçün nəzərdə tutulmuşdu. Ancaq yaxınlarda çatbotu və Codex-i birləşdirdik.
Əlbəttə, “məhsullar” hazırlamağa davam edəcəyik. Sadəcə olaraq, insanların əksəriyyətinə istənilən məsələdə kömək edə bilən fərdi AGI-yə - universal süni intellektə - və ya şirkətlərinin öz AGI sisteminə vahid çıxış interfeysi lazımdır. Bununla yanaşı, istifadəçilərin öz alətlərini yarada bilməsi üçün API də təqdim edilməlidir.
Biz bütün qiymət kateqoriyalarında yüksək keyfiyyətli süni intellekt təklif edəcəyik. Elmi kəşflər üçün ən güclü süni intellektə ehtiyacınız var? Buyurun. Dahi səviyyəsində intellekt tələb etməyən, böyük həcmli rutin işlər üçün ən ucuz variant lazımdır? O da mümkündür.
Bütün bunlar vahid interfeysdə birləşdiriləcək və həmin interfeys zaman keçdikcə daim istifadəyə hazır olan şəxsi agentə daha çox bənzəyəcək.
Şəxsən mən bütün mümkün kateqoriyalar üzrə məhsullar yaratmaq istəmirəm. Bütün iqtisadiyyatı ələ keçirmək məqsədilə hər bir müştərimizlə rəqabət aparmağa çalışmağın mənasını görmürəm. Biz istifadəçilərə haqqında danışdığım platformanı təqdim etməli və onun vasitəsilə dünyada 100 milyon yeni şirkətin yaranmasına, səkkiz milyard insanın isə platformadan istifadə etmək üçün yeni yollar tapmasına şərait yaratmalıyıq.
Yaxşı ideyalardan imtina etmək, yəni möhtəşəm nəticə naminə sadəcə yaxşı olandan vaz keçmək bacarığı hər bir sahibkarın öyrənməli olduğu ən çətin dərslərdən biridir. Bu, həqiqətən çətindir və şəxsən mən bunu yaxşı bacarmıram.
Məsələn, 2025-ci ildə Sora-nı bağladıq. Bu, yaxşı və əyləncəli məhsul idi, lakin çoxlu hesablama resursu sərf edirdi və bizim üçün Codex qədər əhəmiyyətli deyildi. Buna görə də həmin resursları Codex-ə yönəltdik.
Atlas brauzerini də bağladıq. Yenə də deyirəm, bu, möhtəşəm məhsul, hətta ən yaxşı brauzer idi. Ancaq resursların məhdud olduğu şəraitdə uzun müddət düşündük və qərara gəldik ki, edə biləcəyimiz ən vacib iş zehni əmək üçün universal intellekt yaratmaqdır.
Bu məqsədə çatmağımıza kömək edən hər şey - öz çiplərimiz və məlumat mərkəzlərimiz, yüksək keyfiyyətli infrastruktur proqram təminatı və model təlimi - bizim üçün prioritetdir. Hər şeyi eyni anda etməyə çalışaraq diqqətimizi yayındırmamalıyıq.
Biznes və dünyanın necə işləməsi haqqında ən vacib dərsləri Pol Qrem və Piter Tillə ünsiyyətdən öyrənmişəm. İndiyə qədər də çıxılmaz vəziyyətə düşəndə məsləhət almaq üçün onların yanına gedirəm.
Nə qədər axtarsam da, bu qədər qeyri-xətti düşünməyi bacaran başqa insanlarla rastlaşmamışam. Bu, son dərəcə dəyərli bacarıqdır.
Böyük dil modelləri növbəti sözü proqnozlaşdırır. Ancaq bu iki insanın nə deyəcəyini əvvəlcədən təxmin etmək çox çətindir. Onların yanına gedib deyirsən: “Bütün variantları nəzərdən keçirmişəm”. Cavabında eşidirsən: “Bunların heç biri uyğun deyil. Həll yolu budur”. Bundan sonra sənə elə gəlir ki, həll gözünün qarşısında imiş, sadəcə özün onu görə bilməmisən.
ChatGPT istifadəyə verildikdən sonra insanlar ondan hansı məsələlər üçün yararlanmalı olduqlarını tam anlamırdılar. Məhsul sürətlə böyüyürdü, amma bu artımın davamlı olmadığı, məhsulun təqdim etdiyi real dəyərin isə minimal olduğu düşünülürdü. İnsanlar sadəcə maraq xatirinə qoşulur, botla danışır və onun nələr edə bildiyinə baxırdılar.
Şirkət daxilində bir çoxları davamını düşünməyin və məhsulun dəyərini möhkəmləndirməyin vacib olduğunu deyirdilər. Belə görünürdü ki, istifadəçini məhsula bağlayacaq xüsusi bir mexanizm mütləq olmalıdır. Məsələn, sosial şəbəkələrdəki tövsiyə lentləri kimi. Bizdə isə belə bir funksiya yox idi - hətta “Yaddaş” funksiyası da mövcud deyildi.
Diqqətimizi cəmləyə biləcəyimiz ideyaları Piterə təqdim etdim. O isə dedi:
“Əsas diqqəti məhsulun böyüməsinə yönəltmək və bu istiqamətə qoyulan səyi ikiqat artırmaq lazımdır. Artım özlüyündə nadir və müsbət hadisədir. Başqa bir iş görmək səhv olar. Məhsulunuzun gücü Google-un axtarış sətrinin gücü ilə eynidir. İnsanın qarşısında boş bir sahə var; o, buraya istədiyini yaza və cavabında ehtiyac duyduğu nəticəni ala bilər. Məhsulun hazırda Silikon vadisində qəbul olunmuş qaydalara uyğun gəlməməsinin heç bir əhəmiyyəti yoxdur”.
Mən onunla razılaşdım və bu seçim özünü doğrultdu.
Pola gəlincə, startap dünyasında “məhsulun ilk versiyasını mümkün qədər tez onu göstərməyə hələ də utandığın vaxtda - təqdim etmək lazımdır” prinsipinin yayılmasında onun böyük rolu olub.
İstifadəçilərdən gələn ilk rəylər məhsulu təkmilləşdirməyə, özü də bunu xeyli sürətlə etməyə kömək edir. ChatGPT-ni istifadəyə verib-verməməli olduğumuzu ondan soruşduğumu heç xatırlamıram. Çünki cavabın nə olacağını əvvəldən bilirdim.
OpenAI tarixində ən parlaq xatirələrimdən birini bölüşmək istəyirəm. 2015-ci ilin sonları idi. Şirkət yenicə yaradılmışdı. İlk iş günümüz Yeni ildən dərhal sonraya - yanvarın 4-nə təsadüf edirdi.
Saat 09:30-da təxminən 12 nəfər OpenAI-nin həmtəsisçisi Qreq Brokmanın evinə toplaşdı. Hamı sanki məktəbdə ilk gününü yaşayan uşaqlar kimi həyəcanlı idi. Sonra bir-birimizə baxıb soruşmağa başladıq: “İndi nə edirik?”
Kimsə bizə marker lövhəsinin lazım olduğunu söylədi. Lövhə tapdıq. Bəs sonra? Həmin anda həvəsin sanki otaqdan buxarlanaraq yox olduğunu hiss etdim. Bu, müştərilərin yanına gedib onlarla danışa biləcəyimiz adi məhsul startapı deyildi. Heç kim nə etməli olduğumuzu bilmirdi.
Düşünməyə başladıq. AGI yaratmaq qərarına gəlmişik. Bəlkə, bir neçə elmi məqalə yazaq? Yazaq. Beyin həmləsi keçirək? Keçirək. Hər kəs həyatında heç olmasa bir dəfə baş verənləri qətiyyən anlamadığı vəziyyətlə qarşılaşıb. Bu, məhz belə bir vəziyyət idi.
Sonda bacardığımız işləri görməyə başladıq. Proses ərzində ideyalarımızın çoxunun işləmədiyini anladıq. Daha sonra tədqiqat hipotezləri irəli sürməyə və nəticələri qiymətləndirməyə imkan verən müəyyən iş ritmi formalaşdırdıq.
Bu proses ideal olmaqdan çox uzaq idi, amma heç olmasa yerimizdə saymırdıq. Zaman keçdikcə ağıllı insanları lazımi resurslarla necə təmin edə biləcəyimizi və eyni zamanda əsas istiqamətdən yayınmamağın yollarını öyrəndik.
Bir neçə il ərzindətez-tez büdrəsək də əsas kəşflərin əksəriyyətini etdik. Məsələn, əvvəlcədən işarələnmiş məlumatlar üzərində təlim keçmədən mətnin emosional tonunun müəyyənləşdirilməsinə dair işimiz bizi GPT-1-ə, daha sonra isə bir çox başqa GPT modelinə gətirib çıxardı. İndi onların sayı nə qədərdir...
Böyük rus romanlarından biri - adını unutduğum üçün çox utanıram - belə başlayır: “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünəməxsus şəkildə bədbəxtdir”.
Söhbət Lev Tolstoyun “Anna Karenina” romanından gedir - qeyd.
Uğursuzluqlarımı təhlil edərkən dözümlülük, əzmkarlıq və nələri etməməli olduğum barədə ümumi nəticələr çıxarıram. Ancaq uğursuzluğun o qədər çox mümkün səbəbi ola bilər ki, onlardan hansının əsas olduğunu dəqiq müəyyənləşdirmək bəzən çox çətin olur.
Buna görə də uğurlardan çıxardığım dərslər şəxsən mənim üçün mənfi təcrübədən çıxarılan dərslərdən daha faydalı olub. Mənfi dərslər çox vaxt həddindən artıq ümumi olur, bəzən isə hətta eksperimentlər aparmağa mane olur. Düşünürəm ki, bir çox insan bununla razılaşar.
Biz fəaliyyətə başlayanda insanların fikrincə, AGI yaratmaq son dərəcə az ehtimal olunan, demək olar ki, qeyri-mümkün bir iş idi. Qarşımıza belə bir məqsəd qoyduğumuz üçün bu sahənin, demək olar, bütün aparıcı mütəxəssisləri bizi sərt şəkildə tənqid edirdi. Böyük dil modelləri üzərində işləməyə başlayanda da eyni münasibətlə qarşılaşdıq.
Biz isə anlayırdıq ki, uğur qazanacağımız təqdirdə əldə ediləcək dəyər də yüksək olacaqsa, böyük riskli addımlar atmaq əsaslandırılmış seçimdir.
Adətən, görkəmli tədqiqatçılara çevrilənlər cəmiyyətdə qəbul edilmiş fikirlərə qarşı çıxmağa hazır olan insanlardır. Onlar məsələlərə yeni baxış bucağından yanaşır və enerji ilə dolu olurlar. Onlar standartlardan kənara çıxırlar.
Biznesdə də vəziyyət eynidir. Daha əvvəl min dəfə eşitdiyiniz ideyanın bir qədər dəyişdirilmiş versiyası ilə qarşınıza çıxan təsisçiyə niyə sərmayə yatırasınız? Onlar bunun yeni bir şey olduğuna sizi - yaxud daha çox özlərini - istədikləri qədər inandıra bilərlər. Amma əslində sadəcə kütlədən ayrılmamağa və “edilməli olanı” etməyə, yəni startap qurmağa çalışırlar.
Onlar Piter Tili dinləyir, onun şablonları unutmaq barədə çağırışlarını eşidir və bunu təqlid etməyə çalışırlar. Ancaq həqiqətən fərqli düşünən insanı dərhal tanımaq mümkündür. O, populyar olmayan fikirlərini müdafiə etməyə hazırdır və yanıla da bilər. Sadəcə olaraq, haqlı çıxacağı təqdirdə çox böyük miqyasda haqlı olacaq.
Son nəsil modellər artıq kifayət qədər ağıllıdır, amma hər zaman inkişaf etdirilməli məqamlar var. Məsələn, hiss edirəm ki, məni məhdudlaşdıran əsas amil modelin intellekt səviyyəsi deyil, mənim haqqımda malik olduğu faydalı kontekstin həcmidir.
İstəyirəm ki, süni intellekt mənim haqqımda mümkün qədər çox məlumat bilsin və bunun sayəsində mənə daha səmərəli kömək etsin. Mənim edə bilmədiyim və ya sadəcə etmək istəmədiyim işləri yerinə yetirsin.
Mən şirkətin Slack platformasındakı bütün müzakirə zəncirlərini oxuya bilmərəm. Müştərilərin ChatGPT-nin hansı hallarda onlara kömək etdiyi və hansı hallarda gözləntilərini doğrultmadığı barədə yazdığı bütün məktublarla tanış ola bilmərəm. Bütün elmi işləri araşdıra bilmərəm. Fiziki baxımdan bunların hamısını etmək imkanım yoxdur.
Amma məndən daha çox konteksti görə və anlaya bilən, mənim vaxtımın və gücümün çatdığından daha geniş məlumat toplayan bir süni intellekt agentim ola bilər. Həmin agent sonradan mənə uyğun və faydalı məsləhətlər verərək ciddi qərarlar qəbul etməyimə kömək edə bilər.
Modellərin intellektinə diqqət yetirməklə düzgün qərar vermişik. Ancaq məhsul baxımından onlara bir insanın qavraya və yadda saxlaya biləcəyindən daha çox kontekst təqdim etməyin nə demək olduğu barədə hələ kifayət qədər düşünməmişik.
Məni ən çox narahat edən və müəyyən mənada bir-biri ilə ziddiyyət təşkil edən risklər bunlardır:
Hər iki halda mənim üçün fundamental problem eynidir: belə bir gələcək insanı mərkəzə qoymur.
Doğru yanaşma budur: biz gələcəyin insanlar tərəfindən idarə olunmasını istəyirik. İnsanlara daha çox imkan və təsir gücü verməliyik. Hər şeyin mənası insandır.
Ancaq bunun əksini düşünənlər də var. Onların mövqeyi belədir: insanlara etibar etmək olmaz, buna görə də həm texnologiyaya çıxış əldə edəcək şəxslərin dairəsini, həm də insanların onunla qarşılıqlı əlaqə üsullarını məhdudlaşdırmalıyıq.
Çox sadələşdirsək, bu yanaşmanın mahiyyəti belədir: “Biz bütün xəstəliklərin dərmanını təqdim edəcək və məhsulları mümkün qədər ucuzlaşdıracağıq. Amma bunun müqabilində insanlar müstəqilliklərindən, gələcəyə təsir etmək imkanlarından və hakimiyyətdən imtina etməlidirlər”. Əlbəttə ki, bütün bunların yalnız təhlükəsizlik naminə edildiyi iddia olunur.
Bu, insanı mərkəzdən çıxaran bir təklifdir. Ancaq belə bir təklif irəli sürməyə hazır olanlar var. Yəqin ki, bunun səbəbi qorxudur. Süni intellektlə bağlı risklərin miqyası bir çox insanı o qədər qorxudur ki, bütün dünyanı bu risklərdən “qorumaq” üçün təcili tədbirlər görmək zərurəti hiss olunur. Sadəcə ona görə ki, bu təhlükələr keçmişdə qarşılaşdığımız problemlərin heç birinə bənzəmir.
Bir tərəfdən bununla razıyam: bu, çox güclü texnologiyadır və mübahisəli vəziyyətlərdə ehtiyatlı davranmaq daha yaxşıdır. Ancaq problemin həllolunmaz olduğu fikri ilə razı deyiləm.
Biz fəaliyyətə başlayanda bir çox insan nə vaxtsa AGI yarada biləcəyimizə inanmırdı. Onlar düşünürdülər ki, hətta bunu yaratsaq belə, təhlükəsizliyini təmin etmək qətiyyən mümkün olmayacaq.
Bu gün isə həmin dövrün skeptiklərinin çoxunun AGI-yə bənzər hesab edəcəyi sistemlərə sahibik. Dünyanın sonu da gəlməyib. Deməli, əvvəlki proqnozları yenidən nəzərdən keçirməyin vaxtıdır.
İlk modellərimizi və ChatGPT-ni ictimaiyyətə təqdim edəndə onların mükəmməl olmadığını bilirdik. Amma eyni zamanda anlayırdıq ki, dünya bu texnologiya ilə qarşılıqlı əlaqə təcrübəsi qazanmalıdır. Biz isə həmin təcrübədən öyrənərək texnologiyanı təhlükəsiz etməyin yollarını tapmalıyıq.
Laboratoriyada oturub bütün mümkün nəticələri əvvəlcədən hesablamağa sonsuzadək cəhd edə bilmərik. Onsuz da bunların hamısını hesablaya bilməyəcəyik. Çünki cəmiyyət və modellər birlikdə inkişaf edəcək.
Biz də bu yolu birlikdə keçməliyik - sanki ortaq bir məhsul yaradırıq.