Yuvayıxan Rəfiqələr

İlham pərisini axtarmağa ehtiyac yoxdur.


22 baxış
11.09.2026
5 dəq oxuma

Axşam saat 6-7 arası 28 may metrosu tərəfdə dayanın və gözləyin. Yanınızdan yüzlərlə insan keçəcək. Bu insanların söhbətləri nadir tapıntıdır. 

Cütlüklər telefon davası edəcək. “Ver görüm sənə kim yazıb”-lar başlayacaq. Telefonu əlindən alıb manqal kimi gözləri bərəltməklər və qarşılıqlı susmalar yaranacaq. 

“Evi adıma keçirlər” olacaq. “Yox, bacımın adına keçirəcəmlər” olacaq. “Quşlama” təklifini eşidəcəksiz. Dediyim kimi ilham pərisi axtarmaq üçün sözlərin izinə düşməyə ehtiyac yoxdur. Sözlər gəlib sizi tapacaq. 

Siz dincəlmək istəyib dostunuzla şahmat oynamaq üçün, sakit bir yerdə oturan zaman yan masaya 3 rəfiqə oturacaq. Bu rəfiqələrdən birinin üzü turşumuş olacaq. Bir rəfiqəsi onun əlini tutaraq ürək-dirək verəcək. Bir də digər ifritə rəfiqə işi öz kurasiyasına götürəcək. 

Bu iki rəfiqə oğlanı ilə qan-qaraçılıq yaşamış qızı ehmalca doldurmağa başlayacaq. Qızda oğlanla bağlı qalmış 3-5 qram müsbət hisslər də çayın içində oturan limon dilimi kimi zəhər dadacaq. 

Hər zaman Ayan romanında olan baş qəhrəmanım üçün 2 rəfiqə obrazı axtarırdım. Onunla eyni evdə yaşayan iki rəfiqəsi olacaqdı. Biri “boyevoy” qız olacaqdı, baxışları ilə oğlanların bakirliyini əllərindən alacaqdı. Digəri isə türk seriallarının çəhrayı şəhzadəsi kimi Ayana baxıb onun kitablara olan sevgisini qınayacaqdı.  Bu iki rəfiqə Ayanı Caviddən, Cavidi isə Ayandan uzaq tutmağa çalışacaqdı. Sonda buna nail olacaqdılar. Ayanımız onların təzyiqi qarşısında tab gətirməyib istəmədiyi qərarları verərək, təmiz başqa bir insanla səadət sarayının pilləkənlərini çıxacaqdı.

Sözün İzində kitabı sizdə varsa artıq bu romanın bir neçə hissəsi ilə tanış olmusuz. Hətta giriş hissəsini də yazmışam həmin kitabda. Romanı yazıb bitirməyə motivasiyam yoxdur. 11+1 kitabdan sonra bir qədər fasilə edib özümə fasilə vermək istəyirəm. İstəyirəm ki, KVAN və Danış Görək minlərlə tələbənin ürəyini fəth etsin. İstəyirəm ki, Alamo13-ü yenidən kəşf etsinlər. Filankəsovu bir ordu insan oxusun. Sözün İzində isə xüsusi insanların evində yuva tapsın. Çox şey istəmirəm. 

Hə, bir də xaric var. Xarici dildə çap edilən kitablar daha hörmətli olurmuş. Belə deyirlər. Gör hara getdim. 

Nə gizlədim dostum Samirlə şahmat oyununa fokuslana bilmədik. Samir hələ subaydır. Mənim üçün bu mərhələlər bir qədər bitmiş olduğu üçün ona “gör səni gələcəkdə necə təcrübələr gözləyir” dedim. Sevgilin sənə bozarsa bil ki, onun bozarmış halının ən az 2 memarı olacaq. 

Oğlana şərti olaraq İsmayıl adı verək. Qurban olacağını birbaşa deməmək üçün İsmayıl gözəl addır. Bu qızın iki rəfiqəsi onun kəlləsini kəsib ekrandan kənara atmaq üçün o qədər səbrsizlənirdi ki, İsmayılın yerinə biz pis olduq. İndi deyəcəksiz ki, sizin digər masada qulağınız nə gəzir?! 

Amma bu əsas rəfiqə hətta musiqini belə kəsdi ki, rahat söhbət etsinlər. O boyda Rəşid Behbudovu söndürdü ki, bəs bu musiqini bünyəm götürmür. Onun diribaşlığı və kömür kimi gözləri yadımda qaldı. Çoxbilmişlik və biclik bir-birinə qaynaq edilsə bu qızın üz ifadəsi alınardı. Şərti olaraq Qarqona deyək. 

Bu Qarqona o qədər danışdı ki, barışmaq istəyən rəfiqəsi fikrindən döndü və İsmayıla qarşı bir ömürlük söndü. İndi bu İsmayılın nə dediyini, və yazdığını demirəm. Onsuz da bütün detalları eşitdik. 

Ən xoşuma gələn hissə hakimiyyətin 48 qanununda olduğu kimi Qarqonamızın rəfiqəsinə verdiyi qızıl qaydalar və təlimatlar idi:

  1. Yazmısansa niyə silmisən? Yazdın, deməli sözünü dedin. 
  2. Ona indi heçnə yazma, qoy canı çıxsın. 
  3. Saçlarını elə yol ki, başına tüklərini əkə bilməsin. 
  4. Oğlan nədir incimək nədir? (Bu hissəsi xoşuma gəldi.) 

Axırda bu 3 rəfiqə qalxıb şəhər gəzintisinə çıxdı. Samir isə mənimlə birgə oynanan oyunun təsirində qaldıq. Məkanın sahibinə kitab bağışladım. Dedim ki, bura çox xoşuma gəlir. Day demədim ki, məkan mənə 2 obraz bağışladı. 

İlham pərisi ilə mənim qəribə münasibətim var. Həyatıma o qədər çox gəlir ki, ona yox deyə bilmirəm. Halbuki, bu diyarlarda yazanlara əppəy düşmür demək istəyirəm ona. 

İnsanlar adətən kitab oxumaq istəmir. Düzdür, əlinə kitab götürsə və oxusa, bu səfər də yerə qoymaq istəmir. Çox qəribə növdürlər. Cinsdirlər. Tipdirlər. 

İlin bütün ayları üçün bir kitabım var. 12-ci ayın kitabı da Koanidir. O da çıxsa bir oxucu üçün bütün il hazırdır deməkdir. 

Hər aya bir kitabımı oxuyur. Oxuduqca ilin bütün fəsillərini yaşayır. 

Ayan romanının bəxti gətirmir. 

13-cü ay rəsmi olaraq yoxdur. 13-cü bürc rəsmi olaraq qeyd olunmur. 13-cü sərkərdə var bircə. Həmin ərəb isə hələ uzun bir yol getməlidir. Valhallaya qədər ilham pərisini qovmalıdır. 

Xeyirli olsun!