
(Qırmızı kitaba düşən cütlük)
(Bahalı restoranın cırıldayan qapısı)
Bunlardan hansı başlıq olsun deyə düşünürdüm. 2-3 gündür mənim düşüncələrimi təqib edən bir mövzu var. Onu yazmasam əl çəkən deyil.
Nə uzadım?!
Yubileyimiz idi. Daha tez qeyd eləmək istədik. Düşündük ki, əhalimizin 3-5 % olanların həyatını epizodik olsa da yaşayaq. Bahalı restorana gedib oturaq. Nə də olmasa yubiley idi. Artıq 14 il idi ki, evli idik. (+ 7illik tanışlığı və sevgi hekayəsini nəzərə almıram.)
İndiki dövr üçün qırmızı kitaba düşən cütlük kimi yaşayırdıq. Ayrılmamışdıq. 2 evlənəndən 1-i olmamışdıq. Yaxşı və pis günlərdə bir yerdə idik. Sanki, indiki dövr pis günləri qəbul etmir. Deyir ki, ancaq yaxşı günlər təşkil edin və pis günə düşməyin. Düşdüz yıxılacaq və bir də qalxmayacaqsız. Yazıçılıq damarım tutmasın deyə bahalı restoranın qapısından içəriyə keçək.
Ab-hava və içəridən oturan hərkəs mərmərdən idi. Sizdə elə olubmu ki, özünüzü yad hiss edəsiniz? Bu insanlar da biz də eyni şəhərdə yaşayırdıq amma hiss olunurdu ki, bizim xoşumuza gələn hərşey onlara yaddır. Yer axtarmağa başladıq. Ofisiantlar orada işləmirmiş kimi davranır və oturmalı olduğumuz yeri bilməli olduğumuzu hiss etdirirdi. Bir təhər bir yer tapdıq. Buzxana olduğu üçün durub dəyişdik və gözümüz bağ kimi hissədə qaldı. Sanki Eden kimi bir yer idi və orada oturan hərkəs Zevzin nəvəsi enerjisini ötürürdü. Yoldaşımla söhbətləşməyə başladıq. Qarşıda bizi qəliz adlar və bahalı seçimlər silsiləsi gözləyirdi. Adlar qəribələşdikcə rəqəmlər artırdı. Pulun limonad köpüyü kimi itdiyi dövrdə insanın içindən üşütmə keçirdi. Amma onun üçün xərcləməkdən daha gözəl nə ola bilərdi. İllərimiz birgə keçib. Ona baxıb düşünürdüm ki, mən bu qadının 19, 29 və 39 yaşını görə bilmişəm. Həyatımda 3 fərqli qadın kimi peyda olub. Birinci gün gördüyüm insan dəyişib və nə yaxşı ki, dəyişib. İkimiz də ağır bir yol getmişik və bir-birimizi çox gözləməli bəzən isə əvəz etməli olmuşuq. (Səbr, anlayış və sevgi mənasında.) Əndirəbadı seçimləri edib yeməkləri gözləməyə başladıq ki, qapı cırıltısı eşitdik. Bir dəfə oldu on dəfə. Anladıq ki, həmin xoşagəlməz qapı cırıltısına restoranda olan hərkəs öyrəşib. (Yenicə gələn bizdən başqa.) Artıq dözə bilməyib baş basıb-bağlayanı çağırdıq. Basıb-bağlayan gözəl şəkildə danışaraq qiymətləri və yeməkləri təbii seçim kimi göstərməyi bacarana deyilir. Elə danışır onun dediklərini bilmədiyin və ya etmədiyin üçün utanırsan. Bu basıb-bağlayanlara təlimlər verilir ki, gülümsəsin və maraqlı sözlərdən istifadə etsin. Arada desin ki, bu ay müştərilərimiz ən çox bu seçimi edib. Sən də yeyəndə anlayasan ki, onların hamısı bu adama qulaq asdığı üçün bu seçimi edib və əksər hallarda məyus olub. Və növbəti cüt oturanda onlara da sizi misal gətirsinlər.
"Cırıltını eşitmirsinizmi? Olarmı qapını açıq saxlayasınız?"
Adam düşünür ki, etdiyimiz sifarişlərin qiymətinə yeni qapı da ala bilərdilər. Amma mərmərdən olan insanların diyarında bu cırıltı səsi səhlənkarlıq simvolu idi. Necə olsa həmin səsə öyrəşə bilərdin. Öyrəşmək üçün bu məkana hər gün 1 dəfə gəlmək kifayət edərdi. Amma biz bilirdik ki, bu məkana uzağı 1-2 il sonra gələrik və bu səbəbdən məhz indi həmin səsi eşitmək istəmirdik.
Qapı açıq qaldı. Səs kəsildi. Günəş saçmağa və hava içəriyə dolmağa başladı. Düşündüm ki, yoldaşımla birgə 40 yaşımıza tərəf gedirik. Tam qırmızı kitablıq bir yoldur bu. Çətin və bəzən stoik bir yoldur. Axırında nə durur? Zaman göstərər.
Zaman demişkən yeməklər və desert gəldi. Yedik, bitirdik. Hesab ödəməzdən öncə basıb-bağlayan yaxınlaşıb bizdən hər şeyin necə olduğunu soruşdu. Yoldaşım elə bir rəy dedi ki, adamın üzünün rəngi dəyişdi. Onun yerinə pis oldum. Tövsiyyə etdiyi ayın ən yaxşı seçimi bəyənilməmişdi. Həmin seçimin təqribən 3 qat daha ucuz və dadlı versiyasını o qədər yemişdik ki, bu versiya bizə absurd gəlirdi. Amma adamın Allahı olar. Sifariş etdiyim Moruqlu merenqa çox xoşuma gəlmişdi. Onu yeyəndə yadıma gözəl vaxtlarım düşdü. Yaxın bildiyim insanlar birgə keçirdiyim vaxtlar, içilən çay və edilən söhbətlər yadıma düşdü. Bu merenqa olmasa idi həmin məkanın qapısının cırıltı səsindən başqa bir şeyi yadımıza düşməyəcəkdi.
Adamın nəfəsi və üz rəngi qayıtdı. Hesabı ödədik. Elə bildim ki, ipoteka ödəyirəm. (Bu hissəsində 1in üstünə 5 qoymuşam təbii ki məncə mən də basıb-bağlamaq istəmişəm.)
Nə isə ər-arvad məkanı tərk edib gəzməyə başladıq. Universitet illərində olduğu kimi əl-ələ tutub yol getdik. Deyirəm bu həyat əlini tutan kimsə olan zaman necə də yaşana biləcək bir hala gəlir?!
Kişi-qadın münasibətlərində diqqət etməli olduğumuz məqam elə həmin qapının cırıltı səsləridir. O səslərə öyrəşmək təhlükəlidir. O səslər daha sonra bir ömür qarşısı alınmayacaq səssizliyə düçar edər bizi. Diqqətlə baxsaq səsin haradan gəldiyini görmək və bununla bağlı nəsə etmək çətin deyil. Təbii ki, sevirsənsə və bunu həqiqətən də etmək istəyirsənsə. Qalanı isə hekayədir.