
Bu qədər psixoloq, bu qədər kouç, bu qədər podcast, bu qədər qadın+kişi mövzusu, bu qədər copy+paste...
80-90cı illərin uşaqları ulduzları görmək istəyirdi. 2000-lərdən bu yana ulduz olmaq istəyənlər çoxalıb. Kosmonavtlıq sevdasıyla yaşayan uşaqlar sonradan polis, həkim və ya hüquqşunasa çevrildi. İndi bu ulduz olmaq istəyən uşaqlar nəyə çevriləcək bilmirəm. Bircə onu bilirəm ki, uşaqlıq illərimdən bu yana bir şey dəyişməz olaraq qalır. Harada pul varsa insanlar oraya can atır.
Məsələn Memar Əcəmidə ilk açılan Aptek çərgəsindən sonra az qala hər yer yaşıl rəngli A logolarıyla əhatə olundu. Sonra paltar işi başladı. Hamı paltar satdı. Sonra marketlər və salonlar gəldi. Bir sözlə insanlar pul iyinin arxasına düşdülər.
İndi də Neftçilərdə Dakar dairəsində manatlıq taksilərin dramını görürəm. 20-30 il taksi fəaliyyəti edən adamlar 2 günün sürücülərinin əlində qalıb. Onlar hamıdan daha səsli-küylüdür. Növbə bilmirlər. Hamıdan daha çox qayda pozuntusu edirlər. Hamının müştərisinə göz tikirlər və xaos yaranır. Necə də bugün gördüyümüz psixoloqların, kouçların, təlimçilərin və blogerlərin vəziyyətini andırır. Məsələ ancaq pulda deyil onu necə qazanmaq şəklindədir.
Bir də kütlə yaman şeydir. Sənə elə gəlir ki, səni dinləyirlərsə deməli ulduzlara əlin dəyir. Sənə elə gəlir ki, istənilən mövzuda çənə döysən səni izləyəcək və qəbul edəcəklər. Sonra da Peterson spiralına düşürsən. Peterson spiralı isə qlobal başlayıb ciddiyə alınmayacaq vəziyyətə düşməkdir.
2009-cu ildən təlimlərlə məşğulam nə qədər “təlimçiyəm” deyən var idi. Alınmamış türk serialı kimi başlayıb 3-4 epizoddan sonra yayımları dayanırdı. Bəli, uzaqdan o pulun, o uğurun və ya o peşəkarlığın səsi yaxşı gəlir. Yaxınlaşıb görürsən ki, burada nə qədər məsuliyyət, bilik və bacarıq tələb olunurmuş. Bəli, razıyam ki, işini yaxşı görən nə qədər insan var ki, yaxşı görməyənlər qədər diri deyil. (Artist deyil.) Yaxın dostum demişdi ki, 20 illik xasiyyətimi 2 günlük artistliyə dəyişə bilmərəm.
Bilmirəm. Sanki bugün bizi artist kimi görmək istəyir. Şou biznes yaman şeydir.
Bir də var bu copy+paste nəsli...
19 illik facebook həyatımda çox görürdüm. Adam başqasının yazısını əvvəldən axıra kimi yazıb sonda həmin adamın adını yazırdı. Adam da oxuyanda elə bilirdi ki, bu adam yazını özü yazıb. Və ya heç adı da paylaşmayıb bir dənə “c” qoyurdular. Yəni müəllifə bir cırt.
İndi Linkedində də eyni prinsiplə yazanlardan şikayət edirlər.
Nə deyim şəxsi təcrübəmdən onu deyə bilərəm ki, bir müddətdən sonra yazılarımın copy+paste edilməsini və ya təlimlərimdən elementlərin götürülməsini normal qəbul etdim. Çünki mən bunu edən tərəf də ola bilərdim. Məlumatın mənbəyi olmaq daha yaxşı bir məqam imiş. İnsanlar üçün isə fərq etmir ki, o məlumatı kim yazıb və ya deyib. Onlar məlumatın özünü istəyir. (İstisnaları çıxsaq.)
Bu nə deməkdir? Sabah da başqa bir sahədən pul iyi gələcək. Yeni yerdə eyni insanları görəcək və ya eyni səs-küyü eşidəcəyik.
Mən bu məsələlərə bir qədər bayraq sancmaq kimi baxıram. Amerikada vaxtıyla yeni torpaqlara gəlmiş insanlara bayraq verilirdi ki, sanc və torpaq sənindir.
Bizim ruzimiz və ya bizim peşəmiz də bir torpaqdır. Qaçıb bayrağı sancmışıqsa artıq gözümüz başqa torpaqlara baxırsa o zaman bizim iş çətindir. Bayraq sancılıbsa bu yer mənimdir zəhmət çəkib həmin yeri abad etməliyəm. Həmin yeri inşa etmək mənim borcumdur.
Bayrağını sancmış və o bayrağın ətrafını abad etmişlərə salam deyirəm!