Tanrının Sinif Otağı – 2
7.11.2025
Sizi bilmirəm amma mən rəqəmlərin mesajlarına və müəyyən portal qapıları olduqlarına inanıram. Bu gün 7 noyabrdır. İçi dolmuş qatar məni 28 may stansiyasına çatdırmalıdır. Dayanan hər kəs sıxıntı içindədir. Hərəsinin bir dərdi var. Mənim də ürəyimdə sancılar artmağa başlayıb. Nəfəs alıb-verirəm ki, sancılar səngisin. Pəncərədən görünən qaranlıq tunelin bitəcəyi anı gözləyirəm. Bilirəm ki, bitəcək amma daha tez bitməsini istəyirəm. Ürəyimdə “bugün 7-sidir” deyirəm. 7 ruhani bir rəqəmdir. 11-ci ay isə spiritual aydır. 2025-ci il isə 9-dur. Yəni bitirməli olduğumuz işləri bitirməliyik. Belə çıxır ki, mənim bitirməli olduğum bir spiritual tapşırıq var. Bu fikir beynimdə əməllicə yer edir. İşıqları görürəm. Stansiya platformasında özüm kimi yüzlərlə zombi kimi yürüyən insanla eskalatora çatıb yuxarıya göndərilirik.
Çoxdandır ki, kitabevim.az olan yerə getmədiyimi yadıma salıram. Daxildə sıxıntı yaşayan zaman o məkana gedib ingilis dilində olub çətin tapılan kitabları almaq mənə yaxşı təsir edir. Əgər bəxtim gətirsə türk dilində olan maraqlı kitabları da seçə bilirəm.
Məkandayam. Rəfin qarşısındayam. İş başındayam. Friends serialının tarixçəsini seçirəm. Onu Amerikada yaşayan dostuma hədiyyə edəcəyəm. Türk dilində olan kitablar rəfinə keçirəm. Aaa...ingilis dilində axtardığım kitabın türkçəsi düz mənə baxır. Steven Bartletin “Bir CEO-nun gündəliyi” kitabını vərəqləyirəm. Necə də gözəl qablaşdırılıb. Bəlkə bir gün mənim kitabları da belə edərlər deyə düşünürəm.
Psixologiya bölməsinə keçib Yalomun dəstinə baxıram. Adamın kitablarını bir qabın içində olan çipslər kimi bitirmişəm. Qırıntılarını axtarıram. Bəlkə oxumadığım bir kitabı qalıb. Görürəm. Kitab “Günəşə Baxmaq” deyir. Altında da Ölümlə Üzləşmək kimi bir izahat qoyulub.
Ölümlə üzləşmək necə bir şeydir?
Fikir məni düşündürür və kitabı götürürəm. Elə götürməyimlə həmin qadını görməyim bir olur.
Qadın pərişan vəziyyətdədir. Əvvəllər olduğu qadının kölgəsinə çevrilib. Saçları ağarıb. Ruh kimi gəzir. O da Tolstoyu götürür. Sonra mənə baxıb fikrə gedir. Nəsə demək istəyir amma demir.
Həyat elə gətirir ki, ikimiz də kassada birgə gözləməli oluruq. Bu qadını haradansa tanıdığımı anlayıram. Yadımda düşür ki, natiqlik məktəbi illərindən olan tələbələrimdən birinin anasıdır. Turalın anasıdır.
Özümü saxlaya bilməyib qadından “siz Turalın anasısınız? deyə soruşuram. O, da özünü saxlaya bilməyib ağlamağa başlayır. O qədər sakit və o qədər əlacsız şəkildə ağlayır ki, nə edəcəyimi bilmirəm.
Bilirəm.
Onu çölə çıxarmaq və bir qədər gəzdirmək lazımdır. Greenbook-a getməliyik. Oturub çay içməliyik. Qadın belə pərişan vəziyyətdə qalmamalıdır. İkimiz də kassa ilə ödəşib aşağıya gedirik.
Qadın gah ağlayıb, gah danışmağa çalışır. Mən də yol, insanlar, avtobuslar, maşınlar və digər bütün ikinci dərəcəli olan məqamları nəzərə alaraq məntəqəmizə sağ-salamat çatmağımızı təşkil etməyə çalışıram. Nəhayət gəlib Greenbook-un masalarından birinə əyləşirik. Çay deyilir və qadına daha yaxından baxmaq şansım yaranır.
Bir ana üçün oğlunu itirmək nə deməkdir? Belə sual soruşulsa həmin qadının üz ifadəsini cavab qismində göstərmək olar. Ona necə kömək etməliyəm? Ümumiyyətlə belə vəziyyətlərdə nə etmək lazımdır? Daha aylar öncə eyni masada 10 yaşında oğlunu ağır xəstəlik ucbatından itirmiş ananın çilik-çilik olmuş dünyasını bir qədər bərpa etməyə çalışırdım. Qısaca deyim ki, belə işlər mənim boyumu aşır. Belə hallarda hər zaman daxilimdə “əgər ordasansa mənə bir yol göstər” deyirəm. Nə olsun ki, Tanrının sinif otağındayıq. Nə olsun ki, imtahan gedir. Bəzən tələbələrdən biri əlacsızlıqdan müəllimə sakitcə yalvarış pıçıltıları edir.
“Suala cavabı bilmirəm”, “ay müəllim bəlkə biraz kömək edəsiniz” deyə yalvarır bu tələbələr. Hər dəfə quiz edəndə 211 tələbəmdən 15-20 i eyni şeyi edir. Əksəriyyətinə qəti şəkildə kömək etmirəm. Amma bəzən 2-3 tələbənin vəziyyətini nəzərə almalı oluram. Onların cəhdlərini, inkişaf tarixçəsini görürəm. Onlara kömək etmək qərarına gəlirəm. Cavabı bir başa deməyib işarə göstərirəm. Və ya anlaya biləcəyi kodlaşdırılmış bir mesajı ötürürəm. Mesajı eşidib fikrə gedirlər və sonra beyinlərində olan lampa yanır. Onlar tapanda mən də sevinmiş oluram.
İndi də mənim beynimdə lampa yanmışdı.
Üzümə baxan bu qadınlığı, analığı, nəzakəti, gözəlliyi, şəfqəti getmiş insana nə deməliydim?
- Bilirsiniz, mən Turalın şəklini sizin paylaşımlarda görmüşdüm. Səhv etmirəmsə 6-7 yeddi ay öncə idi. O zaman qara lentli çərçivəli şəkli görəndə karıxmışdım. Sonra sizin şeirləri gördüm. Onlarda olan acını oxuyanda anladım ki, Tural daha yoxdur. Sizi narahat etmək istəmədim. Əslində onun necə getdiyini bilmək istəyirdim. Amma yəqin ki, sizdən bunu dəfələrlə soruşublar deyə onsuz da yorulmuş ruhunuza əziyyət vermək istəmədim. Bugün metrodan çıxıb yolumu üzü kitabevim.az-a tərəf çevirdim. Çoxdandır bura gəlməyirdim. Kitablarımı seçərkən sizi gördüm. Kassada olanda əmin oldum ki, bu sizsiniz.
- Bəli, elə mən də sizi görmüşdüm. Amma yaxınlaşıb nəsə deməyə cürətim çatmadı. Sonra da kassada siz olduğunuza əmin oldum. Mən də bir qədər özümə gəlmək üçün, başımı qatmaq üçün kitablar arasında dolaşmaq istədim. Tolstoyu seçdim. Dedim yəqin ki, o mənim başımı qatar.
- Maraqlıdır ki, mən də bir kitab seçmişdim. Kitabı İrvin Yalom adında müəllif yazıb. (Paketdən kitabı çıxarıb xanıma göstərdim. Masada duran kitaba ikimiz də baxdıq. Üstündə Günəşə Baxmaq və Ölümlə Üzləşmək yazılmışdı.)
- O, sizin kitabları maraqla oxuyurdu. (Uşağını itirmiş ana üçün bütün yollar Romaya aparır. Kitablar mövzusu da mütləq Turala qədər yol getməli və orada durmalı idi.)
- Bilirəm. Lamartini də sifariş etmişdi ən son. Onunla şahmat oynamaq və söhbət etmək üçün darıxmışam açığı.
Ananın gözlərində qəribə bir ümid yaranırdı. Sanki mənim söhbətlərimdə oğlunun konturlarını çəkə bilirdi amma daha vacib olanı o idi ki, daxilinə rahatlıq gəlirdi.
Dayana bilməyib dedim:
- Bilirsiniz, bu kitabı sizə hədiyyə etməliyəm. (Yalomu qadına uzatdım.) Məncə bugün onu məhz sizin üçün almışam. Sadəcə özümün xəbərim olmayıb. Bugün mənim üçün ruhani bir gün idi. Canım sıxılırdı və həmin məkanda sizi görməyim səbəbsiz deyilmiş. Canımı sıxan səbəb sizin səbəbdən daha böyük deyil. Amma Yalomun kitablarını həyatında çətin anlarla üzləşmiş bir çox insana hədiyyə etmişəm. İndi də sizin növbə çatıbmış.
Qadın hədiyyəni qəbul etdi. Növbəti 2 saat ərzində bütün məsələni ətraflı şəkildə danışdı. Tanrının sinif otağında oturub növbəti dərsimizi öyrənmiş olduq. Bəzən hər şeyi etmiş ola bilərsən amma son qərarı özü verir. Tural ilə bağlı son qərarı da özü vermiş və onun Türkiyə çıxıb getməsini mənasız etmişdi.
Qadına qulaq asanda elə bilirdim ki, spiritual dedektivlik ilə məşğuldur. Hadisələri və işarələri bir-birinə bağlamağa çalışır. Hər şeyi anlamağa çalışır.
- Bir dəfə Turalın qolunda 11.11 yazan qolbaq görmüşdüm. Səbəbini soruşan zaman mənə bir açıqlama verə bilməmişdi. Adətən bütün suallara məntiqi bir açıqlama verirdi. Bu dəfə “bu rəqəmlər” mənə maraqlı gəlir dedi.
Sakitlik yarandı. İkimiz də susduq. Qadın özünə gələ bilmişdi. Bir qədər yaxşı durumda idi. Artıq enerjisi fərqli idi. Oğlu ADA universitetinin tələbəsi idi. Mənim isə 15 dəqiqə sonra oturduğumuz məkana ADA universitetindən gələcək tələbəmlə görüşüm nəzərdə tutulmuşdu. Təsadüflər olmur. Tanrının öz kalkulyatoru var. Özünəməxsus şəkildə hesab-kitab aparır. Bizləri bir-birimizlə elə zamanda və şəkildə görüşdürür ki, hesabı da özü anlayır, kitabı da özü bağlayır.
- Bilirsiniz, bu mərhələdən sonra sizi nə gözləyir. Tural sizinlə mütləq əlaqə quracaq. Sizə ancaq sizin anladığınız mesajları və kodları göndərəcək. (Ağzımdan çıxanları kim deyirdi?) Bunları bu qədər rahat şəkildə necə deyə bilirdim?
Qadın eşitdiklərin çaşıb qalmadı. Əksinə təsdiq edərcəsinə vurğuladı:
- O, artıq mənimlə danışır. Qəbrində olan zaman dostuna etdiyi köməklə bağlı ona danışan zaman üstümə kəpənək şəklində qonmuşdu. Dostuna hədiyyə seçən zaman yuxuma gəlib ətir növünü seçməkdə mənə kömək etmişdi. Hətta dostu həmin ətri alanda “xala siz hardan bildiniz” deyə soruşanda “Tural kömək etdi” demişdim.
Yaxşı notlarda ayrılırdıq. Qadın evinə dönməli idi. Evdə eyni acını yaşamış yoldaşı və qardaşını itirmiş ikinci uşaq onu gözləyirdi. Həyat davam etməli idi. Mən də heçnə olmamış kimi digər görüşə girib ADA tələbəsi olan Rövşənin Reyxstaq haqqında olan təqdimatına qulaq asmalı və ona təlimatlar verməli idim. Bugünün ruhani və ya spiritual borcunu yerinə yetirmişdim. Günüm çox mənalı keçmişdi. Əksər günlərimdən fərqli olaraq nəsə etdiyimi düşünmüşdüm. Son illər yaman sürətli keçir. Ayılıram ki, həftənin şənbə günüdür. Yenə ayılır və şənbə günü gəlir. Belə olmamalıdır. Maraqlıdır ki, indi bu yazını yazdığım gün də şənbə günüdür. Rəqəmlər bizə nə deməyə çalışır?
Hələ ki, Tanrının sinif otağındayam. Yeni dərsləri mənimsəyirəm. Arada sizlərə ötürmək həvəsim yaranır. Arada isə həmin dərsləri bir kənara qoyub onların vaxtının gəlməsini gözləyirəm.
İlahi kalkulyatorun qaydası budur:
“Hər şeyin öz vaxtı var.”
