Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Coşqun Kərimov
  • Altıncı Yuxu - Bütün Kişilərin Arzusu
    Coşqun Kərimov
  • 20 Views
  • 28.06.2026
  • 11 min read

Altıncı Yuxu - Bütün Kişilərin Arzusu

“Ağıllı qadın öpür, amma sevmir, qulaq asır, amma inanmır, tərk edilməzdən öncə özü tərk edir”. (Merilin Monro)

Altıncı Yuxu - Bütün Kişilərin Arzusu

Gecə saat 03:50 

Hönkürtü ilə ağlayan qadının səsinə oyandım. Bənövşəyi rəngli böyük divanın üstündə uzanmışdı. Yanında telefonun dəstəyi və dərman qabı var idi. Qabın içindəki dərmanların yarısı divanın üstünə, digər yarısı isə yerə səpələnmişdi. 

Rejissor üçün nəzərdə tutulmuş oturacaqda əyləşmişdim. Divanın ətrafında onlarla kamera quraşdırılmışdı. İşıqların hamısı otağın mərkəzinə qoyulmuş bu divanın üzərinə vururdu. 

Ağlayan qadının əynində ağ don var idi. Axıtdığı göz yaşları makiyajını korlamışdı. Bir müddət sonra məni görüb ayağa qalxdı. 

Halsız idi. Hiss olunurdu ki, çox içib. Yıxılacağını ehtimal edib ona tərəf qaçdım. Qucaqlayıb divana otuzdurdum. Kürəyinin arxasına yastıqça qoyub rahat şəkildə əyləşdiyinə əmin oldum. 

Əllərimi ondan çəkib ayağa qalxacaqdım ki, icazə vermədi: 

– Yanımda otur. İndi ən çox sənin qayğına ehtiyacım var, – dedi. 

Sakitcə yanına oturdum. Başını çiynimə qoyub susdu. Ona tərəf baxmamaq üçün otağın digər hissələrinə göz gəzdirirdim. Divarların hamısı bu qadının şəkilləri və posterləri ilə dolu idi. Şəkillərin hamısında xoşbəxt görünürdü. İri gözləri, iri dodaqları, iri alnı və qısa saçları olan bu sarışının fotoları hər yeri bəzəyirdi. Otağın bir hissəsində isə gül buketlərindən ibarət “dağ” dururdu. 

Bir müddət səssiz oturandan sonra danışmağa başladı:

– “Mələklər şəhəri”ndə doğulmuşam. Uşaqlıqdan mələk olmağın yükünü daşımışam. Tanrı valideynlərimi əlimdən alıb əvəzində qanad verdi. Onların yoxluğunu hiss etməmək üçün mümkün qədər uzağa uçdum. Nə qədər çalışsam da, kədəri özümdən uzaq tuta bilmədim.

Bütün uşaqlığım yetimlər evində keçib. Belə evlərdə sevgi olmur. Belə evlərdə ümid olmur. Bunu öyrənə-öyrənə böyüdüm. Amma daxilən hər zaman inandım. Bir gün kiminsə məni, həqiqətən, sevəcəyinə inandım. Məni sadəcə mən olduğum üçün sevəcək biri mütləq peyda olacaqdı. Çox gözlədim. Amma olmadı. Həmin adam gəlmədi...

Başını divanın küncünə qoyub susdu. Aralıdakı dərman qabını götürüb üstünü oxudum. Yuxu dərmanı idi. Qabın səsini eşidib kinayə ilə gülməyə başladı:

– Neçə ildir ki, yata bilmirəm. Yuxuya getmək hər keçən gün daha da çətinləşir. Amma bu gün ömürlük yuxuya gedəcəyəm. Sadəcə, bir zəng gözləyirəm. Onun mənə zəng etməsini gözləyirəm. 

Başını qaldırıb mənə baxdı və həyəcanla soruşdu: 

– Səncə, o mənə zəng edəcək? Düzünü de! 

Fikirli-fikirli üzünə baxıb susdum. Kimi nəzərdə tutduğunu bilmirdim. Üzündəki kədərin artmasına səbəb olmaq istəmədim.  

– Həmişə beləsiniz. Lazım olan anda susursunuz. Lazım olan anda yanımızda olmursunuz. Sizə ehtiyac duyduğumuz zaman sanki sevgimizdən ürküb qaçmağa başlayırsınız. Bizi tək qoyursunuz. Nəticədə, tükənirik. (Telefona baxıb davam etdi.) Kaş onun zənginə nə qədər ehtiyac duyduğumu biləydi. (Bir qədər fasilə verdi.) Onun uşaqları və həyat yoldaşı var. Yəqin ki, indi onların yanındadır. Yəqin ki, ailəsinin və isti evinin rahatlığını dadır. Məni isə buraya tərk edib.

Nə baş verdiyini anlamadım. Bircə onu gördüm ki, ayağa qalxdı və məni də özü ilə qaldırdı. Əllərimdən tutdu. Üzümə baxıb dedi:

– Ailənin qədrini bil! Bu həyatda böyük xəyalların ardınca qaçma! Finiş xəttində tək dayanacaqsan! Uğurunu paylaşacaq biri olmayacaq! İşinə bu qədər qapanma! Onları itirəcəksən! Heç bir kitab həyat yoldaşının, oğlunun və ya qızının gülüşü qədər dəyərli deyil. Onların tez-tez gülümsəməsinə səbəb ol!

Bu qadın danışdıqca həyatımın son 3 ili yadıma düşdü. Qeyri-ixtiyari gözüm yaşardı. Əlini qaldırıb ürəyimin üstünə qoydu və danışdı:

– Sənin böyük ürəyin var. Amma onu əbəs yerə məhv edirsən. Ürəyin səni uçuruma atacaq hədəflər üçün döyünür. Kitablar sənin dostun ola bilər, amma onlar sənin ailən ola bilməyəcək. (Əlimi tutub şəkillərlə dolu divarlardan birinə tərəf apardı və ən böyük fotosunu göstərdi.) Bu fotoya bax, səncə, mən burada xoşbəxtəm? Səncə, mənim gülüşüm həyat doludur? Görürsən, necə gözəl gülə bilirəm? Amma içimin qan ağladığını heç kim görmür. Bu insanlar mənə tamaşa etməyə gəliblər. Heç birini dərdlərim maraqlandırmır. Heç biri mənim kədərimi paylaşacaq qədər doğma deyil. Milyonlarla fanatın ola bilər, bircə həqiqi sevənin olmayacaq! (Güllərdən ibarət “dağ”ı göstərdi.) Bu güllərə yaxşı bax. Dünyanın bütün güllərini ayaqlarıma sərirdilər. Həmin kişilər həyat yoldaşlarına bağışlamadıqları hədiyyələri və gülləri mənə bağışlayırdılar. Bütün kişilərin arzusu mən idim. 

Mənə görə bilirsən neçə ailə…??? (Sözünü bitirməmiş başını yellədib əlləri ilə üzünü tutdu. Bir müddət susandan sonra danışmağa başladı.) Xəyallar da belədir. Onlar o qədər cəlbedici olur ki, sonda bir çox ailə başçısı seçim qarşısında qalır. Ya xəyallarını, ya da ailəsini seçməli olur. Düzgün qərar ver. Həqiqətən, əldə edəcəyin uğura görə dəyərmi? Düşün! Mənim kimi “Hollivud tələsi”nə düşmə. Bu tələdən heç kim sağ çıxmır. Ona görə də səni sevən ailənin qədrini bil. Qızın üçün ata ol! Kaş öz atamı görə biləydim. Kaş, heç olmasa, bir dəfə dizində oturub onunla hər hansı mövzuda danışa biləydim. Saçlarımı nəvazişlə sığallayıb sevgi dolu gözləri ilə “qızım” deyəydi. 

Qadının səni çox sevir. Onun dayağı ol! Onun üçün illərlə vuruşmusan. Heç bir xəyalın uğrunda vuruşmadığın kimi vuruşmusan. Onun yanında ol! İndi buna ehtiyacı var. Mənə yaxşı bax! Bütün kişilərin arzusuyam, amma yanımda heç kim yoxdur. Bu otağa tərk edilmişəm. Hər biri məni istəyib, əldə edib və həyatından uzaq tutub. (Bu sözlərin gətirdiyi hirs ilə divara tərəf cumdu və şəkilləri bir-bir cırmağa başladı.) Görürsən, bütün şəkillərdə təkəm! Tək! 

“Mələklər şəhəri”nə nifrət edirəm! Ona nifrət edirəm! “Palm-Sprinqs”dəki həmin gecəyə nifrət edirəm! 

O mənə ümid vermişdi. Düşünürdüm ki, bu adam fərqlidir və onunla sevginin nə olduğunu, nəhayət, dada biləcəyəm. Amma o da ailəsini seçdi. Bütün kişilər sonda ailəsini seçir. (Əlində tutduğu cırılmış şəkillərin hissələrini hirslə yerə atdı.) Necə də axmaq biriyəm! Dövlət başçısının mənim kimi birinə görə yaşadığı həyatdan imtina edəcəyini düşündüm. İndi də onun zəngini gözləyirəm. Bilirsən, Ağ Evə neçə dəfə zəng etmişəm? Bircə dəfə belə dəstəyi qaldırmadı. Öz adamları vasitəsilə məni azdırdı. Məni buna layiq gördü. Halbuki Binq Krosbinin evində özünü fərqli aparırdı. Mənimlə görüşə bilmək üçün bir il fürsət axtardı. Bir il! Sən demə, bu qədər vaxtı həmin gecəni yaşamaq üçün gözləyirmiş. Sən demə, onun üçün bir gecəlik həvəsdən başqa bir şey deyilmişəm. 

Sarışın qadın mənə tərəf gəlib yaxamdan tutdu. Hirs və göz yaşı içində boğularaq dedi: 

 Xəyalların gerçəkləşməsi üçün ömür boyu gözləyə bilərsən. Onlara çatanda görəcəksən ki, bu sevincin sadəcə bir gecəlik həvəsdir. Eşidirsən məni?! Ailəni bu keçici həvəsə qurban vermə! Mənə yaxşı bax! Şöhrət və ekranlar evin istisini əvəz etmir! 

Onun səsini eşidən meksikalı əsgərlər qapını çırpmağa başladılar. İkimiz də donmuşduq. Mənə baxıb gülümsədi. 

–Bu gün son günümdür. Son çıxışımı edəcəyəm, – dedi. 

Divanın arxasındakı makiyaj masasına tərəf qaçdı. Üzünü təmizləyib yenidən bəzənməyə başladı. İri dodaqlarına qırmızı dodaq boyasını çəkib kameraya baxarcasına güzgüyə baxdı. Fotolarda olduğu kimi gülməyə başladı. Ağ paltarını soyunub qırmızı donunu geyindi. Bədən cizgilərinə baxanda nə qədər cazibədar olduğunu gördüm. Ağ dərisinə, çiyinlərinə dəyən qırmızı paltar onun hazırlıq işlərinə yekun vurdu. Makiyaj masasından uzaqlaşıb qapıya tərəf getdi. Üzünü mənə çevirib təlimat verdi: 

–Əsgərlərin başını qatacağam. Həmin müddətdə qapının arxasında gizlən. Sənə göz vuranda qaçıb gedərsən. Eşitdin?!

Dediyi kimi, qapının arxasında gizləndim. Qapını açıb əsgərləri içəriyə buraxdı. Onların səs-küyü dayanmışdı. Hamısı susurdu. Həyatlarında bu qədər gözəl bir qadın görməmişdilər. Silahlarını yerə endirib papaqlarını çıxartdılar. Sarışın onları otağın ən sonuna tərəf apardı. Patefonu işə salıb bənövşəyi divanın üstünə çıxdı. Əlində mikrofon tutan sarışın ətrafına yığılmış əsgərləri ovsunlamışdı. Bir müddət öncə axıtdığı göz yaşlarından və kədərli üzündən əsər-əlamət qalmamışdı. Onu məşhurlaşdıran mahnısını oxuyurdu. İngilis dilində oxuduğu mahnıda “Sənin tərəfindən sevilmək istəyirəm, başqa heç kimin deyil, yalnız sənin tərəfindən... sevilmək istəyirəm” deyilirdi.  

Əsgərlərin özündən getdiyini görən sarışın onları ovsunlamaq üçün qırmızı paltarının diz qapaqlarını örtən hissəsini qaldırdı. Bütün əsgərlərin baxışı onun bəyaz dizlərinə kilidləndi. Bir anlıq mənə baxıb göz vurdu. 

“Mələklər şəhəri”ndə doğulmuş qıza, bütün kişilərin arzusu olan qadına son dəfə baxırdım. Fotolarda olduğu kimi gülümsəyib mətbəx görməmiş əlini dodaqlarına tərəf apardı və öpüş yolladı. 

Artıq otaqda deyildim. Qaranlıq dəhlizin içi ilə qaçırdım. Ailəmlə bağlı dedikləri qulağımda cingildəyirdi. 

Bir müddət sonra çəkiclə başıma vurulduğunu hiss etdim. Əlimi başıma qoydum və beləcə, yuxudan oyandım. Sağ-salamat idim. Evimdə idim. Ailəmin yanında idim. Yatmış körpələrimin və həyat yoldaşımın yanaqlarından öpdüm. Qonaq otağına qaçıb kompüterimi yandırdım. 

1962-ci ildə çap edilmiş qəzetdə sarışının ölümü ilə bağlı yazılanları oxudum. Onun zənglərinə cavab verməyən dövlət başçısı isə bir il sonra sui-qəsd nəticəsində həyatı tərk edəcəkdi. 

Other posts

11 kitablıq buket

11 kitablıq buket

  • 20 Views
  • 28.06.2026
  • 2 min read
Bəzən bir insanın bütün həyatı bir neçə cümlənin içində gizlənir. Son 10 il ərzində qarşıma çıxan insanlardan, şahidi olduğum talelərdən, verdiyim tə ...
Public
More
Cekpot Haqqında Hekayə

Cekpot Haqqında Hekayə

  • 85 Views
  • 21.06.2026
  • 6 min read
Bu arada onu da deyim ki, cekpotların dünyasında hər şey yağ və bal kimi getmir. O qədər mənfi şeylər də baş verir ki, həmin müddət ərzində. Balans ol ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.