
Bəzən ağlından 20 fikir keçir. Deyirsən indi bunların hansını paylaşım. Bəzən də deyirsən ki, elə hamısını yaz getsin. Onsuz da heç kimin vecinə deyil.
Fikir 1.
Oba marketlərdən kassaları yığışdırmaq lazımdır. Onsuz da orada heç kim durmur.
Fikir 2.
2 ayrı məkan var. Biri səni tanımaq və sənə xidmət etmək istəyir. Görür ki, hər dəfə ketçup və mayonez veriləndə ancaq ketçupa dəyirsən. Mayonez olduğu kimi qalır. Növbəti dəfə sənə mayonez gətirməyib sevindirirlər. Loyallıq yaranır. İkinci məkanla "görəsən nə vaxt gətirməyəcəklər" oyunu başlayır və sonra bezib bir də getmirsən. Görürsən ki, bunlar üçün detallar əhəmiyyət daşımır. Əsas odur bas getsin.
Fikir 3.
Yaxşı insanlar haqqında şeir (cızmaqara)
Yaxşı insanları yazıq bilirlər,
Salamı verərkən alıb minirlər,
Minilən insanın üzü gəlmir ki,
Üstdəki eşşəyə eşşəksən desin.
Minənin xəbəri yox minillikdən,
Minillik boyunca minən minilib,
Minilən min ölüb, min də dirilib,
Tarixən eşşəyə eşşək deyilsin.
Fikir 4.
Daft Pank - Veridis Quo qulaq asanda elə bilirsən ki, öz matəmində iştirak edirsən və tabutda uzanan səndən başqa zalda heç kim yoxdur. Nə yaxınların nə də uzaq bildiklərin. Qulaq asıb düşünürsən ki, dünyaya nə üçün gəldin və bu tabutda uzanmağın məğzi nədir. Bir də yadına imtahan düşür. Deyirlər ki, bizi Yaradan bizi imtahan edir və özü də sakitcə durub cavablarımızı gözləyir. Yaxşı bəs bu imtahan mövzuları keçilməyibsə və ya imtahandan sonra keçilirsə onda necə olacaq? İmtahan kağızı kənara qoyub mənə sakitcə baxan müəllimlə birgə boş kağıza baxmağa və imtahanın bitməsini gözləməyə başlayıram.
Fikir 5.
"Sənin verdiyini istəmirlər, səndə olanı istəyirlər." Uğur qazanmış iki boksçu söhbət edərkən biri gileyləndi ki, zirvədə tənha olacağımı bilirdim amma bu qədər tənha olacağım ağlıma gəlməzdi. Ailəsinə hərcür dəstək olan boksçunun verən əlini qırıb özünə qaytaran ailəsi ona "daha çox" deyirmiş. Maşın, ev bəs etmir hərəmizə olsun və s. Bununla da idmançı yox deməyə başlayıb. İnsanlara yaxşılıq yarayırmı yoxsa elə eləməyib pis olmaq daha yaxşıdır?
Fikir6.
Maşını ilə yol gedən Nick Bostiç evlər yanan ərazidən keçir. Onun işi pizza daşımaqdır. Bunu deyib yoluna davam edə bilərdi. Yanan evlərdən birində uşaqlar var cümləsinə reaksiya verərək dayanır və evin içinə şığıyır. Evdən 4 uşağı çıxara bilir. Sonuncu, 6 yaşlı uşaqla pəncərədən kənara tullanaraq yerə yıxılır. Uşağı ondan alan yanğın söndürənlərə "uşağın yaxşı olduğunu deyin" deyir. Hər şey əladır. Hamı sağdır və Nik bir insandır. İnsanın dibidir. Müasir və mənasız görünən dünyanın azmaz qalan ekspanatıdır bu Nik.
Fikir 7
Minimum əmək haqqları hələ verilməyib amma növbəti dəfə qiymətləri artırıblar. Heç olmasa bu əlavə manatlar əlimizə gəlsin ki, özünüzə qaytara bilək də. Niyə tələsirsiniz?
Fikir 8
Bir tikə çörək və tamaşa daha bəs etmir. Culinary Class Wars adlı verilişə baxın 100 çörək bişirən yarışır. Squid Game qələt edir.
Fikir 9
Qladiator 2-yə baxmayacam. Denzelə hörmət böyükdür amma 1-ci şedevr olaraq qalacaq. Bəzən elə 1-cini saxlayıb daha çəkməmək daha gözəldir.
Fikir 10
Yazdıqca rahatlıq tapırdım. İndi yazdıqca narahat olmağa başlamışam. KVANı və digər kitabları illər sonra oxuyan insanlardan mesaj gələndə demək istəyirəm ki, mən daha həmin Zeynəb Xanlarova deyiləm. Buketləri başqa adama verin. Heç buket də almayın. Amma narahat olsam da arada qələt edib nəsə yazıram.
Fikir 11
Joe Rogan və Mel Gibson podcastına qulaq asın. Adamın yanan eviylə bağlı soruşurlar. Deyir ki, hayıf o evdə 1600-cü illərin kitabları var idi. İndi onları bir daha görmək nəsib olmayacaq. Daş, kərpic düzələn şeydir amma əlyazma yaman başqa bir ağrı verir.
Fikir 12
Təlimçi olanlardan görəsən bu 20% vergi əvəzinə yenə 5% alacaqlar yoxsa biz də qurunun oduna yanan yaşlarıq.
Fikir 13
Ümid edirəm ki, bura qədər oxuyub gəlməmisən. Çünki belədirsə sən çox saf birisən. Səni incitmək, sənin əlində olan əppəyi almaq asandır. Çalış belə olma. Saf insan olaraq çox da yaxşı şeylər yaşamamış biri kimi deyirəm.
Fikir 14
Şou biznes - Şou göstər, biznes getsin.
Fikir 15
Fenin səsindən zəhləm gedir amma qızımın saçlarını fenləməyi çox sevirəm.
Fikir 16
Selfisiz, pr-sız sakit oxucu görüşləri üçün darıxmışam. Belə sakit oturub bir insan kimi bir-birimizi dinləmək necə də gözəl olardı. Yeyif-içməh yoxxx, dinləmək və danışmaq. Müzakirə və söhbət.
Fikir 17
İnsan bacardıqca özü barəsində öyrənməlidir. Psixotip və eqotiplərinizlə bağlı öyrənin. Arada bir seansbaşı 300 manat alan adamlardan danışırlar. İstəyirəm təklif edim ki, bir çay və bir dəyirmi masa təşkil edin sizə 2 saata hər şeyi izah edim. Ayıbdır insanları soymayın. Həqiqətən də öyrədin.
Fikir 18
3 aylıq proqram bitib. Məktəbli səsləri beynimdən çıxmır. 6-7-8ci siniflərlə işləyən zaman sərf etdiyim enerjini bundan əvvəl formula könüllüləriylə işləyən zaman sərf etmişdim. 4 aydan sonra nağıllarda olduğu kimi 3 gün 3 gecə yatmışdım.
Fikir 19
Hə, bura qədər insan deyir ki, ay beyin nə çox fikir edirsən? Yaşa getsin. Kitab nədir, dəftər nədir? Biraz kal ol, gönün qalın olsun. Vur getsin, bas getsin, at getsin, sat getsin. Getmir də naçalnik. Bəzi insanlar dirənib ki, dirənib. Mel Gibson kimi dirənib deyərdim. Adama deyərlər ki, Allahsızların içində yaşaya-yaşaya heç adam da Passion of Christ çəkər? Kimi oyadırsan? Nə üçün oyadırsan?
Fikir 20
Bu həyatda hər şey karma prinsipiylə işləyir. Etdiyinin əvəzini alacaqsan. Sadəcə orada vaxt, valyuta və şərtlər qeyd olunmayıb. 2024 mənim üçün qəşəng bir karmik il oldu və 2025-ci il də qızışmaq istəyir. Sona qədər oxuyan olmadığına inanıb özüm üçün yazmağa davam etmək istəyirəm. Yaxşı ki, tiktok və videolar var fb adama səssiz bir otaq effektini verir. Sanki qonşuda toydur amma sən qaçıb otağında uzanırsan.
20-ci fikri bitirəndə rahatlıq taparam deyirsən amma əl 21-ə gedir. Bu proses belədir. Sonu yoxdur.