Uşaq vaxtı evimizdə böyük bir maqnitofon var idi, hansında ki, tapdığımız kasetlərə qulaq asırdıq. Aygünün, Röyanın, Namiqin təzə-təzə tanınan vaxtları idi. Bu gün “nostalji mahnılar” dediyimiz parçalar onda məşhur idi. Bir də “Şaban” adlı türk müğənni var idi, səhv etmirəmsə. İndi araşdırıram, amma o sənətçini tapa bilmirəm. O vaxtlar həmin sənətçinin də albomu bizdə var idi.Televiziya anteni ilə yeni tanış olmağa başlamışdıq. Türk musiqi kanallarına baxır, hit paradları dinləyir və onları ayrıca şərh edirdim. Nənəmgildə qaldığım vaxtlarda isə AzTV kanalında mütəmadi olaraq “konsert” proqramına baxır və muğama qulaq asırdım. Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayevi ekranda görürdüm. Muğamı o vaxt da, indi də tam anlamıram, amma onun verdiyi hüzuru hiss edirəm.
Yeniyetməlik İlləri və Musiqi Zövqünün FormalaşmasıNokia 6300 modelinin gəlib çıxması ilə telefona yerli estrada mahnılarını yükləməyə başladıq. Telefon zənginə sevdiyimiz musiqiləri qoyurduq, amma mənim şəxsi telefonum olmadığı üçün musiqiyə qulaq asmaq imkanım çox deyildi.ATV-də “10lar” adlı veriliş vardı, hansı ki, şou-biznes həyatımıza daxil olmuşdu. Dərya-Xose rəqabəti, Dəyirmanın musiqiləri, Uranın çıxışları, “De-gəlsin” verilişində meyxanaçıların deyişmələri bizə əyləncə və istirahət gətirirdi. “De-gəlsin” yayımlanan günlərdə axşam ailəlikcə televizor qarşısında oturub maraqla qulaq asırdıq. O vaxt Aydın sağ idi, Rəşad isə cavan idi. Verilişi Emin Əfəndi aparırdı. Yadıma gəlir ki, bir neçə il ardıcıl olaraq Aydın, sonra Aqşin və Namiq Məna kimi meyxanaçılar qalib olmuşdular.Bir dəfə qonaq getdiyimiz evdə ev yiyəsinin uşağı HOST qrupuna qulaq asıb-asmadığımı soruşdu. Nə olduğunu bilmirdim və telefonumuzun olub-olmadığını soruşanda yalandan “evdə qalıb” demişdim. Utanmışdım. Sonralar Elçin Əlibəylinin təqdimatında “El içində” verilişində HOST qrupunun çıxışı səs saldı. Onların “Qarada Qırmızı” albomuna qulaq asdım və verdikləri mesaj xoşuma gəldi.
Musiqi Zövqünün Şəxsi FormalaşmasıMusiqidə sounddan daha çox mətnə fikir verirəm, çünki sənətçinin verdiyi mesaj mənim üçün çox maraqlıdır. Buna görə də həmin vaxt təzə-təzə tanınan Şəhriyar Atababayev (Xpert), Orxan Mustafazadə (Okaber), və Pərviz Quluzadəyə (Paster) qulaq asmağa başladım. Azərbaycanda musiqi industriyası təzə-təzə formalaşırdı (və hələ də tam formalaşmadığını düşünürəm). Hər janrda musiqini sevsəm də, mesajın dolğunluğuna görə repə üstünlük verirdim. Synaps və Mad House-un çəkişmə vaxtları yadda qalıb.Daha sonra “Cırtdan Pro” adlı gənc musiqiçilərə dəstək platforması yaradıldı və yeni musiqilər, yeni sənətçilərlə tanış olduq. O illərdə yeni janrlar və janrların qolları ilə tanış oldum. Musiqi məni həmişə yellədirdi, amma mətn mənim üçün yenə də vacib idi.
Müasir Dövrdə Musiqi ilə Əlaqəİndi həm sounda, həm mətnə, həm aranjimana, həm də mesajın özü və musiqinin yaranma tarixçəsinə diqqət yetirirəm. Əsl musiqiyə layihə kimi yanaşıram və dinləyəndə haqqını verməyə çalışıram. Lyrics-ləri açıb oxuyuram, sənətçinin müsahibəsinə qulaq asıram, onun xatirəsini tapmağa çalışıram. Ərəb-tacik ritmlərinin efirlərdə yayımlandığı bir dövrdə musiqiyə belə həssas yanaşmağım normaldır. YouTube-da 6/8, 6/9 ritmini trenddə axtarırıq, amma onlar da bəzən bayağı çıxır.Mən melomanam. Musiqi həyatımın bir parçasıdır və informasiyanı musiqi ilə də alıram. Bu sənətə dəyər verir, yerli industriyanı tanıyıram. Bir çox yerli-xarici, müasir-ötən əsir sənətçilərinə və musiqilərinə qulaq asıram. Musiqi zövqümün qınanılmasına icazə vermirəm, çünki seçiciyəm. Aranjiman, mətn, sound və mesaja görə seçirəmsə, bu, keyfiyyətli musiqini axtardığım və dinlədiyim deməkdir. Hərənin öz zövqü var, və bu müzakirə olunmazdır. Amma hərənin öz zövqü onun keyfiyyətə yanaşma formasını da əks etdirir. Hansısa zavokzal sənətçisinə qulaq asmaq olar, amma bu, sənin qulağına və beyninə göstərdiyin hörmətin və onların keyfiyyətinin göstəricisidir.