Tənbəl deyilsən. Sadəcə yanlış yerdən güc gözləyirsən...

Uzun fasilədən sonra yenidən yazıram və qərara gəldim ki, ən çox eşitdiyim cümlədən başlayım: “Mən çox tənbəlləşmişəm."


10 baxış
05.11.2026
2 dəq oxuma

Bunu mənə həftədə bir neçə dəfə deyirlər ətrafdakilar. Çox vaxt işləyən, ağıllı, özünə baxan insanlar. Kənardan baxanda hər şeyi yerində olanlar. Mən qulaq asıram və hər dəfə eyni şey ağlıma gəlir: tənbəllik diaqnoz deyil, simptomdur. Yəni xəstəlik yox, əlamətdir. Əsl söhbət onun altındadır.

Özüm üçün fərqi belə izah edirəm. Motivasiya adətən “lazımdır” dilində danışır. Qazanmalıyam, formada olmalıyam, geridə qalmamalıyam, pis görünməməliyəm. Bu pis deyil, bəzən işləyir də. Amma tez bitir, çünki xaricdən qidalanır. İlham isə başqa dildə danışır: “istəyirəm, çünki bu mənimdir.” O, məna olan yerdə yaranır və uzun yaşayır. Ona görə motivasiyanın bitməsi sənin zəifliyin deyil. Sadəcə yanlış yanacaqla getmisən.

İnsan inkişaf etmək istəmirsə, mən adətən beş şeydən birinə baxıram. Bəzən hamısı bir yerdə olur. Birincisi, istiqamət yoxdur. Hara getdiyini bilmirsən, ona görə “bunu niyə edirəm” sualı havada qalır. İkincisi, maraq sönüb. Üçüncüsü, qorxu var. Uğursuz olmaq, tənqid olunmaq, rədd edilmək, rahat yerindən tərpənmək qorxusu. Dördüncüsü, nəticə gec gəlir və gözləməkdən yorulursan. Beşincisi, yanında səni görən, dəstək verən adam yoxdur.

Bunların heç biri xarakter problemi deyil. Hamısı vəziyyətdir. Vəziyyət isə dəyişir.

Qorxu haqqında ayrıca deyim. Mənə elə gəlir ki, o, tez-tez özünü tənbəllik kimi təqdim edir. Başlamasan, səhv də etməzsən, ona görə də “bu gün yox, sabah” çox təhlükəsiz səslənir. Səhv etməməyin qiyməti isə yerində sayma olur.

Bu müşahidələri mən bir sistemə çevirdim. Adı Inner System Modulu. Onun mərkəzində Balans çarxı var. Fikir sadədir: həyatın sahələrinə bir-bir baxırsan və görürsən hansı sahədə enerji gəlir, hansında sızır. Çox vaxt “motivasiyam yoxdur” dediyin yerdə əslində bir sahə gizlicə səndən güc çəkir. Hansı olduğunu görməyincə sən başqa şeylərlə əlləşirsən, özünü məcbur edirsən və yenə sönürsən.

Əgər bu yazını oxuyanda “bəli, mən də elə” deyibsənsə, Inner System məhz bunun üçündür. Burada kimsə sənə necə yaşamağı öyrətmir. Sən özünə baxırsan, mən isə yanındayam və düzgün suallar verirəm.

Hələlik isə bir sual. Sənin “tənbəlliyinin” arxasında yuxarıdakı beşdən hansı dayanır? Şərhlərdə yaz, birlikdə baxaq. Mən hamısını oxuyuram.

Və bu səhifəyə abunə ol. Yenidən müntəzəm yazacağam. Növbəti yazılarda başqasını dəyişdirməyə çalışmaq yorğunluğundan və valideynlərdən ayrılanda sevgini itirməməkdən danışmaq istəyirəm.