1876-cı ilin may günlərinin birində iyirmi yaşlı Sankt-Peterburq sakini Yekaterina Kornilova hər səhər olduğu kimi ərini işə yola salır, onun birinci arvadından olan altı yaşlı qızını yuxudan oyadır, yuyundurur, geyindirir, səhər yeməyi ilə kofesini verir və sonra … onu pəncərədən aşağı atır, pəncərəni bağlayır və dərhal polisə gedərək törətdiyi əməli etiraf edir. Dördüncü mərtəbədən düşən qızcığaz xoşbəxtlikdən ciddi bir xəsarət almadan sağ qalır.
Bu sadə, amma eyni zamanda qəribə cinayət işi barədə məlumatlara başqa, daha yaxşı tanıdığımız bir Peterburq sakininin, Dostoyevskinin şəxsi aylıq jurnalı Yazıçının Gündəliyində rast gəlirik. Gündəliyin may buraxılışında bir məhkəmə işi bağlı fikirlərini bölüşən Dostoyevski yenicə baş vermiş bu hadisəyə də toxunur və bunları yazır:
“Yeri gəlmişkən, mən artıq qeyri-iradi olaraq təsəvvür edirəm ki, bu ögey ananı vəkillər necə müdafiə edəcəklər: çıxılmaz vəziyyət, dul kişi və onunla məcburən və ya ağılsızlıqdan evlənmiş gənc arvadı. Burada yoxsul insanların yoxsul həyat tərzi, bitib-tükənməyən iş təsvir olunacaq. O sadəlövh, məsum, təcrübəsiz (xüsusən də bizdəki tərbiyəni nəzərə alsaq) bir qız kimi ərə gedəndə fikirləşirdi ki, evlilikdə yalnız sevinc var, amma sevinc əvəzinə çirkli paltarların yuyulması, yemək bişirmək, uşağın təmizlənməsi ilə qarşılaşır… Hörmətli jüri, o, təbii olaraq, bu uşağa nifrət etməli idi (kim bilir, bəlkə hətta elə bir müdafiəçi tapılar ki, uşağı pisləməyə başlayar və altı yaşlı qızda bəzi xoşa gəlməyən xüsusiyyətlər tapar), ümidsiz bir anında, affekt vəziyyətində, özündə olmadan, o, bu qızı tutur və… Hörmətli jüri, hansı biriniz eyni şeyi etməzdiniz? Hansı biriniz uşağı pəncərədən atmazdınız?”
Bəs Dostoyevskinin bu kinayəsinin səbəbi nə idi? Məsələ burasındadır ki, bu hadisədən bir neçə gün qabaq, aprelin 28-də Peterburq dairə məhkəməsində sevgilisinin arvadını öldürməyə cəhd edən Anastasiya Kairovanın məhkəməsi keçirilmiş və ona bəraət verilmişdi. İşin bəraətlə nəticələnməsində şübhəsiz ki, Kairovanın vəkili Utinin güclü müdafiə nitqinin rolu böyük idi və Dostoyevskinin kinayəsinin hədəfi də Utin və onun kimi vəkillər idi. Dostoyevskinin fikrincə Utin müttəhimi müdafiə etməyə çalışarkən, belə demək olarsa, ağını çıxartmış və az qala törədilən cinayəti tərifləmişdi. Məsələn, Utin öz nitqində Kairovanın əməlini balası əlindən alınan aslanın davranışına bənzədir, həmçinin həmin vəziyyətdə qadının sakit qalmasının mümkün olmadığını, bunun üçün daşürəkli olmaq lazım olduğunu bildirir.
“Kim bilir, bəlkə hətta elə bir müdafiəçi tapılar ki, uşağı pisləməyə başlayar” kinayəsinin hədəfi isə Çar Rusiyasının ən məşhur vəkillərindən olan Spasoviç idi. Hələ üç ay əvvəl Gündəliyin fevral buraxılışında Dostoyevski Spasoviçi sərt tənqid etmişdi. Tənqidə səbəb isə onun ictimaiyyətdə geniş rezonans doğurmuş Kronenberq işindəki çıxışları idi. Maliyyəçi maqnat Kronenberq yeddi yaşlı qızına qarşı zorakılığa görə mühakimə olunurdu. “Sözəbaxmayan” qızını mütəmadi olaraq döyən ata bu dəfə analığının sandıqçasını açdığına və icazəsiz gavalı qurusu və qənd götürdüyünə görə qızcığazı on beş dəqiqə fasiləsiz şallaqlamışdı. Qızın “ata, atacan” qışqırıqlarına dözməyən qulluqçuların şikayəti nəticəsində iş məhkəməlik olmuşdu. Vəkilin əsas arqumentləri ondan ibarət idi ki, qız yalançı və oğru idi və atasının onu tərbiyə məqsədilə şallaqlaması qanunun valideynə verdiyi səlahiyyət həddini aşmamışdı. Vəkil öz işinin öhdəsindən uğurla gəlmiş və müttəhimin bəraət almasına nail olmuşdu. Vəkilin bu mövqeyindən hiddətlənən Dostoyevski isə göstərirdi ki, yeddi yaşında bir mələyi az qala bank oğrusuna bənzətmək, onun yalvarışlarına məhəl qoymadan katorqada dustaqlara tətbiq olunan şəkildə şallaqlamaq həddi aşmaqdı. Bəlkə də, bu hadisənin Dostoyevskiyə çox təsir etməsinin səbəblərindən biri də onun üç il əvvəl qızı ilə bağlı gördüyü yuxu idi. Dostoyevski arvadı Annaya məktubunda yazırdı:
“Bu gün yuxuda gördüm ki, Lilya yetim qalıb və əzazil bir qadının əlinə düşüb. Qadın onu iri, əsgər çubuqları ilə elə şallaqlayırdı ki, o artıq son nəfəsdə idi. O dayanmadan “ana, anacan” deyirdi. Bu yuxu məni bu gün az qala dəli edəcək”.
Dostoyevskinin tənqid hədəfi təkcə vəkillər deyil, eyni zamanda jüri məhkəmələri idi. 1864-cü ildə II Aleksandrın məhkəmə-hüquq islahatları çərçivəsində yaradılmış jüri məhkəməsi Çar Rusiyası üçün yeni bir məfhum idi. Dostoyevski bu məhkəmələrin yaradılmasını ümumilikdə müsbət addım hesab edir, amma jüri məhkəmələrinin bir çox işdə açıq-aşkar təqsirli şəxslərə bəraət verməsini tənqid edirdi. Jüri məhkəmələrinin bəzən cinayətkara yersiz mərhəmət göstərdiyini deyən Dostoyevski məişət zorakılığı ilə bağlı bir məhkəmə işini də nümunə gətirir.
Kəndli Sayapin arvadını mütəmadi olaraq döyür, işgəncə verir, alçaldır, ayaqlarından asır və o vəziyyətdə şallaqlayır. Evdəki çörəyi yeməyinə icazə vermədiyinə görə, arvad qonşulardan çörək istəməyə məcbur olur. Körpə qızının gözü qarşısında demək olar ki, hər gün baş verən bu zorakılıq illər boyu davam edir. Nəhayət bir gün, artıq dözməyən qadın yerli idarəyə gedərək şikayət edir. İdarənin cavabını Dostoyevski sərxoş bir adamın sərsəmləməsinə bənzədir: “Gedin mehribancasına yaşayın”. Bundan bir neçə gün sonra qadın özünü asır. Onu özünü öldürmək həddinə çatdırmağa görə mühakimə olunan ərə bəraət verilməsə də, cəmi səkkiz ay iş verilir. Ona görə ki, jürinin fikrincə, ər təqsirli olsa da, mərhəmətə layiq idi. Cəmi səkkiz aydan sonra evinə qayıdacaq və Dostoyevskinin təbiri ilə desək bu dəfə də ona qarşı şahidik edən qızını ayağından asacaq. Dostoyevski ərin qadına qarşı bu zorakılığını mühitlə, cəhalətlə, geridə qalmışlıqla əlaqələndirənlərə də qarşı çıxır. Eyni mühitdə milyonlarla insanın yaşadığını, amma onların heç də hamısının arvadını ayağından asmadığını vurğulayan Dostoyevski bunun insanın təbiəti ilə bağlı olduğunu yazır. Təbiətində varsa ali təhsilli adam da zorakılıq göstərər. Qızını şallaqlayan Kronenberq fəlsəfə doktoru idi.
Dostoyevskinin fikrincə cinayətkara bəraət verilə bilməz. Ona mərhəmət göstərilərək “get, amma bir də belə eləmə” deyilə bilər. “Deyəsən, bizdə belə hüquqi formula yoxdur” deyirdi Dostoyevski. Bəli, hüquqda belə formula yoxdur. Bəs harda var. Əlbəttə ki, Dostoyevskinin katorqa illərində başucundan ayırmadığı İncildə. Söhbət “İsa peyğəmbər və zinakar qadın” əhvalatından gedir. Yəhudilər zina üstündə tutulmuş qadını İsa peyğəmbərin yanına gətirirlər və “Tövratda belələrinin daşqalaq edilməsi buyurulub, bəs sən nə deyirsən?” deyə soruşurlar. İsa peyğəmbər cavab verir: “aranızda kim günahsızdırsa, birinci daşı o atsın”. Bu sözdən sonra heç kim daş atmır və hamı bir-bir oradan uzaqlaşır. Təkcə İsa peyğəmbərlə qadın qalır. İsa peyğəmbər deyir: “Mən də səni məhkum etmirəm, get, daha günah işləmə”. Göründüyü kimi, bu rəvayətdə İsa peyğəmbər qadını cəzalandırmasa da, ona bəraət də vermir. Edilən əməlin günah olduğu bildirilir. Dostoyevskinin fikrincə məhkəmələrdə də günaha günah, cinayətə cinayət, şərə şər deyilməlidir, hər şeyi mühitin üstünə atdıqda, hər şeyə haqq qazandırdıqda, cinayətkarda günah görmədikdə cinayət ümumiyyətlə cinayət olmaqdan çıxar.
Dostoyevski təkcə məqalələrində deyil, romanlarında da bu məsələyə toxunurdu. Məsələn, İdiotda knyaz Mışkin altı nəfəri amansızlıqla öldürən bir gəncin vəkilinin çıxışından bəhs edir. Vəkilin dediklərindən belə çıxırdı ki, o cür yoxsul vəziyyətdə təbii ki, onun ağlına həmin insanları öldürmək gəlməli idi. Vəkilin cinayətkarı bu şəkildə müdafiə etməsi knyazı heyrətləndirir və onun dili ilə Dostoyevski əslində öz katorqa müşahidələrini bölüşür:
“Mən özüm də həbsxanada olmuşam və müəyyən cinayətkarlarla və müttəhimlərlə tanış olmuşam. On nəfəri gözünü qırpmadan öldürən bundan da qatı cinayətkarlar var. Ancaq diqqətimi çəkən o oldu ki, ən amansız qatil belə cinayətkar olduğunu bilir, yəni əməlindən peşman olmasa da, öz vicdanına əsasən başa düşür ki, yaxşı etməyib. Onların hər biri belədir, lakin Yevgeni Pavlıçın haqqında danışdığı bu insanlar özlərini cinayətkar saymaq belə istəmirlər və özlərinin haqlı olduqlarını və hətta demək olar ki, yaxşı etdiklərini, düşünürlər.”
Törətdiyi cinayətə görə vicdan əzabı çəkməmək və cinayəti törətməyə haqqı olduğunu düşünmək. Sizə də elə gəlmirmi ki, Mışkin sanki Dostoyevskinin digər qəhrəmanı Rodion Raskolnikov haqqında danışır.
- Sonya…Mən bilmək istəyirdim ki, mən də hamı kimi bitəm, yoxsa insan?… Mən titrəyən bir məxluqam, yoxsa haqqım var?
- Öldürməyə? Öldürməyəmi haqqın var?
Raskolnikovun bəxti bəlkə də onda gətirməmişdi ki, o qarını baltalayanda yeni məhkəmələr hələ formalaşmamışdı. Kim bilir, bəlkə də Spasoviç kimi bir vəkilin nitqi və mərhəmətli jürinin qərarı ilə ona hətta bəraət verilərdi. “Maddi imkansızlıq ucbatından ali təhsilini tamamlaya bilməyən, işi-gücü olmayan bu gəncin çıxış yolu nə idi? Bir yandan da anasından gələn o məktub. Bacısının istəmədiyi bir adamla pula görə evləndirilməsi xəbəri. Bir tərəfdə yüksək faizlərlə pul verən sələmçi qarı, digər tərəfdə isə yoxsulluq, səfalət, acından ağlayan körpələri doyurmaq üçün özünü satmağa məcbur qalan Sonya. Ümidsiz bir anında, affekt vəziyyətində, özündə olmadan, o, baltanı götürür və… Hörmətli jüri, hansı biriniz eyni şeyi etməzdiniz?”
Kornilovanın məhkəməsində jüri o qədər də mərhəmətli olmur. Oktyabrın 15-də keçirilən məhkəmədə Kornilova təqsirli bilinərək iki il səkkiz ay müddətinə katorqa cəzasına məhkum edilir. Gündəliyin oktyabr buraxılışında yenidən bu məsələyə qayıdan Dostoyevski hökmlə razılaşmır və hesab edir ki, bir çox işlərdə açıq-aşkar təqsirli şəxslərə bəraət verməsi ilə məşhur olan məhkəmələr məhz elə bu işdə bəraət versə daha düzgün olardı. Bunun üçün əsas da var idi. Cinayəti törədərkən Kornilova dörd aylıq hamilə idi. Dostoyevski hamiləlik zamanı qadınların müəyyən qədər qəribə ruh halında olduqlarını və bəzən bunun hətta anormal formalarda təzahür edə biləcəyini bildirir. Onun fikrincə, Kornilova hadisə anında hamiləlik affekti vəziyyətində olmuşdu. Belə ki, ərinə hirslənən qadının bir an ağlına acığını onun qızından çıxmaq gəlmişdi. Hamilə olmasaydı, bunu sadəcə ağlından keçirərdi, amma etməzdi. Amma hamiləlik affekti vəziyyətində ağlından keçirir və dərhal da götürüb atır. Dostoyevski həm də cəzanın nəticələrini də təsvir edir və bu cəza ilə Kornilovanın yeni doğulacaq uşağının da hələ dünyaya gəlməmiş Sibirə məhkum olunduğunu, atasız qaldığını, nəticədə hamının itirdiyini bildirir. Katorqanın hələ heç kimi islah etmədiyini vurğulayan Dostoyevski yazısını bu sözlərlə bititir: “Doğrudanmı indi Kornilovanın bu hökmünü hansısa şəkildə yumşaltmaq mümkün deyil? Doğrudanmı heç cür mümkün deyil? Həqiqətən də, burda nəsə səhv ola bilərdi… Həqiqətən də, elə görünür ki, səhv var!”
Dostoyevskinin bu müraciəti ictimaiyyətə və ən əsası səlahiyyətli şəxslərə öz təsirini göstərir və dekabrda Kornilovanın hökmündən verilən kassasiya şikayəti qəbul olunur. Hökm Senatın kassasiya departamenti tərəfindən ləğv olunur və iş yenidən baxılmağa göndərilir. Dostoyevski bu yazı ilə kifayətlənmir. O, Kornilovanı həbsxanada ziyarət edir və Gündəliyin növbəti buraxılışlarında onun barədə təəssüratlarını bölüşür və oxucularına bir növ baş vermiş hadisənin və onun qəhrəmanlarının ədəbi-psixoloji portretini çəkir.
Budur onlar. Gənc Katya və ondan yaşca böyük olan dul əri. Onlar sevərək evlənirlər. Amma çox keçmir ki, tərəflər arasında fikir ayrılıqları və münaqişələr başlanır və get-gedə artır. Bütün bunlara baxmayaraq onlar bir-birini sevməyə davam edirlər və məhz bu sevgi də onların bir-birinə qarşı tələblərini artırır. Hər biri digərinin onu başa düşməli olduğunu düşünür, başa düşməyəndə qəzəblənir, izah etmək, açıq danışmaq əvəzinə küslüklər və soyuq münasibətlər ortaya çıxır. Bir tərəfdən Katyanın xarakteri. Qapalı və bir qədər də qürurlu. Ürəyində ən alovlu hisslər olsa belə, onları biruzə verməyə sanki utanan, çox nəvaziş göstərməyən birisi. Belə insanları sevgisizlikdə, nəvazişsizlikdə ittiham etdikdə, daha da özünə qapanırlar. Digər tərəfdən də ərin xasiyyəti. Doğrudur, o, dürüst, xeyirxah, səxavətli və zəhmətkeş birisidir. Arvadını sevir və ona şiddət göstərmir. Amma özünün doğru bildiyi həyat tərzi və davranışlar var ki, Katyanın da onlara uyğun davranmasını istəyir. Bunlar olmadıqda isə, ortaya bitib-tükənmək bilməyən öyüd-nəsihətlər, məzəmmətlər və ən pisi, onun əvvəlki arvadı ilə müqayisə çıxır. Bütün bunlar ona gətirib çıxarır ki, Katyanın ürəyindəki sevgi hissi tədricən, heç özü də bilmədən, məyusluq hissi ilə əvəz olunmağa başlayır. Həyat isə öz axarında davam edir.
Bir gün Katya ərinin icazəsi ilə ad günündə iştirak etmək üçün ailə evinə gedir. Ad günü çox şən keçir. Qonaqlar, maraqlı söhbətlər, yemək-içmək, rəqslər. Ər evindəki monoton həyatdan və işdən-gücdən sıxılan qadın bir günlüyünə sanki öz gəncliyini xatırlayır və o qədər əylənir ki, vaxtında evə qayıtmaq yadından çıxır. Artıq gec olduğuna görə gecəni orda keçirir. Arvadı vaxtında evə qayıtmayan və ilk dəfə arvadından ayrı gecələyən ər çox qəzəblənir. Səhər işini-gücünü ataraq onun ardınca gedir, elə ordaca hamının içində onu danlayır və evə qayıdırlar. Evə qayıdarkən yolda bir-biri ilə danışmırlar. Bu sükut iki gün, iki gecə davam edir. Üçüncü gün səhər ər yenə həmişəki kimi işə gedir, Katya rutin bir şəkildə qızı yuxudan oyadır, yuyundurur, geyindirir, səhər yeməyi ilə kofesini verir. Uşaq oturub yeməyini yeyərkən Katya birdən uşağa baxır və … Sonrasını artıq bilirsiniz.
Gündəliyin oktyabr buraxılışında Dostoyevski Kornilovanın məhkəməsi ilə yanaşı yaxın günlərdə Peterburqda baş vermiş bir intihar hadisəsindən də bəhs edir. Qəzetlərin yazdığına görə yoxsul, gənc dərzi qız Mariya iş tapa bilmədiyinə görə özünü dördüncü mərtəbədən ataraq intihar edir. İntihar edərkən qızın əlində Həzrəti Məryəmin ikonasını tutması Dostoyevskinin diqqətini çəkir. “Bu necəsə həlim, müti bir intihardı” deyir Dostoyevski. “Bu həlim, özünü məhv edən ruh istər-istəməz fikrə dalmağa məcbur edir”.
Bu iki hadisə Dostoyevskiyə necə təsir edirsə, o, Gündəliyin növbəti, noyabr buraxılışında oxucularının qarşısına həmişəki kimi məqalələrlə yox, Həlim qız adlı hekayəsi ilə çıxır. Hekayəyə fikir verdikdə Dostoyevskinin həlim qızının Katyanın və Mariyanın ümumiləşdirilmiş obrazı olduğunu görmək olur. Əsərin qəhrəmanı gənc dərzi qızdır, əri özündən yaşca böyük və təbiətcə sərtdir. Qız onsuz evdən çıxa bilməz, əylənmək üçün yalnız ayda bir dəfə teatra gedirlər, onda da səssiz gedib, səssiz qayıdırlar. Sonra mübahisələr başlanır, sonra yenə səssizlik, əvvəl sözlə ünsiyyət bitir, sonra göz təması, sonra yataqlar ayrılır, sonra masalar, sonra bir evin içində aylarla davam edən faktiki ayrılıq.
Bütün qışı davam edən bu sükut nəhayət günəşli bir yaz günü pozulur. Əri həlim qızın səsini yenidən eşidir. Yox, o, əri ilə danışmır. Sadəcə, iş görərkən özü üçün zümzümə edir. Evliliyin ilk günlərindən bu yana əri ilk dəfə onun oxumağını eşidir. Amma səsi o günlərdəki kimi şən, güclü və cingiltili deyildi, zəif və sınmış idi. Bu nəğmə onun ərinə ünvanlanmamışdı. Bu Xavyer Mariasın Ağ ürək əsərində bəhs etdiyi nəğmələrdən idi. O nəğmələr ki, heç kimə ünvanlanmırdı. O nəğmələr ki, qadınlar döşəmələri süpürəndə, siləndə, paltarları asanda, mebellərin tozunu alanda oxuyurdular. O nəğmələr ki, analar güzgü qarşısında saçını darayıb, sancağını taxaraq qonaq getməyə hazırlaşanda oxuyurdular. O nəğmələr ki, isti yay axşamları şər qarışanda nənələr taxt üstündə oturub yelpiklə sərinlənməyə çalışan zaman zümzümə edirdilər. O nəğmələr ki, kiminsə qulaq asması və ya başa düşməsi üçün oxunmurdu. Ona görə oxunurdu ki, hardasa, həyətdə ya evin bir küncündə oynayan balaca bir uşaq heç özü də bilmədən onu eşidib yaddaşına həkk etsin və illər sonra bir gün böyüklərin səssizlik dolu həyatında bir qadının ona ünvanlanmayan bu zümzüməsini eşidərkən o nəğməni, o səsli-küylü uşaqlıq illərini, güzgü qarşısında saçını darayan anasını və ya ağ saçlı nənəsini xatırlasın.
Bəli, həlim qızın oxuduğu da bu nəğmələrdən idi… Ər səhvini başa düşür, özünün təbiri ilə desək sanki gözlərindəki tor qalxır və yenidən onunla danışmağa, onun sevgisini qazanmağa çalışır. Amma artıq gec idi. Səssizlik çox uzun sürmüşdü. Ərinin sevgisinə atıq cavab verə bilməyəcəyini başa düşən həlim qız özünü pəncərədən atır. Və ev yenidən səssizliyə qərq olur.
Bəs həlim qız özünün yox, ərinin həyatına son qoysaydı necə? Bu suala cavab axtarmaq üçün, 1876-cı ilin Peterburqu ilə vidalaşaq və okeanın o tayına, 1917-ci ilin Amerikasına səyahət edək. Susan Glaspellin Özü kimilərdən ibarət jüri əsərində əhvalat vaqe olur Amerikanın ucqar bir əyalətində. Fermer Luis Heyl birgə telefon xətti çəkdirmək təklifini rədd etmiş həmkəndlisi Con Raytdan bu məsələ barədə fikrini bir daha soruşmaq üçün onun evinə gedir. Məlum olur ki, Con yatağındaca iplə boğularaq öldürülüb. Həmin vaxt yatdığını və Conu kimin öldürdüyünü bilmədiyini deyən arvadı Minni Rayt şübhəli bilinərək həbs olunur. Ertəsi gün şerif və prokuror evə gələrək cinayəti aydınlaşdıracaq, motivi müəyyən edəcək sübutlar axtarırlar. Minninin paltarlarından bir neçəsini seçib ona aparmaq üçün Missis Heyl və şerifin arvadı Missis Peters də onları müşayiət edir. Şerif və prokuror evin otaqlarını gəzərək sübut axtararkən qadınlar mətbəxdə qalır və mətbəxdəki əşyalara göz gəzdirərkən təsadüfən vacib sübutlar tapırlar: əvvəlcə qapısı sındırılmış boş bir quş qəfəsi və biraz sonra da yaylığa bükülmüş vəziyyətdə quşun özünü, boynu qırılmış sarı bülbülü. Və qadınlar Minni Raytın həyatı barədə söhbət etdikcə, onlara da, eləcə də oxucuya hər şey aydın olur…
Budur, iyirmi il əvvəlki gənc Minni, qızlıq soyadı ilə Minni Foster. Kəndin şən, həyat dolu, al-əlvan donlar geyinən qızlarından biri. Gözəl səsi olan Minni həm də kilsə xorunda oxuyur. Ağ donu və mavi bantikləri ilə. Lap Aleksandr Blokun məşhur şeirini xatırladır:
Kilsənin xorunda oxuyurdu qız,Qürbət diyarların miskinlərindən,Dənizdə qərq olan gəmilər haqda,Bir də bu həyatın küskünlərindən.
Səsi ucalırdı günbəzə onun,Ağappaq çiynində şölə yanırdı.Hamı qaranlıqdan baxırdı ona,Ağ donu şəfəqdə dalğalanırdı.
Sonra Minni böyüyür. Sonra evlilik. Sonra uşaq? Yox, Raytların uşağı olmur. Sonra kəndin ən ucqarında yerləşən bir evdə sakit həyat, oyun yerinə iş, şən rəfiqələr yerinə sərt təbiətli ər, rəngarəng gözəl donlar yerinə qara nimdaş paltarlar, ünsiyyət yerinə evə qapanma, daha doğrusu qapadılma, nəğmə yerinə səssizlik. İyirmi illik səssizlik. Öz nəğməsi susan Minni bir gün ev-ev gəzən səyyar satıcıdan sarı bülbül alır ki, bu səssiz evdə heç olmasa onun nəğməsi eşidilsin. Çox keçmir ki, quşun səsindən əsəbləşən Con onu birdəfəlik susdurur. Və həmin gecə də özü eyni şəkildə boğularaq öldürülür. Bəli, hər şey aydın olur. Bu da Minninin nəğməsinin sonu, bu da motiv, bu da qadınlardan fərqli olaraq “ev”ə deyil, “cinayət yeri”nə gələn kişilərin bayaqdan otaq otaq axtarıb tapa bilmədiyi sübut. Şerif və prokuror mətbəxə qayıdana kimi qadınlar quşu gizlədirlər. Əvvəlcə sübutu gizlətməkdən çəkinən Missis Peters “qanun cinayəti cəzalandırmalıdır” deyəndə Missis Heyl ağlayaraq cavab verir: “Ah, kaş ki, arabir bura gələrdim!” Və uzun illər ərzində qonşuluqda yaşayan Minnigilə gəlməməyini, onu yada salmamağını nəzərdə tutaraq “Bax, bu, cinayət idi! Bunu kim cəzalandıracaq?” deyir.
Pomerants yazırdı ki, orta statistik insan özünü Raskolnikovdan üstün hesab edir. Raskolnikov qarını öldürüb, cinayət törədib. Mən isə öldürməmişəm və heç kimin məni mühakimə etməyə haqqı yoxdur. Ancaq, hamımız öldürürük. Sadəcə, balta ilə yox. Yalanla öldürürük. Yersiz deyilən həqiqətlə öldürürük. Sözlə öldürürük. Sükutla öldürürük. Bədəni yox, heç bir qanunla qorunmayan ruhu öldürürük və heç nə olmamış kimi oturub çay içirik. Şair necə deyirdi:
Keçir öz qanına batan adamlar,Bir də ki, qan hanı?Qan axı yoxdu.Hamı günahkardı dünyada, ammaDünyada heç kəsin günahı yoxdu.