Təsəvvür edin ki, sevimli kafenizdə oturub amerikano içərkən yan masadan bir nəfər sizə yaxınlaşır və belə bir təklif edir. Əgər alışqanı on dəfə ard-arda yandıra bilsəniz, o, kafenin qabağındakı son model Kadillakını sizə verəcək. Yox, əgər yandıra bilməsəniz əvəzində siz ona çox kiçik bir şey verməlisiniz: çeçələ barmağınızı. Cavabınız nə olardı? Güman ki, imtina edərdiniz və onun dəli olub olmadığını fikirləşərdiniz. Ya da ola bilsin ki, Roald Dalın “Cənubdan olan adam” hekayəsinin qəhrəmanı kimi bu neçə il ərzində çeçələ barmağınızın bir faydasını görmədiyinizi və heç olmasa Kadillak əldə etmək şansınızın olduğunu fikirləşib təklifi, yəni ofertanı qəbul, yəni aksept edərdiniz. Və beləliklə ikinizin arasında müqavilə bağlanmış olardı. Olardımı? Deyək ki, siz alışqanı on dəfə yandırırsınız, həmin adam isə Kadillakı vermir. Onu məhkəməyə verib bunu tələb edə bilərsinizmi və ya əksinə, o sizin barmağınızı? Bəs söhbət təkcə barmaqdan yox, canınızdan getsə necə?
Netfliksin ən çox baxılan serialı “Kalmar oyunu”nu xatırlayın. Otuz səkkiz milyon dolları əldə etmək üçün ölmək, daha dəqiq desək öldürülmək ehtimalınızın olduğu bir oyunda iştirak etməyə razılaşsanız, bu müqavilə hüquqi baxımdan etibarlı hesab oluna bilərmi? Yəqin ki, bu suallara cavabınız mənfi oldu. Burada nəyinsə səhv olduğu dərhal hiss olunur. Hazırda dünyada belə bir müqaviləni etibarlı hesab edəcək bir hüquq sistemi mövcud deyil. Bəs bu müqavilələri etibarlı hesab edən bir hüquq sistemi olsa necə? Məsələn 16-cı əsr Venesiyasının hüquq sistemi kimi. Amma tarixi Venesiya deyil, Şekspirin təxəyyülündəki Venesiya.
Şekspirin “Venesiya taciri” əsərində Bassanio dostu tacir Antoniodan üç min dukat borc istəyir. Antonionun həmin vaxt nağd pulu olmadığına görə o, dostuna başqa bir adamdan borc almağı məsləhət görür və ona zamin duracağını bildirir. Bassanionun borc istədiyi yəhudi sələmçi Şaylok zaminin Antonio olduğunu biləndə əvvəlcə borc vermək istəmir, çünki, Antonio onu əvvəllər təhqir etdiyinə və faizsiz borc verərək onun “bazarını öldürdüyünə” görə ondan zəhləsi gedirdi. Lakin, sonra ona borc verməyə razı olur, özü də faizsiz. Amma bir şərtlə. Borc vaxtında qaytarılmasa, Şaylok Antonionun bədənindən 1 funt (təqribən yarım kilo) ət kəsib götürəcək. Antonio pulu asanlıqla qaytaracağına əmin olduğuna görə bu şərtlə razılaşır və tərəflər müqaviləni notarial qaydada təsdiq edirlər. Borcu ödəmək vaxtı gələndə, Antonionun malları ilə dolu gəmilərin dənizdə batdığı xəbəri gəlir və beləcə Antonio borcu qaytara bilmir. Şaylok Antonionu məhkəməyə verərək müqavilə üzrə haqqı olduğunu iddia etdiyi 1 funt əti tələb edir. İşə baxan Venesiya doju qərar verməkdə çətinlik çəkir. O, iddianı təmin eləsə günahsız Antonionun ölümünə səbəb olmuş olar. İddianı təmin eləməsə, bu da Venesiyada müqavilə üzrə öhdəliklərin icra edilməsini sual altında qoyar və iqtisadiyyatı əcnəbilərlə ticarətə və dolayısı ilə müqavilələrə əsaslanan Venesiyada qanunun aliliyinə xələl gətirmiş olardı. Doj çıxış yolu olaraq məsələnin həllini üçüncü şəxsə, məşhur hüquqşünas Bellarionun tələbəsi, Paduadan gəlmiş hüquq doktoru Baltazarın ixtiyarına buraxır. Əslində isə Baltazar adı ilə məhkəməyə gəlmiş bu şəxs Bassanionun arvadı Portiadır. Portia qanunla Şaylokun haqlı olduğunu bildirsə də, onu mərhəmət göstərməyə və Bassanionun təklif etdiyi kompensasiyanı qəbul etməyə dəvət edir. Şaylok isə öz tələbində israr etməkdə davam edir və Portia onun iddiasını təmin edir. Amma, Şaylokun sevinci uzun çəkmir. Çünki, Portianın fikrinə görə müqavilə Şayloka yalnız Antonionun ətini götürməyə icazə verir, qanını yox. Buna görə də, Şaylok öz tələbini qan axıtmadan götürməlidir, həm də kəsilən hissə 1 funtdan bir tük qədər belə artıq olmamalıdır. Əks halda Şayloku ölüm cəzası və bütün əmlakının müsadirəsi gözləyir. Əlacsız qalan Şaylok iddiasından imtina edib kompensasiya ilə razılaşsa da, Portiya artıq gec olduğunu bildirir və onu bu imkandan da məhrum edir. Üstəlik, yəhudi olaraq bir əcnəbi kimi Venesiya sakininin həyatına qəsd etmək istədiyinə görə, əmlakının yarısının dövlətə, yarısının da Antoniya keçməli olduğunu, həyatının isə dojun mülahizəsinə buraxıldığını bildirir. Doj onun həyatını bağışlayır, dövlətə keçməli əmlakın əvəzinə cərimə ilə kifayətlənir. Antonio ona düşən payı Şaylokun qızının qoşulub qaçdığı xristian kürəkəninin adından idarə edəcəyini bildirir və Şaylokun qarşısında iki şərt qoyur. O, xristianlığı qəbul etməli və əmlakının digər yarısını da kürəkəni və qızına vəsiyyət etməlidir. Dojun Şaylok bu şərtləri qəbul etməsə əfvini geri götürəcəyi barədə xəbərdarlığından sonra Şaylok məcbur razlaşmalı olur və məğlub bir şəkildə məhkəməni tərk edir.
Göründüyü kimi, əsərin süjeti hüquqi aspektdən təhlil edilə biləcək məsələlərlə boldur. Gəlin, ən əsasından başlayaq. Şaylokla Antonio arasında bağlanmış müqavilədən. Əsərdə, dəfələrlə, bu müqavilənin Venesiya hüququna görə etibarlı olduğu vurğulanır, hətta notariusun təsdiq etdiyi də göstərilir ki, heç bir şübhəyə yer qalmasın. Reallıqda isə, aydındır ki, nə notarius bu müqaviləni təsdiq edər, nə də məhkəmə onu etibarlı hesab edərdi. Bəs, bunun səbəbi nədir? İlk baxışda bu sualın cavabı aydındır. Doğrudur, müqavilə azadlığı var, lakin heç bir müqavilə qanuna zidd ola bilməz. Bu halda, ikinci bir sual ortaya çıxır. Şaylokla Antonionun müqaviləsi niyə qanuna ziddir? Və ya ümumiyyətlə qanuna ziddirmi?
Bu suala cavab vermək üçün əvvəlcə Con Stüart Millin 1859-cu ildə qələmə aldığı, azadlıqla bağlı ən təməl əsərlərdən biri olan “Azadlıq haqqında” essesinə müraciət edək. Mill bu əsərində cəmiyyətlə fərd arasındakı münasibətləri tənzimləyən çox sadə bir prinsipdən bəhs edir. Bu prinsipə əsasən, bəşəriyyətin hər hansı bir insanın hərəkət azadlığına fərdi və ya kollektiv şəkildə müdaxilə etməsinə əsas verən yeganə məqsəd özünü müdafiədir. Sivil icmanın hər hansı bir üzvünə qarşı, onun iradəsi əleyhinə, güc tətbiq edilməsinin yeganə məqsədi başqalarına ziyan vurulmasının qarşısını almaq ola bilər. Həmin fərdin özünün fiziki və ya mənəvi yaxşılığı güc tətbiq edilməsi üçün yetərli səbəb deyil. Öz üzərində, öz bədəni və düşüncəsi üzərində fərd suverendir.
Beləliklə, ziyan prinsipinə əsasən hüquq yalnız hər hansı bir şəxsin başqalarına ziyan vuran hərəkətlərini qadağan edə bilər, onun özünə ziyan vuran hərəkətləri yox. Şəxsin yalnız özünə ziyan vura biləcək hərəkətləri ilə bağlı onun iradəsinin əleyhinə olaraq onun azadlığına müdaxilə paternalizm adlanır və Millin fikrincə bəzi hallar istisna olmaqla bu yolverilməzdir. İstisna hal isə şüurlu şəkildə qərar vermə qabiliyyəti formalaşmamış şəxslərə aiddir, məsələn uşaqlar. Deyək ki, üzə bilməyən bir şəxs suya tullanarsa nəticədə boğula biləcəyini bilir. Uşaq isə bu hərəkətinin nə ilə nəticələnəcəyini hələ bilmədiyinə görə onun suya tullanmasının qarşısını zorla almaq olar. Bəs, məsələn suya tullanmaq istəməyən, amma üstünə çıxmaq istədiyi körpü qırıq olan bir şəxsi görsək ona müdaxilə edə bilərikmi? Millin fikrincə biz həmin şəxsin körpünün qırıq olduğunu bilmədiyini güman edərək ona müdaxilə edə bilərik. Amma bu barədə məlumatı olduqdan sonra yenə də hərəkətinə davam etməyə qərar verərsə artıq ona müdaxilə edə bilmərik.
Qayıdaq Şaylokla Antonio arasındakı müqaviləyə. Burada Antonio özü könüllü olaraq müqaviləyə razılıq vermişdir. Başqalarına ziyan vurulmur. Antonio uşaq deyil və müqavilənin mümkün nəticələri barədə məlumatlı idi. Belə çıxır ki, bu müqaviləni qadağan etmək Millin ziyan prinsipinə uyğun deyil və paternalizmdir. Bəs məsələ bu qədər sadədirmi? Millin və ya paternalizmi qəbul etməyən hər hansı bir hüquqşünasın bu müqavilənin etibarlı hesab edilib Antonionun öldürülməsinə münasibəti necə olardı?
Müqavilələrlə bağlı olaraq, Mill essesində istisna bir hal göstərir. Onun fikrincə hüquq insanın könüllü şəkildə ömürlük başqasının qulu olması barədə müqaviləni etibarlı saya bilməz. İlk baxışda, belə bir müqavilə başqalarına ziyan vurmadığı üçün Millin ziyan prinsipinə əsasən hüquqi baxımdan yolverilən olmalıdır. Amma Mill bu halı istisna hesab edir və belə əsaslandırır ki, bu prinsipin məqsədi insan azadlığını qorumaqdır, amma könüllü şəkildə ömürlük qul olan bir insan nəticə etibarilə öz gələcək azadlığından məhrum olmuş olur. Bir sözlə Millin fikrincə azadlıq azad olmamaq barədə azad qərar verilməsini ehtiva edə bilməz. Millin verdiyi nümunədə gələcək azadlıq tam itirildiyi üçün ekstremal nümunə kimi gələ bilər. Amma, hər bir müqavilə müəyyən mənada bizim gələcək azadlığımızı məhdudlaşdırmırmı? Məsələn əmək müqaviləsi bağlayan bir şəxs ömrünün müəyyən hissəsi ərzində hər həftənin qırx saatını işəgötürən üçün işləməklə həmin müddət ərzində azadlığını məhdudlaşdırmış olmurmu? Olur. Amma əmək müqaviləsi ilə ömürlük köləlik müqaviləsi arasında çox mühüm bir fərq var. Sonradan peşman olan və fikri dəyişən bir şəxs əmək müqaviləsinə müəyyən prosedur qaydalara riayət etməklə çox rahatlıqla xitam verə bilər, azadlığını həmişəlik itirmiş qulun sonrakı peşmançılığının isə bir faydası yoxdur.
Peşman olmaq nə deməkdir? “Kaş ki, həmin müqaviləni bağlamazdım” demək deyilmi? Yəni bir növ müqavilə bağlanan andakı iradə ifadəsi ilə sonrakı iradə ifadəsi fərqlənir. Hətta, bəzən, bu fərq o qədər kəskin olur ki, elə bil ki, o vaxt müqaviləni heç biz özümüz bağlamamışıq, başqa biri bağlayıb. Başqa biri. Bu ifadəyə diqqət yetirək. Əgər müqavilə bağlanan andakı şəxslə sonrakı şəxs sanki başqa başqa adamlardısa, bu halda indiki özümüz müqavilə ilə sonrakı özümüzə ziyan vurursa, bu da sanki başqasına vurulan ziyan hesab oluna bilərmi? Bu baxımdan yanaşdıqda, Antonionun bağladığı müqavilənin etibarsız sayılması paternalizm yox, sadəcə indiki Antonionun gələcəkdəki Antonionun ölümünə səbəb olmaması, yəni ona geri dönüşü mümkün olmayan ziyan vurmasının qarşısının alınması üçün ziyan prinsipinə uyğun müdaxilə hesab oluna bilərmi? Ola bilsin ki, nəzəri baxımdan belə bir əsaslandırma mümkündür. Amma bu nə qədər realdır? Bəlkə belə müqavilələrin etibarsız hesab edilməsinin daha sadə bir izahı var?
Prinsipin adına fikir verək. Ziyan prinsipi. Bəs bu işdə kimə nə ziyan dəyib? İşin hallarına baxdıqda görürük ki, Antonionun borcu vaxtında qaytarmaması ilə Şaylok müqavilə nətiəsində ona çatmalı olan pulu əldə edə bilmədiyinə görə ona ziyan dəyib. Bəs Antonioya necə, ziyan dəyibmi? Yox. Doğrudur, o ölümü ilə nəticələnəcək müqaviləni bağlamaqla hüquqi baxımdan çıxılmaz vəziyyətə düşüb. Amma ona ziyan hələ dəyməyib. Müqaviləni bağlamaqla Antonio özünə ziyan vurmayıb. Antonioya ziyan onda dəyəcək ki, müqavilədəki cəza həyata keçirilsin, yəni o öldürülsün. Bunu isə ya Şaylok, ya da başqa biri etməlidir. Kim edir etsin Antonionu öldürmüş olur ki, bu da cinayətdir. Adam öldürmə cinayətində ölənin özü razılıq vermişdi və ya özü istəmişdi deyə cinayət məsuliyyətindən azad etmə nəzərdə tutulmadığına görə Antonionun vermiş olduğu razılığın heç bir əhəmiyyəti qalmır və müqavilədə nəzərdə tutulan bu cəza faktiki olaraq cinayət olduğuna görə müqavilə etibarsız hesab olunur.
Müqavilə haqda bu qədər. Biraz da məşhur məhkəmə səhnəsindən bəhs edək. Əlbəttə mühakimə etmək səlahiyyəti doja məxsus olduğu halda, tərəflərdən birinin dostunun və işdə birbaşa marağı olan bir şəxsin arvadının “tacir hansıdır və yəhudi hansıdır” deyərək guya heç kimi tanımırmış kimi hamını aldadaraq hüquq doktoru qiyafəsində qərar verdiyi bir prosesi hüquqi baxımdan məhkəmə adlandırmaq mümkün deyil. Amma bu məqamları görməzdən gələrək təsəvvür edək ki, Portia həqiqətən də bu işə baxmaq səlahiyyəti olan hakimdir və məsələnin mahiyyətinə keçək. Axı son nəticədə biz real bir məhkəmə işini deyil, Şekspiri oxuyuruq. Bəlkə də izləyirik. Sizcə hansı daha yaxşıdır: Şekspiri oxumaq, yoxsa səhnədə izləmək? Deyilənə görə, Abraam Linkoln “Venesiya Taciri”ni izlədikdən sonra aktyorların ifasını tərifləyir, amma əsəri evdə oxumağa üstünlük verdiyini bildirir və əlavə edir ki, “komediyanı izləmək daha yaxşıdır, tragediyanı isə oxumaq”. Maraqlı burasıdır ki, Linkoln tərəfindən tragediya kimi qiymətləndirilən “Venesiya taciri” əslində komediyadır. Güman ki, Linkoln ikinci sinif sakin kimi ayrı-seçkiliyə məruz qalan Şaylokun timsalında Amerikadakı qaradərili əhalinin problemlərini və həmin problemlərin səbəb olduğu nəticələri görmüşdü. Nə isə, mövzüdan yayınmayaq və qayıdaq məhkəməyə və Portianın verdiyi qərarlara.
Portia Şayloka mərhəmət göstərməyi təklif edir və mərhəmət barədə məşhur monoloqunu səsləndirir.
“Mərhəmət kralların ürəyində taxt qurmuşdur.O, Tanrının xüsusiyyətidir.Ədalət mərhəmətlə yoğrulandaYerüzündəki hakimiyyət Tanrının hakimiyyəti kimi olar.O halda, ey yəhudi, ədalət istəsən də bunu unutmaƏdalət tətbiq olunsaydı, heç birimiz xilas olmazdıqBiz dua edərkən mərhəmət diləyirikEtdiyimiz o dua bizə də mərhəmət göstərməyi öyrədir.”
Bəzi şərhçilərin fikrincə əsərdə qanunun hərfi mənasına uyğun olaraq ədaləti tələb edən Şaylok Əhdi-Ətiqi, ona mərhəmət göstərməyi tövsiyə edən Portia isə Əhdi-Cədidi təmsil edir. Bəzilərinin fikrincə isə Şekspir burada müvafiq olaraq Şaylok və Portianın timsalında İngiltərədə tarixən formalaşmış iki fərqli hüquq sistemini təsvir edir: ümumi hüquq (common law) və ədalət hüququ (equity). Ümumi hüquq məhkəmələrində hüququn bəzən sərt tətbiqi nəticəsində hüquqa uyğun olsa da, ədalətsizliyə məruz qaldığını düşünən əhali məsələnin ədalətli həlli üçün krala müraciət edirdi, həmin müraciətlərə isə kralın vicdanını təmsil edən lord kansler və onun işçiləri baxırdı. Zamanla bu inzibati qurum kansler məhkəməsinə çevrildi. Kansler məhkəməsi işlərə baxarkən ümumi hüququ deyil, ədaləti və təbii hüququ tətbiq edirdi. Ümumi hüquq və kansler məhkəmələri arasında hansının daha üstün olması ilə bağlı mübarizə Şekspirin vaxtında aktual idi və onun bu mövzuya toxunması heç də təsadüfi deyildi. Maraqlıdır ki, həmin dövrdə “Venesiya Taciri”nə iki dəfə tamaşa edən Kral I Ceyms cəmi bir neçə il sonra kansler məhkəməsinin ümumi hüquq məhkəmələrindən üstün olduğunu təsdiq edən fərman verir və həmin fərmanda da kral taxtının əsl dəstəkçilərinin mərhəmət və ədalət olduğu qeyd olunur.
Şaylok mərhəmət göstərməkdən imtina edərək hüququn tətbiq olunmasını istəyir. Portia da bu halda hüququn tətbiq edilməli olduğunu deyir, müqavilənin etibarlı olduğunu qəbul edir, amma Şaylokun qarşısında qoyduğu şərtlə faktiki olaraq onun tətbiqini qeyri-mümkün edir. Sərt qanunu inkar etmədən onun tətbiqini qeyri-mümkün etmək. Bu sizə məşhur bir əhvalatı xatırlatmır ki? Söhbət Yəhyanın İncilindəki “İsa peyğəmbər və zinakar qadın” əhvalatından gedir. Yəhudilər zina üstündə tutulmuş qadını İsa peyğəmbərin yanına gətirirlər və “Tövratda belələrinin daşqalaq edilməsi buyurulub, bəs sən nə deyirsən?” deyə soruşurlar. İsa peyğəmbər də o məşhur ifadə ilə cavab verir: “aranızda kim günahsızdırsa, birinci daşı o atsın”. Bu sözdən sonra heç kim daş atmır və sualı verənlər dağılışır. Aydındır ki, İsa peyğəmbər hakim deyildi və ona o sualı verənlər də onun müridləri deyildi, əksinə ona inanmayanlar idi. Yəni məqsəd qadını həqiqətən də cəzalandırmaq deyildi. Bəs o zaman sual verməkdə məqsəd nə idi? İncildə deyilir ki, bu sualın məqsədi onu sınamaq və onu günahlandırmaq üçün bəhanə axtarmaq idi. Bəs nədə sınamaq və nədə günahlandırmaq? Bunun cavabı İncildə yoxdur, amma güman etmək çətin deyil. Onların fikrincə İsa daşqalaq cəzasını inkar edəcək və beləliklə Tövratı, yəni ilahi qanunu qəbul etməməkdə günahlandırılacaqdı. Onların belə fikirləşməyi təsadüfi deyildi. İsa peyğəmbər mərhəmətli olmağı təbliğ edirdi, özünün də mərhəmətli biri olaraq o qadına qarşı belə bir sərt cəzanı rəva görməyəcəyini bilirdilər. Amma İsa peyğəmbər onların gözləmədikləri bir şəkildə sözünün qüdrəti ilə nə qanunu inkar edir, nə də o qadını cəzalandırmalarına imkan verir. Bir növ həm mərhəmət göstərilmiş olur, həm də ədalət öz yerini tapmış olur. Olurmu?
Gəlin belə bir sualı cavablandırmağa çalışaq? Niyə yəhudilər sualı zinakar qadının cəzası barədə verirlər, məsələn adam öldürən bir qatilin cəzası barədə deyil? Biz hansı səbəbdən Venesiya Tacirində Portianın qərarını eşidəndə Antonio üçün, Yəhyanın İncilində isə İsa peyğəmbərin qərarını eşidəndə həmin qadın üçün seviniriksə, elə həmin səbəbdən. Biz əslində o cəzaları ədalətli hesab etmirik. Elə deyilmi? Bu barədə Gilbert Çestertonun “Braun atanın sirri” əsərində maraqlı bir epizod var. Otuz il əvvəl camaatın xoşu gəlməyən qardaşını dueldə öldürən bir aristokrat qəsəbəyə geri qayıdır. Camaat dərhal onu bağışladıqlarını bildirir və yerli kilsənin rahibinə lağ edirlər ki, o, aristokrata yalnız tövbə etməsi və bundan sonrakı ibadəti əsasında günahlarının müəyyən dərəcədə bağışlana biləcəyini bildirir. Camaat rahibə mərhəmətin önəmindən və necə yüksək bir dəyər olmasından bəhs edir. Sonra, məlum olur ki, qəsəbəyə gələn aristokrat əslində camaatın zəhləsi gedən qardaşdır, əslində o, digər qardaşı öldürüb. Bunu eşidən camaat onu linç etmək istəyir və bu zaman yalnız rahib əvvəlki kimi ona tövbə etməsi və bundan sonrakı ibadəti əsasında günahlarının müəyyən dərəcədə bağışlana biləcəyini bildirir. Rahib camaata deyir: “Mənə elə gəlir ki, siz o günahları bağışlayırsınız ki, onları əslində heç günah hesab etmirsiniz. Siz cinayətkarları o halda bağışlayırsınız ki, onların törətdiklərini əslində cinayət hesab etmirsiniz. Siz bağışlayırsınız, ona görə ki, ortada bağışlanacaq bir şey yoxdur.”