Hər birimizin uşaqlıq dediyimiz o məşhur dövründə formalaşan müəyyən davranış modelləri var ki, onlardan yola çıxaraq gələcəkdə insanlarla münasibətimizə təsir etməyə başlayar. Bu davranış modelləri bizim ehtiyaclarımız üzərində qurulanda biz insanlarla "normal" münasibət qurmaq yerinə, ehtiyaclarımızdan yaranan boşluğu doldurmağa çalışırıq. Ehtiyaclarımızı təmin etmək hissi bizə o qədər cazib gəlir ki, qarşımızdakı insanın necə olması, kimliyi ilə belə bizi maraqlandırmır. Bizə təsirləri, bizə qarşı olan toksik davranışlar və s. Hara aparır bizi? Özümüzü günahlandırmağa, özümüzü yetərsiz hiss etməyə, şəxsiyyətimizi hətta həyatımızı sorğulamağa başlayırıq. Amma bununla belə, davam etməyi seçirik. Çünki qeyri-müəyyən olanın bizi daha çox incidəcəyini düşünürük, bizi orda nələrin gözlədiyini bilmədiyimiz üçün qalmağı seçirik. Qaldığımız andan etibarən daha çox tükəndiyimizi, qarşımızdakı insanın dəyişim açarının bizdə olmadığını anlamağa başlayarıq. Və bunu bildirdiyimizdə də qarşı tərəf günahlandırma rejiminə keçərək, bizi yenidən şübhələrlə baş-başa qoyar. Amma sonra fərqli hiss etməyə başlayarıq, bu dəfə sorğuladığımız şey həyatımız və ya şəxsiyyətimiz olmaz, münasibətimiz, bizə qarşı olan davranışları, münasibəti sorğulamağa başlayarıq. Bu yolda bizə rasional tərəfimiz yox da, emosiyalarımız/hisslərimiz kompas olmağa başlayar. Artıq narahat olduğumuzu, nəyisə bəyənmədiyimizi dilimizə gətirməyi öyrənirik və bunu qarşı tərəfə bildiririk. Sağalmaq nədir sualına cavab axtarsanız, məsələ məhz elə budur. Özümüzü tapmaq, mən nələri sevirəm, nələri bəyənirəm, nələr istəyirəm, özümə qarşı, başqalarına qarşı, dəyərlərim nədir, özümə qarşı nələrin olunmasına qarşıyam və s. bu kimi düşüncələrinizin olması, artıq sağalmaq üçün ilk addımı atdığınızı göstərər. İlk başlarda bizi incitsə də, qarışıq hiss etsək belə davam etməyi seçdiyimiz üçün gələcəkdəki biz indiki bizə təşəkkür edəcək.